Пациентка проходит медицинский осмотр в одной из клиник города Баку

Bronxial astma insanların həyat fəaliyyətinə təsir etməyən xəstəlik imiş

150
(Yenilənib 19:08 30.12.2018)
Bronxial astmada iltihab daha çox allergik xarakter daşıyır

BAKI, 30 dekabr - Sputnik. Bronxial astma tənəffüs yollarının xroniki davamlı iltihab prosesidir. Dünyada geniş yayılan bronxial astma Azərbaycanda da insanları narahat edən ağciyər tənəffüs yolu xəstəliklərindəndir. Dünyada astma xəstələrinin sayı ümumi əhalinin 8-10 faizini təşkil edir. Bəzi ölkələrdə hətta bu rəqəm 12-14 faizə bərabərdir. Bronxial astma daha çox Amerikadadır, çünki orda infeksion xəstəliklərə demək olar ki, rast gəlinmir. Aparılan araşdırmalara görə ölkəmizdə 18 yaşdan yuxarı insanlar arasında astmadan əziyyət çəkənlərin sayı 7 faizə bərabərdir. Lakin uşaqlar arasında da bu xəstəliyə tez-tez rast gəlinir.

Bronxial astmada iltihab daha çox allergik xarakter daşıyır. Ona görə də astmaya allergik iltihabi xəstəlik kimi yanaşılmalıdır. Xəstəliyin əlamətləri boğulma tutmaları, paraksizm şəklində baş verən öskürək, döş qəfəsində sıxılma, tənəffüs diskomfortudur. Bu əlamətlər adətən tənəffüs yollarına kənardan birbaşa təsirlər zamanı üzə çıxır. Kənar təsirlərin ən birincisi allergik faktorlardır. Bunlar insanı əhatə edən məişət allergenləri və ətraf mühit amilləri ola bilər. Bəzən isə infeksiyon xəstəliklər, respirator virusları bronxial astma xəstəliyinin yaranmasına səbəb olmasa da, simptomlarını kəskinləşdirə bilirlər. Ətraf mühitin, havanın çirklənməsinin astmalı pasiyentlərə böyük təsiri var. Bakının havası ağciyər xəstələri və astmalı xəstələr üçün qənaətbəxşdir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pulmonologiya və allerqologiya şöbəsinin assistenti, professor Əlizamin Sadıqov məlumat verib.

O deyib: “Xroniki iltihablı astmaya təsir edib xəstəliyin gedişində dönüş yaratmaq, ona tam nəzarət etmək mümkündür. Buna kontrol konsepsiyası deyilir. Lakin hələ də astmanın tam olaraq müalicəsi dünyada mövcud deyil. Bronxial astmanı genetik və allergik problemlərlə əlaqələndiririk. Dünyada genetik fona təsir edən üsul olmadığına görə, aparılan müalicələrlə yalnız xəstəliyin gedişatı nəzarət altında olur. Burada həkim-xəstə əməkdaşlığı, pasiyentlərin mütəxəssisin tövsiyələrinə riayət etməsi, xəstələrin maarifləndirilməsi əhəmiyyətli rol oynayır. Belə ki, xəstə bronxial astmanın kəskinləşməsi, simptomların yaranması zamanı necə davranmalı olduğunu bilməlidir. Buna görə də xəstənin fəaliyyət planı tərtib edilir. Həmçinin xəstənin öz ağciyərinin funksional qabiliyyətini əvvəlcədən təyin edə bilməsi üçün cihaz da mövcuddur. Xəstədə funksional pisləşmə qeydə alınarsa, cihaz xəbərdarlıq edir. O zaman həkimlə əlaqə saxlanılmalı və lazım gələrsə, mütəxəssis müalicəni dəyişdirilməlidir. Xəstələrin müalicəsində irəliləyiş olsun deyə müasir müalicə üsullarından istifadə önəmlidir”.

Mütəxəssis bildirib ki, əksər hallarda irsi xəstəlik olan bronxial astmaya həm qızlar, həm də oğlanlar arasında rast gəlinir: “Bu xəstəlik uşaqlar arasında daha çox oğlanlarda aşkarlanır. Böyüklərdə isə əksinə olaraq bronxial astmadan əziyyət çəkənlər arasında qadınların sayı üstünlük təşkil edir. Buna səbəb orqanizmin fiziki imkanlarıdır. Belə ki, orqanizmin fiziki imkanları kişilərdə daha mükəmməldir. Qadınlarda astmanın uzunmüddətli remissiyası şansı çox azdır, hətta həyatboyu simptomlar davam edə, kəskinləşmələr ola bilər. Oğlanlarda isə 85-90 faiz hallarda böyüdükcə xəstəlik transformasiya olmaya bilər. Yalnız müxtəlif zərərli vərdiş və amillər astmanı geri qaytara bilər”.

Professor bronxial astmadan əziyyət çəkənlər, yəni asmatiklər üçün ciddi əks göstərişli qidaların olmadığını diqqətə çatdırıb. O bildirib ki, əgər xəstədə hər hansı bir qidaya qarşı allergiya yoxdursa, istənilən qidanı qəbul edə bilər. Lakin çox qida qəbulu astmaya mənfi təsir edir. Belə ki, piylənmədən əziyyət çəkən astmatiklərdə xəstəliyin kəskin forması müşahidə edilir, müalicənin təsiri 50 faiz itir. Çünki piylənmə səbəbindən ağciyərlərin ventilyasiya imkanları zəifləyir. Hətta çəkisi artıq olanlar arıqlayarsa, müalicə olmadan belə astmanın dinamikasında irəliləyiş əldə etmək mümkündür. Ona görə də asmatiklərə artıq çəki almaq tövsiyə olunmur. Bundan əlavə, onların siqaret çəkməsi məsləhət görülmür. Belə ki, astmalı xəstə siqaret çəkirsə, özünə ikitərəfli zərbə vurmuş olur. Birincisi, siqaret tüstüsündən gələn aqressiv effektdir. İkincisi isə bronxial astma xəstəliyinin gedişatına təsirdir. Həmçinin onlarda xroniki obstruktiv ağciyər xəstəliyinin inkişafı tez baş verir. Asmatiklərə maye qəbulu ilə bağlı məhdudiyyət qoyulmayıb. Əksinə onların orqanizmlərində hidratasiya nə qədər güclü olarsa, yəni nə qədər çox maye qəbul edərlərsə, bəlğəmin gəlməsi asanlaşacaq.

Mütəxəssis bronxial astmalı xəstələrin Ramazan ayında oruc tutması məsələsinə də toxunub. O bildirib ki, gün ərzində bir doza qəbul edib oruc tuta bilən asmatiklər var. Lakin kəskin astmadan əziyyət çəkənlərin, hərəkətsiz, həyat keyfiyyəti aşağı olanların oruc tutmağı məsləhət görülmür.

Ə.Sadıqov astmanın insanların həyat tərzinə təsir etməyən bir problem olduğunu deyib. Professor dünya və olimpiya çempionları arasında asmatiklərin olduğunu bildirib. O, qeyd edib ki, idman asmatiklərin həyatında vacib məqamlardan biri hesab edilməlidir və tövsiyə olunandır.

150