Dərman şüşəsi, arxiv şəkli

Azərbaycanın "səhiyyə naziri" sehrli dərman təklif edir

548
(Yenilənib 16:48 12.01.2018)
Səhiyyə nazirinin adından vətəndaşlara arıqlama dərmanları satan saxta sayt peyda olub

BAKI, 12 yanvar — Sputnik. Fırıldaqçılar internetdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin feyk (saxta) saytını yaradıblar. Həmin saytda Azərbaycan vətəndaşlarına arıqlama dərmanları 50% endirimlə təklif olunur.

Sputnik Azərbaycan-ın məlumatına görə, sözügedən saytda bildirilir ki, Bakıdan artıq çəki problemi ilə bağlı çoxlu şikayətlər daxil olur. Buna görə də ilk növbədə məhz paytaxt sakinləri üçün "Bioliposaktor jivota" müalicə kompleksinə endirim ediləcək.

Qeyd etmək lazımdır ki, sözügedən saytda həmin məhsulu Kərim İsmayılov adlı yalançı "səhiyyə naziri" məsləhət görür. Baxmayaraq ki, uzun illərdir hamı Azərbaycanın səhiyyə nazirinin Oqtay Şirəliyev olduğunu bilir.

Səhiyyə Nazirliyinin feyk (saxta) saytı
Screeshot
Səhiyyə Nazirliyinin feyk (saxta) saytı

Fırıldaqçılar tənbəllik etmədən, hətta belə bir statistika da tərtib ediblər ki, guya 2015-ci ilin martından 2017-ci ilin fevralına qədər artıq çəkidən əziyyət çəkən azərbaycanlıların sayı 82% artıb. Bununla yanaşı, guya ölkəmizdə ürək-dəmər xəstəlikləri, venaların varikoz genişlənməsi, oynaq xəstəlikləri, sonsuzluq, diabet, onkoloji xəstəliklərin bir neçə növü də çoxalıb.

Və buna görə də, Azərbaycanın bir çox sakinləri arıqlamaq üçün reklam olunan, Azərbaycanda sertifakatlaşdırılmamış təhlükəli dərmanları qəbul edirlər. Odur ki, 2017-ci ilin əvvəllərindən başlayaraq, belə dərmanların qəbulu nəticəsində 382 ölüm halı qeydə alınıb.

Saxta nazirin sözlərinə görə, bu sehrli dərman isə tamamilə təhlükəsizdir və hətta onun keyfiyyət standartı barədə sənədi də var. Elə həmin saytda saxta "nazir" istifadəçilərə bu dərmanı məsləhət görür və bildirir ki, ona cavabdeh şəxsən özüdür.

Saytda o da qeyd olunub ki, guya Səhiyyə Nazirliyi 2016-2019-cu illər "Sağlam Azərbaycan" səhiyyənin inkişafı proqrmının həyata keçirilməsi çərçivəsində əhali ərasında təhlükəsiz və orijinal arıqlama dərmanlarının aşağı qiymətə satılması təşəbbüsünü irəli sürüb. Guya Nazirlik dövlət büdcəsi və Məcburi Sosial Tibbi Sığorta Fondu (?) hesabına dərmanların qiymətini 50% endirib.

Sayt ilk baxışda sözügedən dövlət qurumunun saytını xatırladır. Qurucuları, hətta saytın bölmələrinə istinad linki də yerləşdiriblər. Amma bütün istinad linkləri arıqlama dərmanının satış səhifəsinə yönlənir.

Yeri gəlmişkən, sözügedən dərmanın da saxta olub-olmadığını müəyyənləşdirmək çətindir. Çünki internetdə hər dəqiqə milyonlarla saxta preparatlar meydana çıxır.

Qeyd edək ki, sözügedən saxta saytda Azərbaycanın səhiyyə naziri kimi təqdim edilən Kərim İsmayılovun "şəkli" də yer alıb. Araşdırma zamanı müəyyən etdik ki, sözügedən şəkil Rusiyanın Moskva vilayətinin səhiyyə naziri Dmitri Markova məxsusdur.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, dövlət qurumu heç bir halda heç bir dərmanın reklamı ilə məşğul olmur, nəinki yoxlanılmamış vasitələrin.

548
Teqlər:
diyeta, saxta, fırıldaqçı, sayt, səhiyyə naziri, Səhiyyə Nazirliyi, arıqlamaq, Azərbaycan Respublikası, dərman
Əlaqədar
Səhiyyə Nazirliyindən xoş xəbər
Azərbaycanda uşaqlar niyə intihar edir? – Səhiyyə Nazirliyi açıqladı
Səhiyyə şöbəsində ciddi nöqsan…
Səhiyyə nazirinin oğlu xarici bankın rəhbəri təyin edildi
KT, arxiv şəkli

"Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir"

5
(Yenilənib 16:38 22.01.2021)
Məqsəd diaqnostikada istifadə olunan klinik-laborator, rentgen aparatları və s.  kimi diaqnostik tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyatı və sağlamlığına mənfi təsirinin qarşısını almaqdır.

BAKI, 22 yanvar — Sputnik. Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövrü yoxlamadan keçirilməlidir. Bunu Sputnik Azərbaycan-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev deyib.

Məqsəd göstərilən səhiyyə xidmətləri zamanı xəstəliklərin diaqnostikasında istifadə olunan klinik-laborator, rentgen aparatları və s. kimi diaqnostik tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyatı və sağlamlığına mənfi təsirinin qarşısını almaqdır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səhiyyə sahəsində xidmət göstərən subyektlərin nəzərinə çatdırır ki, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, səhiyyə sahəsində yalnız üzərində yararlılığına dair yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnaməyə malik tibbi ölçü cihazlarından istifadəyə icazə verilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, səhiyyə sahəsində ölçmələrin tipi təsdiq edilməmiş və ya yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadəyə görə vəzifəli şəxslər üçün 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər üçün 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunur. Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində xidmət göstərən subyektlər tibbi ölçü cihazlarını ilkin yoxlamadan və ya dövrü yoxlamadan keçirmək üçün "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsə və ya ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş digər qurumlara müraciət edə bilərlər.

İstehlakçılara tövsiyə olunur ki, səhiyyə xidmətlərindən istifadə edərkən ölçmələrin qeyri-dəqiq nəticələri ilə qarşılaşmamaq üçün tibbi ölçü cihazlarının yararlılığına dair təsdiqedici sənədi tələb etsinlər, yoxlamadan keçməmiş tibbi cihazlarla göstərilən xidmətləri almaqdan çəkinsinlər. Bu kimi hallarla qarşılaşdıqları təqdirdə istehlakçılara İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel: 498-15-01 və 498-15-04).

5
Sputnik V peyvəndini, arxiv şəkli

Ekspert "Sputnik-V" peyvəndinin digər preparatlardan yenilikçi fərqini açıqladı

3
(Yenilənib 14:28 22.01.2021)
"Yüksək effektivlik fərziyyəsi səbəbindən adenovirusun müxtəlif vektorlarının istifadəsi strategiyası hər zaman bizi maraqlandırıb və indi bu, öz təsdiqini tapdı"

BAKI, 22 yanvar — Sputnik. Rusiyanın koronavirus əleyhinə "Sputnik-V" peyvəndi birvektorlu preparatlardan daha yaxşı nəticə göstərir – bu fikri Rusiya vaksini üzrə beynəlxalq elmi məsləhət şurasının mütəxəssisi Karlos Sala səsləndirib.

"Yüksək effektivlik fərziyyəsi səbəbindən adenovirusun müxtəlif vektorlarının istifadəsi strategiyası hər zaman bizi maraqlandırıb və indi bu, öz təsdiqini tapdı, çünki eyni platformadakı peyvəndlərlə müqayisədə nəticələr daha yaxşıdır", – deyə RİA Novosti ondan sitat gətirərək bildirir. Ekspert bunu "yenilikçi nəticə" adlandırıb.

Qeyd edək ki, "Sputnik-V" peyvəndi SARS-CoV-2 virusunun spark zülalının daxil olduğu adenoviral vektorlar əsasında yaradılıb. Adenovirusların özləri çoxalma qabiliyyətindən məhrumdur - onlar insan orqanizminin hüceyrələrinə genetik material (antigen) çatdırma funksiyası daşıyır.

Rusiyanın COVID-19 əleyhinə peyvəndi

Avqust ayında Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzi tərəfindən hazırlanmış və Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə birlikdə istehsal olunan COVID-19 əleyhinə dünyada ilk peyvəndi qeydə aldı. Ona "Sputnik-V" adı verildi. Preparat üç həftəlik fasilə ilə iki komponentin tətbiq edilməsini nəzərdə tutur.

Koronavirusa qarşı ikinci rus peyvəndi olan "EpiVacCorona" "Vektor" Novosibirsk mərkəzinin preparatıdır. Bundan başqa, Rusiya Elmlər Akademiyasının Çumakov adına İmmunobioloji Tədqiqatların Araşdırılması və İnkişafı Mərkəzində "canlı" peyvəndin klinik sınaq mərhələsi davam edir. Artıq qeydiyyatı üçün sənədlər Səhiyyə Nazirliyinə təqdim olunub.

Xatırladaq ki, bir qədər bundan əvvəl Sputnik radiosu Macarıstanda bu məsələləri tənzimləyən qurumun "Sputnik-V" peyvəndinin təsdiqlənməsini tövsiyə etdiyi barədə məlumat vermişdi.

 

3
Teqlər:
Sputnik-V peyvəndi, vaksin, vaksinasiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş

Azərbaycan Britaniya hərbi sahədə əməkdaşlıq edəcəklər?

0
(Yenilənib 16:41 22.01.2021)
Səfir Ceyms Şarp deyib ki, Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcək.

BAKI, 22 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.

Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi qeyd edib.

Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

0
Teqlər:
Böyük Britaniyanın Azərbaycandakı səfiri, Böyük Britaniya