Öskürək, xəstə uşaq

Ölkədə Koksaki virusunun yayıldığı barədə xəbərlərə aydınlıq gətirildi

5714
(Yenilənib 13:55 13.02.2019)
“İndi tibb müəssisələrində virusların identifikasiyasını aparan xidmət yoxdur"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Azərbaycanda Koksaki virusunun yayılması barədə müxtəlif fikirlər səslənir. Məlumatlara görə, xəstəlik daha çox azyaşlı uşaqlar arasında yayılıb.

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün tibb elmləri doktoru, professor, Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevə müraciət edib. 

N.Quliyev bildirib ki, bu gün uşaqlar arasında hər hansı bir virus yayılıbsa, heç kim deyə bilməz ki, bu, Koksaki virusudur: “Bunu sübut etmək üçün virusun identifikasiyasını aparmaq lazımdır. Bu yoxlamanı kim aparıb ki, ölkədə Koksaki virusunun yayıldığını deyir?”

“İndi tibb müəssisələrində virusların identifikasiyasını aparan xidmət yoxdur. Bu, bahalı sistem olduğu üçün bir ölkədə bir-iki yerdə ola bilər. Azərbaycanda referens laboratoriya taun əleyhinə stansiyada yaradılıb. Virusların aşkarlanmasının təsdiqi burada aparılır. Bu proses aparılmasa, heç kim deyə bilməz ki, belə bir virus var" – deyə professor vurğulayıb.

N.Quliyevin sözlərinə görə, belə infeksiyalar kəskin respirator infeksiyalardır: “Bəzi ölkələrdə "donuz qripi" deyilən qrip isə A qrupu viruslara aiddir və H1N1 adlanır. Virusları qrip virusları, paraqrip virusları, rine viruslar, adene viruslar, rota viruslar, entera viruslar törədir. Bu günə qədər elmə məlum olan cəmi 10 min virus mövcuddur. Koksaki virusu insanlar arasında yayılır. Virus entera viruslara aiddir və bağırsaqda yaranır".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycanda Koksaki virusunun yayılması barədə məlumatlar həqiqəti əks etdirmir: “Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı Koksaki virusuna yoluxma halı aşkarlanmayıb”. 

Qeyd edək ki, Koksaki virusu tarixdə ilk dəfə ABŞ-da, Nyu-Yorkun Coxsackie qəsəbəsində yayılıb. Koksaki virusu həzm sistemində yaşayır və artır. Nəcislə yayılan virus tiplərindən olan Koksaki bəzən soyuqlama simptomları ilə özünü büruzə versə də, bəzən ağır qızdırmalı xəstəliyə də səbəb olur.

Koksaki, adətən yaz-yay ayların müşahidə olunur. Xəstəlik zamanı xəstənin hərarəti qalxdıqdan sonra ağızın içində, yumşaq və sərt damaqda ağrılı qızartılı yaralar, ovuclarda və dabanlarda səpkilər yaranır.  Belə hallarda xəstəlik adətən herpes virusunun yaratdığı ağız yaraları ilə qarışdırılır.

Xəstəlik zamanı yaranan yaralar gözün üzərini örtür. Bu zaman qızartı, sulanma, ağrı, göz yaşarması və bulanıq görməyə səbəb olur.

Güclü yoluxucu xüsusiyyətə malik olan Koksaki virusuna qarşı hər hansı bir peyvənd yoxdur. Virus öz-özünə keçir. Koksaki virusu zamanı ancaq ağrıkəsicilərdən istifadə edilir.

5714
Teqlər:
Səhiyyə Nazirliyi, xəstəlik, AH1N1, H1N1 virusu, professor, "Koksaki" virusu, virus, Nəsib Quliyev
Əlaqədar
Yüz milyon insanı öldürən dəhşətli virus 100 il sonra oyana bilər
Gürcüstanda hansı virus yayılıb?
İki yüzdən artıq virus və xəstəlik yayılıb, diqqətli olun