Həkim göz protezinin rənglənməsini xəstənin gözü ilə müqayisə edir, arxiv şəkli

Linzalardan istifadə edənlərə xəbərdarlıq - qutularını atmayın

82
(Yenilənib 18:53 08.07.2019)
Qaçaqmalçılarla əlbir olan həkimlər istehlakçıların sağlamlığını risk altında qoyurlar

BAKI, 8 iyul — Sputnik. "Azad İstehlakçılar" İctimayi Birliyi (AİİB) əhaliyə göz protezlərinin (linzaların) qaçaqmal variantlarından ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib.

Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən AİİB-nin sədri Eyyub Hüseynov bildirib ki, göz əməliyyatlarında istifadə olunan göz protezlərinin-linzaların qaçaqmal yolu ilə gətirilən partiyalarından bəzi göz klinikalarında geniş istifadə olunur: "Bir çox şirkətlərin istehsal etdiyi, xüsusən "Alcon" şirkətinin "Acry sof" göz protezləri Türkiyədən qeyri-qanuni yollarla ölkəmizə gətirilir. Məlumatların təhlili göstərir ki, bu mallar heç bir gömrük sənədləşdirilməsi aparılmadan, sertifikatlaşdırılmadan, Səhiyyə Nazirliyinin idxal icazəsi olmadan bazara daxil olur.

Bu mallar standartların tələbinə cavab verməyən bir şəraitdə saxlanır, daşınır, şübhəsiz ki, dövlətimizin mövcud qanunvericiliyini pozmaqla bərabər, qaçaqmalçılarla əlbir olan həkimlərin sayəsində istehlakçıların sağlamlığını da risk altında qoyur. Bu linzaların bir hissəsi Türkiyədə tibbi sığorta xidmətindən sui-istifadə edən şəxslərin dəstəyi ilə ölkəmizə qutusuz, yəni acılmış şəkildə daşınır. Qutuya qablaşdırılmış qaçaqmal linzalar Türkiyə üçün nəzərdə tutulduğundan, orjinal markalanmanın üstünə türk dilində stiker yapışdırılır".

Birlik sədri xüsusilə göz əməliyyatına hazırlaşanları diqqətli olmağa çağırıb: "Təəssüflər olsun ki, bəzi klinikalar və həkimlər pul qazanmaq naminə dövlətimizin qanunlarınına riayət etmədən qaçaqmalçılarla cinayət əlaqəsinə girməyə üstünlük verirlər. İlk olaraq göz əməliyyatları zamanı bu linzalardan istifadə edəcək xəstələrə bildirirəm ki, mütləq linzaların mənşə sertifikatını əldə edib, surətini götürsünlər. Linzanın qutusunu götürüb saxlasınlar və AİİB-ə müraciət edib obyektiv məlumat ala bilərlər. Hazırda AİİB tərəfindən bu məsələ istehlakçılardan daxil olan məlumat əsasında araşdırılır və qaçaqmalçıların fəaliyyətini stimullaşdırıb, istehlakçıların sağlamlığını təhlükə altına qoyan həkimlərin və klinikaların müəyyənləşdirilməsi üçün ictimai nəzarətimizi davam etdiririk".

82