Peyvənd

Dünyada tüğyan edir, bizdə isə yoxdur Təhlükəli xəstəliyə qarşı peyvənd olmayacaq

645
(Yenilənib 15:56 03.12.2019)
Hazırda ölkəmizdə qızılca xəstəliyi ilə bağlı vəziyyət sabitdir. Azərbaycanda qızılca xəstəliyinin ən son iyul ayında qeydə alındığı bildirilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılca xəstəliyi ilə bağlı xəbərdarlıq edib. Cenevrədə açıqlanan hesabatda bildirilir ki, təşkilata üzv olan 187 ölkədə 440 263 təsdiqlənmiş xəstəlik qeydə alınıb.

Məlumatda qeyd edilir ki, 2019-cu ilin əvvəlindən dünyada 440 mindən çox insan qızılca xəstəliyinə tutulub. Xəstəliyin yayılması daha çox Konqo Demokratik Respublikasında qeydə alınıb. Təşkilat qızılca qeydə alınan ölkələrdə əhali arasında vaksinasiya tədbirlərinin aparılmalı olduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ötən il Azərbaycanda qızılca xəstəliyi ilə mübarizə məqsədilə əhali peyvəndə cəlb olunmuşdu. Bu məqsədlə ölkəmizə peyvənd gətirilmişdi. Bəs görəsən bu il qızılcaya yoluxmanın qarşısını almaq üçün əhali peyvənd olunacaqmı?

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib ki, hazırda ölkəmizdə qızılca xəstəliyi ilə bağlı vəziyyət sabitdir. A. Əliyeva Azərbaycanda qızılca xəstəliyinin ən son iyul ayında qeydə alındığını söyləyib. O, bildirib ki, ölkəmizdə qızılca xəstəliyinə yoluxma ilə bağlı iyun ayında iki fakt, iyul ayında da iki hadisə qeydə alınıb: "Ölkəmizdə qızılca xəstəliyi ilə bağlı təhlükə yoxdur. Çünki iyul ayından sonra xəstəliyə yoluxma ilə əlaqədar bir hadisə belə baş verməyib. Buna da səbəb ötən il əhali arasında qızılca ilə bağlı təmizləyici tədbirlərin keçirilməsidir. Qeyd edim ki, ötən il qızılca xəstəliyinə yoluxmanın qarşısını almaq üçün əhali peyvəndə cəlb edildi. Bildiyiniz kimi qızılcaya qarşı peyvənd 2003-cü ildən tətbiq edildiyindən, əhalinin bir hissəsi bu peyvəndə cəlb edilməmişdi. İndi əhali arasında belə risk qrupu yoxdur".

A. Əliyeva həmçinin qeyd edib ki, qızılca xəstəliyi qeydə alınan ölkələrdə xəstəliyə yoluxma hallarının artması, həmin ölkələrdə qızılca xəstəliyinin yayılmasının əsas səbəbi peyvəndlərlə əhatə səviyyəsinin aşağı olmasıdır: "Azərbaycanda qızılca və məxmərək əleyhinə qızılca-parotit-məxmərək (QPM) əleyhinə vaksinlə peyvənd həyata keçirildiyi üçün belə alovlanma baş vermir".

A. Əliyeva bildirib ki, qızılca yoluxucu bir virus xəstəliyidir. Hava damcıları ilə ötürülür. Başlanğıc mərhələdə əsas simptomlar qripə bənzəyir. Temperatur, öskürək, asqırma, baş ağrısı ilə müşahidə olunur. Sonra dəridə xarakterik bir səpmələr görünür. Ona görə də, direktor müavini allergik əlamətlər qeydə alınan xəstələrin də qızılcaya qarşı müayinə olunduğunu söyləyib. A. Əliyeva hazırda da peyvənddən kənarda qalanların qızılca-parotit-məxmərək əleyhinə vaksinlə təmin olunduğunu söyləyib.

645