Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova

Altı ana səkkiz körpə nədən ölüb: Baş ginekoloq səbəbləri açıqladı

2419
(Yenilənib 16:26 08.05.2019)
Baş ginekoloq ana və uşaq ölümlərinə görə vaxtında həkimə getməyən və vəziyyətinə uyğun xəstəxananı seçməyən qadınları günahlandırıb, amma həkimlərin naşılığından və səhlənkarlığından bir kəlmə də danışmayıb.

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Statistik məlumatlara inansaq, son 70 gündə Azərbaycanda 6 ana və 8 körpə ölümü qeydə alınıb. Ölkəmizdə ana və uşaq ölümləri ilə bağlı son illərin statistikası azalan dinamikanın izləndiyini deməyə əsas yaradırdı. Lakin son günlər ard-arda baş verən ölüm halları ictimaiyyət arasında narahatlıq yaratmaya bilməz. Bu ölümlərin kökündə nə dayanır? Hamiləlikdən əvvəl və hamiləlik dövründə qadınlar nələrə diqqət yetirməlidirlər ki, sonra ciddi fəsadlarla üzləşməsinlər? Respublikanın baş ginekoloqu Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında ana və körpə ölümlərinin səbəblərini açıqlayıb və bunun qarşısını almaq üçün öz tövsiyələrini verib.

"Ana ölümlərinin səbəbləri müxtəlifdir. Bu səbəblər ananın sağlamlığında olan problemlər, yaxud da tibbi personalın göstərdiyi xidmətdə olan qüsurlarla da bağlı ola bilər. Ananın yaşından, xəstəliyindən, hamiləliyi necə keçirtməsindən, fizilioloji, yaxud da risk qrupuna daxil olan hamiləlik yaşamasından asılı olaraq, vəziyyət dəyişir. Hətta sağlam, heç bir xəstəliyi olmayan qadınların da hamiləlik dövründə həkim nəzarətində olması və lazım olan analizləri verməsi mütləqdir. Bizim qanunvericiliyimizdə də bu haqda müddəalar əksini tapıb. Lakin qadının hansısa xəstəliyi varsa, o, mütəmadi olaraq həkim nəzarətindən keçməlidir", - deyə Məmmədova bildirib.

Ginekoloqun sözlərinə görə, elə xəstəliklər var ki, onlar hamiləliyin ikinci yarısından sonra meydana çıxır. Xəstəliklərin zamanında aşkarlanması üçün hamilə qadınların həkimə vaxtında müraciət etməsi lazımdır. Belə xəstəliklərdən biri də preeklampsiyadır (hamiləliyin 20-ci həftəsindən sonra baş verən və adətən, qan təzyiqinin qalxması (hipertoniya) və sidikdə zülalın olması (proteinuriya) ilə müşayiət olunan vəziyyət-red.):

"Bu, hamiləlik zamanı inkişaf edən bir xəstəlikdir. Belə olan halda sinir problemləri yaranır, damarlarda keçiricilik pozulur, zülal süzülür. Böyrəküstü vəzi, göz dibi, mədənin yuxarısında olan vətərdə və s. qan mübadiləsi pozulur. Böyrəküstü vəzilər xüsusi karbonlar ifraz edir. Bu zaman isə hamiləliyin müəyyən mərhələsindən təzyiq artmağa başlayır. Təzyiq artdıqda dövr eləyən qanın maye hissəsi damarların divarında şişkinlik əmələ gətirir. Beləliklə, preeklampsiya xəstəliyi peyda olur. Bu xəstəlik adətən hamiləliyin 22-ci həftəsindən yaranmağa başlayır" – deyə baş ginekoloq əlavə edib.

Onun fikrincə, ilkin həftələrdə heç bir problemin aşkarlanmaması hamilələrdə müəyyən arxayınlıq yaradır. Bu arxayınlıq isə sonda bəzən faciəyə səbəb ola bilir: "Bəzi qadınlar hamiləliyin ilk günlərində, 10-12-ci həftəsində həkim müayinəsindən keçdikdə onlarda hər şeyin normal olduğunu öyrənirlər. Bir ay sonra yenidən müraciət etdikdə də onlara hər şeyin qaydasında olduğunu deyirlər. Belə qadınların bəziləri artıq 22 həftədə ikən həkim müayinəsinə getmirlər ki, hər şey qaydasındadır. Halbuki vaxtında diaqnoz qoyulsa, ana və bətnindəki körpəni xilas etmək mümkün olar. Ananın təzyiqi oynadıqda onun ciyərində, baş-beyin nahiyəsində ödəmlər meydana çıxmağa başlayır. Hətta ana yaranan bu problemdən komaya da düşə bilər. Çünki təzyiq qalxdıqda adətən cift vaxtından əvvəl ayrılmağa başlayır. Belə olan halda isə biz ananı qanaxmadan itiririk".

Həkim yaranan bu problemlərlə əlaqədar olaraq zülal çatışmazlığının da körpənin səhhətində fəsada yol açdığını söyləyib: "Zülal sidik yolu ilə getdiyi üçün körpədə zülal çatışmazlığı problemi onda inkişaf geriliyinə səbəb olur. Belə uşaqlar da doğulduqda yarımcan olurlar. Bu səbəbdən də hazırda bütün dünyada ana ölümlərinin ən böyük faizi məhz preeklampsiya xəstəliyinin payına düşür. Preeklampsiyanı vaxtında müalicə eləmədikdə, qanın göstəriciləri aşağı düşür. Təəssüf ki, bu xəstəliklə əlaqədar trombositlərdə də spesifik dəyişikliklər olur və onlar partlamağa başlayırlar, qanın laxtalanma prosesi pozulur. Trombositlərin sayının azalmasını vaxtında aşkarlayıb yardım etmək mümkün olarsa, ana və uşaq da sağlam qalır. Lakin onların sayı aşağı düşdükdə, anada qanaxma baş verir. Qanaxma ilə yanaşı, qaraciyər də funksiyasını yerinə yetirməkdən imtina edir".

Baş ginekoloq ana və körpənin sağlam xilas olması üçün bəzi orqanların mühüm rolundan da bəhs edib.

"Elə orqanlar var ki, onların fəaliyyəti ana və körpənin sap-sağlam xilas olması üçün vacibdir. Bu orqanlardan biri də böyrəkdir. Əgər böyrək sidiyi süzmürsə, ana və körpənin qanı təmiz olmazsa, əlbəttə ki, körpənin sağlamlığında müəyyən əngəllər yaranacaq. Əgər qadınlarda böyrək çatışmazlığı varsa, onlar hamiləlikdən öncə müalicə almalı, hamiləlik zamanı da daim nəzarətdə olmalıdırlar. Lakin təəssüflər olsun ki, belə qadınlar hətta müalicə almadan hamilə qaldıqda belə, həkimə vaxtında xəstəlikləri haqda məlumat vermirlər və nəticədə arzuolunmaz hadisələr baş verir"- deyə Məmmədova bildirib.

Ana ölümlərinə gəlincə, həkim deyib ki, bunun əsas səbəbi xəstələrin uyğun müəssisəyə baş çəkməməsidir. Səhiyyə naziri tərəfindən imzalanan 24 saylı əmrə əsasən, bütün müəssisələr səviyyələrə bölünür. Məsələn, əgər qadının hamiləliyi 37 həftədən yuxarıdırsa, onun heç bir xəstəliyi yoxdursa, o birinci səviyyəli müəssisədə, yəni normal, adi doğum evlərində övladını dünyaya gətirə bilər. Uşaqda yarımçıq doğulma riski gözlənilirsə, həmin doğum üçün reanimasiya, əməliyyat lazım ola bilər. Belə körpə üçün xüsusi neonatal yardım da lazım ola bilər. Belə hamilələr üçün ikinci səviyyəli doğum evləri fəaliyyət göstərir. Bu xəstəxanalarda ana və uşağa lazım olacaq bütün yardımlar edilir. Belə hamilələr birinci səviyyəli doğum evlərinə getsə, orada elə mütəxəssislər olmayacaq və yardımsız qalacaqlar. Üçüncü səviyyəli doğuşa yardım müəssisələri var ki, orada müvafiq laboratoriyalar, hematologiya, onkologiya və digər şöbələr mövcuddur. Bu xəstəxanalar daha geniş profillidir. Burada müxtəlif ixtisaslı həkimlər də fəaliyyət göstərir.

"Hamilə var ki, onun böyrəyi xəstədir və o, əmrlə Sabunçu xəstəxanasında azad olunmalıdır. Çünki orada dializ aparatları və böyrək həkimləri var. Yaxud da ürəyi xəstə olan hamilə qadın 1 saylı Kliniki Tibbi Mərkəzdə azad olmalıdır. Biz xəstəlikləri bildikdə onları düzgün istiqamətləndiririk. Ana qızının vərəm olduğunu gizlədir, doğuş zamanı isə zədələnmiş ciyərlər cırıla və ağciyər qanaxması baş verə bilər. Lakin bizim öncədən bu haqda məlumatımız olarsa, konsultasiya edib həmin xəstəni qeysəriyyə əməliyyatına yönəldirik" - deyən ginekoloqun sözlərinə görə, digər səhlənkarlıq hallarından biri də 9 ay bir həkimin nəzarətində qalan hamilə qadının sonradan rayona gedərək, valideynlərinin yaşadığı yerdə azad olmasıdır. Bəzən belə hallarda da problemlər yaranır.

"Axı rayon həkimi bu xəstəyə baxmayıb, onu nəzarətdə saxlamayıb. O, sadəcə sancılanaraq xəstəxanaya müraciət edən xəstəni doğuşa qəbul edib. Doğuşu qəbul edən həkimin anada vərəm xəstəliyinin olmasından belə xəbəri olmur. Açıq formalı vərəmdən əziyyət çəkən elə ürək qüsurları, böyrək qüsurları var ki, ümumiyyətlə belə qadınlara hamilə qalmaq qadağandır." – deyə mütəxəssis vurğulayıb.

Onun fikrincə, xəstələrin həkimləri dinləməməsi də bəlalara yol açır: "Biz qadının doğuşunun aşağı, yaxud da yuxarı riskli olduğunu hesablayırıq. Bu riskdən asılı olaraq, stasionarı seçirik. Təəssüf ki, çox vaxt onlar həkimi eşitmək istəmir və deyir ki, biz filan xəstəxanaya getmək istəyirik. Hansı ki, o xəstəxananın bəlkə də sadəcə adı və reklamı var, işləmə qabiliyyəti isə birinci səviyyəli xəstələrə uyğundur. Arzuolunmaz hadisə baş verdikdə, onlar lazımi yardımı göstərə bilməyəcəklər. Çünki qanaxma olduqda, qan tapmaq lazım gələcək. Qan və qan komponentlərini almaq, onu müəssisələrə vermək Mərkəzi Qan Bankına məxsusdur. Heç bir digər müəssisə onu ala, sata bilməz. Ona görə biz qanaxmalı xəstənin yaxınlarını həmin banka göndəririk. Onlar orada qan verirlər, qanları yoxlanılır və virusu olmayan təmiz donorun qanı xəstəyə vurulmaq üçün verilir. Lakin özəl klinikalarda bu qan pulla alınır. Özəl xəstəxanalarda xərc çox çıxdığından, belə ağır xəstələr ora gedəndə o qədər pulu qarşılamaq imkanları olmur".

Bir sözlə, respublikanın baş ginekoloqu deyir ki, müəyyən xəstəlikləri olan qadınlar hamilə qalmamışdan qabaq həkimlərlə məsləhətləşməlidirlər. Hamiləlik dövründə daim həkim nəzarəti altında olmalı, doğuşa gedəndə də öz vəziyyətlərinə müvafiq xəstəxanaları seçməlidirlər.

Bunlar aydındır. Bəs ana və uşaq ölümlərinə görə, həkim və xəstəxanaların heçmi günahı yoxdur?! Dərindən araşdırıldıqda məlum olur ki, bəzi analar baş ginekoloqun haqqında danışdığı bütün prosedurlara düzgün riayət edib. Doğuş üçün müvafiq qadın məsləhətxanasının tövsiyə etdiyi doğum evinə də gedib. Amma doğuş zamanı həkimlərin naşılığı, səhlənkarlığı və s. ucbatından ya öz həyatını itirib, ya da körpəsini. Təəssüf ki, baş pediatr əməkdaşımızla söhbətində bu məsələlərin üzərindən sükutla keçib...

2419
Əlaqədar
Bətnindən nəhəng törəmə xaric edilən qadın ana oldu
Ağsuda ana doğuşdan 5 gün sonra ölüb
Azərbaycanda ana ölümlərinin sayı azalıb
Doğulduqdan beş saat sonra övladını qucağına alan ana gözlərinə inana bilmədi