Həkim, arxiv şəkli

Dövlət xəstəxanalarında icbari tibbi sığorta ilə bağlı yenilik

670
(Yenilənib 11:53 20.08.2019)
Vətəndaşlar zaman və məkandan asılı olmayaraq diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə edə biləcəklər

BAKI, 20 avqust — Sputnik. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, 1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə veriləcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər davam etdirilir.

Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. İşlər "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" ölkə başçısının 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən həyata keçirilir.

Proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşın onlayn qeydiyyatının aparılmasına, onun sığortaolunan olub-olmamasını müəyyənləşdirilməsinə, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır, həmçinin vətəndaşların zaman və məkandan asılı olmayaraq diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.

Bu günədək 21 tibb müəssisəsi 617 ədəd kompüter avadanlığı ilə təchiz olunub, habelə internetə çıxışın təmin olunması məqsədilə tibb müəssisələrinə fiberoptik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 25 tibb müəssisəsində kabelləşmə işləri icra olunub.

 İyul ayından etibarən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşları tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlimlər keçirirlər.

İndiyədək Bakı və Sumqayıt şəhərləri üzrə 48 tibb müəssisəsinin, həmçinin 22 regionda yerləşən tibb müəssisələrinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib. Qeyd olunmalıdır ki, tibb müəssisələrinin elektronlaşdırılması və müvafiq heyətin təlimatlandırılması üçün nəzərdə tutulan maliyyə xərcləri bu məqsədlə Agentliyə ayrılan büdcə vəsaiti hesabına həyata keçirilir. Hazırlanmış işçi plana uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək bütün tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.

670
Teqlər:
yenilik, Azərbaycan, tibbi sığorta, icbari sığorta
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

11
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

11

Koronavirusla mübarizənin yeni mərhələsi: Bakıda vaksinasiya necə başladı

24
(Yenilənib 17:02 18.01.2021)
Paytaxtın tibb müəssisələri koronavirusa qarşı hamıdan əvvəl peyvənd olunan şəxsləri qəbul etdi. Bunun necə baş verdiyini videoda izləyin.

Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>

Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.

24
Laçın şəhərinə mənzərə, arxiv şəkli

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

0
Videoçarxda Laçının Ağoğlan qəsri, Dəmirovlu pir məbədi, Məlik Əjdər türbəsi, "Kar günbəz" türbəsi, Həmzə Soltan sarayı haqqında məlumatlar təqdim olunur.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.

Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

0