Tibbi yoxlanış, arxiv şəkli

Məktəblilər arasında onları şikəst edə biləcək xəstəliklər artır - ilginc səbəbi

869
(Yenilənib 13:52 23.09.2019)
Uşaq iki ay yarımlıq olanda bu proses başlayır, bir yaş yarımlığında raxitlik əlamətləri özünü büruzə verir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Şagirdlər arasında skoliozun yayılması artıq narahatlıq yaradacaq həddə çatıb. Əsrin bəlasına çevrilən bu problem deputatları da dilə gətirib. 

Belə ki, Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə üzvü Qənirə Paşayeva məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinə düçar olanların sayının artdığını bildirib. Onun sözlərinə görə, bu xəstəliklərin müalicəsi üçün çox zaman əməliyyatların həyata keçirilməsi zərurəti yaranır, həmin əməliyyatların qiymətləri isə heç də ucuz deyil. Q.Paşayeva həmçinin anemiyadan əziyyət çəkən insanların sayının artmasına da diqqət çəkib və bildirib ki, bu, insanların sağlamlığı üçün təhdiddir.

Qeyd edək ki, onurğanın gözlə görünəcək həddə əyilməsi valideynləri də narahat edir. Hətta bu məqsədlə övladını uzun müddətli müalicə etdirən valideynlər də az deyil. Sputnik Azərbaycan şagirdlər arasında skolioz və kifozun yayılma səbəblərini araşdırıb. Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu xəstəliklərin əsas yayılma səbəbi uşaqların ana südü ilə qidalandırılmamasıdır:

"Sözügedən xəstəliklərin yaranmasına təsir edən amillər çoxdur. İlk əsas səbəb uşaqların ana südü ilə qidalanmadan məhrum olmasıdır. Uşaq doğulduqdan sonra ana südü ilə qidalanmadıqda tədricən sümüklərdə əyilmə prosesi başlayır. Uşaq iki ay yarımlıq olanda bu proses başlayır, bir yaş yarımlığında raxitlik əlamətləri özünü büruzə verir. Ona görə də uşaqlar doğulan gündən ana südü ilə bəslənməlidirlər".

N.Quliyev bildirib ki, skoliozun və kifozun yaranmasına qidalanmadan başqa da təsir edən amillər var. Baş pediatr bildirir ki, uşaq bağçalarında və məktəblərdə uşaqların oturuşuna nəzarət edilməlidir. Onun sözlərinə görə, bunu tibdə oturuşun defekti adlandırırlar: "Uşaqların oturuşuna evdə valideynlər, bağçada və məktəblərdə isə müəllimlər nəzarət etməlidirlər. Buna görə tibb işçilərini günahlandırmaq olmaz. Uşaqlar arasında son illər, çox təəssüf ki, fiziki aktivlik azalıb. Hipodinamiya və hipokineziyanın azalması da bu xəstəliklərin artmasında rol oynayır. Uşaq oturaq vəziyyətdə uzun müddət dayanırsa, tədricən skolioz və kifoz xəstəlikləri meydana gəlir. Ona görə də çalışmaq lazımdır ki, uşaqlar aktiv həyat tərzi keçirsinlər. Passiv oyunlara yox, fiziki hərəkətli oyunlara üstünlük versinlər".

Qeyd edək ki, uşaqlar arasında skoliozun artmasına məktəb çantalarının ağırlığının da səbəb olduğu deyilir.

Pediatr Vaqif Qarayev bildirib ki, artıq yeni dərs ili başladığı üçün şagirdlərdə skolioz xəstəliyi yenidən gündəmə gəlib. Həkim deyir ki, uşaqlara düzgün oturma qaydalarını ilk növbədə evdə öyrətmək lazımdır: "Xüsusən ibtidai sinif şagirdləri düzgün oturmağı öyrənməlidirlər. Hər şeyi məktəbin, müəllimin boynuna yükləmək düzgün deyil. Çiyinlər bu və digər tərəfə əyilməməlidir. Dirsəkdən aşağı - said nahiyəsi, hər iki əl partanın üzərində olmalıdır. Uşağın gözü ilə parta arasındakı məsafə 30-35 sm olmalıdır. Əks halda, qamət pozğunluğu qaçılmazdır".

V.Qarayev uşaqların çantasının həddindən artıq ağır olmasının da yolverilməz olduğunu söyləyir. Həmsöhbətimiz bildirir ki, dərsliklərdən əlavə, məktəbli çantasını iş dəftərləri ilə yükləmək olmaz. Bu, skolioz xəstəliyi olan uşaqlar üçün daha risklidir.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində məktəb çantasının nə qədər ağırlıqda olması ilə bağlı heç bir normativ-hüquqi akt yoxdur. Lakin dünya təcrübəsində təhsil sahəsinin ekspertləri və fizioloqlar qeyd edirlər ki, aşağı sinif şagirdlərinin çantası onların öz çəkilərinin 10%-dən ağır olmamalıdır. 5-10-cu sinif şagirdlərinin çantasının ağırlığı isə onların öz çəkilərinin 15%-ni keçməməlidir. Yuxarı siniflərdə isə bu göstərici şagirdin çəkisinin 20%-dən artıq olmamalıdır.

Azərbaycanda təhsil standartına görə, yalnız dərsliyin çəkisi müəyyən edilib. Belə ki, aşağı sinif şagirdlərinin dərslikləri 300 qramdan, 5-9-cu sinif şagirdlərinin dərsliyi 350 qramdan, 9-11-ci siniflərinki isə 450 qramdan ağır olmamalıdır. Ölkəmizdən fərqli olaraq, qonşu Rusiyada müxtəlif siniflər üçün çantaların çəkisinin normativi mövcuddur. "Ümumtəhsil müəssisələrində tədrisin təşkili və şəraitinə dair sanitar-epidemioloji tələblər"ə əsasən, 1-2-ci siniflərdə məktəb çantasının maksimal yuxarı çəkisi 1,5 kq olmalıdır. 3-4-cü siniflərdə bu rəqəm 2; 5-6-cı siniflərdə 2,5; 7-8-ci siniflərdə 3,5; 9-11-ci siniflərdə isə 4 kiloqramdır.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, artıq dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən müəyyən işlər görülüb: "Belə ki, ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərdə pilot layihə kimi istifadəyə veriləcək "Azərbaycan dili" və "Riyaziyyat" dərslikləri biri digərinin davamı olaraq 2 hissəli şəkildə tərtib edilib. Bu dərsliklərin I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub. Əgər bu təcrübə özünü doğruldarsa, gələcəkdə digər irihəcmli dərsliklərin də 2 hissəli şəkildə tərtibi məsələsinə baxıla bilər".

Dahi yetişdirmək çətin deyil, yetər ki, nəfəs alsınlar>>

Nazirlikdən həmçinin bildirilib ki, bu gün ölkəmizdə istifadədə olan heç bir dərslik özü-özlüyündə şagird üçün ağır deyil: "Əslində hər bir dərsliyin ayrılıqda çəkisinin nə qədər olmasından deyil, şagirdin qaldıra biləcəyi yükün – çantanın çəkisindən danışmaq daha doğru olardı. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, bu çəki şagirdin ümumi çəkisinin 10%-dən çox olmamalıdır. Bu gün çox yüngül çəkili dərsliklər hazırlanarsa belə, çanta lüzumsuz yerə yükləndikdə şagird yenə ağırlıq problemi ilə üzbəüz qalacaq. Çantanın ağırlığına onun içərisinə dərsliklərdən əlavə, iş dəftərlərinin, müxtəlif test toplularının və digər əlavə tədris resurslarının, çoxlu dəftər və dəftərxana ləvazimatlarının, termosların, məktəbdə yemək üçün qidaların və s. qoyulması da təsir edir".

869
Əlaqədar
Təhsil Nazirliyindən inqilaba bərabər sınaq - birincilərdən başlayırlar
Dəyirman öz işində, çax-çax baş ağrıdır: Dərs ili məsələsi yenə gündəmə qayıdıb
Təhsilin "kölgədə qalmış" problemi - Söhbət nə kitabdan, nə də müəllimdən gedir
Azərbaycanlıların sevdikləri ölkədə acınacaqlı durumu: minlərlə uşaq...
Deputatlar pulsuz məktəbli forması paylayacaq