Həkim, arxiv şəkli

Toylarda zəhərlənmələrin ilginc səbəbi - AQTA araşdırmaya başladı

607
(Yenilənib 12:02 28.08.2019)
Paytaxtda bazar tapmayan işbazlar sərinləşdirici rəngli içkiləri regionlarda şadlıq sarayları və restoranlara satırlar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Son günlər regionlarda toylarda zəhərlənmə hadisələri tez-tez baş verir. Dünən daha bir zəhərlənmə hadisəsi İsmayıllı rayonunda qeydə alınıb. 

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qida zəhərlənməsi ilə bağlı ümumilikdə 33 nəfər müraciət edib. Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 33 nəfərin qidadan zəhərləndiyi məlum olsa da, onların zəhərlənməsinə hansı qidanın səbəb olduğu hələ tam dəqiqləşməyib. E.Hacıyev ilkin ehtimal kimi qonaqların şirədən, yaxud da paytaxt salatından zəhərləndiklərinin ehtimal edildiyini bildirib:

"Evdə zəhərlənmə zamanı insanın hansı qidadan zəhərləndiyini müəyyən etmək asan olur. Amma toyda qida çeşidləri müxtəlif olduğundan, zəhərlənmənin səbəbini tapmaq bir qədər çətindir. Odur ki, hazırda bu istiqamətdə iş aparılır, nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək".

Spirtli içkiləri saxtalaşdıranlar iş başında yaxalandı>>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, AQTA tərəfindən İsmayıllıda baş verən hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra araşdırma qrupu yaradılaraq hadisə yerinə ezam olunub:

"Hadisənin hansı səbəblərdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

A.Fərziyeva zəhərlənməyə hansı qidanın səbəb olduğunu indidən söyləməyin çətin olduğunu bildirib.

Qeyd edək ki, iki gün öncə Şəkidə də toyda zəhərlənmə hadisəsi baş verib. Şəkinin Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər. Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, son günlər el şənliklərində zəhərlənmə hadisələrinin baş veməsi qida təhlükəsizliyi məsələsini gündəmə gətirib. E.Hüseynovun sözlərinə görə, keyfiyyətsiz sərinləşdirici rəngli içkilərin el şənliklərində istifadəsi ciddi problemə səbəb olub: "Biz artıq bir limonadla bağlı aidiyyatı qurumlara müraciət etmişik. Amma regionlarda gizli sexlərdə belə saxta rəngli sular çox istehsal olunur. Hətta paytaxtda buna bazar tapmayan işbazlar həmin içkiləri regionlarda şadlıq sarayları və restoranlara satırlar. AQTA bu məsələyə ciddi nəzarət etməlidir. Çünki həmin rəngli su və limonadların çoxunun şüşəsi məişət tullantılarının atıldığı yerlərdən yığılaraq təkrar qablaşdırılır. Buna görə də son günlər el şənliklərində ardı-arda zəhərlənmə hadisələrinin şahidi oluruq".

607
Teqlər:
Azad İstehlakçılar Birliyi, Azərbaycan, qida zəhərlənməsi, qida
Əlaqədar
Toyda qonaqlar zəhərləndilər: yeddisi uşaqdır
Şəkidə toyda kütləvi zəhərlənmə - İyirmi adam həkimə düşdü
İsmayıllıda toyda zəhərlənənlərlə bağlı son məlumat
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Çin Rusiya vaksinləri ən yaxşı peyvənddir - Millət vəkili

36
"Çinin və Rusiyanın istehsal etdiyi vaksinlər ənənəvi üsulla hazırlanan vaksinlərdir. Bu vaksinlərin yan təsirləri çox az olur".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. "Azərbaycanda istifadə olunan vaksinin 90 faiz effektiv olduğu təsdiqlənib. Hazırda Çin və Rusiya istehsalı olan vaksinlər ən az yan təsirləri olan vaksinlərdir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev bildirib. O deyib ki, hazırda Çin və Rusiya istehsalı olan vaksinlər ən az yan təsirləri olan vaksinlərdir: "Çinin və Rusiyanın istehsal etdiyi vaksinlər ənənəvi üsulla hazırlanan peyvəndlərdir. Onların yan təsirləri çox az olur. Effektivliyi də kifayət qədər çoxdur. Azərbaycan peyvənd alarkən, təbii ki, bu nüansları da nəzərə alıb".

M.Quliyev bildirib ki, Çinin istehsal etdiyi peyvəndin effektivliyinin 50 faiz civarında olması ilə bağlı səslənən ittihamlarla razı deyil: "Çin vaksininin istifadəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunub. Çox təəssüf ki, biznes məqsədi ilə vaksinlərin keyfiyyətinə şübhə yaradacaq məqsədli məlumatlar yayılır:

"Vaksin biznesi ilə bağlı çox böyük mübarizə gedir. Bu, böyük pullar uğrunda mübarizədir. Koronavirus əleyhinə vaksin hazırlayan şirkətlərin imicinə zərər vuran məlumatlar yayılır. "AstraZeneca" ilə bağlı da belə mənfi fikirlər ortaya çıxdı. Sonra Böyük Britaniya rəhbərliyi bunu təkzib etdi. Biz belə məlumatlara hələ rast gələcəyik. Əsas odur ki, bu vaksini dünya üçün yararlı sayan Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərar var. Vaksinin 90 faiz effektivliyi var. Ona görə də vaksinlər əleyhinə hələ çox məlumatlar olacaq.

Hətta "vaksin vurdurmayın" deyənlər də olacaq. Bunlar hamısı müxtəlif oyunlardır və biznes maraqlarına xidmət edən məqamlardır. Bir şirkət digər şirkətin satışını azaltmaq üçün hələ çox belə oyunlara gedəcək. Buna fikir vermək lazım deyil. Vaksinin keyfiyyəti 70 faizin üzərindədirsə, o peyvənd keyfiyyətli sayılır. Çin istehsalı olan vaksinin də effektivliyinin 90 faizin üzərində olduğu təsdiq olunub, yan təsirləri də yoxdur. Ona görə də bu fikirlərə çox da fikir vermək lazım deyil. Bunu biznes bazarının apardığı antireklam kimi qəbul etmək lazımdır".

Məlumat üçün bildirək ki, Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Fu ilk dəfə koronavirus əleyhinə peyvəndlərinin effektivliyinin az olmasını etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, Qao Fu "Çin vaksinlərinin yüksək qoruma göstəricisi yoxdur" deyə bildirib.

36
Teqlər:
açıqlama, deputat, Milli Məclis, Rusiya, Çin, vaksin
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

7
(Yenilənib 10:03 13.04.2021)
Balakəndə koronavirus xəstəsi polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

BAKI, 13 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

N.İsayev barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

7
Teqlər:
xəstə, Koronavirus, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Ağlayan qız

Dövlət məişət zorakılığının səbəblərini araşdırmağa başlayıb

0
(Yenilənib 16:42 13.04.2021)
Sorğuda iştirak edənlərin, cins, yaş kateqoriyası, təhsil səviyyəsi öyrənilməklə məişətdə zorakılığa məruz qalıb-qalmadıqları, zorakılıq şahidi olub-olmadıqları öyrənilir

BAKI, 13 aprel — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığının səbəblərini araşdırmaq üçün onlayn sorğuya start verib. Bu barədə komitədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Sorğuda iştirak edənlərin, cins, yaş kateqoriyası, təhsil səviyyəsi öyrənilməklə məişətdə zorakılığa məruz qalıb-qalmadıqları, zorakılıq şahidi olub-olmadıqları öyrənilir. Eyni zamanda zorakılığa məruz qalarkən hansı quruma üz tutduqları, bu kimi arzuolunmaz halların aradan qaldırılması üçün təkliflər öyrənilir.

Məişət zoraklığı ilə bağlı xəbərlərin KİV-də işıqlanmasına ehtiyac olub-olmadığı da öyrənilir.

Qeyd edək ki, sorğuda iştirak edərək şərh vermək istəyənlər bu linkə keçid edə bilərlər: https://tr.surveymonkey.com/r/CT57RNB

0