CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mollanın dediyini elə, elədiyini yox: uşaqlar ölmək üçün üç möhürü necə qırırlar

© Sputnik / Irade JELILДети в Хырдалане, фото из архива
Дети в Хырдалане, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bir reseptə üç möhür vururam, xəstələrimin əksəriyyəti ölkənin yarısını gəzib lazımi dərmanı tapa bilmir, azyaşlılar isə belə dərmanları asanlıqla, reseptsiz tapırlar"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Hər il olduğu kimi, respublikanın bir çox məktəblərində "Narkomaniyaya yox deyək!" aksiyasına start verilib. Bu işdə məqsəd narkomaniyaya qurşanan yeniyetmələrlə bağlı rəqəmləri minimuma endirməkdir.

Sputnik Azərbaycan ölkədə uşaqlar arasında narkomaniya hallarını və mübarizə üsullarını araşdırmağa çalışıb.

Suallarımızı cavablandıran Bakıdakı Narkoloji Dispanserin rəhbəri Araz Manuçərov bildirib ki, ölkədə narkotik maddələrin istifadəsinin qarşısını almaq üçün kifayət qədər qadağalar olsa da, onların çoxu işləmir: "Narkomaniya pislənilsə də, biz belə şəxslərin sayının artmasının şahidiyik. Demək ki, maarifləndirmə proqramı düzgün deyil. Çünki hansısa əhəmiyyətli bir işin icrası ilə mütəxəssislər deyil, bu işdən birbaşa olaraq başı çıxmayan şəxslər məşğul olurlar və bu, bir tendensiyaya çevrilib".

"Ümumiyyətlə, maarifləndirmə o demək deyil ki, televiziyaya çıxıb deməlisən ki, narkotik pisdir, onu qəbul etməyin. Bunun üçün ayrıca psixoloqa, mütəxəssisə, həkimə, ictimai xadimə də ehtiyac var. Maarifləndirmə işlərinə başlamazdan öncə problemin nədə olduğunu öyrənmək lazımdır. Baxın, əksər hallarda narkotik asılılığı olan və geriyə dönüşü olmayanlarla məşğuluq. Lakin biz risk qruplarını nəzərdən qaçırırıq", - deyə o əlavə edib.

Ekspert bildirib ki, ümumilikdə problemin kökünü tapmaq lazımdır. Bundan başqa, yeniyetmələrin bu cür bəlalardan qorunması üçün tövsiyələrlə əməlin uyğunluq təşkil etməsi də önəmlidir: "Uşaq eşidir ki, yüksək sürətlə sürmək olmaz, əks halda qəza baş verə bilər. Lakin avtomobilin yüksək sürətlə idarə olunduğunu görür. Bundan başqa, valideynlər öz davranışları ilə də nümunə olmağa çalışmalıdırlar. "Ana-ataya hörmət eləmək lazımdır" deyib, gecə-gündüz öz həyat yoldaşını döyməklə valideyn övladına necə nümunə ola bilər?

Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Xaricdə komissarlar cinayətkarları tutur, bizdə isə əksinə

Uşağa deyirik ki, yalan danışmaq olmaz, amma özümüz danışırıq, yaxud da uşaq ətrafa baxanda görür ki, məhz belə adamlar qabağa gedirlər. Belə olan halda uşaqda anomiya yaranır və valideyn deyəndə ki, narkotik pisdir, bu zaman uşaq düşünür ki, bu da yalan kimi bir şeydir. Nəticədə uşaq qanunlara inanmayacaq, polisdən qorxmayacaq. Ətrafa baxanda hər şeyin çıxış yolunun olduğunu görüb narkomaniyanın da qorxulu olmadığını zənn edəcək".

Dispanser rəhbəri yeniyetmələrdə narkomanlığa meyldə valideyn-övlad münasibətlərindən də danışıb: "Valideynləri bir tərəfdən qınamaq olur, digər tərəfdən isə olmur. Çünki biz uşaqlarımızla az zaman keçiririk. Səhər səkkizdə iş üçün çıxan adam axşam doqquzda evə çatırsa, o, övladı ilə hansı vaxtda zaman keçirə bilər? Valideynlər hətta bazar günü də övladları ilə az zaman keçirirlər. Bəzən düşünürük ki, uşağa pul verdik, onun istədiyini aldıq, vəssalam. Bu belə deyil".

Həyasızlığın hədsizliyi: Narkotik reklamı bilbordlara çıxdı>>

Hazırda narkomaniya ilə mübarizənin deklarativ xarakter daşıdığını bildirən ekspert yeniyetmələrin daim nəzarətdə olmasının vacibliyindən söz açır: "Uşaqların boş vaxtlarını güdmək, ətraflarında kimlərin olmasına, pulu haraya və necə xərcləməsinə nəzarət etmək lazımdır. Təəssüf ki, bu gün hər bir uşağın siqaret, spirtli içki almağa əli çatır. Energetik içkilərin də yeniyetmələr üçün çox təhlükəli olduğunu qeyd etməliyəm. Çünki belə içkilər gələcəkdə yeniyetmələrdə müəyyən meyllilik yaradır. Bundan başqa, belə içkilərdə də asılılıq yaradan maddələr var və həmin şəxsin orqanizmi gələcəkdə də tonus, aktivlik tələb edəcək. Nəticədə yeniyetmə başqa bir şey axtarmağa çalışacaq ki, bu şeylər də onda psixostimulyasiya yaradacaq".

İnsanın biologiyasında narkomaniyaya meylliliyin olduğunu söyləyən eskpert bunun bəzilərində çox, digərlərində az olduğunu deyir: "Bu meyli hansısa amil üzə çıxarır, yaxud da əksinə, hansısa amil onun üzə çıxmasına imkan vermir".

Сотрудник полиции в Баку - Sputnik Azərbaycan
Azərbaycanda narkotikə görə həbs edilənlər arasında yeniyetmələr var

A.Manuçərov uşaq və yeniyetmələr arasında narkomaniyanın deyil, toksikomaniyanın daha geniş yayıldığını söyləyir: "Belə yeniyetmələr əsasən müalicəvi həblərdən istifadə edirlər. Amma bununla bağlı hər zaman bir məsələ mənə təəccüblü olaraq qalır: bir reseptə 3 möhür vururam, xəstələrimin əksəriyyəti Azərbaycanın yarısını gəzib lazım olan dərmanı tapa bilmədiyi halda, azyaşlılar tərəfindən belə dərmanlar asanlıqla, reseptsiz tapılır. Bu isə həmin yeniyetmələrin kiminsə, hansısa qrupun təsirində olmasını deməyə əsas verir".

A.Manuçərov qarşılaşdığı hadisələr haqda danışaraq rəqəmlərdən də söz salır: "Bu gün bizdə rəsmi qeydiyyatda olan uşaqların sayı 10-15 olar. Çünki heç bir valideyn övladının bu adla qeydiyyata düşməyini istəmir, bundan başqa, düşünür ki, özü bununla mübarizə aparıb övladını pis vərdişdən çəkindirə biləcək. Bu mübarizə isə uşağı döyməklə, ona pul verməməklə, məktəbini dəyişməklə, dostları ilə görüşməsinə icazə verməməklə müşahidə olunur. Təbii ki, bu da yanlış düşüncədir".

Dispanser rəhbəri ümumi mənzərədən də söz açıb: "Ümumilikdə deyə bilərəm ki, belə uşaqların sayında artım var. Öncələr mənə yeniyetmələrlə bağlı ayda bir nəfər müraciət edirdisə, artıq həftədə 2 belə müraciət daxil olur. Bu müraciətlərdə əsas faktor isə psixotrop dərmanlarla bağlıdır. Onu da qeyd edim ki, qız övladına görə müraciət edən valideynlər də var. Belə uşaqların əksəriyyəti isə şəhər yerlərində yaşayanlardır".

"Mənə tanış, dost bildiyim adamlar övladlarına, yaxud onlara yaxın olan bir ailədə belə uşaqlara görə müraciət etdikdə mən onlarla narkoloq kimi deyil, psixiatr kimi danışıram. Əksər hallarda belə uşaqların validyenlərinin şikayəti bu olur ki, uşaq dərsdən qaçır, sözə baxmır. Məsələni bir az dərindən araşdırdıqda görürəm ki, bu uşaq narkotik tərkibli vasitələrin istifadəçisidir", - deyə həmsöhbətimiz əlavə edir.

A.Manuçərov bəzi hallarda valideynlərin bundan tamamilə xəbərsiz olduğunu deyir: "O dəfə 15 yaşlı uşağın valideyni ilə söhbət edirəm, deyir ki, övladının tez-tez görüşdüyü bir rəfiqəsi var. Ana övladı və onun rəfiqəsinin bir dərmanı tez-tez içdiyini deyir və həmin dərmanın narkotik təsirə malik olmasından xəbərsizdir. Valideynin sözlərinə görə, övladı ona bu dərmanın baş ağrısı üçün bir vasitə olduğunu söyləyib. Halbuki, bu dərmanla olduğu kimi, narkotik təsiri olmayan digər dərmanlarla da baş ağrısını kəsmək olar".

Yeniyetmələr arasında narkomaniyanın yayılmasının qarşısını almaq üçün sosial çarxların mühüm təsirə malik olduğunu deyən mütəxəssis bildirir ki, bu işi görmək üçün konkret olaraq sosial problemlərə köklənə bilən kadrlar olmalıdır.

Xəbər lenti
0