Resept yazan həkim

Yeni qayda: həkimlər daha firma dərmanı yaza bilməyəcəklər

2256
(Yenilənib 17:03 14.06.2019)
Əgər hansısa həkimin reseptə icbari tibbi sığorta paketinə daxil olmayan firma dərmanı yazdığı üzə çıxarsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yaxud da Təbib Publik hüquqi şəxs o həkimlə müqaviləyə xitam verəcək

Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva

BAKI, 11 iyun — Sputnik. İcbari Tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra Azərbaycanda dərman firmalarının həkimlərlə iş birliyinə son qoyulacaq. Bu barədə eksklüziv məlumatı Sputnik Azərbaycan-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev verib. Millət vəkili bildirib ki, bu proses icbari tibbi sığortanın tətbiqindən sonra tədricən işə düşəcək: "Çünki, icbari tibbi sığortanın tələblərindən biri xəstələrin tibbi protokola əsasən müalicə edilməsi məsələsidir. Həkimlər icbari tibbi sığorta sistemi Azərbaycanda tam işə düşəndən sonra məcbur olacaqlar ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokol tələbinə əməl etsinlər. Bu protokolda hansı xəstəliklərin hansı üsulla müalicə olunduğu qeyd edilməlidir". 

M. Quliyev qeyd edib ki, icbari tibbi sığorta sistemi işə düşdükdən sonra həkimlər sığorta paketinə daxil olan dərmanları müalicə protokoluna əsasən xəstəyə yazmalı olacaqlar. Bu dərmanlar sığorta paketinə daxil olduğu üçün, eyni zamanda ucuz və pulsuz olduğundan, xəstələr də onlara həmin dərmanların yazılmasında maraqlı olacaqlar və bunu həkimdən tələb edəcəklər".

Deputat bildirib ki, icbari tibbi sığorta sistemi ölkə üzrə tam tətbiq edildikdən sonra həkimlərin xəstələrə yazdığı reseptlərə İcbari Tibbi Sığorta Agentliyi və yeni yaradılan Təbib Publik hüquqi şəxs tərəfindən nəzarət ediləcək: "Belə deyək ki, bu qurumlar həkimlərin xəstələrə yazdığı reseptləri izləyə biləcəklər. Çünki, həkim xəstəyə yazdığı resepti elektron sistemə daxil edəcək. Bu zaman həkimin xəstəyə müalicə protokoluna uyğun dərman yazıb-yazmadığına nəzarət olunacaq. Qeyd edim ki, bu sistem həkmlərin xəstələrə artıq və tibbi göstəriş olmadan dərman yazmasının da qarşısını alacaq. Həkimlərin beləcə tədricən dərman firmaları ilə iş birliyinə son veriləcək. Əgər hansısa həkimin reseptə icbari tibbi sığorta paketinə daxil olmayan firma dərmanı yazdığı üzə çıxarsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yaxud da Təbib Publik hüquqi şəxs o həkimlə müqaviləyə xitam verəcək".

M. Quliyevin sözlərinə görə, bu, xəstələrin müalicəsinin keyfiyyətli aparılmasına mane olmayacaq: "Çox təəssüf ki, bəzi insanlarda belə bir fikir formalaşıb ki, dərmanın qiyməti baha deyilsə, o, keyfiyyətli ola bilməz. Bu tamamilə yanlış yanaşmadır. Elə dərmanlar var ki, qutusunda Avropada istehsal olunduğu qeyd olunur, amma içərisindəki dərman Hindistanda hazırlanıb. Firma dərmanlarının da saxtalaşdırılması hallarına rast gəlinir. Əksinə, icbari tibbi sığortanın tam tətbiqindən sonra sığorta paketinə daxil edilən dərman preparatlarının keyfiyyətinə diqqət daha da artacaq. Sığorta paketinə ucuz olsa da, müalicədə sınaqdan keçirilən, amma keyfiyyətli dərman preparatları salınacaq".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirdilər ki, artıq icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq olunduğu Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında dərman vasitələrinin təbliği mövcud qanunvericiliyə əsasən tənzimlənir: "Burada resept təyinatı məcburi olan bütün dərman vasitələrindən istifadə üçün resept yazmaq səlahiyyətinə sertifikasiyadan keçmiş həkimlər malikdirlər. Xəstəyə diaqnoz həkim tərəfindən qoyulur və müalicə həkim təyinatı üzrə aparılır".

Agentlikdən bildirdilər ki, reseptlə təyinatı məcburi olan bütün dərman vasitələrinin açıq təbliği və reklamı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yolverilməzdir: "Həkim resepti əsasında buraxılan dərman vasitələri və yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində tətbiq edilən tibb vasitələri haqqında informasiya tibb işçiləri və əczaçılar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış nəşrlərdə, habelə tibb işçisini məlumatlandırma məktubunda yayımlana bilər. Dərman vasitələri haqqında informasiya monoqrafiya, arayış-sorğu kitabçaları, elmi məqalələr, konqreslərdə, konfranslarda, simpoziumlarda, elmi şuralarda və digər bu kimi toplantılarda məruzələr, həmçinin həkimlər üçün nəzərdə tutulmuş təlimatlar formasında təqdim olunmalıdır.

Sözügedən qanuna əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələri haqqında informasiya kütləvi informasiya vasitələrində, ixtisaslaşdırılmış və ümumi nəşrlərdə, dərman vasitələrinin tətbiqi haqqında təlimatlarda, habelə tibb işçisini məlumatlandırma məktubunda yayımlana bilər. Qanunun müvafiq maddələrinin tələbləri nəzərə alınmaqla, istifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri, tibbi texnika barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlanmalıdır".

2256
Teqlər:
Azərbaycan, səhiyyə, dərman, həkim
Əlaqədar
Bakı apteklərində xərçəngə qarşı dərmanlar yoxa çıxıb
Azərbaycanda müəyyən dərmanlar qadağan olundu
Bu tanınmış dərmanlar apteklərdən yığışdırılır
Böyük təhlükə: Soyuqdəyməyə qarşı dərmanlar nəzarətə götürülür
Dərman, arxiv şəkli

Evdə müalicə olunan COVID-19 xəstələrinə dərmanı dövlət verir - Səhiyyə Nazirliyi

2
O, indiyədək ölkəmizdə 700-ə yaxın insanın bu virusdan dünyasını dəyişdiyini bildirib O, indiyədək ölkəmizdə 700-ə yaxın insanın bu virusdan dünyasını dəyişdiyini bildirib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycanda COVID-19 xəstəliyini yüngül keçirən xəstələrə də dərmanlar dövlət tərəfindən verilir. Sputnik Azərbaycan-ın türk mətbuatına istinadən məlumatına görə, bu məlumatı Azərbaycanın Səhiyyə nazirinin müavini Elsəvər Ağayev Türk Konseyi Sağlıq Bilim Kurulunun toplantısında iştirak edərkən bildirib. E.Ağayev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə iki ayda 4 min çarpayılıq 12 modul xəstəxana COVID-19 xəstələrinə xidmət üçün verilib. E.Ağayev COVID-19-u yüngül keçirən xəstələrin evdə izolyasiya olunaraq müalicələrini davam etdirdiklərini dilə gətirib. Nazir müavini Azərbaycanda koronavirusa yoluxma sayının gündəlik 500-600 təşkil etdiyini, ümumi xəstə sayının 53 mini keçdiyini söyləyib. E.Ağayev bu səbəbdən də təhsil müəssisələrində dərslərin iki həftəlik dayandırıldığını, onlayn təhsilə qərar verildiyini bildirib.

E.Ağayev çıxışı zamanı Azərbaycanda 7-8 bölgədə virusa yoluxma sayının artması səbəbindən giriş-çıxışa qadağa qoyulduğunu diqqətə çatdırıb. O, indiyədək ölkəmizdə 700-ə yaxın insanın bu virusdan dünyasını dəyişdiyini bildirib.

2
Həkim, arxiv şəkli

TƏBİB Neyrocərrahiyyə Xəstəxanasına yeni baş həkim təyin edib

5
(Yenilənib 16:19 31.10.2020)
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə Fərid Vahid oğlu Təqdirov təyin edilib.

BAKI, 31 oktyabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə Fərid Vahid oğlu Təqdirov təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Üniversitetinin Müalicə işi fakültəsində təhsil alıb, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib.

İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrah kimi başlayıb, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərib.

5
Teqlər:
baş həkim, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB
Sitrus bağları, arxiv şəkli

Noyabr ayının havası - O da bizi Qarabağa səsləyir

0
(Yenilənib 17:50 31.10.2020)
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 4-7° isti olacaq

BAKI, 31 oktyabr — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Noyabr ayının birinci ongünlüyünün birinci yarısında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin dağlıq rayonlarda yağış yağacağı proqnozlaşdırılır.

Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13° dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12°, ayın əvvəlində 16°-dək, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 14-16° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 millimetr) olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 5-10°, üçüncü ongünlüyün bəzi günlərində 0°-dək, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 9-14° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 millimetr) olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 4-7° isti olacaq. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 2-7° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 0-4° şaxta, gündüzlər 10-15°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-7° isti ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 millimetr) olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 9-12° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 8-13°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-5°, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 8-13° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 millimetr) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 6-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində yüksək dağlıq ərazilərdə 2-7° şaxta, gündüzlər 15-20°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 7-12° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 29-73 millimetr) olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-13° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6°, gündüzlər 19-24°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 12-16° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-45 millimetr) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6° isti, dağlarda 0°-yə yaxın, gündüzlər 16-21°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 10-13° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 55-170 millimetr) olacağı ehtimalı var.

0