Ana və yeni doğulmuş körpə

Gözümüzün önündə böyük cinayət törədilir

94
(Yenilənib 13:41 02.12.2018)
"Donor südü məsələsi gündəmə gələrsə, süni qidaların satışı azalar"

Nigar Məhərrəm, Sputnik Azəbaycan

BAKI, 3 dekabr — Sputnik. Son illərdə Azərbaycanda süni uşaq qidalarının istehlakı artıb. Ana südü ilə qidalanan körpələrin sayında isə tədricən azalma qeydə alınıb. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən (DSK) Sputnik Azərbaycan-a verilən məlumata görə, 2017-ci ildə 3 aya qədər olan körpələrin 89.7 min nəfərindən 60,5 mini, 2016-cı ildə 3 ayadək olan 95.2 min körpənin 63 mini ana südü ilə qidalanıb.

Ötən ildə 6 ayadək olan 69,7 min körpədən 41.3 mini, 2016-cı ildə 6 ayadək olan 73.9 min körpədən 41,5 mini ana südü ilə bəslənib. 2017-ci ildə isə 12 ayadək körpələr arasında bu rəqəm 55,4 min olub.

Bu isə, öncəki illə müqayisədə ana südü ilə qidalanan körpələrin sayının 3 minədək azalması deməkdir. 1.5 yaşadək olan körpələrin də ana südü ilə qidalanmasında azalma qeydə alınıb. Belə ki, ötən ildə yalnız ana südü ilə qidalanan 1.5 yaşadək olan körpələrin sayı 16.8 min, 2 yaşadək olanların sayı isə 7.8 min olub. 2016-cı ildə isə 1.5 yaşadək ana südü ilə qidalananların sayı 20 min, 2 yaşadək olan belə körpələrin sayı isə 10 min olub.

Pediatr Aytən İsmayılzadə Sputnik Azərbaycan-a son illərdə süni qidalara marağın artması, ana südü ilə qidalanmanın azalmasına təsir edən səbəblər haqqında danışıb. Onun sözlərinə görə, son illər süni uşaq yeməklərinin daha çox tövsiyəsi ana südünə təşviqi azaldıb.

"Müxtəlif uşaq qidası firmaları neontoloqlara öz məhsullarını təklif edir. Neontoloqlar isə, həmin firma məhsullarını yeni ana olmuş qadınlara tövsiyə edirlər. Göründüyü kimi, vəziyyət çox acınacaqlıdır. Çünki müəyyən pul qarşılığında körpənin mədəsini süni qida ilə yükləmək cinayətdir" - ekspert bildirib.

A.İsmayılzadə süni uşaq qidalarının tərkibindən də söz açıb: "Bəzən körpənin doyması üçün analar vaxtsız olaraq süni qidaya keçirlər. Nəzərə almaq lazımdır ki, inək südündən ibarət olan bu süni qidalar körpələrdə allergiyanın yaranmasına səbəb ola bilər. Bununla yanaşı, inək südündən ibarət olan süni qidalar qəbzlik, köp və sancı yaradaraq, reflyuks, atopik dermatit kimi problemlərə də yol açır".

"Bu gün uşaqlar üçün nəzərdə tutulan süni qidalar qazanc mənbəyi hesab edilir. Süni qidaların satışının bu qədər geniş yayılması, daha çox istehlak edilməsi heç də müsbət hal deyil. Düşünürəm ki, analar maariflənərsə, həkimlər daha da vicdanlı olarsa, bununla yanaşı, donor südü məsələsi gündəmə gələrsə, süni qidaların satışı azalar" – deyə pediatr əlavə edib.

94
Teqlər:
pediatr, körpə, valideyn, süni, qida, uşaq, süd, ana
Əlaqədar
Körpə Erkin dünyaya göz yumdu...
Xərçəng xəstəsi olan körpənin son sözləri hamını hönkürtdü – FOTOLAR
Körpələr evində görüş keçirildi
Hava limanında əl çantasında körpə tapılıb - VİDEO
Məktəbdə qız, arxiv şəkli

Valideynlərin nəzərinə: övladlarınızı COVID-19-dan belə qoruyun

3
(Yenilənib 11:25 16.04.2021)
"İmmunitetin gücləndirilməsində yuxunun böyük əhəmiyyəti var. Uşaqlar hər gün eyni vaxtda yatmalı, səhərlər yuxudan doymuş halda oyanmalıdırlar".

BAKI, 16 aprel — Sputnik. Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Aygün Sadıxova “Həkim məsləhəti” rubrikasında “Uşaqları COVID-19 xəstəliyindən necə qoruya bilərik?” sualını cavablandırıb. Spiutnik Azərbaycan-ın xəbərinə görə, həkim uşaqların yeni növ koronavirusun yayılmasında daha fəal rol oynadığını deyib: "COVID-19 pandemiyası yeni başlayan dövdə uşaqların virusa yoluxmaları nadir hal sayılırdı. Hazırda isə bütün dünyada minlərlə uşağın bu təhlükəli xəstəliyə yoluxması halları qeydə alınıb. Uşaqlar əvvəllər olduğu kimi yenə parklarda, meydançalarda bir-biri ilə oynayırlar. Onların bir-birindən yoluxub gizli daşıyıcı ola biləcəyini nəzərə alsaq, deyə bilərik ki, uşaqlar yeni növ koronavirus infeksiyasına yoluxmada fəal rol oynayırlar. Ona görə də bu gün uşaqlarımızın COVID-19 xəstəliyindən qorunması məsələsi çox aktualdır".

"Uşaq həkimi kimi məsləhət görərdim ki, bütün valideynlər uşaqlara gigiyenik qaydalara riayət etməyi, sosial məsafə saxlamağı öyrətsinlər. Əlbəttə ki, uşaqların öz nənə və babalarının, başqa qohumlarının yanına qonaq getməsi yaxşı haldır, amma pandemiya dövründə bu, yaşlı insanları yoluxma təhlükəsi ilə qarşı-qarşıya qoymaq deməkdir. Bu kontaktları minimuma endirmək məsləhətdir. Həmçinin, uşaqların bir-biri ilə tez-tez ünsiyyətdə olmasını da azaltmaq lazımdır. Böyük bayram tədbirlərindən, ad günlərindən isə hələlik uzaq olmaları yaxşıdır", - deyə o əlavə edib.

O bildirib ki, uşaqların virusa yoluxmaması üçün onların immunitetinin də möhkəmləndirilməsinə diqqət yetirmək lazımdır: "Burada ilk növbədə, onların sağlam qidalanması və düzgün tərtib edilmiş gündəlik rejim mühüm rol oynayır. Gündəlik qida rasionunda zülalların kifayət qədər yer tutması zəruridir. Uşaqlar hər gün ət, kəsmik, süd məhsulları, vitamin və minerallarla zəngin meyvə-tərəvəz qəbul etməlidirlər".

"İmmunitetin gücləndirilməsində yuxunun böyük əhəmiyyəti var. Uşaqlar hər gün eyni vaxtda yatmalı, səhərlər yuxudan doymuş halda oyanmalıdırlar. Gecə yuxusu 8 saatdan az olmamalıdır.  Məsləhətdir ki, uşaqlar saat 22:00-a qədər yatmağa getsinlər. Belə ki, bu vaxt yuxuya getmiş uşaqların orqanizmində immuniteti bərpa edən və tənzimləyən hormonlar, o cümlədən melatonin hazırlanır. Ümumiyyətlə, hər gün erkən yatan uşaqlar respirator virus infeksiyalarına az yoluxurlar. Uşaqlarda COVID-19 xəstəliyinin hər hansı əlamətlərini müşahidə etdikdə, özbaşına müalicə etməmək, mütləq pediatra müraciət etmək lazımdır", - deyə həkim əlavə edib.

3
Teqlər:
həkim, uşaqlar, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
AstraZeneca peyvəndi, arxiv şəkli

Angela Merkel "AstraZeneca" ilə vaksinasiya olunacaq

10
Kansler prosedurun vacibliyini vurğulayaq bildirib ki, bəşəriyyət yalnız bu yolla pandemiyanın qarşısını ala bilər.

BAKI, 16 aprel — Sputnik. Almaniya Kansleri Angela Merkel cümə günü, aprel ayının 16-da "AstraZeneca" peyvəndi ilə vaksinasiya olunacaq. Bu barədə "Welt" nəşri məlumat yayıb.

Qeyd edək ki, Merkel bir qədər bundan əvvəl koronavirus infeksiyasına qarşı "AstraZeneca" preparatı ilə vaksinasiyaya hazır olduğunu, ancaq növbəsini gözlədiyini bildirmişdi.

Kansler bu prosedurun vacibliyini də vurğulayaq bildirib ki, bəşəriyyət yalnız bu yolla pandemiyanın qarşısını ala bilər.

Xatırladaq ki, Avropa Dərman Agentliyi "AstraZeneca"-nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Maraqlıdır ki, Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa və İtaliya sözügedən preparatla vaksinasiya prosesinə ara verib. Daha sonra Danimarka "AstraZeneca"-nın peyvəndinin tətbiqini tamamilə dayandırıb.

10
Rusiya ilə sərhəd

Azərbaycan polisindən xəbərdarlıq: Rusiyada qanun dəyişib

0
(Yenilənib 11:30 16.04.2021)
Rusiya Federasiyasının (RF) "Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında" federal qanunvericiliyində dəyişiklik edilib.

BAKI, 16 aprel — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

BDYPİ-dən Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir:

"Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə!

Tərəfdaş qurumlar tərəfindən verilmiş rəsmi məlumata istinad edərək bildiririk ki, Rusiya Federasiyasının (RF) "Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında" federal qanunvericiliyində dəyişiklik edilib.

Belə ki, hazırda qüvvədə olan dəyişikliyə əsasən, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsi Rusiya Federasiyasının (RF) dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduğu zaman həmin nəqliyyat vasitəsilə əvvəllər RF ərazisində törədilən inzibati xətaya görə nəzərdə tutulan inzibati cərimənin ödənilməməsi halı aşkarlanarsa, qeyd olunan nəqliyyat vasitəsinin RF ərazisində hərəkətini davam etdirməsinə yalnız sözügedən inzibati cərimənin ödənilməsindən sonra icazə verilir.

Xarici daşıyıcı və ya onu təmsil edən nümayəndə nəqliyyat vasitəsi Rusiya Federasiyasının dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduqdan sonra 3 saat ərzində inzibati cərimə öhdəliyini yerinə yetirməlidir. Əks təqdirdə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasının ərazisindən xaric edilməsi üçün qanunla müəyyən olunmuş tədbirlər görüləcəkdir.

Bununla yanaşı, sözügedən qanunun müvafiq müddəalarının qüvvəyə minəcəyi 2021-ci il 7 iyul tarixindən etibarən eyni qaydaların Rusiya Federasiyasını tərk etmək istəyən xarici daşıyıcıya məxsus nəqliyyat vasitələrinə də şamil olunacağı nəzərdə tutulub. Yəni xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsilə Rusiya Federasiyasının ərazisində törədilmiş inzibati xətaya görə nəzərdə tutulan inzibati cərimə ödənilmədiyi təqdirdə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasının ərazisini tərk etməsinə məhdudiyyət tətbiq ediləcəkdir.

Eyni zamanda bildiririk ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Dövlət Yol Müfəttişliyinin rəsmi internet səhifəsində (гибдд.рф) xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ödənilməmiş inzibati cərimələri haqqında məlumat əldə etmək imkanı yaradılıb".

0
Teqlər:
qanun, cərimə, dəyişiklik, Rusiya, müraciət, sürücülər, DYP