Həkim, arxiv şəkli

Sevincimiz gözümüzdə qaldı - Hələ gözləməli olacağıq

924
Gələn ilin sonunadək Azərbaycanın bütün bölgələri daxil olmaqla icbari tibbi sığorta mexanizmi fəliyyət göstərəcək.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. "Azərbaycanda icbari tibbi sığorta ölkə ərazisində gələn ilin sonunadək tətbiq ediləcək". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev icbari tibbi sığortanın tətbiqinin ləngiməsi ilə bağlı yayılan məlumatlara münasbət bildirərkən söyləyib.

M.Quliyev bildirib ki, icbari tibbi sığortanın 2020-ci ildən etibarən ölkə üzrə həyata keçirilməsi mərhələ-mərhələ baş tutacaq: "Bildiyiniz kimi artıq illərdir ki, icbari tibbi sığorta pilot olaraq bir neçə rayonda həyata keçirilir. Gələn ildən etibarən birdən-birə icbari tibbi sığorta mexanizmini Bakı daxil olmaqla bütün ölkə üzrə işə salmaq bir qədər çətindir. Ona görə də bu iş rüblər üzrə həyata keçiriləcək. Hər rüb bir neçə region üzrə icbari tibbi sığorta mexanizmi işə düşəcək. 2020-ci ilin əvvəlindən icbari tibbi sığortanın tam işə düşməməsinin səbəbi kadr hazırlığı, maliyyə bölgüsü və sair məsələlərlə bağlıdır. Amma bu heç də o demək deyil ki, gələn ildən icbari tibbi sığorta bütün ölkə üzrə tətbiq edilməyəcək. Gələn ilin sonunadək Azərbaycanın bütün bölgələri daxil olmaqla icbari tibbi sığorta mexanizmi fəliyyət göstərəcək".

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda icbari tibbi sığorta tətbiq olunması nəzərdə tutulub. Rəsmi məlumatlara görə, bu sahədə il ərzində görülən işlər artıq yekunlaşmaq üzrədir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilən məlumata görə, yanvar 2020-ci ildən qüvvəyə minəcək “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) əsasən əhalinin icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə gələn ildən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Belə ki, artıq bir sıra region xəstəxanalarında müəssisələrin fəaliyyətinin elektronlaşdırılması məqsədilə müvafiq proqram təminatı yaradılıb və qeydiyyat masaları qurulub. Xəstəxanalara müraciət edən vətəndaşların elektron qaydada qeydiyyatının aparılması zamanı şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir. Bunun üçün hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur.

924