Bakı karantin rejiminin sərtləşdirilməsinə bir gün qalmış, arxiv şəkli

Bəla üzərində pul qazananlar Taxdığımız hər maska virusdan qorumurmuş

546
(Yenilənib 20:26 10.06.2020)
Çox təəssüf ki, bu gün apteklərdə Çin istehsalı olan, qoruyucu funksiyası olmayan məsaməli maskalar satılır. Mütəxəssislər də bildirir ki, bu maskaların virusdan qorunmaqda heç bir səmərəsi yoxdur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib. ÜST-ün Azərbaycan nümayəndəliyindən verilən məlumatda bildirilib ki, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır. Bununla ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib. ÜST-ün təlimatında maskaların keyfiyyəti də yer alıb. Təşkilat virusdan qorunmaq üçün üçqat maskalardan istifadəni tövsiyə edib.

Qeyd edək ki, üçqat maskaların koronavirusdan qorunmaqda rolu dəfələrlə infeksionistlər tərəfindən də vurğulanıb. Tibb işçiləri COVID-19 xəstəliyinə yoluxmamaq üçün toxunmamış parçadan hazırlanan maskalardan istifadəni tövsiyə edirlər.

Bəs görəsən, Azərbaycanda virusdan qorunmada daha effektli hesab edilən üçqat maskalar satılırmı? Sputnik Azərbaycan ölkəmizdə maskaların keyfiyyətini araşdırıb.

© Sputnik / Zulfiyya Guluyeva
Azərbaycanda istehsal olan maska

Qeyd edək ki, istifadəsi bir sıra yerlərdə qanunla məcburi olduğu gündən tibbi maskalar apteklərdə yenidən qəhətə çəkilib. Hazırda apteklərdə satılan maskaların keyfiyyətinə gəlincə, əczaçılar bu barədə onlarda məlumat olmadığını söyləyirlər. Səbail rayonunda yerləşən "Məsumə" aptekinin satıcısı Fidan Həsənova bildirir ki, onlara verilən maskaların topdansatış qiymətindən xəbərsizdir: “Biz maskanın bir ədədini 30 qəpiyə satırıq. Nə dərəcədə keyfiyyətli olduğunu istehsalçı bilər. Biz malı istehsal etmədiyimiz üçün bu maskaların insanları koronavirusdan qoruyub-qorumadığını da söyləyə bilmərik. Amma bəzi maskaların qiymətinə görə fərqlənir. Bizə bir neçə növ maska verilir. Elə maskalar var ki, qiyməti topdansatışda 40 qəpikdir. Biz onu 50 qəpiyə satırıq. Deyilənə görə, o maskalar üçqat olduğu üçün qiyməti bir qədər bahadır".

Digər apteklərdən də maskaların keyfiyyətinin qiymətinə görə fərqləndiyini söylədilər. "Nicat" aptekin satıcısı Vüsal Seyidov bildirir ki, üçqat, toxunmamış maskalar daha keyfiyyətli olsa da, qiyməti bir qədər bahadır: "Alıcılar onu çox almadığı üçün biz də tələbat olan 30 qəpiklik maskalar satırıq. Amma bildiyim qədər üçqat maskalar virusdan qorunmaqda daha effektlidir. Mən özüm də alanda ailəmiz üçün üçqat maska alıram".

© Sputnik / Zulfiyya Guluyeva
Azərbaycanda istehsal olan maska

Amma satıcı depolardan onlara əsasən topdansatışı 10-20 qəpik olan maskaların verildiyini də gizlətmədi: "Üçqat maska Azərbaycanda maska zavodunda istehsal olunur. Amma depolar bizə həmin məhsulu vermirlər. Özlərinin dediyinə görə, yerli maskanı satmaq onlara sərf etmir. Çin istehsalı olan maskalar daha ucuzdur. Buna görə də, əsasən satışda həmin maskalardandır".

Azərbaycanda ilk tibbi maska istehsalı zavodunun, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin direktoru Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında üçqat maska istehsal etdiklərini təsdiqlədi. Həmsöhbətimiz bildirdi ki, hazırki virusla müharibədə gigiyenik qoruyucu qatı olan maskalardan istifadə edilməlidir: "Bizim müəssisəmiz ÜST-ün tövsiyə etdiyi toxunmamış parçadan olan üçqat maskaları istehsal edir. Bu maskanın orta qatı virusu tutub saxlamaq qabiliyyətinə malikdir. Üçqat maskanın orta qatı həm çöldən gələn virusun içəri, həm də ağızda virusun çölə çıxmasını əngəlləyir. Düz 4 saat bu maska insandan başqasına, ətrafdakılardan bu maskanı taxan şəxsə virusun keçməsinin qarşısını alır. Bugünkü müharibədə məhz virusdan qorunmaq üçün maskalar effektlidir. Ona görə də biz xammalı çox baha olmasına baxmayaraq, məhz qoruyucu qatdan istifadə edirik. Çox təəssüf ki, bu gün apteklərdə Çin istehsalı olan, qoruyucu funksiyası olmayan məsaməli maskalar satılır. Mütəxəssislər də bildirir ki, bu maskaların virusdan qorunmaqda heç bir səmərəsi yoxdur. Amma insanlarımız məlumatlı olmadığından və qiyməti 10 qəpik ucuz olduğundan məsaməli və qoruyucu gigiyenik qatı olmayan maskalar alıb taxırlar".

© Sputnik / Murad Orujov
Maska istehsalı

Zavod direktoru deyir ki, onların istehsal etdikləri üçqat maskaların topdansatış qiyməti 40 qəpikdir. Çox təəssüf ki, depolar bu maskaları almağa maraq göstərmirlər: "Çünki onlar əhalinin sağlamlığını yox, öz qazanclarını düşünür. Çin istehsalı olan maskaların satışından daha çox qazanc əldə edirlər. Biz isə ölkə əhalisinin sağlamlığının qorunması, virusdan müdafiəsi məqsədilə istehsala başlayan bir zavodda belə maskalar istehsal edə bilmərik. Əhalini də səsləyirəm ki, maska alanda üçqat maska olub-olmadığını yoxlasın. Bizim istehsal etdiyimiz maska qutularının üzərində üçqat olduğu qeyd edilir".

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev də üçqat maskaların koronavirusla mübarizədə daha effektli olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, koronavirus hava-damcı infeksiyası olduğu üçün bu virusdan qorunmaq üçün toxunmamış parçadan hazırlanmış maskadan istifadə zəruridir: "Əgər insan hələ koronavirusa yoluxmayıbsa, mütləq məsaməsiz, toxunmamış parçadan hazırlanan üçqatlı maskadan taxmalıdır. Bu maska adi maskalarla müqayisədə insanı virusdan daha yaxşı qoruyur. Hətta yanında xəstə insan varsa, bu maska onun nəfəsində çıxan virusun keçməsinə imkan vermir. Çünki üçqatlı maska toxunmamış parçadan olduğundan, virus məsamə tapa bilmədiyindən keçə bilmir. Üstəlik orta qatın gigiyenik və qoruyucu effektinin olması virusu tutub saxlayır. Ona görə də biz də tövsiyə edirik ki, koronavirusdan qorunmaq üçün keyfiyyətli, üçqat maskalardan istifadə edilsin. Artıq bu virusdan ölənlərin sayı ölkəmizdə 100-ə yaxınlaşır. Bu kifayət qədər narahatlıq doğuran rəqəmdir. Hər birimiz özümüzü qorumaq üçün mütləq maska taxmalıyıq. Əgər üçqatlı maska yoxdursa, digərlərindən də istifadə etmək olar. Çünki virusdan müdafiədə tibbi maska taxmaq, sosial məsafə saxlamaq və əllərin gigiyenasına əməl etmək əsas şərtdir".

546
Koronavirus testi, arxiv şəkli

TƏBİB Azərbaycanda koronavirus testlərinin bitməsi barədə məlumatlara aydınlıq gətirdi

2
(Yenilənib 19:41 26.11.2020)
Bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. 

"Bildiririk ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur. Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur", - TƏBİB bildirib.

Məlumatda o da qeyd olunub ki, bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

"Hazırda ölkədə 37 laboratoriya mövcuddur. Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19178 test) artıb", - deyə məlumatda bildirilir. 

2
Teqlər:
test, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada COVID-19-a yoluxanlarla bağlı qorxulu rəqəmlər

15
(Yenilənib 18:04 26.11.2020)
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 106101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 68572 nəfər müalicə olunaraq sağalıb, 1256 nəfər vəfat edib, aktiv xəstə sayı 36273 nəfərdir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19178, ötən müddət ərzində isə ümumilikdə 1665832 test aparılıb.

15
Teqlər:
Nazirlər Kabineti yanında Operativ Qərargah, operativ qərargah, Koronavirus, epidemiya, COVID-19
Fransa Senatının binası, arxiv şəkli

Fransa Senatının Qarabağla bağlı qətnaməsinə Rusiya Dövlət Dumasından reaksiya verildi

0
(Yenilənib 19:47 26.11.2020)
"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

BAKI, 26 noyabr — Sputnik. Fransa Senatı, Fransa hökumətini Azərbaycan ərazisindəki saxta "Dağlıq Qarabağ Respublikası" (DQR) rejiminin "müstəqilliyini" tanımağa çağıraraq, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini pozmağa çalışdı. Sputnik Azərbaycan "Vestnik Kafkaza"-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

"Mən Rusiyanın müharibəni sona çatdırması və münaqişə tərəflərini normal nizamlanma yoluna gətirməsinə görə Fransa, həmçinin ABŞ-dan inciklikdən başqa bir şey gözləmirdim. İşlərin sülhə doğru getdiyini, tərəflərin razılığa gəldiyini görən Paris bu prosesi pozmaq, hər hansı bir gərginlik yaratmaq cəhdlərini bərpa etdi", - deyə Kalaşnikov qeyd edib.

O qeyd edib ki, hazırkı mərhələdə bu cür addımlar tamamilə qeyri-konstruktivdir: "Hazırda bu cür müdaxilələr, xüsusi ilə Minsk Qrupunun həmsədrinin müdaxiləsi sadəcə yolverilməzdir. Bu qətnamə Cənubi Qafqazda heç kimə xeyir verməyəcək".

"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

"İndi isə bu, bir daha təsdiqləndi, artıq Senatda deputat çoxluğu ilə. Hüquqi cəhətdən bu qətnamənin heç bir çəkisi yoxdur, siyasi cəhətdən isə o, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz təsirini bərpa etmək üçün son cəhdi idi. Lakin əməldə bu, Parisin vasitəçilik missiyasından imtinasıdır".

Ekspert vurğulayıb ki, bu qətnamə heç bir halda Rusiya və Türkiyənin Cənubi Qafqazda mövqelərinə təsir etməyəcək: "Ümumiyyətlə, bu, sadəcə Parisin maraqlarına zərbə vuracaq olan axmaq hərəkətdir. Fransanın tərəfdaş və ya rəqib olmasından asılı olmayaraq, Azərbaycanın müvafiq nəticələr çıxaracağı aydındır".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar".

0
Teqlər:
Kalaşnikov, Leonid Kalaşnikov, Rusiya Dövlət Duması, Qarabağ, Fransa Senatının qətnaməsi, Fransa Senatının qərarı, Senat, Fransa