Koronavirus testi, arxiv şəkli

Son sutkada Azərbaycanda koronavirusdan rekord sayda ölüm qeydə alınıb

24
(Yenilənib 14:59 18.11.2020)
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

BAKI, 18 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 81397 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 58111 nəfər müalicə olunaraq sağalıb, 1030 nəfər vəfat edib, aktiv xəstə sayı 22256 nəfərdir.

Ölkədə son sutka ərzində 13134, hazırkı dövrədək isə 1549568 test aparılıb.

24
Xəstəxana, arxiv şəkli

Kişiyə hamilə diaqnozu qoyulmasına aydınlıq gətirildi

21
(Yenilənib 15:49 24.11.2020)
Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub.

BAKI, 24 noyabr — Sputnik. Dünən sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda bildirilir ki, araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib.

© Photo : Azerbaijan's Management Union of Medical Territorial Units
İlkin Əzməmmədova təqdim olunan sənəd

Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub. Sənəd çap edildikdən sonra elə yerindəcə səhv aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub. Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş stolun üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb. Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib.

21
Teqlər:
TƏBİB, diaqnoz, hamilə
Koronavirus testi, arxiv şəkli

Hansı amillər koronavirus testinin nəticəsinə təsir göstərə bilər?

18
"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", –  virusoloq xəbərdarlıq edir.

BAKI, 24 noyabr — Sputnik. Mütəxəssislər koronavirus üçün test verərkən yanılma riskini azaltmaq üçün hansı qaydalara riayət etmək lazım gəldiyini açıqlayıblar. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı məlumata görə, yüksək kateqoriyalı terapevt Tatyana Romanenko bildirib ki, koronavirus testini acqarına vermək və prosesdən əvvəl ağzı antiseptik məhlulla yaxalamaq lazımdır.

"Əgər burundan yaxma götürüləcəksə, bəzi qaydalara riayət etməyə ehtiyac var: yaxma burun keçidlərindən götürüldüyü üçün, məsələn, əgər pasiyent testdən əvvəl burnunu təmizləyibsə və ya yuyubsa, onda dəqiq nəticə əldə etmək mümkün deyil", – deyə mütəxəssis bildirib.

Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Qalina Kojevnikova isə qeyd edib ki, pasiyentin başqa davranışları da testin nəticəsinin səhv olmasına gətirib çıxara bilər.

"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", – deyə virusoloq xəbərdarlıq edib.

Biologiya elmləri doktoru, professor Aleksey Aqranovski isə bildirib ki, testin nəticəsinə nümunələrin özünün hazırlanma keyfiyyəti də təsir göstərə bilər.

18
Əlində plastik torba olan kişi, arxiv şəkli

"Can rahatlığı"na əlvida: torba olacaq, çəngəl-qaşıq

0
(Yenilənib 16:35 24.11.2020)
Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda gələn ildən polietilen torbalar və plastik məmulatların satışı qadağan ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirə edilən "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qeyd edilib ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"na əsasən hazırlanıb. Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır.

Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

Bu Qanunun müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən,  birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

İclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Təklif olunan dəyişikliklər "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə edilən dəyişikliklərə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı müddəaların pozulmasına görə inzibati məsuliyyət hallarını özündə ehtiva edir.

Hər iki dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

0
Teqlər:
qadağa, polietilen torbalar, plastik qablar, plastik, qərar, Milli Məclis, Azərbaycan