CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əl çalmaqla qarın doymur və ya pandemiyadan sonra bizə kim baxacaq?

Abunə olmaq
"Həkimlərə güzəştlər olmasa, koronavirusdan sonra yayılmış düzəndə ölkəmizdən həkim axını gözlənilir. Bunun da baş verməsi bizim üçün heç də yaxşı olmayacaq" - Adil Qeybulla

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Azərbaycanda güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçiləri də əlavə ediləcəklər. Bu barədə məlumat Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində əksini tapıb. Sazişə əsasən, hər üç qurum əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə nəzarətin gücləndirilməsi öhdəliyini götürüb.

Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dörd həkimimizi koronavirus məhv etdi

Maraqlıdır, ölkədə güzəştli mənzil "marafonuna" qoşulacaq tibb işçilərinin sayı nə qədərdir?

Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 1991-ci ildə Azərbaycanda həkimlərin sayı 27 min 493, 1999-cu ildə isə 28 min 477 olub.

Son 10 ilin rəqəmlərinə nəzər yetirdikdə həkimlərin sayında ciddi artımın olmadığını görə bilərik. Belə ki, 2009-cu ilin əvvəlinə olan rəqəmlərə görə, ölkədə həkimlərin sayı 32 min 503 olub. 2019-cu ilin əvvəlində isə bu say 32 min 485 olub, yəni heç artmayıb, əksinə, azalıb.

Bəs ölkənin yeganə həkim yetişdirən ali məktəbi olan Azərbaycan Tibb Universiteti illik olaraq nə qədər məzun buraxır? ATU-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu rəqəm ildən asılı olaraq dəyişilir. Təxmini olaraq isə rəqəmlər 800-1000-dən artıq deyil.

Sputnik Azərbaycan son on ildə ölkədə həkimlərin sayının azalmasının, son 20 ildə isə onların sayında artımın cüzi olmasının səbəbini araşdırmağa çalışıb.

Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həkimlərə sosial evlərin verilməsi hələlik  abstrakt məsələdir: "Çünki öncə bu məsələnin qanuni əsası, şərtləri, bütün nüanslar bəlli olmalıdır. Bundan başqa, həkimlər arasında elmi dərəcəsi olanlar, müxtəlif statusu olanlara da ayrıca münasibət göstərilməli, bu məsələlər də öz əksini tapmalıdır. Bundan başqa, Türkiyədə, Almaniyada ixtisasa yiyələnən həkimləri də dəyərləndirməliyik. Hələlik bu, sadəcə olaraq, ümumi deyilmiş bir məsələdir".

Amerikalı həkim ABŞ səhiyyə sistemindəki üç böyük problemi açıqladı>>

"Həkimlərə müəyyən güzəştlər olmalıdır, onların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində düşünmək lazımdır. Həkimlərə güzəştlər olmasa, koronavirus pandemiyasından sonra yayılmış düzəndə ölkəmizdən həkim axını gözlənilir. Bunun da baş verməsi bizim üçün heç də yaxşı olmayacaq".

O, son 20 ildə Azərbaycanda həkimlərin sayında artımın çox cüzi olmasına da münasibət bildirib:

"Rezidentura sisteminə keçid həkimliyi çətin bir sənətə çevirib. Ali məktəbi bitirdikdən sonra həkimlər müəyyən səviyyəyə çatmaq üçün 10 ilə yaxın müddətdə haradasa fəaliyyət göstərməli olurlar. Bəzən həkimlər iş üçün ayrı-ayrı ölkələrə müraciət edir, ölkəyə qayıtmaq istəmirlər. Bunun üçün onlara bir stimul lazımdır".

"Həkimlərə bərabər şəraitlər yaradılmalıdır. Siz fikir verin, bu gün həkim reklamları ilə fəaliyyət göstərən, yaxud da ancaq maaşa xidmət göstərən həkimlər də var. Düşünürəm ki, biz bir çox dünya ölkələrinin təcrübəsini nəzərdən keçirməliyik", - deyə o əlavə edib.

Bu gün bütün dünyada koronavirusun yayılması həkimlərin həyatımızdakı rolunun nə qədər mühüm olduğunu bir daha göstərdi. Həyatımız, təhlükəsizliyimiz, sabaha olan ümidlərimiz də onlardan - həkimlərdən asılıdır. Və görünən odur ki, sadəcə eyvanlardan alqışlamaqla onların bəzilərini ölkədə saxlamaq mümkün olmayacaq.

Xəbər lenti
0