Leyla Tağıyeva

Gənc qız yaşamaq istəyir

1039
(Yenilənib 16:54 25.11.2018)
"Analizlərin cavabına və aparılan müalicələrin nəticəsinə baxıb düzgün müalicə aparılmadığını söylədi"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Astara rayonu Ərçivan qəsəbəsinin sakini Natiq Tağıyevin 26 yaşlı qızı Leyla dializ xəstəsidir. Gənc qız artıq 7 ildir ki, böyrək çatışmazlığından əziyyət çəkir, hemodializ alır.

N.Tağıyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, qızı 4-5 il Bakıda müalicə alıb: "Dializ xəstəsi olmamışdan öncə böyrəklərindən müalicə olundu. Çünki böyrəklərində büzüşmə gedirdi. Ona qədər isə Günayın böyrəklərində problem olduğundan xəbərsiz idik. 19 yaşı olanda nişanlandı. Ailə qurmamışdan öncə tibbi müayinədən keçirdik, böyrəyində duz çıxmışdı. Müalicə etdirməyə başladıq. Öncə Astarada müalicə olundu, sonra isə Lənkərana apardıq".

Leyla Tağıyeva
© Sputnik / Rahim Zakiroğlu
Leyla Tağıyeva

Atanın dediklərinə görə, müalicənin ilkin mərhələsindən sonra Leylanın səhhəti geriləməyə başlayıb: "Lənkəranda 3 kurs müalicə aldı, yenidən səhhəti pisləşdi. Sən demə, əks müalicə gedirmiş, daha sonra Bakıya apardıq. Orada da qızımın böyrəklərindən birinin, tamamilə, bağlandığını dedilər. Bakıda dost-tanışın köməkliyi ilə başqa bir həkim tapdıq. O, Leylanın analizlərinin cavabına və aparılan müalicələrin nəticəsinə baxıb, düzgün müalicə aparılmadığını, aparılan bütün müalicələrin əks getdiyini söylədi".

"Həmin həkim qızımı Urologiya Xəstəxanası (M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana – red.) aparmağı tövsiyə etdi. Orada Leylanı İlham adlı bir həkim 3 il müalicə etdi. Həmin müddətdə qızımın vəziyyəti stabilləşdi. 2012-ci ildə isə Leylanı Respublikanskiyə (Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanası – red.) apardım. Orada artıq 2-ci gündən uşağın vəziyyəti pisləşdi. Həkimini dəyişdirsəm də, xeyri olmadı. Həkim bir gecədə məndən 700 manatlıq dərman almağımı istədi. Elə həmin gecə də uşağın qanında zəhər artdı və qızım dializə düşdü" – həmsöhbətimiz deyib.

Leyla həmin vaxt 3 ay Bakıda, 4 il Lənkəranda dializ alıb. Artıq 3-cü ildir ki, Astarada dializ olunur. Hər gün səhhəti pisləşir, ölümlə üz-üzə qalır.

Hesab nömrəsi
© Sputnik / Rahim Zakiroğlu
Hesab nömrəsi

Dörd övlad atası olan N.Tağıyev onu da əlavə edib ki, uşaqların hamısı bacılarına öz böyrəklərini verməyə hazırdırlar: "Üç qızım, bir oğlum var, onlardan ancaq Leylada bu problem yaranıb. Uşaqların hamısı bacısına böyrək vermək istəyirlər. Ancaq böyük qızım Gülşənin böyrəyi uyğun gəlir. Leyla ilə Gülşənin qan qrupu uyğundur, yəni donor var. Lakin əməliyyat üçün tələb olunan vəsaiti ödəməyə imkanımız çatmır. Əməliyyat üçün analizlərə 8000 manat, böyrək köçürülməsi əməliyyatına isə 25000 manat lazımdır".

"Allah kənd camaatından razı olsun, balamın müalicəsində bizə köməklik edirlər. Çox böyük əziyyətlər hesabına bu günə kimi gəlib çıxa bilmişik. İndi imkanlı şəxslərdən xahiş edirəm ki, qızımın əməliyyatı üçün lazım olan vəsaiti ödəməkdə bizə kömək etsinlər. Allah xətirinə yardım etsinlər bizə!" – deyən çarəsiz ata yardım istəyib.

Leyla Tağıyevanın atası Sputnik Azərbaycan-a Leylanın bank hesab nömrəsini də təqdim edib.

1039