Psixoterapevt Təhmasib Cavadzadə

"Qadın pasientim özünü 12-ci imam adlandırırdı"

15155
(Yenilənib 10:09 21.09.2018)
Təhmasib Cavadzadə: "Belə insanlar özlərində olan problemi görmürlər, elə bilirlər ki, hər kəs xəstədir, bir tək onlar sağlamdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Şizofreniyalı xəstələr deyəndə insanların ağlına qeyri-adi hadisələr törədən şəxslər gəlir. Belə insanlar həm özlərinə, həm də ətrafdakılara zərər vura biləcək qədər təhlükəli olurlar. Amma çoxumuz bu xəstəliyin nədən yarandığını, hansı fəsadlarının olacağını bilmirik.

Psixoloq, psixoterapevt və seks terapevti Təhmasib Cavadzadə Sputnik Azərbaycan-a müsahibəsində bu barədə ətraflı danışıb. Mütəxəssis, həmçinin çalışdığı müddətdə qarşılaşdığı şizofreniyalı xəstələr barədə məlumatlar verib.

- Doktor, şizofreniyalı xəstələrlə işləmək çətin deyil?

— Əlbəttə ki, çətindir. Mən xəstəxanada işə başlayanda iki həftə durmadan başım ağrıyıb. Daha sonra bu vəziyyətə uyğunlaşdım. Tələbələrim işlədiyim müəssisəyə gələndə oranın aurasını görüb, mənim o vəziyyətdə necə işlədiyimi soruşurlar. Cavab verirəm ki, bu, mənim işimdir və artıq adi qarşılayıram.

Psixoterapevt Təhmasib Cavadzadə
© Sputnik / Murad Orujov
Psixoterapevt Təhmasib Cavadzadə

- Şizofreniya nədən yarana bilər?

— Müəyyən xəstəliklər var ki, onlara hamı şizofreniyalı kimi baxır. Bu, belə deyil. Nevroz və psixoz xəstəliklər var. Nevroz öz-özünə və ya müalicə ilə sağalan xəstəlikdir. Nevrozun daxilində onlarla xəstəlik yatır və onlar müalicə olunur. Buna fobia, panikatak və digərlərini misal göstərmək olar. Bu xəstəliklər hər bir insanın başına gələ bilər. Psixoz isə daha ciddi və təhlükəli xəstəlikdir, adətən irsi keçir. Bunlardan ən geniş yayılmışı şizofreniyadır. Belə xəstələr həm özləri, həm də ətraf üçün təhlükəlidir. Xəstəlik ən çox yaz və payız aylarında şiddətlənir. Təəssüflər olsun ki, şizofreniya xəstəliyini tam müalicə etmək mümkün deyil. Sadəcə dərmanlarla qismən yüngülləşdirmək olur.

- Belə xəstələri ev şəraitində müalicə etmək mümkündürmü?

— Şizofreniyalı xəstələr qrafiklə dərman içdikləri üçün xəstəxanada saxlanılırlar. Düzdür, belə insanlar ev şəraitində müalicə almaq istəyirlər, həmçinin dərman qəbul etməkdən imtina edirlər. Çünki belə pasientlər xəstə olduqlarını qəbul etmək istəmirlər, evdə dərman içmirlər. Bu da xəstəliyi dərinləşdirir, nəticədə həmin xəstə ya ətrafında olanlara, ya da özünə xəsarət yetirir. Xüsusilə şəxsiyyət pozuntuları olan xəstələrdə bu hala tez-tez rast gəlinir.

- Şəxsiyyət pozğunluğu deyəndə nə nəzərdə tutulur?

— Belə insanlar özlərində olan problemi görmürlər. Elə bilirlər ki, hər kəs xəstədir, təkcə onlar sağlamdırlar.

- Şizofreniya xəstəliyi hansı hallarda irsi olur?

— Bu xəstəlik anada, atada və ən yaxın qohumlarda varsa, övladlarında da ola bilər. Bibi, əmi, dayı, xaladan da keçmə ehtimalı böyükdür. Ən ağır forması isə iki şizofreniya xəstəsinin nikahından dünyaya gələn uşaqda olur. Həmin insanların valideynlərindən "övladınızın xəstə olduğunu bildiyiniz halda, niyə evləndirirdiniz?" — deyə soruşanda, cavab verirlər ki, "nəvə görmək istəyirdik". Anlamırlar ki, belə xəstə nəvə həm onlar üçün mənəvi əzabdır, həm də cəmiyyət üçün təhlükəlidir. İki şizofreniyalı xəstəni evləndirmək qəti qadağandır. Belə xəstələrə, ümumiyyətlə ailə qurmaq olmaz. Onların nikahından doğulan uşaqlarda bəzən əqli gerilik də olur. Belə uşaqların gələcəyi də olmur.

Psixoterapevt Təhmasib Cavadzadə
© Sputnik / Murad Orujov
Psixoterapevt Təhmasib Cavadzadə

- Belə anladım ki, şizofreniyanın da növləri var…

— Bəli. Şizofreniyanın sadə, qarışıq, paranoid və digər növləri var. Onlar içində ən ağırı paranoiddir. Belə ki, paranoid xəstələr istənilən şəxsdən şübhələnə bilirlər və həmin şəxslərə xəsarət belə, yetirirlər. Məsələn, mən İranda təhsil alan zaman belə bir xəstə ilə qarşılaşmışam. Kişi gecə vaxtı yatan yoldaşının və uşaqlarının başını kəsmişdi. Özü polisə gələrək törətdiyi əməli etiraf etmişdi. O, iddia edirdi ki, "yoldaşım mənə xəyanət edir, uşaqlar məndən deyil, ona görə onları öldürdüm".

- Paranoidlər digərlərindən nəylə fərqlənir?

— Belə xəstələr normal insanlardan fərqlənmirlər. Sadəcə onlar istənilən şəxslərdən şübhələnə bilirlər. Bu cür xəstələrin qulaqlarına səs gəlir. Onlar iddia edirlər ki, kimlərsə onunla danışır və əmr edirlər. Hətta beyinlərində uydurduqlarını gözlə görə bilirlər.

- Cin, şeytan görürlər?

— Elm cin və şeytanı təkzib edir. Belə bir sübut yoxdur. Xəstələr, sadəcə öz uydurduqları birini görürlər. Belə xəstələr normal insan kimi görmürlər. Onlara hər şeyi tüstü-duman içində görünür. Amma səsi aydın eşidirlər. Onlar, hətta heyvan və ağaclarla da danışırlar. Bizim pasientimiz vardı, paranoid şizofreniyalı idi. Deyirdi ki, "mənim atam insanlara vaxtı keçmiş dərmanlar vurur". Ondan soruşurdum ki, həmin dərmanların istifadə müddətinə baxmısız? Deyirdi "yox". Amma əmin idi ki, atası insanlara zəhərli dərman vurur. Hətta, evlərinə gələn xəstələri qovurdu, onlara "qaçın, canınızı qurtarın" deyirdi.

- Bəzən uşaq dünyaya gətirən qadınlarda da belə hallar müşahidə olunur.

— Bəli, qadın uşaq dünyaya gətirəndən sonra orqanizmində dəyişikliklər gedir. Belə qadınları bir neçə ay tək qoymaq olmaz. Çünki həmin qadınların bu dönəmdə şizofreniya xəstəliyinə tutulma şansları çoxdur. Hətta bəzi insanlarda belə hallar baş verəndə yaxınları fikir vermir və nəticə faciə ilə bitir. Təhsil aldığım zaman bir qohumumuz intihar etmişdi. Yaxınlarından soruşanda dedilər ki, "son vaxtlar özündə olmayıb, səbəbsiz yerə qonşuları söyüb, evdə dava edirmiş, öz-özünə daışırmış". Ailəsi də bilməyib ki, o, paranoid şizofrenik olub və intihar edib.

- Adətən yaşlı insanlarda da belə hallar baş verir. Onlar müxtəlif heyvanlar görürlər, rəhmətə getmiş qohumları ilə danışırlar, qulaqlarına səslər gəlir. İnsan yaşlaşdıqca da şizofreniya xəstəliyinə tutulur?

— Xeyir. Bu, qocalıq psixozudur. Yaşlı insanlarda belə hallar tez-tez görünür.

- Şizofreniklər özləri barədə nələrsə iddia edirlər. Belə xəstələriniz olur?

— Klinikada birinci xəstəm özünü 12-ci imam adlandırırdı. Özü də qadın idi. İsrarla deyirdi ki, "mən 12-ci imamam". Belə hallar tez-tez baş verir. Axı bizim qəbul elədiyimiz dini inancla və adət-ənənə ilə bu xəstənin etdiyi iddia düz gəlmir. Bəzi kişi xəstələr də olur ki, qadın olacaqlarını iddia edirlər. Halbuki elə deyil.

15155
Teqlər:
Təhmasib Cavadzadə, nevroz, şizofreniyalı xəstələr, pasient, şizofreniya, psixoz, müalicə, həkim, dərman, xəsarət
Əlaqədar
Paytaxtda ruhi xəstə iki nəfəri yaraladı
Ruhi xəstə qarşısına çıxanları doğradı
Ruhi xəstə ilə evləndirilən qadın yaşadığı müsibətləri anladır
Ruhi xəstələrin xəyali arzuları
Rusiya Prezidenti Vladimir Putin

Putin koronavirus peyvəndlərinin effektivliyindən danışdı: "Sovet məktəbi sağdır"

29
(Yenilənib 22:53 29.10.2020)
Putin vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar.

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın koronavirus əleyhinə olan hər iki vaksini təhlükəsiz və effektivdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Rusiya vaksinlərinin sınaqları davam edir, ümid edirəm ki, bu ilin sonunda kütləvi vaksinləşməyə başlaya bilərik", - deyə Prezident qeyd edib.

O vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar. Lakin Rusiya vaksinlər üzrə intellektual mülkiyyətin satışını həyata keçirməyə və ya xarici tərəfdaşların meydançalarında onların istehsalını təmin etməyə hazırdır.

Putin eyni zamanda qeyd edib ki, Rusiyada koronavirus əleyhinə vaksinin hazırlanması ölkədə elmin inkişaf etdiyini, sovet məktəbi sağdır.

29
 Koronavirus testi üçün burundan götürülən yaxma, arxiv şəkli

Yeni antirekord: Azərbaycanda bir sutkada COVID-ə yoluxanların sayı mini ötdü

106
(Yenilənib 15:42 29.10.2020)
Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir.

Ölkədə son sutka ərzində 11813, hazırkı dövrədək isə 1331287 test aparılıb.

106
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Uşaq bağçalarında tədris bərpa edilmir

3
"Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur"

BAKI, 30 oktyabr — Sputnik. Məktəbəqədər təhsil müəssisələri və uşaq bağçalarının fəaliyyəti ənənəvi formada bərpa edilmir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, azyaşlı uşaqlara xüsusi qayğının onlayn göstərilməsi məqbul hesab edilmir: "Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur".

E.Əmrullayev şagird yerdəyişməsindəki fasiləyə də aydınlıq gətirib. O bildirib ki, bu, növbəti həftədən aradan qaldırılacaq: "Əvvəlki dövrlərdə müəyyən qeyri-müəyyənlik qeydə alınsa da, növbəti həftələrdən sistemin işə salınması mümkün olacaq".

3