Millət vəkili Musa Quliyev

Xaricdən gələn həkimlər arasında turist vizası ilə gəlib burada işləyənlər var

68
(Yenilənib 10:42 28.06.2019)
Avropada plastik əməliyyatlara müraciət bizdəki qədər kütləvi deyil

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. "Azərbaycanda plastik əməliyyatla məşğul olan həkimlər arasında ölkəyə turist vizası ilə gəlib burada işləyənlər var". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev deyib. M. Quliyev bildirib ki, Azərbaycanda plastik əməliyyatlara tələbat bir növ dəb halını alıb:

"Avropada plastik əməliyyatlara müraciət bizdəki qədər kütləvi deyil. Onlar ancaq ciddi tibbi göstəriş olduğu halda plastik əməliyyat üçün cərrah masasına əyləşirlər. Ümumiyyətlə tədqiqatlar göstərib ki, tibbi göstəriş olmadan plastik əməliyyatlara müraciət edənlərin çoxunun psixoloji problemi var. Onlar əməliyyatdan öncə psixoloqla söhbət etsələr yəqin ki, çoxu əməliyyat fikrindən daşınardı. Bu gün Azərbaycanda plastik əməliyyatlarda ölüm halları əsasən liposaksiya zamanı piy emboliyası üzündən baş verir. Bu əməliyyatlar heç də həmişə xarici görnüş üçün aparılmır. Liposaksiya əməliyyatına sağlamlıqlarının bərpası üçün müraciət edənlər də var. O ki, qaldı bu tip əməliyyatlar zamanı baş verən ölüm hallarına, heç kəs bu riskdən sığortalanmayıb. Xaricdən gəlib Azərbaycanda estetik , plastik əməliyyat aparan həkimlərin də heç də hamısı savadsız deyil. Onların diplomu yoxlanıldıqdan sonra Azərbaycanda fəaliyyətlərinə icazə verilir. Amma aralarında iş icazəsi almadan işləyənlər də var. Onlar ölkəyə turist vizası ilə daxil olub bir neçə günlük hansısa klinikada əməliyyat edib öz ölkələrinə geri dönürlər".

M. Quliyev bildirib ki, plastik əməliyyatlar zamanı hər hansı fəsadlarla üzləşənlərin həmin həkimdən şikayət etmək hüququ var.

68