CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda əhalinin həyatı üçün təhlükə - Bu xəstəliklər az qala epidemiya halını alır

© AFP 2023 / JEFF PACHOUDБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ən çox ölüm halları onkoloji xəstəliklər və ürək-qan-damar xəstəliklərinin payına düşür. Bunların yaranması və ölümlə nəticələnməsinə səbəb olan əsas risk faktoru tütünçəkmədir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi təhlükəli həddə çatıb. Səhiyyə nazirinin müavini Rahim Əliyev bildirib ki, qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faiz, Azərbaycanda isə daha artıq - 48 faizdir. 

Больница, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
İcbari tibbi sığorta haqlarını hesablamaq üçün yenilik
Yüksəkgəlirli, inkişaf etmiş ölkələrdə bu göstərici 26 faizdir, yəni heç 30 faizə çatmır. Nazir müavini bildirib ki, bu baxımdan Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizə ciddi şəkildə aparılmalıdır.

Sputnik Azərbaycan ölkəmizdə az qala epidemiya halını alan qeyri-infeksion xəstəliklərin, eləcə də bu xəstəliklərdən ölüm hallarının artım səbəblərini araşdırıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyanın əksər ölkələrində qeyri-infeksion xəstəliklərdən ölüm faizi 48 faizdir. Xəstələnmə sayı isə daha yüksəkdir. Azərbaycanda qeyri-infeksion xəstəliklərin payı 70-80 faiz təşkil edir: "Ölkəmizdə qeyri-infeksion xəstəliklərdə ilk yerdə ürək-qan-damar, ikinci yerdə onkoloji xəstəliklər, üçüncü yerdə isə respirator virus xəstəlikləri və şəkərli diabet durur.

Ən çox ölüm halları isə onkoloji xəstəliklərlə ürək-qan-damar xəstəliklərinin payına düşür. Bunların yaranması və ölümlə nəticələnməsinə səbəb olan əsas risk faktoru tütünçəkmədir. İkinci yerdə passiv həyat tərzi, üçüncü yerdə spirtli içkilər, dördüncü yerdə isə qeyri-sağlam qidalanma durur. Ürək-qan damar xəstəliklərinin və onkoloji xəstəliklərin ölümlə nəticələnməsinə əsas səbəb tütünçəkmədir.

Ona görə də qeyri-infeksion xəstəliklərdən ölüm hallarını azaltmaq üçün əsasən tütünçəkmənin qarşısı alınmalı, uşaq və yeniyetmələr arasında siqaretə meyllilik aradan qaldırılmalıdır".

Nabil Seyidov deyir ki, bu mənada tütün aludəçilərinin siqaretdən çəkindirilməsi də önəm kəsb edir: "Ona görə də Azərbaycanda 2015-2020-ci illəri əhatə edən qeyri-infeksion xəstəliklərlə mübarizə üçün Dövlət Proqramı var. Hazırda bu proqram çərçivəsində mübarizə tədbirləri davam etdirilir".

Şöbə müdiri deyir ki, bu istiqamətdə bütün dövlət qurumları öz üzərinə düşən işi görməli, əl-ələ verib, ortaya səmərəli iş qoymalıdırlar: "2017-ci ildə ictimai yerlərdə siqaretin istifadəsinə məhdudiyyət bu yöndə aparılmış ən uğurlu mübarizə metodudur. Amma Səhiyyə Nazirliyi bu istiqamətdə digər təkliflər də hazırlayıb. Buraya tütün məmulatlarının və spirtli içkilərin xüsusiləşdirilmiş mağazalarda satılması daxildir. Düşünürük ki, bu, siqaretdən istifadənin qarşısının alınması istiqamətində böyük addım olar. Bundan əlavə, siqaret qutularının cəlbediciliyinin azaldılması, üzərində sağlamlığa mənfi təsirini əks etdirən görüntünün olması da mübarizə metodlarından hesab olunur. Bu gün siqaretlərin mağazalarda kassaların yanında satılması da yığışdırılmalıdır. Həmçinin siqaretlərin nümayiş etdirilməsi yasaqlanmalıdır".

Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər - Ölkədə "psix"lər niyə artıb>>

Həmsöhbətimiz deyir ki, qeyri-infeksion xəstəliklərlə mübarizə üçün təkcə tütünlə mübarizə effektli deyil: "Bunlarla yanaşı, əhali arasında fiziki aktivliyin gücləndirilməsi, uşaqların meyvə-tərəvəzdən istifadə etməsi, həftədə iki dəfə balıq ətinin qida rasionuna salınması vacibdir".

N.Seyidovun fikrincə, bu məsələdə öhdəlik yalnız səhiyyə sisteminin üzərinə düşmür: "Bütün qurumlar birgə mübarizə aparmalı, fiziki aktiv həyat təbliğ olunmalı, tütündən istifadə azaldılmalıdır".

Хирурги во время операции, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Baldız böyrəyini qardaşının həyat yoldaşına bağışladı

Qeyd edək ki, son 10 ildə Azərbaycanda qan dövranı xəstələrinin sayı 5 faiz, tənəffüs orqanları xəstələrinin sayı 11 faiz, sinir sistemi xəstələrinin sayı 15 faiz, şəkərli diabet xəstələrinin sayı 3,7 dəfə artıb. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktor müavini Rafael Daşdəmirov da deyir ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət o qədər də qənaətbəxş deyil: "Azərbaycanda xəstələnmə və ölüm hallarının artmasının səbəbləri qeyri-infeksion xəstəliklərdir. Tədqiqatların nəticəsinə görə, əhali arasında yüksək qan təzyiqi geniş yayılıb. Eləcə də artıq çəki, piylənmə halları yayılıb. Ürək-damar xəstəliklərinin artmasına əsasən yüksək təzyiq, yaş faktoru təsir edir. Kişilərdə 40 yaşından yuxarı, qadınlarda isə 50 yaşından yuxarı psixi-emosional yüklənmə, irsi meyllilik, şəkərli diabet, piylənmə, tütündən istifadə risk faktorudur".

Direktor müavini bildirib ki, hər bir təşkilat və müəssisələrdə tibbi profilaktik kabinetlər yaradılmalıdır. Könüllülər arasında təlim keçirilməli, briqadalar təşkil olunmalıdır. Sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlər keçirilməlidir. Miokard infarktı və insultun profilaktikası ilə bağlı müvafiq tədbirlər tibb işçiləri tərəfindən həm ilkin səhiyyə xidmətləri səviyyəsində, həm də ikincili səviyyədə həyata keçirilməlidir.

Xəbər lenti
0