İnsan gözü

Gözümüzün nuru əldən gedir...

9848
(Yenilənib 14:59 22.11.2018)
Azərbaycanda ötən il 0-17 yaşlılar arasında 794 görmə əngəlli insan qeydə alınıb

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 22 noyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi statistikasına görə, bu gün dünyada 7 milyard əhalinin 300 milyondan çoxu 100 faiz görmə qabiliyyətinə malik deyil. 40 milyon insan isə kordur. Onların 1.5 milyonu uşaqlardır. ÜST-ün hesabatına görə, dünyada hər il görmə patologiyası 45 min artır.

Azərbaycanda isə görmə əngəlli insanların sayı 30 min nəfərdir. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən il 0-17 yaşlılar arasında 794 görmə əngəlli insan qeydə alınıb.

Bəs, korluqla mübarizə üçün nələrə əməl edilməlidir? Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Sputnik Azərbaycan-a bu haqda danışıb.

Həmsöhbətimiz bu gün şəkər xəstələri arasında yaranan ən böyük problemin, məhz görmə ilə əlaqədar olduğunu deyib: "Son illərdə dünya üzrə şəkərli diabet xəstələrinin sayı artıb. Nəzarət edilməyən şəkər xəstələri arasında korluq daha çox qeydə alınır. Vaxtında müayinə və müalicə olarsa, 80 faizədək korluğun qarşısını almaq mümkün olar".

Ekspert normal görmə üçün bir sıra nüanslara diqqət yetirilməsinin vacib olduğunu bildirib: "Görmə üçün ilk növbədə qida balansına nəzarət etmək lazımdır. Qidalarımız A, C, B2 vitaminləri ilə zəngin olmalıdır. Normal görmə üçün kərəyağı, yumurta, yerkökü, qarağat yemək tövsiyə olunur. Bununla yanaşı, bəzi zərərli vərdişlərdən də uzaq olmaq lazımdır".

"Tütün və spirtli içkilər isə görmə üçün ziyanlıdır. Siqaretin evdə çəkilməsi ətrafdakıların görmə qabiliyyətinə mənfi təsir edir. Uşaqlar da tütünə həssas olduğu üçün belə olan halda onların da görməsində problemlər yarana bilər. Tütünün təsirindən tor qişasında zəifləmə, gözün selikli iltihabı yarana bilər" – deyə həmsöhbətimiz əlavə edib.

Y.Abdiyeva hamilə qadınlara da bir sıra məsləhətlər verib: "Hamilə ikən spirtli içki qəbul etmək təhlükəlidir. Bəzən qadınlar hamilə ikən belə, spirtli içkilər qəbul etdiyi üçün körpə görmə problemi ilə doğulur".

Həmsöhbətimiz valideynlərə tövsiyə edib ki, övladları kitab oxuyarkən, televiziya izləyərkən diqqətli olsunlar: "Uşaqlar kitab oxuyarkən aradakı məsafənin, ən azı 30-35 santimetr olmasına diqqət etməliyik. Bundan başqa, televiziya önündə əyləşən uşaqla aradakı məsafə ən azı 2 metr olmalıdır. Kompüter qarşısında da uzun müddət oturmaq olmaz. 40 dəqiqədən sonra 10 dəqiqəlik kompüter önündən ayrılmaq lazımdır. Əks halda, quru göz sindromu yaranacaq. Bu kimi problemləri aradan qaldırmaq üçün göz gimnastikası etmək məsləhətlidir".

Qeyd edək ki, bu gün göz xəstəlikləri sırasında refraksiya diaqnozu 43 faiz, əməliyyat olunmayan mirvari suyu diaqnozu isə 33 faizdir. Növbəti yerdə qlaukoma xəstələri yer alıb.

Azərbaycanda isə bu problemlərin qarşısının alınması üçün Səhiyyə Nazirliyi tərəfindən müəyyən addımlar atılır. 2005-ci ildən etibarən səyyar göz klinikası təşkil olunub. Bu illər ərzində respublika üzrə səyyar klinikaya müraciət edənlərin sayı 30 mindən artıq olub.

9848
Teqlər:
uşaq, göz, insan, səhiyyə
Əlaqədar
Göz yorğunluğunun kompüter ilə əlaqəsi barədə nə bilirik?
Bizə acımanızı istəmirik: Əlil aktyorlar tamaşaçıları göz yaşına boğdular
Körpə Erkin dünyaya göz yumdu...