CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyar hospitallar quruldu: effekti necədir?

© Sputnik / Rahim MuradovSəyyar hospital
Səyyar hospital - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu çadırlar bizə İrandan gələnlərin sayının çox olması və həmin bölgələrdəki xəstəxanalarımızın çox sayda vətəndaşlarımızı qəbul etmək imkanında olmaması ilə əlaqədardır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 fevral — Sputnik. İranda koronavirusa yoluxma halları artdıqca Azərbaycan qonşu ölkə ilə sərhəd və gömrük keçid məntəqələrində tədbirləri gücləndirir. Artıq Azərbaycanda koronavirus xəstəliyi ilə mübarizə məqsədilə qərargah da fəaliyyətə başlayıb. Nazirlər Kabineti (NK) yanında qərargahdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, qərargahın qəbul etdiyi qərara əsasən, İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır. İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər. Həmçinin artıq qaynar xətlər də fəaliyyət göstərir.

Sputnik Azərbaycan çadırlarda yaradılan səyyar hospitalların koronavirusla  mübarizə effektini araşdırıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, fevralın 28-də NK-də koronavirusa görə yenidən müşavirə keçirilib. Bu müşavirədə virusun ölkəmizə daxil olmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirləri həyata keçirən qərargah yaradılıb:

"Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında yaradılan qərargahda dövlət orqanlarının və qurumlarının rəhbər şəxsləri təmsil olunurlar. Qərargahda qaynar xətlərin yaradılması da insanların xəstəliklə bağlı müraciətlərinin operativ qəbul edilməsi məqsədi daşıyır. Qaynar xətlərdə səhiyyə işçiləri təmsil olunurlar. Qərargah isə bu məlumatları Səhiyyə Nazirliyinin işçilərindən əldə edir.

Bildiyiniz kimi, sərhədyanı bölgələrimizdə artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi çadırlar da qurulub. Bu çadırlar bizə İrandan gələnlərin sayının çox olması və həmin bölgələrdəki xəstəxanalarımızın çox sayda vətəndaşlarımızı qəbul etmək imkanında olmaması ilə əlaqədardır. Səyyar çadırlarla yanaşı, artıq səyyar laboratoriyalar da fəaliyyət göstərir. Təşvişə də heç bir səbəb yoxdur. Səyyar hospitallar bütün lazımi tibbi avadanlıqlarla təmin olunub".

Qeyd edək ki, səyyar hospitallar arasında Dövlət Gömrük Hospitalına məxsus olanları da var. Dövlət Gömrük Hospitalının mətbuat katibi Dilarə Zamanova Sputnik Azərbaycan-a bildirib ki, fevralın 25-dən etibarən Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində mobil səyyar hospital xidmətə başlayıb: "Son vaxtlar İran İslam Respublikasında müşahidə olunan koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq işlər, o cümlədən lazımi sanitar-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.

Больница, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
TƏBİB rəsmisi koronavirusa yoluxma barədə: "Astara, Cəlilabad və Qobustanda..."

İranda yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində də profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır. Belə ki, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, Komitənin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalı və müvafiq tibbi heyəti bu gömrük-keçid məntəqəsinə ezam olunub. Eyni zamanda, Astara gömrük-sərhəd keçid məntəqəsi də Tibbi Xidmət İdarəsinin müvafiq tibbi heyəti ilə gücləndirilib. Məlumat üçün bildirək ki, Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə Biləsuvar gömrük postuna artıq təhkim olunub və fevralın 25-dən etibarən xidmətə başlayıb. Mobil səyyar hospital vasitəsilə zərurət yarandıqda infeksion xəstəliyə şübhəli olan vətəndaşlar tibbi baxışdan keçirilib, sonradan TƏBİB-in müvafiq strukturlarına təhvil verilir. Eyni zamanda, mobil hospitalda iki yataq xəstəsinə tibbi yardım göstərmək imkanı da mövcuddur. Bütün lazımi tibbi avadanlıqlarla təmin olunub".

Nazirlər Kabinetinin yanında qərargahdan isə bildiriblər ki, Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılacaq. Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Həmçinin, əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli qaynar xətləri 2020-ci il 28 fevral saat 10:00-dan fəaliyyət göstərir.

Koronavirus Azərbaycana da çatdı – Sərhəddə xəstə aşkar edildi>>

Qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı" təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib.

Xəbər lenti
0