İçki içən şxəs

Pandemiya zamanı stressin idarə edilməsi üçün bəzi nüanslara diqqət etmək lazımdır

13
(Yenilənib 20:49 20.07.2020)
Səhiyyə Nazirliyinin yanında fəaliyyət göstərən Təcili Psixoloji Yardım Mərkəzinin rəhbəri Günel Əliyeva COVİD-19 pandemiyası zamanı stresin idarəedilməsi barədə danışıb

BAKI, 20 iyul — Sputnik. COVİD-19 infeksiyasının yayılması müxtəlif şəkildə əhalinin bütün təbəqələrinə təsir göstərib. Bu prosesin ən neqativ nəticələrindən biri insanlarda stress və depressiya yarada biləcək emosional ruh düşkünlüyüdür. 

Yaşından, cinsindən və sosial statusundan asılı olmayaraq, bütün insanlar narahatçılıq, təşviş, qorxu və hətta panik ataklar yaşaya bilər. Belə hallarda insanın həm dost və yaxınların dəstəyinə, həm də psixoterapevt və ya klinik psixoloqun peşəkar yardımına ehtiyacı ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, Təcili Psixoloji Xidmət şöbəsinin rəhbəri Günel Əliyeva verdiyi müsahibə zamanı bu kimi çətinliklərin öhdəsindən gəlmək yollarından söhbət açıb.

"Stresin qarşısını effektiv şəkildə necə almalı?" sualını cavablandıran həkim-psixiatr qeyd edib ki, stres - orqanizmin ətraf mühitin dəyişən şərtlərinə qarşı olan qoruyucu reaksiyasıdır. Stresin həm müsbət, həm də mənfi formaları mövcuddur. Müsbət stress insan orqanizmini dəyişkən ətraf mühitə uyğunlaşmaq üçün səfərbər edən müdafiə cavabıdır. Öz növbəsində mənfi stres (distres) müxtəlif psixoloji pozğunluqlara səbəb ola bilər.

"İnsan psixikası müxtəlif mənfi amillərə müqavimət göstərə bilir. Stresə davamlılığımız çox şeyə qadirdir və müəyyən stresə və dəyişikliklərə uyğunlaşa bilir. Lakin bəzən olur ki, insan distresin öhdəsindən gələ bilmir və bu öz növbəsində onun gündəlik həyatına mənfi təsir göstərir. Distres fonunda təcavüzkarlıq, yuxusuzluq, məzlum əhval, narahatlıq kimi hallar yaşana bilər. Bu hallar isə öz növbəsində alkoqoldan sui-istifadə, siqaret çəkmə və digər pis vərdişlərə səbəb ola bilər. Simptomların iki həftədən artıq davam etdiyi təqdirdə mütləq mütəxəssislə konsultasiya keçməyi tövsiyə edirəm" - deyərək, həkim-psixiatr fikrini söyləyib.

Onun sözlərinə görə, stresə davamlılığı artırmaq üçün kifayət qədər yuxu, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, gəzintilər və pozitiv insanlarla ünsiyyət kimi bir sıra üsullar mövcuddur. Günel Əliyeva qeyd etdi ki, "Bütün bu amillər distresin azalmasına və psixi vəziyyətin yaxşılaşması təsir edir".

"Yaxın adama stres zamanı necə kömək etmək olar?" sualını cavablandıran Günel Əliyeva bildirib ki, ilk növbədə emosional disbalansın səbəblərini müəyyən etmək üçün ona daha çox diqqət ayırmaq, onunla daim ünsiyyətdə olmaq lazımdır.

Həkim-psixiatr, həmçinin insanın streslə müstəqil mübarizə aparma üsulları barədə tövsiyələrini bölüşdü. "Əslində stresin öhdəsindən təkbaşına gəlmək o qədər də çətin iş deyil. Sadəcə özünüzü səfərbər edib, müxtəlif yollarla stres müqavimətinizin səviyyəsini artırmalısınız. Bunun ən effektiv üsulları bunlardır: fiziki (gündə 8 saatlıq normal yuxu, sağlam qidalanma, gündəlik 20-30 dəqiqəlik fiziki aktivlik, təmiz havada gəzintilər, yoqa), mental: (müsbət düşüncənin və optimizmin inkişafı, situasiyanın inkişafına gətirəcək yolları axtarmaq ) və emosional: (sevimli musiqi, yaxınlarla ünsiyyət, başqalara çətin vəziyyətdə yardım etmək)".

Həkim-psixiatr Günel Əliyeva müsahibəsinin sonunda vətəndaşlara bu sözlərlə müraciət edib: "Xalqımıza dəyişən mühitin şərtlərinə asanlıqla uyğunlaşıb, bütün çətinliklərin öhdəsindən gəlmək üçün mental, emosional və fiziki sağlamlıq arzulayıram".

13
Mövzu:
Dünyanı cənginə almış bəla (488)
Koronavirus testi, arxiv şəkli

Yoluxma azalsa da, ölənlərin sayı artdı

17
(Yenilənib 17:48 19.10.2020)
Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

Ölkədə son sutka ərzində 4612, hazırkı dövrədək isə 1232636 test aparılıb.

17
Laboratoriya işçisi, arxiv şəkli

Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar

48
(Yenilənib 15:36 19.10.2020)
Artıq 10 mindən çox elm adamı karantin rejiminə etiraz edən Qreat Barrinqton adlı bəyanata imza atıb.

BAKI, 19 oktyabr — Sputnik. Koronavirus pandemiyası vaxtı sərt karantin rejiminin tətbiq olunmasına etiraz edən bir qrup alim Qreat Barrinqton adlı bəyanat imzalayıblar. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı məlumata görə, artıq bu bəyanata bütün dünyadan 10 mindən çox elm adamı, 30 mindən çox səhiyyə işçisi və 535 mindən çox mülki şəxs imza atıb. Sənəd öz adını ABŞ-ın Massaçusets ştatının Qreat Barrinqton qəsəbəsindən götürüb. Belə ki, bəyanata ilk imza atan alimlər həmin qəsəbədə karantin rejiminin tətbiqinə qarşı etiraz ediblər.

Bəyanat Amerika İqtisadi Araşdırmalar İnstitutunun binasında imzalanıb. Sənədin müəllifləri Harvard Universitetinin alimi Martin Kulldorf, Oksford Universitetinin alimi Sunetra Qupta və Stenford Universitetinin Tibb Fakültəsinin müəllimi Cey Bhattaçaryadır.

Karantin rejiminin ictimai quruluşa zərər verdiyini iddia edən elm adamları, koronavirusa qarşı "məqsədyönlü müdafiə" adını verdikləri üsulla mübarizə aparmağı təklif edirlər. Onlar gənclərin daha az risk qrupunda olduqlarını irəli sürərək bu yaş kateqoriyasından olan insanların həyatını normal şəkildə davam etdirməsinin vacibliyini vuğulayırlar. Alimlərin fikrincə, sərt karantin rejimi cəmiyyətdə sosial münasibətlərə böyük zərbə vurur və "məqsədyönlü müdafiə" metodu ilə aşağı risk qrupundan olan insanların sayəsində bu xəstəliyə qarşı immunitet yaratmaq olar. Bununla belə, alimlər onların təklif etdikləri metodun "kollektiv immunitet" üsulundan fərqli olduğunu iddia edirlər.

Qeyd edək ki, dünyanın bəzi inkişaf etmiş ölkələri COVID-19 virusuna qarşı mübarizədə "kollektiv immunitet" strategiyasına üstünlük verir.

Bu strategiya əhalinin aztəminatlı təbəqəsinin müdafiəsini təmin etməklə, digər təbəqələrin koronavirusa yoluxdurulmasına və beləliklə də, ümumi immun sisteminin yaradılmasına əsaslanır.

Xatırladaq ki, koronavirusdan qurtulmaq üçün "kollektiv immunitet" üsulundan yararlanmaq fikrini ilk dəfə Böyük Britaniyanın Baş naziri Boris Conson səsləndirib. O bildirib ki, əhalinin infeksiyaya yoluxmasına imkan verilməlidir, əks təqdirdə karantin müddətindən sonra virus yenidən qayıda bilər.

Koronavirusla mübarizədə "kollektiv immunitet" metoduna qarşı qəti şəkildə etiraz edən Dünya Səhiyyə Təkilatının rəhbərliyi isə insanları qəsdən virusa yoluxdurmaq təklifini əxlaqsızlıq kimi qiymətləndirib.

48
Əlaqədar
Alimlər COVID-19-un yeni xəstəliyə səbəb olduğunu söyləyirlər
Pandemiya beş ayını tamam elədi, alimlər hələ bir qərara gələ bilmədilər
Alimlər təkzib edirlər: təyyarədə koronavirusa yoluxma şansları aşağıdır
Əməliyyat, arxiv şəkli

Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib

0
(Yenilənib 21:00 20.10.2020)
Canlı donor və onun tərəfindən transplantasiyanın həyata keçirilməsinə verilmiş məlumatlandırılmış razılıq haqqında məlumatlar canlı donorlar reyestrinə daxil edilir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Canlı donordan donor orqan götürülməsinə qoyulan məhdudiyyət müəyyən edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 18-ci maddəsinə (Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət) əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların (sümük iliyi, kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir.

Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, canlı donor - öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən fəaliyyət qabiliyyətli on səkkiz yaşına çatmış (sümük iliyi və kök hüceyrələri istisna olmaqla) sağlam şəxsdir.

Orqanın götürülməsi əməliyyatından əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır.

Canlı donor və onun tərəfindən transplantasiyanın həyata keçirilməsinə verilmiş məlumatlandırılmış razılıq haqqında məlumatlar canlı donorlar reyestrinə daxil edilir.

Bu qanun Azərbaycanda insan orqanlarının və toxumalarının (bundan sonra - orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

0