Tibbi alətlər

Azərbaycanda 21 il səhv diaqnozla yaşayan xəstə uğurla əməliyyat olundu

292
(Yenilənib 17:25 08.11.2018)
Xəstənin ağciyərinin çirklənmiş və fəaliyyətini itirmiş 2 payı çıxarılıb

BAKI, 8 noyabr — Sputnik. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 21 il öncə səhv diaqnozla müalicə alan 27 yaşlı xəstə uğurla əməliyyat olunub. Sputnik Azərbaycan-a ATU-nun mətbuat xidmətindən bu haqda məlumat daxil olub.

Arif Ağayev
© Arif Ağayevin şəxsi arxivindən
Arif Ağayev

Klinikanın torakal cərrahı Arif Ağayev bildirib ki, xəstədə ön divar aralığında (ürəklə ağciyərlər arasında) anadangəlmə törəmə olub: “5-6 yaşından davamlı öskürək, boğulma, davamlı yüksək temperaturdan, döş qəfəsində şiddətli ağrılar şikayətləri ilə müxtəlif xəstəxanalarda uzun müddətli müalicələr alıb. Lakin  həmin illərdə Azərbaycan səhiyyəsindəki durum indiki ilə müqayisədə yüksək olmadığı üçün xəstəyə səhv diaqnoz qoyulmuşdu”.

A.Ağayev müxtəlif vaxtlarda xəstənin yanlış xəstəliklərdən müalicə aldığını da deyib: “Xəstənin anadangəlmə qüsuru yanlış dəyərləndirilib. Hətta müxtəlif vaxtlarda xəstə vərəm, astma, pnevmoniya və s. kimi yanlış xəstəliklərdən müalicə alıb”.

“Məlum olub ki, törəmə 21 il öncə irinləyərək ağciyərə yol açıb. Bu illər ərzində çirk iki orqan arasında yaranmış yoldan ağciyərə tökülüb. Ona görə də həkimlər bunu ağciyərin problemi kimi qəbul ediblər”, — deyə cərrah bildirib.

A.Ağayevin sözlərinə görə, xəstə klinikaya müraciət etdikdə davamlı olaraq bəlğəmli öskürəkdən, temperaturun yüksəlməsindən, təngənəfəslikdən şikayət edib: “Xəstə deyir ki, nə qədər müalicə olunsa da, bu problemlər aradan qalxmayıb. Müayinələr əsasında xəstənin ön divar aralığı dediyimiz bölgəsində törəmə olduğu aşkarlanıb. Xoşxassəli törəmə anadangəlmə dermoid sist və ya teratoma kimi dəyərləndirilib”.

Cərrah xəstənin vərəm olmadığı təsdiqləndikdən sonra əməliyyat edildiyini bildirib: “Nəticədə xəstənin törəməsi, ağciyərin çirklənmiş və fəaliyyətini itirmiş 2 payı çıxarılıb”.

Qeyd edək ki, 8 saat yarım davam edən əməliyyat uğurla başa çatıb. Əməliyyatdan sonra xəstənin vəziyyətinin normal olduğu bildirilir.

292