CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Donor olmadığından xəstələr dünyasını dəyişir

© Sputnik / Varvara Gertye / Mediabanka keçidDonor
Donor - Sputnik Azərbaycan
Abunə olmaq
"Xəstə və xəstəliklərin sayı artsa da, donorların sayı məhduddur" - Mircəlal Kazımi

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Bu gün dünyada milyonlarla insanın donor orqana ehtiyacı var. Donor orqan tapmadığı üçün hər il ölənlərin sayında artım nəzərə çarpır.

Adil Qeybulla, həkim - Sputnik Azərbaycan
Qeybulla: “Bizdə ən böyük problem donor bankının yaradılmasıdır”

Təkcə ABŞ-da hər il 123 mindən artıq xəstə donor orqana sahib olmaq üçün hazırlanan siyahıda növbəsini gözləyir. Bu gün isə onların 75 mininin həyatı riskdədir. Bu xəstələrin 100 minindən çoxunun donor böyrəyə ehtiyacı var. Təkcə 2014-cü ildə ABŞ-da 17 min böyrək transplantasiyasi həyata keçirilib. Lakin donor böyrək tapmadığı üçün hər il təxminən 4 min 761, gündəlik olaraq isə 13 xəstə dünyasını dəyişir. Bu ölkədə hər 14 dəqiqədə donor böyrəyə ehtiyacı olanların sayında artımlar olur.

Hazırda müxtəlif ölkələr "Donor ol, kiminsə həyatını xilas et" şüarı ilə təbliğat kampaniyasına başlayıb. Lakin canlı donordon bir çox orqanları köçürtmək mümkün olmadığı üçün inkişaf etmiş ölkələr tərəfindən meyitdən donorun köçürülməsi üçün alternativ yollara əl atılıb.

Artıq Azərbaycanda da bu istiqamətdə müəyyən işlər görülür. Milli Məclisin Səhiyyə komitəsinin üzvi Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "1999-cu ildə "İnsan orqan və toxumaların transplantasiyası haqqında" qanun qəbul edilib. Bu gün də həmin qanun qüvvədədir. Lakin meyit donordan orqanın köçürülməsi üçün bu qanun kifayət deyil. Bu məqsədlə Milli Məclisin Səhiyyə komitəsində işçi qrupu yaradılıb. Artıq işçi qrupu tərəfindən yeni qanun üzərində işlər gedir. İşçi qrupu qanun layihəsini hazır hesab etdikdə isə onu Səhiyyə komitəsinin müzakirəsinə təqdim edəcək. Komitənin müzakirəsindən sonra isə rəylərinin alınması üçün qanun layihəsi müvafiq nazirliklərə göndəriləcək. Daha sonra işçi qrupu verilən təklifləri dəyərləndirəcək. Yalnız bundan sonra qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq. Komitə məsləhət görərsə, Milli Məclisə tövsiyə ediləcək".

"Hazırda meyitdən donor köçürülməsi təcrübəsini mənimsəmək üçün başqa ölkələrin də praktikasını öyrənir, mütəxəssislər dəvət edirik. Türkiyənin "Orqan Donorluğu" adlanan qurumu ilə də bu istiqamətdə müzakirələr aparılır. Müzakirə edilən qanun layihəsi üçün onların da rəyini öyrənəcəyik. Böyük ehtimalla, qanun layihəsini gələn il Milli Məclisin yaz sessiyasında parlamentdə təqdim edəcəyik" – deyə millət vəkili əlavə edib.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi Sputnik Azərbaycan-a açıqlamasında digər ölkələrin təcrübəsinin Azərbaycanda tətbiqinin vacib olduğunu deyib: "Bu il 72 böyrək transplantasiyası və 11 qaraciyər transplantasiyası həyata keçirmişik. Lakin bu gün Azərbaycanda gözün buynuzlu qişası, ürək, ağciyər, mədəaltı vəzi çatışmazlığından əziyyət çəkənlərin də sayı az deyil. Hazırda ölkəmizdə canlı, qohum donordan orqan köçürtməsini həyata keçirdiyimiz üçün yalnız qaraciyər və böyrək transplantasiyasını reallaşdırmaq mümkündür. Lakin Azərbaycanda yalnız böyrək və qaraciyər çatışmazlığı deyil, digər orqan çatışmazlığından əziyyət çəkənlər də var. Xüsusən qeyd etməliyik ki, bu gün Azərbaycanda ürək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı yetəri saydadır. Lakin onlar canlı donordan orqan ala bilmirlər".

"Bu gün orqan çatışmazlığından əziyyət çəkən xəstələrin sayı ilə donorların sayının nisbəti tərs mütənasibdir. Xəstə və xəstəliklərin sayı artsa da, donorların sayı məhduddur. Bu səbəbdən də xəstələr donor tapmaqda çətinlik çəkirlər. Belə xəstələr üçün ən alternativ variant meyitdən orqan köçürülməsidir. Lakin təəssüflər olsun ki, bu gün biz meyitdən orqan köçürə bilmirik" - deyə M.Kazımi əlavə edib.

Həmsöhbətimiz donor çatışmazlığından əziyyət çəkənlərin sayı ilə bağlı konkret statistikaya sahib olmadığını deyib: "Orqan çatışmazlığından əziyyət çəkib, əməliyyat edilə bilmədiyi üçün dünyasını dəyişənlərin sayı da az deyil".

Rəhim Rəhimov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Böyrəyi dəyişdirilən aktyor donorunun adını açıqladı

Müxtəlif ölkələrin vətəndaşları sosial şəbəkə hesablarında "Donor ol, bir insanın həyatını xilas et!" şüarı ilə "ölümümdən sonra orqanlarımı bağışlayıram" başlıqlı statuslar paylaşaraq digərlərini də bu işə təşviq edirlər. Bu gün meyitdən orqan köçürülməsi təcrübəsi qonşu Türkiyədə təsdiqini tapıb. Türkiyədə yaşayan həmyerlimiz Şəbnəm Karslı Sputnik Azərbaycan-a açıqlamasında oradakı təcrübədən söz açıb: "Dövlət xəstəxanalarının nəzdində ayrılan xüsusi otaqlara daxil olaraq bu blankı dolduracaq hər kəs hansı orqanlarının bağışlanması ilə bağlı sorğunu cavablandırır. Donor hansı orqanlarının bağışlanmasını istəyirsə, qarşıdakı çərçivəyə işarə qoyur. Bir neçə gün öncə həmin blankı dolduraraq bütün çərçivələri işarələdim".

"Dövlət tərəfindən isə orqan bağışlayan şəxslərin hüquqları qorunur ki, onlar heç bir təhlükə ilə üzləşməsin" – deyə həmsöhbətimiz əlavə edib.

Ş.Karslının sözlərinə görə, cinayət və bu kimi arzuolunmaz hadisə baş verərsə, orqanlar bağışlanmır. 

Xəbər lenti
0