Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxanlarla bağlı yeni rəqəmlər: ölən var

326
(Yenilənib 18:36 19.05.2020)
Hazırkı dövrədək ölkəmizdə 3518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edib, onlardan 2198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib

BAKI, 19 may — Sputnik. Azərbaycanda 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edib, onlardan 2198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib, 1279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılıb.

326
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (89)
Əlaqədar
Azərbaycanlı alim koronavirusla bağlı bütün həqiqətləri açıqladı
Azərbaycanda koronavirusa kütləvi yoluxma qeydə alınan müəssisə bağlandı
Bakı meri şikayət etdi: “Belə də koronavirus oyunu olar?”
Professor koronavirusun ikinci dalğası haqqında danışır
Rusiyada COVID-19 qarşı qrafiti, arxiv şəkli

“Sovet möcüzəsi” işə düşüb: Məşhur həkim COVID-lə bağlı gizlinləri açıqlayır

452
(Yenilənib 10:34 03.06.2020)
"Hər il dalğalar olacaq. İnsan koronaviruslarının sayı beş idi. İndi altı oldu. Hələ başqa infeksiyalar, viruslar, qriplər də olacaq – onları heç kim ləğv etməyib. Bugünkü koronavirus – bizə yanvarda gələn virus deyil" - Aleksandr Myasnikov

BAKI, 3 iyun — Sputnik, Dinara Kurmanova. Məşhur rusiyalı teleaparıcı, Jadkeviç adına Moskva şəhər kliniki xəstəxanasının baş həkimi, koronavirus situasiyasının monitorinqi üzrə informasiya mərkəzinin nümayəndəsi Aleksandr Myasnikov xüsusi onlayn videokörpü zamanı Sputnik-ə koronavirusun əslində necə inkişaf etməsi və postsovet ölkələrinin İtaliya, İspaniya və ABŞ-ın yaşadığı faciələri təkrarlamamasının səbəbləri haqda danışıb.

BSG koronavirusdan qoruyurmu?

Bir çox alim və həkimləri bir fakt təəccübləndirir: keçmiş SSRİ-yə daxil olan ölkələrin əksəriyyətində bütün dünya ilə müqayisə etdikdə ölənlərin sayı xeyli azdır. Coronavirus-monitior.ru servisinin iyunun 1-nə olan məlumatına görə, bunlarda ölüm göstəricisi, məsələn, Özbəkistanda 0.4%-dən Litvadakı 4.23%-dək dəyişir. Ancaq eyni zamanda İtaliya və Böyük Britaniyada ölüm göstəricisi 14%, Fransada – 15%, Belçikada 16%-dir. Aleksandr Myasnikov yaranan situasiyanı “sovet möcüzəsi” adlandırır.

“Siyasətçilər, adlı-sanlı həkimlər hazırda bundan baş çıxarmağa çalışır, keçmiş SSRİ ölkələrinə baxırlar, - Myasnikov deyib. – Bu, məhz sovet möcüzəsidir. Ağır xəstə və ölənlərin sayı epidemiyanın gerçək durumunu sərgiləyir. Keçmiş SSRİ-yə daxil olan bütün ölkələrdə isə ölüm sayı qat-qat azdır. Bunun niyə belə olduğunu anlamaq lazımdır. Ola bilsin, bu, BSG peyvəndidir (SSRİ-də kütləvi olaraq tətbiq edilən vərəm əleyhinə peyvənd – red.), yeri gəlmişkən, artıq tədqiqatlar da var – amerikalılar kiçik qrup insanlara BSG vurmağa başlayıblar. Ümumdünya Səhiyyə Təşkilatı da deyir: “Ola bilər ki, bu, BSG üzərində möhkəmlənmiş immun sisteminə görə belədir, amma hələlik tövsiyə etməyə tələsmirik”.

Myasnikov eləcə də ehtimal edib ki, postsovet ölkələrin əhalisinin koronavirusa dayanıqlılığı keçmişdə vərəmə yüksək yoluxma səviyyəsi ilə izah oluna bilər.

“Bəzi alimlər ehtiyatla güman edirlər ki, latent vərəmin belə geniş yayılması immun sisteminin bu cür dəyişməsinə gətirib çıxarıb, indi də koronavirus böyük müqavimətlə rastlaşıb, – deyə mütəxəssis dəqiqləşdirir. – Amma biz rusların, belarusların, ukraynalıların, qazaxların amerikalılar, fransızlar və ya italyanlardan 10 dəfə az ölməsi faktına sadəcə göz yuma bilmərik. Bunu araşdırmaq gərəkdir”.

Karantin nəyə lazımdır?

Belə bir səhv fikir var: karantin koronavirus və ya hər-hansı digər xəstəliyi birdəfəlik məhv edə bilər.

“Biz niyə karantin elan edirik? Ona görə ki, insanların hamısı birdən xəstələnib səhiyyə sistemini bir anda çökdürməsin, - deyə Myasnikov izah edir. –  O zaman xəstəxanalar, təcili yardım boğulacaqlar, insanlar nəinki COVID-19-dan, həmçinin infarkt, insult, tibbi yardım göstərilməməsi səbəbindən ölməyə başlayarlar. Ona görə hər bir dövlət özünün səhiyyə sisteminin öhdəsindən gələ biləcəyi model qurur. Karantin sağalda bilməz, ancaq o, artım əyrisini yavaşıda bilər, yəni insanlar tədricən xəstələndiklərindən kömək almağa imkanları olar. Karantin – hesablamalar və davranış modelidir.

Belarus təcrübəsi

Məlumdur ki, Belarusla İsveç yeganə ölkələrdir ki, karantin təcrübəsindən imtina etdi. Ancaq Aleksandr Myasnikovun sözlərinə görə, Belarusda qeyri-adi heç nə baş vermir.

“Hər bir ölkə riyazi hesablamalardan çıxış edirdi. Uğurlu və uğursuz ssenariləri hesabladılar, mümkün iqitsadi itkiləri və sairəni nəzərdən keçirdilər. Belarusda səhiyyə sistemi əvvəlki, sovet vaxtındakı kimidir, orada infeksion xəstəxanalar, infeksionist həkimlər var. Bu, Aleksandr Lukaşenkonun: “Bilirsiniz, nə var? Mən risk edəcəyəm” qərarı deyil, hesablamaların nəticəsidir. O səviyyə deyil. Burada hər şey hesablanıb. Belarusun təxminləri özünü doğrultdu. Sovet möcüzəsi bizim hamımızda effektli oldu”.

Koronavirus əslində necə yayılır?

Myasnikov hər xəstənin daha üç nəfəri, onların da daha üçünü  yoluxdurması nəzəriyyəsini inkar edir. Həkimin sözlərinə görə, istənilən virus infeksiyası aktiv yayılmağa başladıqdan 1,5-2 ay sonra yoxa çıxır.

Mütəxəssis 1918-ci ildə yayılmış və ilk aylarda 30 milyon insanın həyatına son qoymuş “ispan” qripini misal çəkir.

“Yeni virus heyvandan insana keçən zaman aqressiv olur. O, “acıqlı”, yad olduğundan insanları öldürür, ancaq hər dəfə insanlar sağaldıqca virus da zəifləyir. Siz bir virusu nəfəsinizə çəkirsiniz, sizin kötükçəniz isə artıq bir başqa virusu nəfəsi ilə bayıra itələyir, yəni sonuncu xeyli zəif olur. O, başqa insana keçib, həmin adam da onu zəiflədib. Bilirsiniz, bu, dalğaya oxşayır: sahilə vurur, mehmanxananı dağıdır, ağacları kökündən çıxarır, sonra isə zəifləyir və gölməçəyə çevrilir. İnfeksiya da onun kimidir: əvvəl şahə qalxır, sonra da sönür”, - həkim deyir.

Tanınmış mütəxəssis əmindir: nə qəsər çox insan koronavirusa yoluxsa, bu virus bir o qədər yoluxdurma qabiliyyətini itirəcək. Özü də onun ikinci dalğası birinci kimi güclü olmayacaq.

“Hər il dalğalar olacaq, - Myasnikov deyir. – İnsan koronaviruslarının sayı beş idi. İndi altı oldu. Nə olsun bəs? Hələ başqa infeksiyalar, viruslar, qriplər də olacaq – onları heç kim ləğv etməyib. Bugünkü koronavirus – bizə yanvarda gələn virus deyil artıq. O, milyonlarla insanın ələyindən keçib və hər yeni insanla onun təhlükə dərəcəsi azalır”.

Xəstələnənləri saymaq niyə mənasızdır?

Yoluxanların qorxuducu dərəcədə böyük sayına Myasnikov xüsusi diqqət çəkib. Onun fikrincə, əslində yalnız yoluxanların sayına görə nəticə çıxarmaq elə də düzgün addım deyil.

“Biz bu rəqəmləri, beş-altı milyonu səsləndiririk, vurğulayırıq. Bunlar sadəcə testləri müsbət çıxmış insanlardır. Əslində isə onların sayı onlarla dəfə çoxdur. Gəlin onda adi sətəlcəmi də sayaq: o, hər il dünyada 3 milyondan çox adamı öldürür. Biz yanvardan bəri nə sayırıq? Real olaraq xəstə adamlar – iki həftə bundan əvvəl xəstələnənlərdir. Qalanları çoxdan sağalıblar, işlərinə, öfislərinə qayıdıblar. Ölüm sayına istiqamətlənmək lazımdır, amma burada da düzən yoxdur”.

Myasnikovun sözlərinə görə, yalnız Rusiyada koronavirusdan ölənlərin hamısının (100%) meyitləri yarılır, ona görə də dünya üzrə rəqəmlər istənilən halda qeyri-dəqiq olur. Bu il məhz koronavirusun neçə adam öldürdüyünü dəqiq demək mümkün deyil.

“Qərbdə aprelin 21-dək heç kim koronavirusdan ölənlərin meyitini yarmırdı ki, həkimlər yoluxmasınlar, - mütəxəssis izah edir. – 17 min insan müqabilində Almaniyada cəmi 60, İtaliyada 50 yarılma olub. Amerikada isə meyitləri ümumiyyətlə yarmır, kompüter tomoqrafiyası edirdilər”.

452
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
"Yarasa qadın"dan bədbin proqnoz: Koronavirusdan da betəri olacaq
Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır
Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?
Koronavirus əleyhinə dərman təsdiq edilmədi – Sübut yoxdur
Şimal qonşumuzda bir gündə yüzdən çox şəxs koronavirusdan öldü
Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin əməkdaşı, arxiv şəkli

Keçəlin dərmanına möhtac qalmaq: sovetin "havası" başımızdan vaxt çıxacaq?

230
(Yenilənib 20:08 02.06.2020)
Azərbaycanda maska və şpris istehsal edən müəssisələrin açılması bu sahədə sənayenin başlanğıcı olmalıdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Koronavirus pandemiyası dövründə Azərbaycanda tibbi maska və kombinezon istehsal edən iki müəssisə fəaliyyətə başladı. SARS-CoV-2 koronavirusunun yayılması bir daha Azərbaycanda tibbi sənayenin inkişafının zəruri olduğunu ortaya çıxartdı. Bəs görəsən, ölkəmizdə tibbi sənaye hansı istiqamətdə inkişaf etdirilməlidir?

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son aylarda tibbi sənaye sahəsində dirçəliş olsa da, bu, hələ yetərli sayıla bilməz: "Azərbaycanda bu gün həyati əhəmiyyət kəsb edən, ən vacib dərman preparatları belə istehsal edilmir. Tibbi sənayenin inkişafı ölkəmiz üçün çox vacibdir. Koronavirus pandemiyası göstərdi ki, biz tibb sahəsində ən bəsit tibbi ləvazimatları istehsal etmirik. Maska, şpris kimi tibbi ləvazimatlara görə xaricdən asılıyıq. Bu gün ağrıkəsici bəsit inyeksiya vasitələrini xaricdən idxal edirik".

A.Qeybulla bildirir ki, Sovet dövründə də Azərbaycanda tibbi sənaye inkişaf etməyib:

"Sovetlər birliyində də bizim dərman vasitələrinə tələbatımızı Belarusiya, Ukrayna ödəyirdi. Artıq Azərbaycan müstəqil dövlətdir. Tibb sənayesinin inkişafına maraqlı olmalıdır. Bunun üçün xaricdən investor cəlb edilməli, sərmayə qoyulmalıdır. Çox təəssüf ki, ölkəmiz tibbi sənayenin inkişafında çox geri qalıb. Azərbaycanda maska və şpris istehsal edən müəssisələrin açılması bu sahədə sənayenin başlanğıcı olmalıdır. Xarici ölkələrdə dərman istehsal edən məşhur şirkətlərlə müqavilə bağlanmalı, ölkəmizdə tibbi sənayenin inkişafına iri həcmli sərmayə qoyulmalıdır".

Professorun sözlərinə görə, tibbi sənayenin inkişafı üçün kadr hazırlığı da aparılmalıdır: "Azərbaycanda əczaçılıq sahəsində kadr hazırlanmalıdır. Çünki bu sahədə yetişən kadrların çoxu yaşlanıb. Tibb Universitetində bu sahə üçün ixtisaslı kadr hazırlanmalıdır".

Deputatlarımız nöqtəni qoydular: əməl etməsəniz, 100 manatla vidalaşın>>

İqtisadçı Samir Əliyev isə tibbi sənayenin inkişafına nail olmaq üçün bir sıra işlər görülməli olduğunu söyləyir. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibbi sahədə idxaldan böyük asılılıq var: "Ən sadə texnologiya tələb edən maskanın istehsalına biz təzə-təzə başlayırıq. Hansı ki, bunun istehsalında yüksək texnoloji avadanlıq tələb olunmurdu. Azərbaycan çalışmalıdır ki, tibbi ləvazimatlarla bağlı idxaldan asılılıq azalsın. Neft emalından alınan tullantılardan analiz və dərman qutularının istehsalına başlaya bilərik. Bu gün bizim universitetlər bunun üçün kadr da hazırlamalıdır. Bəzi dərmanlar var ki, onları ölkəmizdə istehsal edə bilərik. Pandemiya onu göstərdi ki, idxaldan asılılıq bizə çox böyük problem yaradır. Bu problemi aradan qaldırmaq üçün isə bazar münasibətləri formalaşmayıb.

Dərmanların qiymətlərinin bazar tərəfindən tənzimlənməsi Azərbaycanda tibbi sənayenin inkişafına, dərman istehsalına mane olur. Dərmanların qiymətinin tənzimlənməsi insanlar üçün yaxşıdır. Bu, biznesin inkişafına problem yarada bilər. Amma biz çalışmalıyıq ki, bu biznes səmərəli biznesə çevrilsin. İstənilən sənayenin bazarları axtarılmalıdır. Dövlət biznes mühiti yaratmalıdır ki, iri sahibkarlar problemlə üzləşməsinlər.

Sahibkarların ucuz kreditlərə əlçatanlığı təmin edilməlidir. Yalnız bundan sonra biz tibbi sənayenin inkişafı, bu sahəyə investorların cəlbindən danışa bilərik. Əks halda, biz hələ illərlə ən sadə tərkibli dərmanları, dərman ləvazimatlarını xaricdən idxal etməli olacağıq".

230
Əlaqədar
Azərbaycanda COVID19-un müalicəsində istifadə olunan dərmanlar açıqlandı
Xoş, çox xoş xəbər var: Dərman tapılıb!   
Bəla evimizə girib, dərmanını isə bilmirik – Hərə bir söz deyir
Koronavirus əleyhinə dərman təsdiq edilmədi – Sübut yoxdur
Bu dərman vasitələri 5 il yerli mal sayılacaq - Fərman
PPX avtomobili, arxiv şəkli

Baş verən qətlin üstü açıldı

0
Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 3 iyun — Sputnik. Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü "isti izlərlə" açılıb. Sputnik Azərbaycan Baş Prokurorluğun  məlumatına istinadla xəbər verir ki, xəbər verildiyi kimi, iyunun 1-də səhər saat 06 radələrində 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi, eləcə də mağazanın seyfindən külli miqdarda pul vəsaitinin oğurlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb.

Aparılmış istintaqla Kürdəxanı qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Fuad Yusifli və 1992-ci il təvəllüdlü Sadiq Cəlalovun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək iyunun 1-də saat 04 radələrində mağazanın anbar qapısından içəri daxil olub orada mühafizəçi işləyən Hüseyn Əhmədova yumruqla zərbələr vurmaqla, habelə əllərini, ayaqların və ağzını yapışqan lentlə (skotçla) bağlamaqda onu öldürmələrinə, daha sonra isə mağazanın içərəsindəki dəmir seyfdən 51 min 292 manat məbləğində pulu oradan götürüb talayaraq quldurluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Fuad Yusifli və Sadiq Cəlalov Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunmuşlar.

Hər iki şəxs müdafiəçinin iştirakı ilə dindirilərkən törətdikləri cinayəti etiraf etmiş, onlardan hadisə zamanı mağazadan götürdükləri vəsaitin 50 min 492 manatı həmçinin, mağazanın mühafizə kameraları üçün quraşdırılmış cihazlar maddi sübut kimi götürülüb.

F.Yusifli və S.Cəlalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0