Xəstəxana, arxiv şəkli

Vərəm xəstələri arasında silsilə ölümlərin şok sirri - Araşdırma

666
(Yenilənib 14:35 18.02.2020)
Son iki ayda vərəm xəstələri arasında baş verən ölüm hadisələri əsasən QİÇS və narkotik maddə aludəçiləri arasında qeydə alınıb. Mənbə bildirib ki, QİÇS və narkotik maddə istifadəçilərində immun sistemi aşağı olduğundan, onlarda müalicə effekt vermir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Son iki ayda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda baş verən ölüm hadisələri ölkəmizdə vərəm xəstəliyi, bu xəstəlikdən əziyyət çəkənlərlə bağlı narahatlığı artırıb. Ən çox narahatlıq yaradan məqam isə müalicəyə tabe olan vərəm xəstəliyinin ölümə səbəb olmasıdır. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) ölümlərin səbəbləri barədə məlumat yaysa da, bu xəstələr arasında ölüm hadisələrinin son vaxtlar tez-tez baş verməsi müəyyən suallar yaradır. Sputnik Azərbaycan vərəm xəstələri arasında qeydə alınan ölüm müəmmasının səbəblərini araşdırıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov
© Sputnik / Murad Orujov

TƏBİB-dən Sputnik Azərbaycan-a bildiriblər ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda vərəm xəstələrinin ölüm səbəblərilə bağlı hər biri barədə ayrı-ayrılıqda açıqlama verilib. Amma bununla yanaşı baş verən ölüm hadisələri ilə bağlı araşdırmanın aparılması davam etdirilir.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan adının çəkilməsini istəməyən mənbə isə Sputnik Azərbaycan-a bildirib ki, son iki ayda vərəm xəstələri arasında baş verən ölüm hadisələri əsasən QİÇS və narkotik maddə aludəçiləri arasında qeydə alınıb. Mənbə bildirib ki, QİÇS və narkotik maddə istifadəçilərində immun sistemi aşağı olduğundan, onlarda müalicə effekt vermir. Ölüm hadisələri ilə bağlı digər səbəb kimi isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda rəhbərliyin mütəxəssis olmaması əsas gətirilir.

Məşhur fitiziatr Elcan Məmmədbəyov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vərəm xəstəliyi müalicəyə tabe olan xəstəlik olsa da, bu xəstəliklə mübarizəyə vaxtında başlamaq vacibdir: "Vərəm xəstəliyinin müalicəsini gecikdirmək olmaz! Çünki, vərəmin müalicəsində müxtəlif dərman preparatlarından istifadə edilir. Orqanizm zəiflədikcə müalicəni aparmaq çətinləşir. Xəstənin orqanizmi həmin dərmanları qəbul edə bilmir. El dilində buna "dərmanı bədən götürmür" deyirlər".

E. Məmmədbəyov deyir ki, vərəm çöplərinə qarşı istifadə edilən dərmanların sxemi eynidir: "Vərəmlə mübarizəyə vaxtında başlayanda xəstəliyin qarşısını almaq olur. Amma gecikdirildikdə orqanizmdə immun sistemi zəifləyir. Bir sözlə, vərəmin müalicəsində xəstədən çox şey asılıdır. Oqranizmin müdafiə sistemini gücləndirmək üçün düzgün qidalanmaq şərtdir. Əks halda orqanizm bu xəstəliyə yoluxanda daha ağır keçirdir".

E. Məmmədbəyovun sözlərinə görə, vərəm xəstəliyinin ölümə səbəb olduğu risk qrupları da var. Buraya QİÇS xəstələri, narkotik maddə aludəçiləri daxildir. E. Məmmədbəyov elə əksər hallarda da bu risk qruplarına daxil olan vərəm xəstələri arasında ölüm hadisələrinin daha çox baş verdiyini söyləyir: "Narkotikə aludəçilik vərəm xəstələrinə daha pis təsir göstərir. Orda müalicənin effekt verməsi ilə bağlı proqnoz daha zəif olur".

Vərəm əleyhinə QHT koalisiyasının sədri Elçin Muxtarlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əvvəllər vərəm xəstəliyindən ölüm hadisələrinə daha çox keçmiş məhkumlar arasında rast gəlinirdi: "İndi isə bu risk yoxdur. Penitensiar Xidmət məhkumlar arasında vərəm xəstəliyinə yoluxma hallarının qarşısını almaq üçün iş aparır.Məhkumların saxlanma şəraiti yaxşılaşdırılıb. Onların müalicəsi də vaxtında aparılır. Bu gün vərəmdən ölüm riski daha çox İİV-ə yoluxmuş şəxslər arasında qeydə alınır. Buna da səbəb bu virusun insanın immun sistemini zəiflətməsidir. Vərəm isə əsasən zəif orqanizmlərdə inkişaf edir".

E. Muxtarlı da narkotik aludəçiləri arasında da vərəmə yoluxma riskinin böyük olduğunu söyləyir. Onun sözlərinə görə, narkomanlar inyeksiya yolu ilə narkotik maddə istifadə etdiklərindən onlarda bu xəstəliyə daha çox rast gəlinir.

Bununla belə E. Muxtarlı son illər vərəm xəstəliyindən ölüm hadisələrinin azaldığını söyləyir. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə görə, vərəm xəstəliyindən ölüm Azərbaycanda 0,5 faiz həddindədir: "Amma mən deyərdim, bu rəqəm bir qədər də aşağıdır".

Qeyd edək ki, vərəm yolxucu xəstəlik olduğundan təhlükəsi daha çoxdur. Xəstəlik dünyada ən təhlükəli infeksiyalardan biri hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var və onların 7 milyonu açıq formalı vərəmdir.

Hər il 3,5 milyon insan vərəmə yoluxur və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi.

Azərbaycanda, rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var. 2018-ci ildə 3,7 min nəfər ilkin olaraq vərəmlə xəstələnib, onlardan 84 faizi uğurlu müalicə olunub. Hər 100 min nəfər xəstədən 4,5 nəfəri isə vəfat edib.

666