Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Mərkəzi Gömrük Hospitalında bir gün: onlar görünməz, amma xoş nəvazişli qəhrəmanlardırlar

724
(Yenilənib 20:35 26.07.2020)
Həkimlərlə yanaşı bu xəstələrin müalicəsində yaxından iştirak edən tibb bacıları, tibb qardaşlarının da işi çox gərgindir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Yolumuz Mərkəzi Gömrük Hospitalına, xüsusən də ən ağır COVID-19 xəstələrinin müalicə aldığı və belə xəstələrin müalicəsində istifadə olunan ən son cihazların olduğu hospitaladır...

78 çarpayılıq xəstəxanaya 11 iyundan 21 iyuladək 255 müraciət olub, onlardan 181 artıq sağalaraq evə buraxılıb.

© Photo : The State Customs Committee of AR
Dövlət Gömrük Komitəsinin hospitalında

Burada ən ağır yük elə tibb bacılarının üzərinə düşür. Xüsusi izolyasiya olunmuş geyimlər, maska, eynəklərdə ilin bu isti ayında ən azı 8-10 saat vaxt keçirtmək heç də asan deyil. Bu gün insanlar itidən qurtulmaq üçün kondisioner altında dincəlsələr də, COVID-19 xəstələrinin müalicəsinə cəlb olunan tibbi personal bu rahatlıqdan məhrumdur. Bu gün onlar peşə fəaliyyətləri naminə bu çətin günlərdə xəstələrimizin yanındadır.

Həkimlərlə yanaşı bu xəstələrin müalicəsində yaxından iştirak edən tibb bacıları, tibb qardaşlarının da işi çox gərgindir. Digər işçilərdən fərqli olaraq xəstələr bir şey olan kimi daha çox onlara üz tuturlar.

© Photo : The State Customs Committee of AR
Baş tibb bacısı Gülyaz Fərəcova

Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti isə MGH-nın baş tibb bacısı Gülyaz Fərəcovadır. 1989-cu ildə texnikumda oxuduğu müddətdə valideynləri üçün yük olmasın deyə laborant kimi çalışmağa başlayan həmsöhbətimizin həyat yolu o qədər də asan olmayıb. Hələ o günlərdə axşam saat 9-10-a qədər çalışan Gülyaz xanım üçün indi ölkədə yaranan belə bir vəziyyətdə ağır iş rejimində çalışmaq da elə çətin deyil. Tələbə olduğu müddətdə həm də təmizlikçi kimi işləyən, axşamlar "sanitarka", səhərlər isə tələbə olan G.Fərəcova təhsilini başa vurduqdan sonra elə çalışdığı xəstəxanada tibb bacısı olaraq fəaliyyətini davam etdirib. Bir neçə xəstəxanada çalışdıqdan sonra onun da yolu Mərkəzi Gömrük Hospitalından keçib. 2009-cu ildə Mərkəzi Gömrük Hospitalında tibb bacısı olaraq fəaliyyətinə başlayan qəhrəmanımız, iki il sonra burada baş tibb bacısı olaraq fəaliyyətini davam etdirib.

Artıq çətinliklər onun üçün bir həyat tərzinə çevrilib. Gözündə çətinlikdən heç bir qorxu olmayan Gülyaz xanım deyir ki, xəstəxana COVID-19 xəstələrinin müalicəsi prosesinə cəlb olunanda yeni işə, iş rejiminə alışmaq bir qədər çətin olub, lakin bu, elə də uzun sürməyib: "Artıq bir müddətdir ki, işim, iş rejimim tamamilə dəyişib, digər işçilər kimi mən də baş tibb bacısı olaraq gecə növbələrinə çıxıram. Bəzən demək olar ki, bütün günüm elə işdə keçir. Ardıcıl olaraq iki gün 10 saat işləyib, növbəti gün isə gecə növbəsində çalışıram. Gecə növbəm 3-dən 9-a qədərdir. Bu iş heç də asan deyil. Səhər növbəni başa vuranda bir də görürsən ki, ayaqların şişib, ayaqqabın belə ayağına gəlmir, gözlərdə şişkinlik, yuxusuzluq... Amma işimiz çətin olsa da, çalışıram ki, hər şey xəstələrin ürəyincə olsun".

© Photo : The State Customs Committee of AR
Dövlət Gömrük Komitəsinin hospitalında

"Bu günlərdə işimiz və eyni zamanda da məsuliyyətimiz daha da artıb. Kiçik bir səhlənkarlıq bizim tibb bacılarının da yoluxmasına səbəb ola bilər deyə, daha da diqqətli davranırıq. Biz tibb bacılarının yoluxmaması üçün onların protokol qaydalarına necə əməl etmələrinə, eyni zamanda da geyimlərini düzgün geyinib-çıxarmalarına nəzarət edirik. İşçilərimizin əsas çətinlikləri ondan ibarətdir ki, tam qapalı olan kombinezonu soyunan zaman bütün əyin-başları su içində olur. Bütün günü eynəkdə, maskada olduqdan sonra onları çıxardıqda da üzlərində maska və eynəyin izlərini, bəzən də yara etdiyi yerləri də görmək mümkündür. Bütün geyimləri, aksessuarları çıxaranda onları görəsiz, lap adamın ürəyi ağrıyır. Əslində, təzə-təzə bu işə başlayanda geyimlərə alışmaq onlar üçün daha çətin idi. Amma zaman keçdikcə, artıq buna vərdiş etdilər", - deyə həmsöhbətimiz əlavə edib.

COVID-19-un Azərbaycana bir neçə aydır ayaq açdığını nəzərə alsaq, bu xəstəliyə yoluxanlarda xəstəlik əlamətlərindən daha şiddətli olan stressin nə qədər çox olduğunu da düşünə bilərik. Ən çətini də elə ilk dəfə olaraq xəstəliyin adını eşidən, özünün belə bir naməlum xəstəliyə yoluxduğunu öyrənən xəstələrlə işləmək, onlarla dil tapmaqdır. Amma professional heyət bunun da uğurla öhdəsindən gəlir. Təbii ki, bu zaman da digər işçilərlə yanaşı, əsas yük məhz tibb bacılarının üzərinə düşür. Xəstənin nəyəsə ehtiyacı olanda belə, hətta bu iş tibb bacısının öhdəliyində olan məsələ olmasa belə, yenə də onları səsləyirlər. Onlar xəstələrlə daha çox zaman keçirdiklərindən daha çox risk qrupu hesab edilirlər. Həmsöhbətimizlə dəhliz boyu irəlilədikcə bu haqda da danışırıq: "İlk dəfə olaraq bu xəstəliyin adını eşidən xəstələrlə işləmək düşünün ki, necə də çətindir. Hər birinin öz kaprizi, xarakterik olaraq müəyyən çətinlikləri də olur. Lakin tibb bacıları onlarla da dil tapır. Xəstələr bəzən adi bir şeylərə də sərt reaksiya verirlər. Hərdən bizi də anlamırlar. Hərdən elə bir şeylə rastlaşırıq ki, bəzən yerimizdə donub qalırıq. Biz çalışırıq ki, hər bir xəstənin öz dilində danışaq. Onlarla dil tapır, başlarını tumarlayır, dərdlərinə həyan oluruq. Lakin işimi çox sevdiyim üçün bu çətinliklər mənim üçün görünməz olub".

© Photo : The State Customs Committee of AR
Baş tibb bacısı Gülyaz Fərəcova

Onlar yaşlı ilə yaşlı kimi danışır, öz növbələrində gecədən səhərə yuxusuz qalıb xəstələrin keşiyini çəkir, xəstələrin dərmanlarını vaxtı-vaxtında içməsinə, səhhətlərinə nəzarət edirlər: "Bizim tibb bacılarımız sadəcə olaraq üzərilərinə düşən yüklə kifayətlənmirlər. Onlar öhdəliklərindən əlavə işlərə də qatlaşırlar. Tibb bacılarımız fədakardırlar. Onlar xəstələrin yedirdilməsi, dırnaqlarının tutulması, çimməsi, saçlarının daranmasınadək nəzarət edir, xəstələrə qayğı göstərirlər. Çalışırıq ki, xəstələrimiz hər zaman təmiz olsunlar, dırnaqları tutulsun, saçları təmiz, daranmış olsun. Ayaqlarının hansısa yerində dəri quruması ilə əlaqədar olaraq çat varsa, krem vurub, qayğı göstərir tibb bacılarımız. Tibb bacılarımız səhər tezdən yaşlı xəstələrin əl-üzlərini yuyurlar. Onları gəzdirirlər. Tibb bacısı anlayışı bizdə kiçik bir məna daşımır".

Həmsöhbətimiz özü də ilk olaraq bu xəstələrin müalicəsi prosesinə cəlb olunduqda müəyyən çətinliklər çəksə də,  zamanla buna da qalib gəlib.

Risklərdən söz düşmüşkən, öyrənirik ki, hazırda olduğumuz xəstəxanada tibb bacıları arasında yoluxma yüksək deyil: "İşimizi yüksək səviyyədə təşkil etmişik ki, işçilərimiz, eləcə də tibb bacıları, tibb qardaşları arasında yoluxma olmasın. Yoluxma bizdə ilk olaraq COVID-19 xəstələrinin müalicəsinə başladığımız vaxtda olub, o da heç ümumilikdə 1-2 faiz də təşkil etmir. 175 tibb bacısı və 14 tibb qardaşından ümumilikdə 6-sı bu xəstəliyə yoluxub".

© Photo : The State Customs Committee of AR
Tibb işçiləirindən biri

Gülyaz xanım bizə gündəlik vəzifə öhdəliklərindən də danışır: "Geyimi dəyişdikdən sonra artıq vəzifə öhdəliklərimin icrasına başlayıram, xəstəxananın təmizliyinə, eyni zamanda xəstə otaqlarının təmizliyinə baxıram, həkimlə birgə palatalara giririk. Onların şikayətlərini dinləyirik. Eyni zamanda da yeməkxanadakı vəziyyətlə də tanış oluram. Bundan başqa, işçilərin bütün ləvazimatlarla təminatına, onların düzgün geyinib-soyunmalarına da nəzarət edirəm".

Maraqlıdır, körpəsi olan analar üçün belə bir rejimdə çalışmaq necə, çətin deyilmi? Həmsöhbətimiz Gülyaz xanım bu haqda ümumi məlumat verərək gördüyü bir mənzərəni bizə nəql edir: "Biz körpəsi olanları bu işə cəlb etmək istəməsək də, onlar özləri könüllü olaraq bizə kömək etmək istədiklərini, bu günlərdə bizlə çiyin-çiyinə birgə çalışmaq istədiklərini deyərək komandamıza qoşuldular. Hazırda komandamızda çalışan tibb bacıları arasında övladı 2-3 yaşında olanlar da var. Bir dəfə belə bir ananın övladı ilə danışanda kənardan eşitdim, uşaq deyirdi ki, ana gəl, sənin üçün darıxıram. Körpənin dediyini eşidəndə bir küncə çəkilib ağladım. Ana isə çalışırdı ki, uşağı sakitləşdirsin, deyirdi ki, tezliklə gələcəm. Uşaq isə durmadan, ana gəl, deyirdi. Birdən-birə ailəni, öyrəşdiyin həyatı tərk etmək, elə də asan deyil".

© Photo : The State Customs Committee of AR
Dövlət Gömrük Komitəsinin hospitalında

İşin gərginliyi isə bəzən onların səhhətində də iş başında olarkən müəyyən problemlər yaradır: "Ötən həftə də bir neçə tibb bacısının halı pisləşmişdi. Belə hallar olur. Onlar geyimlərini çıxartdıqdan,10-15 dəqiqə dincəldikdən, çay-su içdikdən sonra yenidən işlərinin başına qayıdırlar. Tibb işçilərinin iş başında vəziyyətlərinin pisləşməsi əsasən geyimlərlə əlaqəli olur. Çünki belə geyimlərdə maye itkisi həddindən artıq çox olur ki, bu da halsızlığa, təzyiqin aşağı düşməsinə səbəb olur".

Söhbət əsnasında 50 yaşlı baş tibb bacısının öz ailə durumu haqda da öyrənirik. Bir oğul anası olan Gülyaz xanımın iki nəvəsi var, onlar xaricdə yaşayırlar. Ana-atasını itirən Gülyaz xanım tək yaşayır. Onun üçün ən ağır mənzərə isə qarşısında gördüyü yaşlı anadır. Deyir ki, o ananın yerində öz anasını təsvir edir, anası yaşında olan anaları görəndə isə bəzən kövrələrək göz yaşları içində də boğulur.

Budur, artıq xəstəxananın kandarından ayağımızı azad mühitə atırıq. Ümid edirik ki, bütün xəstələr sağ-salamat bu divarları tərk edib sevdiklərinə, ailələrinə qovuşacaqlar...

724
Təcili yardım avtomobili, arxiv şəkli

Qubada koronavirus xəstəsi yerlilərini təşvişə saldı

3
(Yenilənib 18:22 27.10.2020)
Quba rayon sakini Elçin Abramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib

BAKI, 27 oktyabr — Sputnik. Evdə müalicə olunan koronavirus xəstəsi yaşayış yerini qanunsuz tərk edib. Quba rayon sakini Elçin Abramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Abramov evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb. Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan Elçin Abramovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, yaşadığı ünvana qaytarılması təmin edilib və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Quba RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

3
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
DİN koronavirusla bağlı əhaliyə müraciət etdi
Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib
Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...
İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq
Biz şiddətli soyuqları görməmiş xəstəlik bizi "görə" bilər - yenidən qapanma mümkündür
Bakının mərkəzində tibbi maskada olan qızlar, arxiv şəkli

Biz şiddətli soyuqları görməmiş xəstəlik bizi "görə" bilər - yenidən qapanma mümkündür

29
(Yenilənib 18:00 27.10.2020)
"Avtobuslarda sıxlıq müşahidə edilir. Ona görə də iş yerlərində işçilərin sayına yeni məhdudiyyətlərin tətbiqi, bəzi xidmət sahələrinin fəaliyyətini onlayn rejimdə davam etdirməsini gözləmək olar"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Koronavirusa yoluxma sayının artması ilə əlaqədar son günlər sosial şəbəkələrdə iş yerlərinin yenidən bağlanacağı, hətta bəzi ticarət müəssisələrinə bununla bağlı xəbərdarlıq edildiyi barədə məlumatlar yayılıb. Yayılan xəbərlərə görə, ticarət obyektlərinin sahiblərinə yenidən onlayn satışa üstünlük vermələri tövsiyə olunub.

Sputnik Azərbaycan koronavirusa yoluxma sayının artmasının karantin qaydalarında hansı sərtləşmələrə səbəb olacağını araşdırıb. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin qaydalarının yenidən sərtləşdirilməsi gözləniləndir: "Koronavirusa yoluxma sayı yenidən artır. Bunun əsas səbəbi insanların karantin qaydalarına əməl etməməsidir. Ölkədə ticarət obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyət ona görə götürüldü ki, həmin dövrdə yoluxma azalmışdı. Bundan əlavə, ticarət obyektlərinin, restoranların fəaliyyətinə karantin qaydalarına əməl etmək şərtilə icazə verildi. İnsanlar isə çox təəssüf ki, bu qaydalara əməl etmirlər. Tibbi maska, gigiyena və sosial məsafə bəzən tamamilə unudulur. Hətta biz avtobusda maskadan istifadə etməyən sərnişinləri görürük. Karantin qaydalarının kobud şəkildə pozulması isə virusa yoluxma sayını hər gün artırır. Ona görə də yoluxma bu templə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi gözləniləndir".

Ə.Rüstəm deyir ki, həm bölgələrdə, həmçinin də paytaxtda koronavirusa yoluxmada artım müşahidə olunur. Bu isə insanların karantin qaydalarına əməl etməməsinin nəticəsidir: "Avtobuslarda sıxlıq müşahidə edilir. Ona görə də iş yerlərində işçilərin sayına yeni məhdudiyyətlərin tətbiqi, bəzi xidmət sahələrinin fəaliyyətini onlayn rejimdə davam etdirməsini gözləmək olar".

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da deyir ki, yoluxma sayının kəskin şəkildə artmasının başlıca səbəbi vətəndaş məsuliyyətsizliyidir:

"Hələ şiddətli soyuqları görməmişik. Bu, birbaşa vətəndaşların qoruyucu tədbirlərə əməl etməməsi ilə bağlıdır. Odur ki, karantin qaydalarına əməl etməli, profilaktik tədbirləri yerinə yetirməliyik. Əks halda, tam təcridə gedə bilərik, karantin rejimi daha da sərtləşdirilə və iş yerləri yenidən bağlana bilər. Virusun yayılmasının səbəbi əhalinin etinasızlığıdır".

Qeyd edək ki, koronavirusa yoluxmada artım səbəbindən bəzi rayonlara giriş-çıxışa məhdudiyyət tətbiq edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirdilər ki, respublika üzrə ən çox yoluxma yenə də paytaxtdadır. Amma buna baxmayaraq, rəqəmlər Bakıda yoluxma faizinin aşağı düşdüyünü göstərir. Belə ki, son rəqəmlərdə Bakıda yoluxma respublika üzrə ümumi yoluxmanın 56 faizini təşkil edirdisə, hazırda bu rəqəm 55,7 faizdir. Sonrakı yerlərdə 14,6 faizlə Abşeron, 10,4 faizlə Aran, 6,6 faizlə Gəncə-Qazax, 4 faizlə Lənkəran, 2,7 faizlə Şəki-Zaqatala, 2,4 faizlə Quba-Xaçmaz, 1,5 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb. Rəsmi məlumata görə, ən az yoluxma 0,8 faizlə Naxçıvan Muxtar Respublikasındadır. Azərbaycandakı koronaviruslu xəstələrin 0,9 faizi ölkə xaricində yoluxanlardır. Paytaxt daxilində ən çox yoluxma isə 14,5 faizlə Binəqədi rayonundadır. Sonrakı yerlərdə 12,6 faizlə Xətai, 11,7 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,7 faizlə Nəsimi, 8,1 faizlə Nərimanov, 7,9 faizlə Suraxanı, 7,2 faizlə Nizami, 7 faizlə Qaradağ, 5,7 Xəzər, 4,7 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb. TƏBİB koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.

29
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib
İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq
Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?
Azərbaycanda koronavirusa yoluxma niyə artır?
Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir?
Türkiyə bayrağı

Rəsmi Moskva Türkiyənin Qarabağ danışıqlarında iştirakı barədə

0
(Yenilənib 18:42 27.10.2020)
"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir"

BAKI, 27 oktyabr — Sputnik. Türkiyənin Dağlıq Qarabağ üzrə danışıqlarda iştirak etməsi məsələsində yalnız qarşı-qarşıya gələn tərəflərin – Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Çünki yalnız bu ölkələr bu və ya digər ölkənin nizamlanma prosesində iştirakına razılıq verə və ya onların iştirakını istəyə bilər", - deyə Peskov jurnalistin "Kremldə Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarının növbəti raunduna cəlb edilməli olduğunu düşünürlərmi?" sualına cavab olaraq bildirib.

 

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Ceyhun Bayramov: "Azərbaycanın səfərbərlik potensialı kifayət edir"
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
İlham Əliyev: "İşğalçı siyasətdən imtina etsələr, barışıq mümkündür"
İranın xüsusi elçisi Qarabağa görə Bakı, Moskva, Yerevan və Ankaraya səfər edəcək