Tibb işçiləri, arxiv şəkli

Azərbaycanda daha 113 nəfər yoluxdu, 2 nəfər vəfat etdi

332
(Yenilənib 18:01 20.05.2020)
Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb.

BAKI, 20 may — Sputnik. Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.  Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərərgahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245.609 test aparılıb.

332
Həkim, arxiv şəkli

Koronavirusla mübarizə aparan həkimlərə əlavə pul ödənildi? - Agentlik açıqlama verdi

8
(Yenilənib 10:46 01.06.2020)
Bakı şəhəri üzrə 140, respublikanın digər şəhər və rayonları üzrə 115 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə aprel ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.1 milyon manat müddətli əlavə ödənilib.

BAKI, 1 iyun — Sputnik. Azərbaycan Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncamına və Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən ümumilikdə 11707 nəfərə - 9015 tibb işçisinə, 2692 qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. Bu barədə Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə 140, respublikanın digər şəhər və rayonları üzrə 115 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə aprel ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.1 milyon manat müddətli əlavə ödənilib: "Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib: 1. Tibbi profilaktik tədbirləri həyata keçirən 3124 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.9 milyon manat ödənilib. Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/aylıq iş günlərinin sayı/iş saatlarının cəmi) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: "Poliklinikada çalışan həkim terapevtin 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır.

Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 216 manat 35 qəpik müddətli əlavə almalıdır. 216.35 = ((375 / 26) x 5) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq".

2. Təcili tibbi yardım xidməti göstərən 3837 tibb işçisinə və həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 269 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.3 milyon manat ödənilib.

R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: "Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 60 saat işə cəlb olunubsa, deməli 576 manat 92 qəpik müddətli əlavə almalıdır. 576.92 = ((375 / 156) x 60) x 4.

Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq".

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1785 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 2.6 milyon manat ödənilib. Maliyyə departamentinin rəhbərinin izahı:

"Xəstəxanada çalışan həkim infeksionistin 11-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 360 manat 58 qəpik müddətli əlavə almalıdır. 360.58 = ((375 / 26) x 5) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq".

Onu da qeyd edək ki, 2692 qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.3 milyon manat müddətli əlavə verilmişdir. Nümunə: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan sürücünün 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan sürücü koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 184 manat 77 qəpik müddətli əlavə almalıdır. 184.77 = ((271 / 22) x 5) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq. Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən aprel ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Qeyd edək ki, mart ayı üzrə Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21634 tibb işçisinə, 2386 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.

8
Deputat Müşfiq Məmmədli

İnanılmaz təzad - indi uşaqları infeksiya yox, rahat həyat əlimizdən alır

259
(Yenilənib 12:26 01.06.2020)
"Uşaqlarda ən təhlükəli hal ondan ibarətdir ki, koronavirus xəstəliyinin gedişi böyüklərə nisbətən bilinmədən, görünmədən gedir, amma daşıyıcı olaraq digər insanları yoluxdurma ehtimalı çoxdur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. VI çağırış Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a müsahibəsində hazırda ölkəmizdə uşaqlar arasında hansı xəstəliklərin geniş yayılmasından, uşaqları koronavirus pandemiyasından qorumaq üçün valideynlərin nə etməli olduğundan və digər məsələlərdən danışıb. Müsahibəni təqdim edirik:

- Müşfiq müəllim, ilk öncə öz haqqınızda məlumat verməyinizi xahiş edirik və necə oldu ki, deputat olmaq qərarına gəldiniz?

- Mən 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmişəm. Həkim kimi uzun müddətdir ki, fəaliyyət göstərirəm. 1972-ci ildə Sumqayıtda anadan olmuşam və həkimlik fəaliyyətim də Sumqayıtla bağlıdır. 2016-cı ildən Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi işləyirəm. Uzun müddətdir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Siyasi fəaliyyətim YAP Sumqayıt şəhər təşkilatının nəzdində olub. Sonra elə həmin təşkilatda siyasi şuranın üzvü seçilmişəm. Siyasi fəaliyyətim Yeni Azərbaycan Partiyasının tərkibində və partiyanın Sumqayıt şəhər təşkilatında siyasi şuranın daxilində olub. Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən mənə etimad göstərildi və 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədliyim irəli sürüldü. Mənə etimadın göstərilməsi böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Partiyanın dəstəyi ilə kifayət qədər səs çoxluğu ilə seçkini qazandıq və mən deputatlıq fəaliyyətinə başladım.

© Sputnik / Murad Orujov
VI çağırış Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli

- Ötən illərin praktikası göstərir ki, bəzi deputatlar mediaya qapalı idilər. Yeni islahatlar fonunda deputat-media əlaqələri necə olmalıdır?

- Həkimlik fəaliyyəti dövründə daim mediaya açıq olmuşuq. Əgər qərəz yoxdursa, mediadan qaçmağa ehtiyac yoxdur. Təbii ki, medianın da məsuliyyətli olmağı vacibdir. Fikrimcə, mediaya hər zaman açıq olmaq lazımdır. Son dövrlər Milli Məclisin həyatında müsbət mənada böyük dəyişikliklər olub, o cümlədən media ilə münasibətlərdə. Deputatların fəal olması çox mühüm məsələ kimi qarşıya qoyulub. Milli Məclisin Sədri Sahibə Qafarova bu məsələlərə çox böyük önəm verir. Düşünürəm ki, fəallığı daha da artırmaq lazımdır.

Bəzən mediada fikirlər kontekstdən çıxardılır. Amma siyasi fəaliyyətlə məşğul olan insan hər bir açıqlamasına, hər bir kəlməsinə diqqət göstərməli, fikirlərini dolğun ifadə etməlidir. Mediaya açıq olduqda, öz fikirlərini onlara dolğun şəkildə çatdırdıqda, problem yaranmır.

- Xüsusi karantin rejimi dövründə vətəndaşların birbaşa qəbulu mümkün deyil. Seçiciləriniz ilə görüşləri necə həyata keçirirsiniz? Və seçicilər əsasən hansı məsələləri qaldırırlar?

- Koronavirus pandemiyası bütün dünyada hər bir fəaliyyətə çox böyük korrektələr gətirdi, o cümlədən seçicilər ilə görüşə. Biz hər birimiz xüsusi karantin rejiminə əməl etmək məcburiyyətindəyik. Ancaq həyat yerində dayanmır, biz fəaliyyət göstərməliyik, seçicilərin problemləri ola bilir. Bəzən seçicilərin müəyyən problemlərini müvafiq qurumlar qarşısında qaldırmağa görə əlaqələrin yaradılması vacibdir. Koronavirus pandemiyasının gətirdiyi yeniliklərdən biri videomüraciətlər oldu və biz müxtəlif onlayn platformalar üzərindən seçicilər ilə əlaqələr yaratmağa başladıq. Seçicilərimiz ilə bu formada əlaqə saxlayırıq, problemləri ilə maraqlanır və onları həll etməyə çalışırıq. Bizim qərargahımız Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatında yerləşir. Bundan başqa, məktublar, müxtəlif ərizələr vasitəsilə Milli Məclisin saytına müraciətlər edilir.

© Sputnik / Murad Orujov
VI çağırış Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli

- Azərbaycanda pandemiyadan sonrakı dövrdə səhiyyə sahəsinin daha inkişaf etdirilməsi üçün parlamentdə hansı məsələlərin qaldırılmasını vacib hesab edirsiniz?

- Azərbaycanda səhiyyə sahəsində çox mühüm islahatlar həyata keçirilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasını, icbari tibbi sığortaya keçidi buna misal göstərmək olar. Məsələn, Türkiyədə icbari tibbi sığorta modelinin tətbiqi ilə bağlı islahatlar hələ də davam edir. Azərbaycanda da bu istiqamətdə çətinliklər var. Üstəgəl pandemiyanın ortaya çıxması dünyanın nəhəng səhiyyə sistemlərində belə böyük problemlər yaratdı. Bütün bu risklərə baxmayaraq, biz icbari tibbi sığortaya keçidi həyata keçirməyə başladıq.

Bundan sonrakı mərhələdə isə səhiyyə sistemimizdə çox böyük dəyişikliklər gözlənilir. Burada artıq səhiyyə müəssisələrinin optimallaşmasından, səhiyyənin maliyyələşməsinin müxtəlif mənbələr hesabına artırılmasından, səhiyyə müəssisələrinin avadanlıqlar, digər təchizat materialları ilə yenidən təmin olunmasından və s. söhbət gedir.

Qarşımızda səhiyyənin maliyyələşməsi mexanizmində dəyişikliklər, yeni səhiyyə müəssisələrinin qurulması, rayon səhiyyə sistemlərinin regional tipli orqanlara çevrilməsi və digər məsələlər dayanır. Bu işlərin həyata keçirilməsi üçün də qanunvericilik bazası formalaşdırılmalıdır. Bu baxımdan işlərimiz çox olacaq.

- Pediatr olaraq, sizcə, uşaqları koronavirus pandemiyasından qorumaq üçün valideynlər nə etməlidirlər?

- Pandemiya dövründə ilk vaxtlar dünyada insanlar arasında belə bir arxayınçılıq var idi ki, uşaqlar koronavirusa yoluxmurlar. Ancaq zaman onu göstərdi ki, bu, yanlış fikirdir, uşaqların da koronavirusa yoluxması müşahidə olunur. Uşaqlarda ən təhlükəli hal ondan ibarətdir ki, koronavirus xəstəliyinin gedişi böyüklərə nisbətən bilinmədən, görünmədən gedir, amma daşıyıcı olaraq digər insanları yoluxdurma ehtimalı çoxdur. Biz valideynlər qarşısında hər zaman məsələ qaldırırıq ki, uşaqlarınızı əhalinin sıx toplaşdığı yerlərə aparmayın. Valideynlər məktəblərin və bağçaların bağlanmasını anlayışla qarşıladılar.

Digər tərəfdən, valideynlər arasında iş aparılır ki, peyvəndlənmənin davam etdirilməsi çox önəmlidir. Uşaqlar xəstələnərkən, onların hərarəti olarkən lazımsız preparatlardan istifadə etməmək, qidalanmanın önəmi barədə valideynlər arasında iş aparılır. Məsələn, araşdırma var ki, zülal mənşəli qidalardan çox istifadə olunan cəmiyyətlərdə pandemiyanın yayılma sürəti daha azdır. İndiyədək Sumqayıtda uşaqlar arasında yoluxmanın faizi çox aşağı olub, ağırlaşmalar, demək olar ki, olmayıb, ölüm hadisəsi olmayıb.

© Sputnik / Murad Orujov
VI çağırış Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli

- Hazırda Azərbaycanda uşaqlar arasında geniş yayılmış xəstəliklər hansılardır?

- Mövsümi xəstəliklər hər zaman olduğu kimi aktualdır. Amma bu xəstəliklər illər üzrə dəyişə bilər. Bəzən yuxarı tənəffüs yollarının xəstəlikləri bir il daha çox ola bilər, digər il isə aşağı ola bilər və s. Bunlar dövri şəkildə müəyyən bir ardıcıllıqla gedir, amma təhlükəli formalarda artım müşahidə olunmur. Yəni normal orta statistik göstəricilər şəklində gedir. Məsələn, bir ara MDB ölkələrində qızılca həddindən artıq sürətlə yayılmışdı və Azərbaycanda da belə təhlükə ola bilərdi. Amma vaxtında aparılmış immunizasiya nəticəsində bizdə belə bir vəziyyət yaşanmadı. Vərəmlə mübarizədə çox böyük uğurlar əldə olunub. Uşaqların vərəmə yoluxma halları ilə bağlı ciddi şəkildə azalmalar var.

Azərbaycanda əhalinin həyatı üçün təhlükə - Bu xəstəliklər az qala epidemiya halını alır>>

Amma indi uşaqlar arasında daha çox irsi xəstəliklərdə, anadangəlmə qüsurlarda müəyyən qədər artım müşahidə olunur. Bu da ətraf mühitin zərərli amillərinin hamiləlik dövründə analara təsiri ilə əlaqələndirilir. O cümlədən, bəzi qidalardan istifadəyə çox diqqət yetirmək lazımdır. Düzgün və proporsional qidalanmaq lazımdır. Aktiv həyat tərzi sürmək lazımdır. İndi uşaqlarda artıq çəki problemləri bir qədər ön plana çıxır. Artıq çəki ilə əlaqədar olaraq şəkərli diabetə erkən yaşlarda daha çox rastlanır. Əvvəlki dövrlərdə uşaqlar arasında infeksiyon xəstəliklərdən ölümlər daha çox idisə, indi artıq yaşamaq komfortunun artması ilə əlaqədar olan xəstəliklərdən daha çox ölümlər meydana çıxmağa başlayıb. Amma anadangəlmə qüsurlar isə hələ ki, öz aktuallığını saxlayır.

© Sputnik / Murad Orujov
VI çağırış Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli

- Həkimlik fəaliyyəti dövründə qarşılaşdığınız maraqlı hadisələr hansılar olub?

- Həkimlik fəaliyyəti dövrümdə kifayət qədər maraqlı faktlarla qarşılaşmışam. Cəbhə bölgəsində həkim kimi xidmət edərkən heç vaxt unuda bilməyəcəyim bir hadisə ilə rastlaşdım. Bizim əsgərlərimizdən biri minaya düşmüşdü və orqanın itirilməsini və buna görə ağrıların nə dərəcədə olmasını bir həkim kimi yaxşı bilirəm. Amma bizim əsgərimizin qəhrəmanlığı ondan ibarət idi ki, mənə söylədi ki, telefonumu söndür, birdən telefonuma zəng gələr və atam olar. Atam ikinci qrup əlildir və ürəyi xəstədir. Qoy bilməsin, ona pis təsir edər. Onda mən insanın nə dərəcədə öz valideyninə böyük sevgi ilə yanaşdığının şahidi oldum. Yəni bir orqanını itirmiş əsgər atasının ürəyinə yük salmamaq barədə fikirləşir. Bu hadisəni heç vaxt unutmayacağam.

Maraqlı hadisələr çox olub. Digər bir hadisə 3 il bundan öncə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan onlarla uşaqda rotavirus infeksiyasının aşkar edilməsi idi. O vaxt kiçik miqyaslı su mənbələrində meydana çıxmış problemlə əlaqədar olaraq uşaqlar arasında rotavirus infeksiyası yayıldı və kütləvi şəkildə bizə müraciətlər oldu. Həmin vaxt biz Səhiyyə Nazirliyinin yardımı ilə, şəhər strukturlarının köməyilə, o cümlədən bütün səhiyyə işçilərinin səfərbərliyi ilə kütləvi xəstə axınının qarşısını aldıq. Uşaqlar sağaldılar, bir ağırlaşma, bir ölüm hadisəsi olmadan belə bu işin öhdəsindən gəldik. Bu da ölkə ictimaiyyəti tərəfindən çox müsbət qarşılandı. Həyatda qazandığım uğurlara görə Yeni Azərbaycan Partiyasına və həkimlik sənətimə minnətdaram.

259
Əlaqədar
Azərbaycanda insanların səksən faizi orqanlarını bağışlamaq istəyir, amma bir əngəl var
Azərbaycanlı alim koronavirusla bağlı bütün həqiqətləri açıqladı
Bu təşəbbüsün heç adını da tutmayın - uşağınızın nə tərbiyəsi olacaq, nə də sağlamlığı
Koronavirus yeni forma alıb – İndi uşaqları vurur
Bu gün bir boşqab xörəyi qıymırlar, sabah özləri məhbəs yeməyinə möhtac ola bilərlər
Miqrantlar Azərbaycan Dövlət Miqrasiya Xidmətinin həyətində, arxiv şəkli

Ayın 15-dək müddəti bitən şəxslərin diqqətinə - XƏBƏRDARLIQ

0
(Yenilənib 20:06 01.06.2020)
Daha ətraflı məlumatı Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesabları və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzindən əldə etməyiniz xahiş olunur.

BAKI, 1 iyun — Sputnik. Dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 15 iyun 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi olaraq təhlil edilir və təxirəsalınmaz tədbirlər həyata keçirilir.Bu barədə DMX-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə çatdırırıq ki, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 01 – 15 iyun tarixlərində bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycan Respublikasında olma müddətləri 30 - 60 gün müddətinə (ödənilmiş dövlət rüsumunun məbləğindən asılı olaraq) uzadılacaq.

Həmçinin bu qaydada karantin dövründə əcnəbilərin ölkədə olma müddəti mərhələli şəkildə uzadılmışdır.

Bir daha bildiririk ki, bunun üçün həmin şəxslər Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, "ASAN ödəniş" sistemi və ya Expresspay terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə qərarları əldə edə bilərlər.

Daha ətraflı məlumatı Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesabları və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzindən əldə etməyiniz xahiş olunur.

0