Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Cəlal İsayevdən koronavirusa görə depressiyaya düşənlərə mesaj

71
(Yenilənib 12:07 23.03.2020)
Respublikanın baş infeksionisti Cəlal İsayev koronavirusla bağlı psixoloji sarsıntıya, təşvişə heç bir əsas olmadığını deyir

BAKI, 23 mart — Sputnik. Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev bu gün dünyanın bir nömrəli probleminə çevrilən koronavirus infeksiyasının Azərbaycanda yayılma səviyyəsi ilə bağlı son durum haqda sualları cavablandırıb.

© The Executive Power of the Baku City

Sputnik Azərbaycan-ın məlumatına görə, C.İsayev qeyd edib ki, açıqlama verdiyi anadək dünyada 200 mindən artıq adamın koronavirusla xəstələnməsi hadisəsi aşkarlanıb: "Xəstələnənlər içərisində 8000-dən artıq ölüm hadisəsi qeydə alınıb. Daha çox xəstələnmə halları İtaliyada, İranda, İspaniyada, ümumiyyətlə Avropa ölkələrində müşahidə olunur. Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Ölkəmizdə Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən, tədbirlər sistemi işlənib hazırlanıb. Həmin tədbirlərdən irəli gələn tövsiyələrə əməl etmək bu xəstəliyin ölkəmizdə daha geniş yayılmasının qarşısını almaq baxımından çox vacibdir".

Bu virusun hələ ilk dəfə Çində yayıldığı dövrdən önləyici tədbirlərə başlanıldığını deyən baş infeksionist qeyd edib ki, məhz bu önləyici tədbirlərin nəticəsində koronavirus İranda yayılana qədər bizdə bir nəfərdə də aşkarlanmadı: “Yalnız qonşu İran İslam Respublikasında yayılandan sonra virusun ölkəmizə keçməsi müşahidə olundu. Çünki İranla bizim ticari və turizm əlaqələrimiz çox genişdir. Qohum-əqrəba arasında çoxsaylı gediş-gəlişi və ziyarətə gedənləri də nəzərə alsaq, ümumi mənzərə aydın görünər. Ölkəmizdə koronavirusa yoluxma faktının ilk və  əsas səbəbi bu oldu".

C.İsayev bildirib ki, qabaqlayıcı tədbirlərdən ən önəmlisi hər bir vətəndaşın özünü bu virusdan qorumasıdır:

“Qorumaq deyəndə respirator xəstəliyin əlamətləri müşahidə olunan insanlardan mümkün qədər uzaq durmaq, onlarla təmasdan qaçmaq, ictimai nəqliyyatdan az istifadə etmək, kütləvi tədbirlərə qatılmamaq, xüsusi zərurət olmadan qonşuya, qohum evinə gedib-gəlməkdən çəkinmək nəzərdə tutulur. Açıq havada, insanların çox olmadığı yerlərdə gəzməyə üstünlük verilməlidir. Çalışmalıyıq ki,  insanlarla təmas zamanı aramızdakı məsafə 1 metrdən aşağı olmasın. Bu məsafə çox olduqca xəstəliyə yoluxma ehtimalı da azalır.

Əllərimizin təmiz saxlanılması ən vacib amillərdən biridir. Gündəlik fəaliyyətimizdə çoxlu sayda əşyalara toxunduğumuzdan həmin anda əllərin sabunlu su ilə yuyulması zəruridir. Əgər belə imkan yoxdursa, üstünüzdə bir dezinfeksiyaedici məhlul olmalıdır. Bu da olmadıqda ən azı 70 faizlik spirtli məhlulla əllərin silinməsi, gigiyenik qaydaların gözlənilməsi zəruridir".

Onsuz da xarici ölkələrin çoxu ilə əlaqələrimizin məhdudlaşdırıldığını xatırladan C.İsayev xarici səfərləri tamamilə təxirə salmağı, infeksiyanın geniş yayıldığı ölkələrə getməməyi tövsiyə edir.

Baş infeksionistin sözlərinə görə, ən çox təbii qidalardan istifadə olunmalıdır: “Qida rasionunda meyvə-tərəvəzə üstünlük verilməli, eyni zamanda 8, ən azı 7 saatlıq yuxu rejimi gözlənilməlidir. Oturaq həyat tərzi keçirmək düzgün deyil. Zərurət yaranmadıqda kompüterlə, telefonla məşğul olmamaq, mənzillərin və iş otaqlarının havasını tez-tez dəyişmək məsləhət görülür.

Psixoloji sarsıntıya, təşvişə heç bir əsas olmadığını vurğulayan həkim bildirib ki, bu virus digər respirator virus infeksiyalarından kliniki olaraq fərqlənmir: “Ancaq yaşlı insanlarda bu xəstəlik ağır keçə bilər. Müşahidələr, statistik araşdırmalar göstərir ki, xəstələnənlərin bir faizini 1 yaşdan 19 yaşa qədər, 80 faizdən çoxunu isə 50 yaşdan yuxarı olan insanlar təşkil edir. Ağırlaşma da daha çox yaşlı insanlarda baş verir. Bu da yaşlı insanlarda zaman keçdikcə immun sisteminin zəifləməsi, onlarda hər hansı yanaşı xroniki xəstəliyin olması ilə bağlıdır. Yəni xroniki xəstəliyi olan insanlarda bu xəstəliyin ağır keçmə ehtimalı sağlamlığı normal olan insanlarla müqayisədə daha yüksəkdir. Ona görə də yaşlı insanlar özlərini gözləməlidirlər.

Belə xəstəliyə xas olan kliniki əlamətlər: hərarətin yüksəlməsi, baş ağrısı, halsızlıq, ümumi vəziyyətin pisləşməsi, öskürmə, asqırma, boğazda qıcıqlanma müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalı, 103-ə zəng vurulmalıdır. Əgər bu insanlar hansısa Avropa ölkəsində, İranda olublarsa, qohumlarından kimsə koronavirus yayılan ölkələrdən gəlibsə, onlardan müayinə üçün material götürülüb yoxlanılmağa göndərilir və xüsusi nəzarətdə saxlanılır. Zəruri tövsiyələrə əməl edilməsi infeksiyanın yayılmasının qarşısını almaqda önəmli rol oynayır.

Dövlət tərəfindən bununla bağlı çoxsaylı tədbirlər işlənib hazırlanır. Vətəndaşlarımız qəbul edilən qərarlara əməl etməlidirlər. Belə olarsa, bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısı alınar. Təbii ki, bu, epidemioloji prosesdir, həm hava-damcı, həm də təmas yolu ilə yayılan infeksiyadır. Qarşısını almağa nə qədər cəhd etsək də, rast gəlinəcəkdir. Başlıca məqsəd yayılma tempini aşağı salmaqdan ibarətdir”.

Baş infeksionist diqqətə çatdırıb ki, qoruyucu vasitə kimi maskanı bir qayda olaraq  xəstənin taxması vacib şərtdir. Sağlam şəxs isə insanların çox olduğu yerlərə gedərkən maska taxa bilər. Məsələn, neftin ucuzlaşması ilə bağlı insanlar xarici valyuta almaq üçün banklara üz tuturlar, orada sıxlıq yaranır. Belə yerlərdə maska taxmaq məsləhət görülür.

C.İsayev onu da vurğulayıb ki, əgər kiminsə özündə koronavirus şübhəsi varsa, karantinə alınmağa, nəzarətə götürülməyə könüllü getməlidir. Xəstəliyə yoluxanlar anlamalıdırlar ki, müayinə və müalicədən yayınmaqla həm özlərinin, həm də yaxınlarının həyatını risk altında qoymuş olurlar. Koronavirusun əlamətləri digər respirator infeksiyaların əlamətlərindən fərqlənmədiyinə görə ilkin müayinə ilə dəqiq diaqnoz qoymaq mümkün deyil. Yəni toplanan məlumatlar əsasında şübhə yaranarsa, həkimin göstərişi ilə xəstədən lazımi material götürülərək laborator müayinəyə göndərilir və müayinələrin nəticələrindən asılı olaraq qərar verilir.

Artıq bütün dünyanı bürüyən koronavirusla mübarizədə və maarifləndirmə işində ölkəmizin yeganə ali tibb məktəbi olan Azərbaycan Tibb Universitetinin də üzərinə böyük məsuliyyət düşdüyünü söyləyən C.İsayev həkimlərimizin fədakarlığı sayəsində və Allahın köməyi ilə bu bəladan da kiçik itkilərlə çıxacağımıza əminliyini ifadə edib. 

71
Əlaqədar
Pandemiyanın azalacağı vaxt proqnozlaşdırıldı
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin son durumu açıqlandı
“Mall”ar və iri ticarət mərkəzləri bağlanır - Qərar verildi!
Gürcüstanın azərbaycanlılar yaşayan iki rayonuna hərbi texnika yeridildi - VİDEO
On minlərlə xəstə çinli qeydiyyata alınmayıb
Aleksandr Myasnikov, arxiv şəkli

Məşhur həkim yenə qorxudur: "Fəlakətin bir addımlığındayıq"

23
(Yenilənib 15:25 29.11.2020)
"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar"

BAKI, 29 noyabr - Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov dünyada yeni, ölüm göstəricisi yüksək olan pandemiyanın olacağı barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Myasnikov özünün Telegram kanalında yazıb.

 

Həkim qeyd edib ki, insanlar COVID-19 kimi epidemiyalara hazır deyillər. Üstəlik, onlara qarşı universal vaksin yoxdur.

"Əgər 35-40 faiz ölüm göstəricisi olan virus yayılsa, o cür vaksinin peyda olmasınadək on milyonlarla insan həlak olacaq. Dediyim odur ki, indi bütün alimlərin gücünü məhz bu cür vaksinin hazırlanmasına yönəltmək lazımdır! İstədikləri qədər pul və vəsaitlə təmin etmək lazımdır. Yoxsa sonra dəfələrlə baha başa gələcək", - o qeyd edib.

Myasnikov deyir ki, bəşəriyyət məhz qrip təhlükəsi altındadır - ya quş, ya da donuz.

"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar, fəlakətin bir addımlığındayıq!" - mütəxəssis yazıb.

23
Teqlər:
pandemiya, mutasiya, Çin, dünya, donuz qripi, Quş qripi, qrip, epidemiya
Koronavirus testi, arxiv şəkli

Dünyaya təəccüblənirdik, özümüz milyonu keçmişik: bu gün 38 nəfəri itirdik

48
(Yenilənib 14:47 29.11.2020)
İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

BAKI, 29 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4170 yeni yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib, aktiv xəstə sayı 43158 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17581, ötən müddət ərzində isə ümumilikdə 17182335 test aparılıb.

48
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
: Yaponiyada qoruyucu maskada olan insanlar

İnsana hörmət: COVID-ə görə təmassız lift yaratdılar

0
(Yenilənib 17:58 29.11.2020)
Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb

BAKI, 29 noyabr - Sputnik. Yaponiyanın Hitachi Ltd. və Mitsubishi Electric şirkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün təmassız lift modelləri təqdim ediblər.

Sputnik Azərbaycan bildirir ki, NHK telekanalının məlumatına görə, yeni Hitachi modelində liftin çağırılması, yaxud da hansısa mərtəbəyə qalxması üçün düymələrə gərək yoxdur. Bunun üçün LİNE ani mesajlaşma tətbiqindən, yaxud liftin kabinəsinin böyründə həkk olunmuş xüsusi QR-şifrənin skanından istifadə etmək olar. İstənilən mərtəbənin seçimini insan öz smartfonu vasitəsilə idarə edir, buna görə də hansısa düyməyə basmağa gərək qalmır.

Mitsubishi Electric-in lifti isə avtomatik olaraq gəlir və adamı lazımi mərtəbəyə qaldırır, ancaq bunun üçün öncədən sistemə smartfon üçün olan tətbiq vasitəsilə həmin adam haqda məlumatlar daxil edilməlidir.

Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb, 10 nəfər dünyasını dəyişib. Epidemiya başlayandan Yaponiyada 148272 nəfər yoluxub, bunlardan 2133 nəfər dünyasını dəyişib. 122550 nəfər isə sağala bilib.

0
Teqlər:
kontaktsız, lift, risk, yoluxma, Yaponiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla