Qrip epidemiyası

"Donuz qripi"nin Azərbaycana niyə keçmədiyinin səbəbi məlum oldu

11470
(Yenilənib 17:58 12.01.2019)
Məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlaması həyata keçirilir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Gürcüstanda H1N1 virusu ("donuz qripi") geniş şəkildə yayılıb. Son məlumatlara görə, virusa yoluxanlardan 14 nəfər dünyasını dəyişib. Gürcüstan xəstəxanalarında yüzlərlə xəstə bu virusdan müalicə alır. Ölkə ərazisində hər 100 min nəfərdən 256 nəfəri qrip virusuna yoluxub.

Qeyd edək ki, H1N1 virusu A tipi virusunun alt tipidir. A tipi viruslar ən geniş yayılmış viruslardır. Gürcüstan da Azərbaycana qonşu ölkə və azərbaycanlıların daha çox getdiyi yer olduğu üçün virusun Azərbaycana keçməsi riski çox böyükdür. Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu məqsədlə sərhəd-keçid məntəqələrində ciddi yoxlamalar aparılır.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin rəhbəri Natiq Axundov Sputnik Azərbaycan-a bildirib ki, əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip, xüsusilə "donuz qripi" kimi tanınan A (H1N1) virusu və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq iş aparılır.

"Bununla əlaqədar olaraq, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı, əzələ və oynaq ağrıları və s. əlamətlərlə özünü büruzə verən, xəstəliyi hava-damcı yolu ilə sağlam insanlara keçirə bilən fiziki şəxslər müəyyənləşdirilir. Bunun üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlaması həyata keçirilir" – deyə qurumun sözçüsü bildirib.

O, qeyd edib ki, xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün lazımi şərait yaradılıb və zəruri əşyalarla təchiz olunmuş yerlər müəyyən edilib: "Həmçinin xüsusi qoruyucu geyimlərdən istifadə etməklə nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirləri də həyata keçirilir".

Tibbi klinika
© Sputnik / Alexander Imedashvili

"Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "Baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir"- deyə Axundov əlavə edib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, Səhiyyə Nazirliyi, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün mütəmadi əlaqə mexanizmləri müəyyən edilib.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə isə, sərhədlərdə yoxlamalar Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir: "Gömrük Komitəsinin əməkdaşları avtomobilləri, avtonəqliyyat vasitələrini yoxlayır, müxtəlif kimyəvi maddələrlə dezinfeksiya edirlər. Pasport nəzarətindən keçən zaman isə termokameralar insanların hərarətini ölçür".

"Hərarəti yüksək olan şəxslər tibb məntəqələrinə dəvət olunurlar. Onlardan nümunə götürülür və ən yaxın ərazidəki Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilir. Mərkəzin əməkdaşları həmin nümunəni Taun Əleyhinə Stansiyaya göndərirlər. Taun Əleyhinə Stansiyadan cavab gəldikdən sonra həmin şəxslər ya hospitalizasiya edilir, ya da evdə müalicə almaq üçün buraxılır" – deyə SN-in məlumatında qeyd olunub.

O da vurğulanıb ki, bu günə qədər, təqribən, 1000 nəfərə yaxın insan müayinədən keçib və heç birində "donuz qripi" aşkar edilməyib.

11470
Teqlər:
keçid, sərhəd, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan, Gürcüstan, virus, donuz qripi, H1N1 virusu
Əlaqədar
"Donuz qripi" ilə bağlı son vəziyyət
Azərbaycana "donuz qripi"nə qarşı peyvənd gətirilib
Baş epidemioloq Azərbaycanda “donuz qripi”nin olub-olmamasına aydınlıq gətirdi
"Donuz qripindən" iki nəfər də öldü
Gürcüstanda "donuz qripi"nə yoluxanların sayı günbəgün artır