Tibb bacısı peyvənd üçün şpris hazırlayır, arxiv şəkli

Adil Qeybulla: "Vaksinasiya özü spekulyasiyadır"

529
(Yenilənib 13:40 27.04.2020)
"Fikir verin, indiyədək 2 minədək H1N1 virusunun ştammı var. Onun heç birinə qarşı effektiv vaksinasiya yoxdur. Təsəvvür edin, müəyyən vaksin hazırlanır, o hazır olanda virus yeni ştammda olur"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. Koronavirusa qarşı vaksin 2020-ci ilin sentyabrında hazır ola bilər. Bunu Oksford Universitetinin vaksinologiya üzrə professoru Sara Gilbert deyib.

Professorun sözlərinə görə, vaksinin həmin müddətə hazır olma ehtimalı 80 faizə bərabərdir. O əlavə edib ki, vaksinin klinik sınaqları iki həftə ərzində başlamalıdır. Vaksin sınaqların bütün mərhələlərindən keçəndən sonra kütləvi istehsalına başlana bilər. Bu müddətin bu qədər uzun çəkməsi isə insanları narahat edir.

Sputnik Azərbaycan koronavirusa görə vaksinin gec hazırlanma səbəblərini araşdırıb. Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Vaksinlə bağlı illüziyaya qapılmaq lazım deyil. Vaksin aktiv immunizasiyadır və hazırlanması 6 ay, hətta daha çox zaman ala bilər. Çünki bu proses o qədər də sadə deyil. Bunun üçün öncə virusun antigeni alınmalıdır. Molekulyar biologiyanın imkanları ilə lazım olan nəticə əldə olunduqdan sonra antigen bədənə vurulur. Bədən özü isə immunitet üçün anticisimlər hazırlayır. Bu da virusa qarşı immunitet olur".

"Lakin bu gün SARS-CoV-2 koronavirusunun bir neçə ştammı haqda söhbətlər gedir. Bəs bu hazırlanan vaksin bütün ştammları əhatə edəcəkmi? Bu səbəbdən düşünürəm ki, vaksinasiya özü spekulyasiyadır. Əksinə, daha çox respirator virus infeksiyalarına qarşı dünya üzrə yeni bir taktika işlənib hazırlanmalıdır. Yəni həm virusoloqlar, genetiklər, bioloji mütəxəssislər də bu işə cəlb olunaraq infeksiyanı vaxtında lokallaşdırmalı, insanların yoluxmalarının qarşısının alınması üçün bir alqoritm hazırlamalıdırlar. Çünki insanlar prosesin mahiyyətini dərk etmədikləri üçün hər şayiəyə uyurlar", - deyə mütəxəssis əlavə edib.

Daha bir məsələ isə vaksin hazırlananadək koronavirusun aktuallığını itirə biləcəyi ilə bağlıdır: "Ola bilsin ki, vaksin hazırlananadək koronavirusun aktuallığı arxa plana keçsin. Ümumiyyətlə, fikir verin, indiyədək 2 minədək H1N1 virusunun ştammı var. Onun heç birinə qarşı effektiv vaksinasiya yoxdur. Təsəvvür edin, müəyyən vaksin hazırlanır, o hazır olanda virus yeni ştammda olur. Bu zaman isə həmin vaksin mənasız olur. Hər il vaksin hazırlanmasına baxmayaraq qripdən qorunmaq üçün hələlik elə bir vasitə yoxdur".

"Bu baxımdan, koronavirusda da eyni qaydadır. Bu səbəbdən də insanların vaksin gözləməsi illüziyadır. Hətta ola bilsin ki, bir müddətdən sonra virus yeni ştammla ortaya çıxsın", - deyə A.Qeybulla əlavə edib.

529
Əlaqədar
Azərbaycana koronavirus xəbərdarlığı - Vəziyyət çox gərginləşə bilər
Bəlkə də onlar koronavirusun kökünü kəsəcək
Qədim viruslar geri qayıdır – Əbədi buzlaqların əriməsi səbəbindən
TƏBİB rəhbəri: “Karantinin tam aradan qalxması kütləvi yoluxmaya səbəb ola bilər”
Vərəm əleyhinə peyvənd koronavirusa qarşı immuniteti artırır – İDDİA
FTBA-nın baş infeksionisti, Piroqov adına RMTTU-nun infeksion xəstəliklər və epidemiologiya kafedrasının müdiri, professor, tibb elmləri doktoru Vladimir Nikiforov

Rusiyalı baş infeksionist: "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - MÜSAHİBƏ

390
(Yenilənib 21:33 10.07.2020)
Nikiforovun başçılıq etdiyi həkimlər briqadası bir sıra pandemiya xəstəxanalarına baş çəkərək azərbaycanlı həmkarlarına koronaviruslu xəstələrin müalicəsində tövsiyələrini verib

BAKI, 10 iyul — Sputnik, Zarina Orucəliyeva. Azərbaycan koronavirusla mübarizədə metodiki-təlim yardımı və respublikadakı situasiyanın dəyərləndirilməsi üçün Rusiya Federal Tibbi-Bioloji Agentliyinə (FTBA) müraciət edib. Həkimlərimizlə öz təcrübələrini bölüşmək üçün FTBA-nın baş infeksionisti, Piroqov adına Rusiya Milli Tibbi Tədqiqat Universitetinin (RMTTU) infeksion xəstəliklər və epidemiologiya kafedrasının müdiri, professor, tibb elmləri doktoru Vladimir Nikiforovun başçılığı ilə rusiyalı mütəxəssislər ölkəmizə təşrif buyurublar. 

Sputnik Azərbaycan-a müsahibəsində baş infeksionist bir sıra pandemiya xəstəxanalarında müşahidə etdiyi vəziyyətlə bölüşüb.

- Bizdə pandemiya xeyli əvvəl başladı və ona görə də təcrübəmiz daha çox oldu. Ümumiyyətlə isə demək olar ki, heç kimin təcrübəsi yoxdur. Sadəcə, bizdə o, bir qədər çoxdur – zamana, xəstələrə görə, çünki ölkəmiz özü də böyükdür. Hər şey isə sıfırdan başladı, üstəlik, xatirinizdədirsə, Çindən, ona görə də hər kəs üçün xəstəlik tamamilə yenidir. Heç kim indiyədək onu necə müalicə edəcəyini bilmir. Ancaq müalicənin bir neçə mümkün variantlarından açıq-aşkar səhv olanları istisna edilirdi. Son nəticədə biz əsas xəstə kontingentinin həyatını qurtarmaq üçün daha adekvat tədbirləri müəyyənləşdirə bildik. Biz bu xəstəliklə daha effektiv mübarizə aparmaq üçün tədbirlər kompleksi işləyib-hazırladıq.

Demək olmaz ki, biz ona qalib gəldik, amma istənilən halda, korononavirusdan artıq qorxmuruq və ondan nə gözləyəcəyimizi bilirik. Sizin həkimlərinizə gəldikdə isə  onlar da heç nə ilə geridə qalmırlar, sadəcə, təcrübələri bir qədər azdır, sizin xəstələriniz də bir qədər az, həkimlərinizin vaxtı dar idi. Onların da maraqlı tədbirləri ortaya çıxıb. 

Ümumi istiqamət düz götürülüb, biz öz azərbaycanlı həmkarlarımıza azacıq düzəlişlər verdik. Ümumilikdə isə epidemioloji proses adi qaydada gedir. Absolyut karantin yaratmaq mümkün deyil. Siz heç kimi evə tıxayıb qapılarını da lehimləyə bilməzsiniz – daha pis olacaq. Amma tamamilə buraxmaq da olmaz. Dərhal xəstəxanalarınıza axın artacaq, ölüm halları, özü də əsassız, çoxalacaq. Sizin səhiyyə sisteminiz boğulacaq. Ona görə də belə yumşaq variantı seçirik. Bu hətta heç karantin də deyil, belə desək, məhdudlaşdırıcı tədbirlərdir.

Yəni evdən bayıra süd və çörək almaq üçün çıxmaq olar. Bizdəki tədbirlər sizdəkindən də yumşaq idi. Bizdə metro işləyirdi. Məhdudlaşdırıcı tədbirlər xəstəliyin kütləvi yayılmasına, yəni birdən-birə minlərlə adamın yoluxmağına  imklan vermir. İnsanlar onsuz da tədricən xəstələnəcəklər və müalicə müəssisələri də sakit rejimdə çalışacaq.  Onsuz da xəstəxanalara pasiyentlər qəbul olunacaqkar və proses də uzanacaq.

- Siz yerli xəstələri müşahidə etmisiniz. Rusiyadakı və Azərbaycandakı xəstələr arasında hansısa kliniki fərqlər varmı?

- Yox-yox, Azərbaycanda və Rusiyada bu xəstəlikdə heç bir fərq yxdur. Hər şey tam eynidir – Çində də, Azərbaycanda da, İsraildə də, Rusiyada da. İnanın mənə. Eyni virusdur. Ola bilər ki, hansısa milli fərq olsun, amma biz belə bir şey görməmişik. Düzdür, virus mutasiyaya uğrayır, amma çox cüzi. Azərbaycanlıda da, moskvalıda da xəstəlik tamamilə eynidir. 

- Rusiya Səhiyyə Nazirliyi “Avifavir” dərmanını təsdiq etdi, onu bizim ölkəyə də tövsiyə edirsinizmi? Məlumdur ki, hələ ki Azərbaycan onun alınması üçün müraciət etməyib.

- Mən bilirəm ki, sizdə, burada həmin dərman necəsə peyda olub. Yəni onun qutularını da Azərbaycanda görən olub. Ancaq adi vaxtlardakı kimi situasiya indi olmayacaq. Burada sadə yolla irəliləmək lazımdır. Yəqin ki, sizin rəhbərlik də məhz belə hərəkət edir.

- Siz Azərbaycanda istifadə olunan preparatları daha güclüləri ilə dəyişdirdinizmi?

- Biz dar peşəyönümlü bəzi məsələləri sadəcə korrektə etdik. Onlar prinsipial deyildi. Yəni elə bir dərman yoxdur ki, siz ondan istifadə edəsiniz, Rusiyada isə onu qəbul etməsinlər – ümumi yanaşmalar var. Bax, məsələn, bütün dünyada bir qrup preparatdan imtina etdilər, siz də eyni şeyi təkrar etdiniz. 

- Son zamanlarda pasiyentləri xəstəliyin ağırlıq dərəcəsinə görə qruplara bölməyə başladılar, yəni əvvəllər yoluxanların hamısını xəstəxanaya yatırırdılarsa, indi elə deyil. Bu yeni təcrübəyə dair münasibətinizi bilmək istərdik.

- Siz, sadəcə, azacıq bizim səhvimizi təkrarladınız. Rusiyada da əvvəlcə ucdantutma hamını xəstəxanaya yerləşdirirdilər. Sonra anladılar ki, xəstəxanalar dolub-daşacaq. Xəstələrin səksən faizi koronavirusu yüngül keçirir. Yəni xəstəxanaya ağır xəstə gələndə görəcək ki, müalicə yatağında xəstəliyi yüngül keçirən  insan uzanıb, hansının ki, sadəcə yaxması müsbət nəticə verib və terapiyaya elə də ehtiyacı yoxdur. Ona görə də biz Rusiyada pnevmoniyası olmayan xəstələri evdə saxlayırıq. Yəniz bizdə yoluxanların əksəriyyəti evdə ambulator nəzarət altında qalır və xəstəxana çarpayısını tutmur. Siz də bu nəticəyə gəldiniz.

- Siz pandemiya xəstəxanalarımızda oldunuz. Necə fikirləşirsiniz, ağciyərləri süni havalandırma cihazları Azərbaycanda kifayət qədərdirmi?

- Kifayət qədərdir, özü də ən müasirlərindəndir. Azərbaycan onları vaxt itirmədən aldı. Sizə düzünü deyim: Moskvanın bəzi xəstəxanaları daha pis təchiz olunub. Əhali həmişə düşünür ki, onun üçün kifayət qədər işlər görülmür, nəsə gizlədilir. Bizdə də deyirdilər ki, Moskvada insanlar kütləvi surətdə qırılırlar, guya meyitləri zirzəmidə gizlədirlər. Amma belə bir şey yox idi. Biz də əhalinin bu narazılıqlarını, şayiələri görüb-eşitmişik.

Biz sizin xəstəxanalarınızda olmuşuq, orada boş reanimasiya çarpayıları var, yəni xəstəxanalar “tıxanmayıb”. Heç kim dəhlizlərdə uzanmayıb, heç kimi yer olmadığından qeydiyyat şöbəsindən geri qaytarmırlar. İş adi rejimdə, sakit davam edir. İndi kifayət qədər çox xəstə gələr, amma xüsusiləşdirilmiş xəstəxanalar tamamilə COVID-19 xəstələri üçün işləyir. Biz tibbi administrasiyanın adekvat reaksiyasını görürük. Mən şəraiti müsbət qiymətləndirirəm.

- Siz bəzi xəstələri də ziyarət etmisiniz. Onların arasında “Parni iz Baku” ŞHK komandasının üzvü Bəhram Bağırzadə də vardımı?

- Biz onu bu gün gördük. Belə deyək, xəstə insan haqda nə qədər yaxşı demək olarsa, bir elə gözəl vəziyyətdə idi. Onunla danışdıq, tamamilə adekvat idi. Perspektivdə onun həyatı üçün heç bir təhlükə görmürəm. Onu ağciyərləri süni havalandırma sistemindən ayırıblar. 

- Koronavirus nəticəsində ağciyərlərinin 90%-i zədələnmiş insan sağ qala bilərmi?

- Bilirsiniz, nə qədər maraqlı olsa da, bəli. İnsan nəhəng rezervlərə malikdir. Zədələnmə nə deməkdir? Bunu araşdırmaq lazımdır. Biri var, kompüterin çıxardığı şəkil. Bir də var, insanın daxilində gedən proses. Elə olub ki, 90%-li zədələnməsi olanları da o dünyadan qaytarmışıq. Əlbəttə, bu, pisdir, qarşısıalınmaz dəyişikliklər ola bilər. Ancaq 80-90% KT4 – artıq ölüm hökmüdür, heç müalicə etməyək, elə dərhal basdıraq demək olmaz. Təbii ki, müalicə baxımından bu, çox böyük problemdir, belə xəstələrin, təəsüf ki,  ölüm şansı yüksəkdir. Ancaq hətta ən ağır xəstələri, ən ağır variantları olanlari da uğurla süni nəfəs aparatlarından ayırırlar.  Amerikalılarda bu göstərici 12% təşkil edir. Sizdə isə həmin göstərici xeyli çoxdur – reanimasiya 50% sağqalma nümayiş etdirir. Xəstənin həyatı uğrunda sonadək mübarizə aparmaq lazımdır  və heç vaxt ondan əlini üzmək olmaz. 

- Necə bilirsiniz, 10 milyonluq əhali üçün 22 min xəstə çoxdur, yoxsa az?

- Mən statistik deyiləm, müalicə professoruyam. İşim müalicə etməkdir. Niyə bizdə, Rusiyada ölüm sayı belə azdır? Biz xeyli insanı test etdik, test olunanların 80%-i isə xəstəliyi əlamətsiz keçirənlərdir. Başqa ölkələrdə ancaq ağır xəstələri test edirlər, nəticədə də ölüm səviyyəsi yüksək alınır. Bilavasitə xəstəxanalarda nə qədər insanın öldüyünə diqqət yetirmək lazımdır, ancaq o zaman siz terapiyanın effektivliyindən danışa bilərsiniz. 

- Azərbaycanlı həkimlər rusiyalı həmkarlarından nəyi əxz eləsələr, yaxşı olardı?

- Heç bir qəti fərq yoxdur ki, biz mübahisə edək, deyək ki, azərbaycanlılar düzgün müalicə etmirlər, belə bir şey yoxdur, olmayıb. Sadəcə biz müalicəni daha əvvəl başlamağı məsləhət gördük. Azərbaycanlı həkimlər bir qədər gözləmə mövqeyində idilər, bizdə, Rusiyada isə metodika daha aqressivdir, yəni biz aqressiv terapiyanı daha erkən başlayırıq. Biz anladıq ki, ciddi terapiyanı erkən başlamaq daha yaxşıdır ki, sonra vaxt itirməyək. Köhnə həkimlər deyirdilər ki, “Asan xəstəlik hələ çətinə  dönməmişkən onun müalicəsinə başla”. 

- Vaksin barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, spesifik və qeyri-spesifik profilaktika mövcuddur. Hazırda vaksin yoxdur. Rusiyada, səhv etmirəmsə, 17, yaxud 20 vaksin növü hazırlanır.  Dünyada bunun sayı yüzdən çoxdur. Bizdə bir vaksin, demək olar ki, son mərhələ sınağından keçirilir. Ancaq istənilən halda bu, “nübar”dır. Yaxşı vaksin uzunmüddətli nəticə naminə çox ciddi və dəqiq yoxlanılmalıdır. O özü sizi öldürməməlidir, sizin üçün güclü immunitet yaratmalıdır. Məsələn, vaksin gələcək nəsildə hansısa nəticələrə səbəb ola bilər. Kliniki araşdırmaların vaxtını azaltmaq olmaz. Vaksinin boğaz heyvanlara hansı təsir göstərəcəyini yoxlamaq lazımdır, yəni görəsən ki, vaksin işləyirmi və doğulan nəsildə eybəcərlik, hansısa digər sapma varmı. İnsanda hamiləlik doqquz ay çəkir. COVID-19 isə cəmi bir neçə aydır ortaya çıxıb, heç 9 ayı olmayıb. Koronavirus daha öldürücü xassəyə malik çiçək xəstəliyi deyil. Ona görə də yoxlanmamış preparatla risk etməyə dəyməz. Mən qızılca, çiçək, difteriya kimi peyvəndlərin qatı tərəfdarıyam – onlar hamısı yoxlanmış, etibarlıdır. Vaksina, yəqin ki, peyda olacaq, amma tələsmək olmaz, hər şeyi yaxşıca götür-qoy etmək lazımdır. Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır. Amma nəhayətdə hamımız yoluxacağıq, kollektiv immunitet qazanacağıq, xəstəlik də itib gedəcək.

390
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Rusiya koronavirus vaksininin sınaqlarının yekun mərhələsinə başlayıb
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Ölkəmizdə kimlər daha çox risk altındadır? - Koronavirusa yoluxanların yaş qrupları
Vaksin yarışı: Çin ikinci koronavirus peyvəndini hazır etməyə tələsir
Bölgələrimizdə koronavirusla bağlı vəziyyəti - Hansı zona daha təhlükəlidir?
Favipiravir preparatı

Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı

196
(Yenilənib 19:07 10.07.2020)
Yaponiyada "Favipiravir" kliniki testlərdən keçirilib və onun koronavirusun müalicəsində effektiv olmadığı sübut olunub. Rusiya Səhiyyə Nazirliyi "Avifavir"-i mayın 30-u təsdiqləyib.

BAKI, 10 iyul — Sputnik. Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiqlənən "Avifavir"in hamilə qadınlar üçün təhlükəli olduğu məlum olub. Sputnik Azərbaycan "Lenta.ru"-ya istinadən xəbər ki, bunu Qameli adına epidemiologiya və mikrobiologiya üzrə elmi-tədqiqat mərkəzinin direktoru Anatoli Altşeyn bildirib.

O, qeyd edib ki, daha əvvəl bu preparat yuxu dərmanı kimi istifadə olunub və genetik qüsurlu uşaqların doğulmasına səbəb olurdu.

Altşeyn bildirib ki, bu preparat Yaponiya istehsalı olan "Favripiravir"dən sintez olunub. Yaponiyada istehsal olunan və digər ölkələrə göndərilən dərman isə effektiv olmayıb: "Həmin dərman sintez olunub və digər adlarla buraxılıb. Bu dərman hamilə xanımlar üçün çox təhlükəlidir O, 60-cı illərdə yuxu dərmanı kimi tətbiq olunan talidomidə bənzəyir.

O, əlavə edib ki, Yaponiyada "Favipiravir" kliniki testlərdən keçirilib və onun koronavirusun müalicəsində effektiv olmadığı sübut olunub. Bu nəticələr Rusiyada da nəzərə alınmalıdır.

"Qovorit Moskva" radiostansiyası ilə qeyd edir ki, Yaponiya hökuməti bu dərmanı qrip epidemiyası üçün saxlayır və əlavə təsirlərlə bağlı açıq bazara çıxarmır.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Avifavir"-i mayın 30-u təsdiqləyib. Qeyd olunur ki, bu preparat Ebola hemorragik qızdırmasının müalicəsində istifadə olunub.

196

Azərbaycanın ən gözəl qızı oğlanı onlayn seçdilər

0
(Yenilənib 23:19 10.07.2020)
Karantin rejimi tətbiq olunandan əvvəl altı ay müddətində iştirakçılar model xoreoqrafiyası, model işinin nəzəriyyəsi, psixologiya və xarici dil dərslərinə qatılıblar

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Modellər Banu Şücai və Elçin Dadaşov Miss&Mister Azerbaijan-2020 milli gözəllik müsabiqəsinin qalibi olublar.

Bu barədə Sputnik Azərbaycan-a layihənin mətbuat xidmətindən məlumat verilib.

Koronavirus pandemiyası səbəbindən müsabiqə ilk dəfə onlayn keçirilib. Münsiflər heyətinə layihənin yaradıcısı və təşkilatçısı Anelya Orduxanova, baş koordinator, quruluşçu xoreoqraf Ayla Mais, koordinator və xoreoqraf Hidayət Xəlilov (Mister Super Model 2018) və müsabiqənin piar-meneceri, psixoloq Səxavət Qabiloğlu daxildirlər. 

© Photo : Courtesy organizers of the contest Miss & Mister Azerbaijan-2020
Banu Şücai və Elçin Dadaşov

Models Production model şirkətinin nümayəndəsi də finala qatılaraq iştirakçıların çıxışını onlayn izləyib.

Karantin rejimi tətbiq olunandan əvvəl altı ay müddətində iştirakçılar model xoreoqrafiyası, model işinin nəzəriyyəsi, psixologiya və xarici dil dərslərinə qatılıblar. Finalçılar Bakıdan və Azərbaycanın digər regionlarından şəbəkəyə qoşularaq məharətlərini münsiflərə nümayiş etdiriblər.

Səsvermə nəticəsində Banu Şücai və Elçin Dadaşov birinci olublar.

Banu Şücai Miss Globe International və  Miss smile titullarının sahibi, “Səs Azərbaycan” milli musiqi layihəsinin iştirakçısı olub. Dünyada bir çox beynəlxalq moda həftələrində model kimi iştirak edib. Elçin Dadaşov da moda və gözəllik sənayesi ilə bağlı müxtəlif layihələrə qatılıb.

 

0