Bəy və gəlin

Nəsillərini yaxalayacaq müsibətlərə razıdırlar, təki qohumla ailə qursunlar

6070
(Yenilənib 17:39 01.05.2019)
Bəzən qohumlar övladları dünyaya gəlməzdən əvvəl onların bəlalarını "alınlarına yazmağa" çalışırlar

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 5 may — Sputnik. Qohum nikahlar bəzi hallarda genefondun pozulması, xəstə nəslin yetişmə riskinin çoxalması deməkdir. Çin, Şimali Koreya, Tailand kimi bir sıra ölkələr bu tendensiyanı rəhbər tutaraq qohum nikahını qadağan edir. Həmin ölkələrlə yanaşı, ABŞ-ın 50 ştatından 20-sində də bu cür nikahlar qadağan edilir.

Azərbaycanda isə illərdir qohum nikahların bağlanmasının qarşısını almaq üçün müxtəlif maarifləndirici tədbirlər görülsə də, elə ciddi nailiyyətlər gözə çarpmır. Valideynləri qohum olduğu üçün hemofiliya xəstəsi olan müsahiblərimizdən biri bütün bunlara baxmayaraq, özü də riskli addım ataraq qohumla nikaha daxil olub.

O, bu nikahdan doğulan övladlarının sağlam olduğunu söyləyir. Lakin tibb sübut edir ki, bəzən bu uşaqların özlərində yox, onların artırdığı nəsildə bənzər və fərqli xəstəliklər meydana çıxa bilər. Bəzən bu cür nikahlardan doğulan uşaqlarda müxtəlif xəstəliklər çox gec, hətta 20 yaşdan sonra da özünü büruzə verə bilir.

Həmsöhbətimiz Aliyə Rzayevanın valideynləri dayı qızı və bibi oğlu olublar. Bu qohumluq münasibətlərinin fəsadı isə 23 il sonra onun bacısında özünü büruzə verib. Nəticədə onun böyük bacısında Fridreyx ataksiyası (nevroloji xəstəlikdir -red.) xəstəliyi aşkarlanıb. A.Rzayeva deyir ki, həkimlər bu xəstəliyi qohum nikahlarla əlaqələndirirlər.

Azərbaycanda qohum nikahları ilə bağlı statistik rəqəmləri öyrənməyə çalışdıq. BMT-nin Bakı ofisindən əldə etdiyimiz məlumata görə, bu gün ölkəmizdə qohum nikahlarının statistikası öyrənilmir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a verdiyi açıqlamasında isə bildirdi ki, 2018-ci illə bağlı aparılan statistikanın nəticələri bu ilin mayında açıqlanacaq.

Bu problemlə bağlı ümumi vəziyyəti şərh edən E.Səfərov qeyd etdi ki, əhalinin demoqrafik sağlamlığının müdafiəsi məqsədi ilə bir sıra proqramlar həyata keçirilir: "Bu proqramlar sağlam ailə institutunun gücləndirilməsinə yönəldilib. Lakin buna baxmayaraq, bəzi problemlər ölkədə hələ də aktuallığını saxlayır. Bunlardan biri də qohum nikahlardan xəstə uşaqların doğulma faizinin getdikcə artmasıdır. Bu faiz artıq 25-dən yuxarı qalxmaqdadır. Bundan başqa, qohum nikahların səbəb olduğu talassemiya və qan xəstəlikləri ilə bağlı risklər də artmaqdadır". 

2012-2013-cü illərdə qanunvericiliyə edilən dəyişikliklərdən sitat gətirən həmsöhbətimiz vurğuladı ki, bəzi hallarda, hətta cütlüklər bu nikahdan doğulacaq övladlarının sağlamlıqla bağlı riskini gözə alaraq nikaha daxil olmaqdan imtina etmirlər: "Biz yalnız məsləhət verə bilərik, kimisə nəyəsə məcbur edə bilmərik. Əsas çağırışımız isə ondan ibarətdir ki, bibi, dayı, əmi uşaqları arasında nikah bağlanmasın. Nikaha daxil olmaq istəyən şəxslər ailələrinin genefondu haqda da düşünsünlər".

Bu cür nikahlardan sağlamlıq imkanları məhdud övladların doğulmasının boşanmalara təsirsiz ötüşmədiyini vurğulayan Komitə rəsmisi gələcək nəsilləri gözləyən bəlalardan da söz açdı: "Belə münasibətlərdən doğulan körpələrdə sinir, sümük xəstəlikləri də aşkarlanır. Olur ki, bəzi hallarda qohum nikahından doğulan övladın özündə yox, onun artırdığı nəsildə müəyyən xəstəliklər aşkarlanır".

Statistikalara görə, bütün dünyada bu cür nikahların sayı ümumi nikahların 10 faizindən çoxunu təşkil edir.

Qeyd edək ki, bu gün hətta inkişafdan geridə qalan ölkələrdə də qohum nikahları qadağan edilir. Bu ölkələrdən biri də Hindistandır. Braziliyada isə son 50 ildə qohum nikahları ilə bağlı rəqəmlərdə azalma nəzərə çarpıb. 1957-ci ildən 2001-ci ilədək Braziliyada qohum evliliyi 4.7 faizdən 1.1 faizədək enib. Hazırda bu ölkədə qohum evliliyinin sayı ümumi əhalinin 1.9 faizini təşkil edir.

Birləşmiş Krallıqların ətraf mühit məsələləri üzrə naziri Fili Volas isə bildirib ki, belə evliliklər genetik problemlərə və müxtəlif irsi xəstəliklərə səbəb olur. Lakin bununla belə təəssüflər olsun ki, bu gün bəzi ölkələrdə qohum nikahları müdafiə edilir.

Vurğulayaq ki, bu gün heç bir konvensiya qohum nikahlarını məhdudlaşdırmır.

6070
Əlaqədar
Facebook-dan subaylar üçün möhtəşəm yenilik – Evlilər baxmasın
Qubada evli qadını qaçıran şəxsi döyüb öldürdülər
Toy günü gəlin ikinci evlilik təklifini alıb - VİDEO
Gənc oğlanların evliliyi boykot etmə aksiyası genişlənir