Depressiyada olan adam, arxiv şəkli

Nevroloq: "Bu əlamətlərdən hansısa varsa, mütləq həkimə müraciət edin"

9510
(Yenilənib 16:25 28.10.2018)
"Elə psixoloji problemlər var ki, onlar haqqında hamının bilməyi vacibdir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Bu gün insanların əksəriyyəti depressiyada olduğundan şikayətlənir. Böyükdən tutmuş kiçiyə qədər, istənilən yaş dövründə olan insan fərqinə belə varmadan depressiyaya düşdüyünü deyir. Onlayn depressiya testləri, saysız psixoloqlar ordusu isə bu "xəstəliyin" qarşısında, demək olar ki, aciz qalıb.

Maraqlıdır, əslində depressiya nədir, nədən və necə yaranır? Sputnik Azərbaycan-ın müxbiri bu və ya digər suallara cavab tapmaq üçün Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədova müraciət edib və hər kəsi depressiya ilə bağlı maraqlandıran suallara cavab tapmağa çalışıb.

Qalib Əsədov
© Sputnik / Irade JELIL
Qalib Əsədov

— Qalib həkim, indi hamı depressiyada olduğunu deyir, həyatdan bezdiyindən şikayətlənir. Depressiya nədir axı?

— Elə psixoloji problemlər var ki, onlar haqqında hamımızın bilməyi vacibdir. Deyərdim ki, depressiya da haqqında bilməyimiz vacib olan ən əsas problemlər sırasındadır. Çünki ətrafımıza diqqətlə baxsaq, hansısa ailə üzvümüzün və ya hansısa dostumuzun depressiyada olduğunun fərqinə vara bilərik. Sadalayacağım əlamətlərin bəziləri hansısa şəxsdə varsa, bu, onun depressiyada olduğunu göstərir.

Özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması, qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu, daha əvvəl zövq alınan iş və fəaliyyətlərdən, hətta cinsi əlaqədən belə zövq ala bilməmək, işdə, məktəbdə, ailə və dostları ilə əsassız yerə problemlərinin olduğunu düşünmək. Həmçinin digər insanlardan uzaqlaşma, tək qalma istəyinin olması və özünə qapanmaq, enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə, yuxu pozğunluğu, iştahasızlıq və yaxud, əksinə çox yemək. Səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək. Son zamanlarda çox spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanları istifadə etmək ehtiyacı hiss etmək. Özünə zərər vermə, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək. Gələcəyə ümidsizlik, işdən əli üzülmək və heç bir iş görə bilməmək.

— Depressiya nədən yaranır?

— Depressiya bəzən səbəb olmadan, qəfildən meydana çıxır. Bəzən isə stressli bir həyat hadisəsindən sonra başlayır. Bir dəfə başlayıb, çox uzun müddət, hətta bir ömür boyu də çəkə bilər. Ya da qısa müddətli və tez-tez təkrarlanan ola bilər. Depressiya şiddətləndikdə xəstələr heç bir işlə məşğul ola bilmir və yaxud nə isə etməyə çalışsalar belə, özlərini bədbəxt hiss edirlər.

— İnsan depressiyada olduğunu necə bilə bilər?

— Depressiyada olduğumuzu bilmək üçün az əvvəl sadaladığım əlamətlərin hamısının eyni anda olması lazım deyil. Bu şikayətlərin bir neçəsi varsa, həkimə müraciət etmək məsləhətdir. Ən çox müşahidə olunan əlamətlərdən biri yuxu və iştaha pozğunluğudur. Yuxu pozğunluğu bir xəstəlik deyil, başqa xəstəliklərin olduğunu göstərən bir əlamətdir. Səbəbinin mütləq araşdırılması lazımdır. Səbəbi ya fiziki, ya da psixoloji xəstəliklərdən biri ola bilər. Belə bir şikayətiniz varsa və uzun müddətdir davam edirsə, ətrafınızdakı insanların təklif etdiyi dərmanları və ya məsləhətsiz aldığınız yuxu dərmanını istifadə etmək yerinə, bir ekspertə müraciət edərək, əsas səbəbi araşdırmağınız məsləhətdir. Əgər bu sadalanan əlamətlər eyni anda kimdəsə varsa, deməli həmin şəxs çox ağır depressiyadadır.

— Depressiya ciddi xəstəlikdir?

— Bəli, depressiya ciddi xəstəlikdir. Bundan müalicə olunmaq üçün vaxtında ciddi tədbirlər görülməsə, uzun müddət davam edib, daha da ağırlaşa bilər. Ağır depressiyalar zamanı isə xəstənin intihara cəhd etmə ehtimalı olduqca yüksəkdir. Əminəm ki, bizim ölkədə də bir çoxları bu xəstəlikdən əziyyət çəkdikləri halda müalicə olunmurlar. Əgər yaxınınız intihar barədə danışırsa, təcili olaraq həkimə müraciət etmək lazımdır. Unutmayın ki, depressiyaya hər kəs düşə bilər, hətta kənardan çox güclü görünən və belə xəstəliyə düşmək üçün heç bir ciddi səbəbi olmayan biri belə. Bu xəstəlikdən sağalmaq isə hər kəsin öz əlindədir.

— Depressiyanı müalicə etmək mümkündürmü?

— Əvvəlcə səbəbi aradan qaldırmaq lazımdır. Xəstə onu müalicə edən həkimə inanmalıdır. Onda özünə inam yaradılmalıdır. Ən yaxşı müalicə psixoterapiyadır. Belə xəstələr özünün daxili həyəcanını, müxtəlif hisslərini hərtərəfli olaraq həkimə izah etmək istəyir, çox arzu edir ki, həkim onu diqqətlə dinləsin. Odur ki, belə xəstəni müalicəyə başlayan həkim çox hövsələli və sakit olmalıdır. Belə xəstə həkimlə lazımi qədər söhbət edib, "ürəyini boşaltdıqdan" sonra özündə rahatlıq və yüngüllük hiss edir.

— Dərman müalicəsi necə aparılmalıdır?

— Dərman müalicəsi təyin etdikdə xəstənin şikayətləri və ümumi halı nəzərə alınmalıdır. Ən əhəmiyyətli müalicə sanatoriya-kurort müalicəsidir. Somatonevroloji tipli sanatoriyalar daha münasib sayılır. Xəstənin sinir sisteminin sakitləşməsi üçün səyahət, ov, dəniz gəzintisi çox xeyirlidir.

9510
Əlaqədar
İsmayılov: "Azərbaycanda depressiya və sui-qəsdlərin sayı dəfələrlə artıb"
Aslanova: “İnsanlar alış-veriş etməklə depressiyadan uzaqlaşmaq istəyirlər”
Depressiyanın dərmanı tapılıb
İlham Əliyev: "Ermənistan depressiyada yaşayan bir ölkədir"
Koronavirus testi, arxiv şəkli

Bu gün COVID xəstələri antirekord vurublar

4
Əvvəlki rekord iyulun 10-da qeydə alınmışdı. Həmin gün sutka ərzində yeni yoluxanların sayı 228 mindən çox olmuşdu

BAKI, 12 iyul — Sputnik. Son sutka ərzində dünyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bir sutkada 230370 nəfərdə yoluxma aşkarlanıb, 24 saat ərzində 5285 xəstə dünyasını dəyişib. 

Pandemiya başlayandan indiyədək 12 552 765 nəfər SARS-Cov-2 virusuna yoluxub. Virusun səbəb olduğu COVID-19 xəstəliyindən 561 617 insan ölüb.

Əvvəlki rekord iyulun 10-da qeydə alınmışdı. Həmin gün sutka ərzində yeni yoluxanların sayı 228 mindən çox olmuşdu.

Dünya ölkələrində koronavirus pandemiyası səbəbindən aclıqdan ölənlərin sayının artacağı deyilir. Beynəlxalq xeyriyyə təşkilatı Oxfam iddia edir ki, “aclıq böhranı” infeksiyadan daha çox insan öldürə bilər. Mütəxəssislərin rəyinə görə, 2020-ci ilin sonunadək aclıqdan və ya qida çatışmazlığından gündə 12 minədək insan ölə bilər. Koronavirusdan bir gündə ölənlərin rekord sayı isə aprelin 17-də qeydə alınıb – 8890 ölüm.

4
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib
Koronavirus cəbhəsində itkilərimiz: 520 yeni yoluxma, daha səkkiz nəfər dünyasını dəyişdi
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı
Bakı dənizkənarı bulvarı

Azərbaycanda dənizçilər arasında yoluxma: gəmi heyətinin yarısı xəstələnib

14
(Yenilənib 20:48 12.07.2020)
Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər

BAKI, 12 iyul — Sputnik. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.

Məlum olub ki, 35 heyət üzvündən 19-u koronavirusa yoluxub.

Xəstələr Bakı Atletlər Kəndində müalicəyə cəlb olunublar.

Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər.

14
Teqlər:
gəmi, Xəzər dənizi, dəniz, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Koronavirus cəbhəsində itkilərimiz: 520 yeni yoluxma, daha səkkiz nəfər dünyasını dəyişdi
Azərbaycanda keçmiş nazirin koronavirusdan sağalan xanımı və anası vəfat etdilər
Səhnəmizin Leylisi koronavirusa yoluxub, vəziyyəti ağırdır
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Zaqatala rayonunda çay, arxiv şəkli

Çayda batan əsgərin yaxınlarını onun boğulduğu əraziyə apardılar

0
Hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin meyitinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər

BAKI, 12 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin Alazan çayında batan əsgərinin yaxınları hadisə baş verən əraziyə aparılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, əsgər Fərdi Yarəliyevin qohumları onun öldüyü çay kənarında olub, şahidlər və əsgər yoldaşları ilə görüşüblər. 

Əsgərin çayda üzməsinə şahid olan, ona bunun təhlükəli olduğunu deyən  Zaqatala rayonu 1-ci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini mərhumun valideyninə danışıb.

Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub.

Məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib.

Zaqatala hərbi prokuroru Surxay Hüseynov əsgərin yaxınları ilə görüşüb, mərhumun meyitinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, suallar cavablandırılıb.

Qeyd edək ki,  hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin meyitinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər.

0