Böyrəyin transplantasiyası, arxiv şəkli

Azərbaycanda insanların səksən faizi orqanlarını bağışlamaq istəyir, amma bir əngəl var

173
(Yenilənib 09:26 15.05.2020)
Mircəlal Kazımi: Azərbaycanda insanların qaraciyər, böyrək, ürək çatışmazlığından və digər xəstəliklərdən xilası üçün donor hovuzunun yaradılmasına, beyin ölümü keçirmiş şəxslərin orqanlarının toplanmasına ehtiyac var.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Milli Məclisin yaz sessiyasının Qanunvericilik İşləri Planına ümumilikdə 15 məsələ daxildir ki, onlardan da biri insan orqanlarının donorluğu ilə bağlıdır. Bu gün Azərbaycan Respunlikasının qanunvericiliyində meyitdən orqan köçürülməsi nəzərdə tutulmur. Orqan köçürülməsi ilə bağlı cəmiyyəti ən çox düşündürən məsələ də elə budur: meyitdən orqan köçürülməsinə icazənin verilməsi.

Bu məsələnin zəruriliyi haqda isə tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Xəstəxanasının cərrahiyə və orqan köçürülməsi şöbəsinin müdiri Mircəlal Kazımi Sputnik Azərbaycan-a açıqlamasında danışıb: "Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da orqan çatışmazlığından əziyyət çəkən xəstələrin sayı artmaqdadır. Bu xəstələr üçün yeganə çıxış yolu orqanın köçürülüməsidir. Bunun üçün donorlara ehtiyac var. Məsələ burasındadır ki, hazırda biz yalnız canlı şəxsdən, daha dəqiq desək, yalnız qohumdan orqan köçürülməsini həyata keçiririk. Belə olan halda qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən şəxslər digərləri ilə müqayisədə daha şanslı olur. Çünki onlar canlı donordan böyrəyin biri, yaxud da qaraciyərin bir hissəsi köçürülməklə, yenidən yaşamaq imkanı əldə edə bilərlər".

Kazımi qeyd edib ki, Azərbaycanda artıq bu günədək 800-ə yaxın şəxsə orqan köçürülməsi əməliyyatı həyata keçirilib. Təcrübə göstərir ki, yalnız canlıdan orqan köçürülməsi problemin həlli deyil. Alternativ olaraq donor hovuzuna ehtiyac var:

"Donor hovuzu beyin ölümü keçirmiş insanlardan əldə edilmiş orqanlardan ibarətdir ki, həmin orqanlar vasitəsilə həm qaraciyər, həm də böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin əməliyyat olunma şansı artacaq. Eyni zamanda da canlı donora ehtiyacı olmayan ürək, gözün buynuz qişası, ağciyər, mədəaltı vəz çatışmazlığından əziyyət çəkən şəxslər də sağlam həyatlarına qovuşa biləcəklər".

Həkimin sözlərinə görə, sözügedən qanun 1999-cu ildə hazırlanıb. İntensiv olaraq orqan köçürülməsinə isə ölkəmizdə 2008-ci ildən başlanılıb.

"Bu dövr bizim üçün bir intibah oldu. Bu neçə ildə müəyyən çatışmazlıqlar da aşkarlandı. Həmin çatışmazlıqların aradan qaldırılması, boşluqların doldurulması üçün qanunun yenidən təkminləşdirilməsi üçün təkliflərimiz hazırlanıb. Düşünürəm ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaq. Çünki canlı donorlar məsələnin tam olaraq həlli deyil", - deyə o, əlavə edib.

Kazımi ehtimal ki, yaxın gələcəkdə təkliflərlə əlaqədar olaraq, Milli Məclisin Səhiyyə Komitəsi tərəfindən insan orqanları və toxumlarının köçürülməsi haqda qanuna dəyişikliklər ediləcək və demək olar, o, yenidən yazılacaq:

"İxtisaslaşmış reanimasiya şöbələrində beyin ölümü diaqnozu qoyulmalıdır və müəyyən prosedur çərçivəsində meyitdən orqanların alınması prosesi həyata keçirilə bilər. Bir insanın dünyadan köçməsi onun ailəsi üçün faciədir, amma təsəvvür edin ki, öldükdən sonra bir insanın 7 nəfərə həyat bəxş etməsi möcüzədir. Bir insan ölümündən sonra 7 insanı yaşada bilər".

Fəaliyyət göstərdiyi müəssisədə təkcə ötən ildə 51 qaraciyər, 56 böyrək köçürülməsi əməliyyatının icra olunduğuna diqqət çəkən həkim deyir ki, qaraciyər və böyrək köçürdükləri xəstələrin təxminən 30-35 faizini uşaqlar təşkil edir: "Bu xəstəliklər anadangəlmə, genetik olma ilə yanaşı sonradan qazanılmış şəkildə də özünü biruzə verə bilir. Bir həftədə biri 4 yaşlı olmaqla iki azyaşlıya böyrək köçürmüşük. Onların donorlarından biri babası, digəri isə anası olub. Süni olaraq yaradılan orqan ticarətinin qarşısının alınması üçün fəaliyyət göstərdiyim mərkəzdə yalnız qohumlardan və ailə üzvlərindən orqan köçürülməsi həyata keçirilir".

Mircəlal Kazımi insanların xeyirsevərliyindən, ölümündən sonra orqanlarının bağışlanmasını istəməsindən də söz açıb: "Bir neçə gün bundan öncə xeyirsevər adamlardan biri mənə zəng edərək dedi ki, ölümümdən sonra orqanlarımı bağışlamaq üçün hara müraciət etməliyəm? Təəssüf ki, mən ona müsbət cavab verə bilmədim. Dedim ki, hələlik bu məsələyə görə müraciət edə biləcəyimiz ünvan yoxdur. Biz bununla bağlı sorğu da keçirmişdik. Sorğuya qatılan respondentlərin təxminən 80 faizi ölümündən sonra orqanlarını bağışlamaq istədiyini demişdi".

173
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxmada azalma qeydə alındı

30
(Yenilənib 17:00 26.10.2020)
Azərbaycanda bu gün koronavirus infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb, 8 nəfər isə vəfat edib.

BAKI, 26 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 50 min 486 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib. Aktiv xəstə sayı 8397 nəfərdir. Ötən müddət ərzində 1 milyon 298 min 348 test aparılıb. Bugünkü test sayı isə 6814-dir.

30
Əlaqədar
Daha 9 şagirddə koronavirus aşkarlandı
Azərbaycanda koronavirus: son sutkada 128 yoluxma
Koronavirus daha tez öldürməyə başlayıb
Daha 20 şagirddə koronavirus aşkarlandı

Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”

43
(Yenilənib 09:52 26.10.2020)
TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, yumşalmalardan sonra təkrar artımın ola biləcəyi dəfələrlə qeyd edilib
Vasif Əliyev: “Elə edək ki, zabitlərimizi koronavirusa da düçar etməyək”

“Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik”. Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O bildirib ki, yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. “Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə mənfi təsir edə bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə keçilə bilər”.

Vasif Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

43
Dağlıq Qarabağ, arxiv şəkli

Pandemiyanın əlimizdən aldıqlarını Qarabağ geri verəcək

5
(Yenilənib 18:05 26.10.2020)
"Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq. Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Kəlbəcərin "İstisu" sanatoriyası, termal sularla zəngin Zəngilan rayonu, Şuşanın Turşsu, Şırlan mineral su bulaqları... Qarabağ bölgəsinin bu müalicəvi şəfa ocaqları 30 ilə yaxındır ki, işğal altında olsa da, onların adı bu gün də dillərdədir. Qarabağ torpağı təbii yollarla bir çox xəstəliklərin müalicəsində məşhur olsa da, indiyədək bu torpaqların işğal altında saxlanılması həmin bölgənin turizm potensialından istifadəni mümkünsüz edirdi. İşğal altında olan torpaqlarımızın azad olunması unikal iqlimə malik Qarabağ bölgəsinin mineral sularından, müalicəvi bitki aləmindən, sanatoriya-kurort sistemindən yenidən bəhrələnmək imkanı yaradıb.

Tarixçi Kamal İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu sırada ilk növbədə kurort şəhəri Şuşanın adını çəkmək lazımdır. Həmsöhbətimiz bildirir ki, dəniz səviyyəsindən 1300-1500 metr hündürlükdə yerləsən Şuşanın unikal iqlimi, havası, mineral bulaqları öz müalicəvi xüsusiyyətləri ilə Davos və Kislovodsk kimi tanınmış kurortları geridə qoyur:

"Hələ qədimlərdən Şuşa şəhərinin, Cıdır düzünün havası, İsa bulağı, Turşsu, Şirlan bulaqlarının suyu bir çox xəstəliklərdən, o cümlədən ümumi halsızlıq, qanazlığı, qapalı vərəm və s. xəstəliklərdən şəfa tapmaq üçün uzaq-uzaq diyarlardan gələn xəstələrə məlhəm olub. Şuşanın müalicəvi xüsusiyyətlərini nəzərə alaraq XX əsrin ortalarında burada şəhərin kurort mərkəzi kimi inkişaf etdirilməsi qərara alınıb. Qısa müddət ərzində burada müasir sanatoriya korpusları və müəssisələri tikilib və şəhər SSRİ-nin bütün respublikalarından qonaq qəbul edən kurort şəhərinə çevrilib. Şuşa şəhəri 1991-ci ilin mayında Ermənistan qoşunları tərəfindən işğal edilərək, şəhərin yalnız azərbaycanlılardan ibarət olan bütün əhalisi öz doğma ocaqlarından deportasiya olunubdur.

Qarabağ torpağının digər təbii zənginliklərindən biri də İstisu mineral su bulağı və bu bulaq üstündə yaradılmış İstisu kurortudur. Öz səmərəliyinə görə Gürcüstanın Sxaltuba suyunu geridə qoyan İstisu kurortunun yerləşdiyi Kəlbəcər rayonu 1993-cü ilin aprelində Ermənistan tərəfindən işğal edilib. İstisu kurortunu ələ keçirən Ermənistan eyniadlı məşhur müalicəvi mineral suyun adını dəyişib və "Cermux" adı ilə xarici ölkələrə satmağa başlayıb".

Tarixə nəzər salsaq, görərik ki, Qarabağın əsas turizm potensialı Şuşa və Ağdamda çəmlənsə də, regionun bütün bölgələri müalicə və istirahət üçün yararlı idi. Sovet dönəmində Şuşada ötən əsrin 30-cu illərindən başlayaraq və 80-ci illərdə isə Ağdamda turizmin potensialı inkişaf etdirilib. Şuşa şəhərində ilk istirahət evi 1936-ci ildə istifadəyə verilib. Şuşa şəhərində 1316 yerlik Şuşa Sanatoriya Kurort birliyi, 130 yerlik "Şəfa" turist bazası və Ağdam rayonunun Gülablı kəndində 100 yerlik, Şelli kəndində 50 yerlik, Şahbulaqda isə 40 yerlik müalicə istirahət mərkəzləri fəaliyyət göstərib. Şuşa Sanatoriya-Kurort Birliyinin balansına aid 2 və 3 mərtəbəli 17 bina daxil idi.

Əlavə olaraq qeyd edilməlidir ki, 80-ci illərdə Şuşada daha 200 nəfərlik, Ağdamda 255 nəfərlik sanatoriya binasının inşası münaqişə başlandığından istifadəyə verilməmiş qaldı. Şuşa Sanatoriya-Kurort Birliyinin balansında işçilər üçün nəzərdə tutulmuş 28 yerlik yaşayış kompleksi də var idi. Bütün bunlarla yanaşı, şəhərdə məktəblilər üçün nəzərdə tutulmuş istirahət düşərgələri də fəaliyyətdə idi. Onun ikisi 500 və 300 yerlik respublika səviyyəsində, digəri isə vilayət məktəblilərinə xidmət göstərirdi.

Ağdamın Gülablı kəndində ilk 100 yerlik sanatoriya inşa edilərək 1983-cü ilin fevral ayında istifadəyə verildi. Bundan əvvəl isə ərazidə 14 kottec və 4 qırğız çadırı quraşdırılmışdı. İlboyu işləməsi nəzərdə tutulan sanatoriyada həm də müalicə korpusu fəaliyyət göstərirdi. Sanatoriyanın nəzdində yardımçı təsərrüfatların yaradılması istirahətə gələnlərə yüksək keyfiyyətli ərzaq məhsullarının təqdim edilməsinə, həm də əlavə gəlir əldə etməyə şərait yaradıb. Müəssisəyə təqdim edilmiş Qarabağ atının köməyi ilə turistlərın gəzintiyə aparılması da maraq doğuran faktlardandır. Yeri gəlmişkən, qeyd edək ki, turistlərə atla gəzinti Şahbulaq turist bazasında təklif olunurdu. 40 nəfər turist üçün nəzərdə tutlmuş Şahbulaq turizm bazası isə 1988-ci ildə istifadəyə verilmişdi. Gülablı sanatoriyası hazırda Azərbaycan Kollektiv Təsərrüfatlararası İstirahət Mərkəzləri Birliyinin balansındadır.

Göründüyü kimi, Qarabağ və ətraf rayonların erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bütün sahələrlə yanaşı, regionun turizm iqtisadiyyatına ciddi ziyan dəyib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, beynəlxalq tədbirlərdə, sərgilərdə iştirak edən zaman Qarabağa turizm marşrutu kimi diqqət ayırmağa, onun unudulmasına imkan verməməyə çalışsalar da, buna çox zaman imkan verilməyib. Onun sözlərinə görə, ermənilər bu sahədə də təxribata əl atmaqdan çəkinməyiblər: "Onlar beynəlxalq tədbir və sərgilərdə Qarabağı ayrı stend kimi göstərirdilər. Hətta Qarabağı Ermənistan xəritəsində göstərirdilər. Biz, təbii ki, buna etirazımızı bildirirdik".

R.Quliyev deyir ki, əsas marşrutlar içərisində Qarabağ və Naxçıvan marşrutu mövcuddur:

"Sovet dövründə də ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox populyar idi. Şuşada balneoloji mərkəzlər mövcud olub, orada kanat yollarının çəkilməsi üçün 42 il öncə verilmiş anonslar da var idi. Əfsuslar olsun ki, biz o günü görmədik. Unikallıq ondadır ki, bu bölgədə dini, ekoloji, aqroturizm, eləcə də turizmin digər növləri üçün əlverişli imkanlar var. Təkcə Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Zəngilan rayonunun Mincivan qəsəbəsində Araz çayının sol sahilində "Ocaq çinar" deyilən, müqəddəs sayılan bir çinar ağacı var. Şəfa şəhərlərinin qalıqları, Məmmədbəyli türbəsi və s. böyük turizm potensialı olan məkanlardır".

R.Quliyev bildirir ki, Xudafərin körpüsü, Azıx mağarasına da gələcəkdə turist marşrutu ola bilər: "Mədəni-tarixi abidələrimiz dağıldılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkündür.

Gələcəkdə İranla bu sahədə əməkdaşlıq olacaq. Türk birliyinin burada müasir İpək yolu layihəsi mövcuddur. Azərbaycana daxil olmaq üçün Qars-İğdır-Naxçıvan marşrutu, İran ərazisindən dəmiryol xəttinin çəkilməsi mümkün ola bilər. Burada marşrutlar təyyarə ilə nəzərdə tutulsa da, dəmir yolunun çəkilməsi tur paketin maya dəyərini də aşağı salacaq. Hazırlanacaq baş fəaliyyət planının içərisində turizm də çox böyük yer alacaq. Bu da Azərbaycanda daha çeşidli turizm xidmətlərinin təklif olunmasına gətirib çıxaracaq".

R.Quliyevin sözlərinə görə, Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq: "Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur. Bizim Qarabağ bölgəsində UNESCO-nun irs siyahısına düşəcək abidələrimiz var. Orada quruculuq bərpa işlərinin keçirilməsi müəyyən zaman alsa da, Qarabağın turizm potensialından istifadə Azərbaycana iqtisadi baxımdan böyük qazanc gətirəcək".

Dövlət Turizm Agentliyindən Qarabağ bölgəsinin turizm potensialının öyrənilməsi ilə bağlı artıq işlərə başlanıldığını, bu günlərdə ictimaiyyətə bu barədə geniş açıqlama veriləcəyini söylədilər.

5
Teqlər:
marşrut, Naxçıvan, Azıx mağarası, Xudafərin, Ağdam, İstisu, Kəlbəcər, Şuşa, Qarabağ, turizm
Əlaqədar
Xaricə çıxış olmayacaq deyə, gözlər daxilə dikilib: Məhdudiyyət tələbatı artıracaq
Bu məkan yalnız Azərbaycandadır: hər kəsdən bir "parça" qalıb - FOTO
Zəngilanın azad edilməsi Ermənistanın daha bir saxtakarlığına son qoyur
"Xırdalıqlar" içində itən tibb ocağı: Onun özünün şəfaya ehtiyacı var - FOTOLAR
Qarabağın gələcəyi daha çox ekoturizmə bağlı olacaq - Samir Dübəndi