Məktəblilərin peyvənd olunması, arxiv şəkli

Qızılca məxmərəyə yoluxanların çoxu Bakı sakinləridir

2758
(Yenilənib 16:48 01.06.2019)
Afaq Əliyeva: “May ayında bu xəstəliyə 13 nəfər yoluxub”

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. “Bu ilin may ayı ərzində Azərbaycanda qızılca və məxmərəyə 13 yoluxma faktı aşkarlanıb. Xəstəliyə yoluxma əsasən paytaxt sakinləri arasında qeydə alınıb”.

Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Nazirlik səlahiyyətlisi bildirib ki, mart və aprel aylarına nisbətən mayda qızılca və məxmərəyə yoluxma hallarında azalma var. Onun sözlərinə görə, mart ayında qızılca və məxmərəyə 23, aprel ayında 24 yoluxma faktı qeydə alınıbsa, may ayında bu rəqəm 13-ə enib. A.Əliyeva bildirib ki, qızılca və məxmərəyə yoluxmada səngimə müşahidə olunmasına baxmayaraq, peyvəndləmə tədbirləri davam etdirilir: “Səhiyyə Nazirliyinin 10 saylı əmrinə əsasən qızılca-məxmərək əleyhinə ölkəyə gətirilən 160 min dozada vaksinlərin paylanması demək olar ki, başa çatıb. Hazırda da 20-40 yaşlı əhali arasında paylanma davam etdirilir”.

Direktor müavininin sözlərinə görə, xəstəliyin Azərbaycanda alovlandığı dövrdən indiyədək qızılca və məxmərəyə yoluxma hallarının 70 faizi böyük yaşlı əhali arasında qeydə alınıb. O, bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) da məlumat verildiyini vurğulayıb: “Səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmrə əsasən, Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali ilə yanaşı 10 yaşa qədər peyvənddən kənar qalan uşaqlar arasında da qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri keçirilir”, - A.Əliyeva bildirib.

2758