Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Koronavirusla bağlı həyəcan təbili: Zəfər yürüşləri yoluxma sayını kəskin artıracaq

132
(Yenilənib 09:36 15.11.2020)
"Hazırda hərbi vəziyyətlə bağlı həkim qıtlığı da müşahidə olunmur. Çünki, ölkəmizdə yerli həkimlərlə yanaşı, koronavirusla mübarizəyə Kubadan gətirilən həkimlər də cəlb edilib"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda səhiyyə sistemi pandemiya ilə mübarizənin öhdəsindən gəlir. Lakin rəqəmlər bu sürətlə artmağa davam edərsə, çətin vəziyyətlə üzləşə bilərik. Onun sözlərinə görə, Azərbaycandakı hazırkı yoluxma göstəricisinin ölkə əhalisinin sayına görə yüksək olub-olmadığını müəyyənləşdirmək üçün yoluxma hallarının sayında artımın davamlılığı müəyyən müddət müşahidə edilməli və bununla bağlı dəqiq hesablamalar aparılmalıdır.

Koronavirus testi, arxiv şəkli
© George Frey / Getty Images / AFP

Sputnik Azərbaycan ölkəmizdə koronavirusa yoluxma sayının artması risikini araşdırıb.

Professor Adil Qeybulla Sputnik Azərbayacan-a açıqlamasında bildirib ki, virusa yoluxma ilə bağlı xəbərdarlıqlar boş-boşuna səslənən fikirlər deyil: "Dağlıq Qarabağda qazandığımız zəfərdən sonra yürüşlər keçirildi. Bu yürüşlər koronavirusa yoluxma sayına sözsüz ki təsirsiz ötüşməyəcək. Əlbəttə ki, yoluxma sayı artdıqca hətta səhiyyəsi inkişaf etmiş ölkələrdə də problemlər ortaya çıxır. Ona görə də çalışmalıyıq ki, virusa yoluxma sayı artmasın".

A. Qeybullanın sözlərinə görə, hazırda Azərbayacanda koronovirusla mübarizə ÜST-ün tövsiyyəsi ilə yüksək səviyyədə aparılır: "Ağır xəstələr xəstəxanada, virusu yüngül keçirdənlər isə ev şəraitində müalicə alırlar. Amma nəzərə almaq lazımdır ki, virusa yoluxma sayının artması fonunda ağır xəstələrin də sayı arta bilər. Bu isə, xəstəxanalarda, reanimasiyalarda yer çatışmazlığına səbəb olacaq. Nəzərə almaq lazımdır ki, hazırda ölkəmizdə hərbi vəziyyət hökm sürür".

Professor hazırki vəziyyətdə çıxış yolunun virusa yoluxmanın qarşısını almaq olduğunu söyləyir: "Çalışmalıyıq ki, bu say artmasın. Amma bir neçə gündür ki, insanların kütləvi toplaması müşahidə olunur. Bu isə sözsüz ki, virusa yoluxma sayının artmasına gətirib çıxardan amildir. Ona görə də, bizim səhiyyəmiz nə qədər hazırlıqlı olsa da, virusa yoluxma sayının artması ağır nəticələrə səbəb ola bilər".

TƏBİB-də yeni yaradılan İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa yoluxma sayının artması arzuolunan hal olmasa da, kifayət qədər çarpayı fondu var: "Hazırda hərbi vəziyyətlə bağlı həkim qıtlığı da müşahidə olunmur. Çünki, ölkəmizdə yerli həkimlərlə yanaşı, koronavirusla mübarizəyə Kubadan gətirilən həkimlər də cəlb edilib".

Səhiyyə Nazirliyindən isə bildirdilər ki, Səhiyyə naziri Oqtay Şirəliyev koronovirusla bağlı Azərbaycanda vəziyyəti şərh edib: "Oqtay Şirəliyev 73-cü Ümumdünya Səhiyyə Assambleyasının onlayn sessiyasında çıxışı zamanı bildirib ki, görülən tədbirlər nəticəsində hazırda ölkədəki koronavirus epidemiyası tamamilə idarə olunur. Onun sözlərinə görə, bu günə qədər 10 milyon əhalisi olan bir ölkədə təxminən 60 000 insanın xəstələnib, 1,3 milyondan çox test keçirilib, xəstəlikdən irəli gələn ölüm halları 1,3% təşkil edib".

132
Evdə özünü müalicə ecən xəstə, arxiv şəkli

Baş infeksionist: Koronavirus xəstələri internetdəki reseptlərlə özlərini müalicə edirlər

24
(Yenilənib 23:21 28.11.2020)
"Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir" - Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov.

BAKI, 28 noyabr — Sputnik. Bu gün COVID-19-a yoluxan bəzi insanlar virusu ciddi qəbul etməyərək özünümüalicə ilə məşğuldurlar.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, belə insanlar yalnız vəziyyətləri ağırlaşdığı - nəfəs darlığı yaranan zaman həkimə müraciət edirlər:

"Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin nəzərə alınmalıdır ki, virusa yoluxan insan risk qrupuna daxil ola, onda ağırlaşdırıcı halların baş verməsi mümkün ola bilər. Cavan-yaşlı olmasından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə uyğun olaraq, insanlar xəstəliyi ağır keçirə bilərlər".

T.Eyvazov qeyd edib ki, özünümüalicə nəticəsində vəziyyəti ağırlaşmış insanlar xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri effektiv olmaya bilər:

"Ona görə də əhalidən xahiş edilir ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Müalicələrini evdə etsələr belə, bunu həkim nəzarəti altında etsinlər".

24
Teqlər:
internet, Koronavirus, epidemiya, COVID-19
Film çəkilişi, arxiv şəkli

Doqquz il qabaq "Yoluxma" filminin çəkilişləri zamanı pandemiya barədə proqnoz verilib

23
(Yenilənib 20:47 28.11.2020)
"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim".

BAKI, 28 noyabr — Sputnik. Britaniyalı aktyor Cud Lou "Contagion" ("Yoluxma") filmi üzərində işləyərkən ekspertlərin filmdəkinə bənzər pandemiyanın qaçılmaz olduğu barədə xəbərdarlıq etdiklərini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu barədə THR-ə verdiyi müsahibəsində bildirib: "Bunun belə olacağını hiss edirdik. Senarist Skott Berns və rejissor Stiven Soderberg avtoritar elm adamları ilə işləyirdilər. Onlar bunun tez və ya gec baş verəcəyinə bizi əmin edirdilər. Məsələ bunun sadəcə nə vaxt baş verəcəyində idi".

Onun sözlərinə görə, ekspertlər mümkün pandemiya ilə bağlı vəziyyəti həqiqətə çox yaxın şəkildə izah ediblər.

"Bunu mütəxəssisdən öyrənmək qorxuncdur, ancaq qəbul etməyə hazır olursan".

Lou həmçinin bildirib ki, film onu bərk qorxudub, lakin vaxt keçdikdən sonra (film 2011-ci ildə çəkilib) sakitləşib.

"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim", - deyə aktyor əlavə edib.

Qeyd edək ki, bəşəriyyətin ölümcül virusla mübarizəsindən bəhs edən filmdə o, baş rollardan birini – bloger Alan Krumvyedanı oynayıb.

Filmdə həmçinin Mett Deymon, Keyt Uinslet, Lourens Fişbern, Marion Kotiyar, Qvinet Peltrou və digər aktyorlar iştirak ediblər.

23

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

0
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

0
Teqlər:
Fransa