Qan analizi

Azərbaycanda təhlükəli xəstəlik daşıyıcılarının sayı bir milyonu keçir

36
Hər ikisi xəstəlik daşıyıcısı olan şəxslər evlənərsə, onların övladlarının xəstə doğulması riski yaranır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. Ötən ay nikaha daxil olmaq istəyən 14 min 303 nəfər tibbi müayinədən keçib.

Bu barədə Sputnik Azərbaycan-a B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

 O bildirib ki, onların 4 min 141 nəfərində talassemiya daşıyıcılığı, 61 nəfərində sifilis xəstəliyi, 15 nəfərində isə QİÇS virusu aşkarlanıb. Z. Əlimirzəyeva deyib ki, indiyədək nikaha daxil olmaq istəyən 600 mindən çox insan tibbi müayinədən keçib. Onlardan da 20 mininin talassemiya daşıyıcısı olduğu aşkarlanıb. 225 cütlüyün isə hər ikisində talassemiya daşıyıcılığının olduğu məlum olub.

İnstitut direktoru bildirib ki, nikahdan öncə tibbi müayinələrin məqsədi xəstəlikləri cütlüklərdə əvvəlcədən aşkarlamaqla uşaqların təhlükəli xəstəliklərlə doğulmasının qarşısını almaqdır. Onun sözlərinə görə, hazırda ölkədə bir milyondan çox talassemiya daşıyıcısı var. Z. Əlimirzəyevanın sözlərinə görə, hər ikisi talassemiya daşıyıcısı olan şəxslər evlənərsə, onların övladlarının xəstə doğulması riski yaranır.

Xatırladaq ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.

36
Teqlər:
talassemiya, nikah, xəstəlik