İnsanlar

Azərbaycanda qorxunc xəbər dolaşır - ilk rəsmi açıqlama

119757
(Yenilənib 18:03 25.09.2017)
Valideynlər SOS verirlər, həkimlərsə narahat deyillər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Son günlər sosial şəbəkələrdə azyaşlı yaşlı uşaqlar arasında "Koksaki" virusunun yayıldığı barədə məlumatlar gəzir. Valideynlər xəstə övladlarının şəkillərini paylaşaraq, digər valideynləri diqqəti olmağa çağırırlar.

Onların iddiasına görə, virus ölkəyə Türkiyənin Antalya bölgəsində dincələn azərbaycanlılar tərəfindən gətirilib. Hətta, Rusiyada bu xəstəliyə yoluxan 36 uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Pediatr Günay İmanovanın Sputnik Azərbaycan-a açıqlamasına görə, "Koksaki" viral xəstəlikdir: "Su çiçəyi xəstəliyinə bənzəyir. "Koksaki" orqanizmdə yaşayıb, inkişaf edən sidik və nəcislə çölə atılan və yayılan bir virusdur. "Koksaki" xəstələrində çox zaman soyuqdəymənin əlamətləri müşahidə edilir. Nadir hallarda güclü qızdırma və güclü səpmə müşahidə edilir".

Həkim bildirir ki, koksaki virusuna yoluxan xəstələrdə əl-ayaq, bədən səpmələri, yüksək hərarət, ağız boşluğu və boğazın səpməsi, boğaz-baş ağrısı, qarın ağrısı-qusma müşahidə edilir: "Əllərdə, ayaqlarda səpmələr, qızartılar, qabıq verərək qopmalar, qanamalar, ağızda, udlaqda herpesə bənzər yaralar koksaki virusunun əsas əlamətidir və bütün bunlar yüksək qızdırma ilə yanaşı inkişaf edir".

"Koksaki" gözün zərinə də bulaşa bildiyi üçün gözün kənarlarında sulanmalar, qızartı, batma hiss və s. müşahidə edilə bilər. Xəstəlik güclü yayılma qabiliyyətinə malikdir. Belə ki, xəstə yuyulmamış əli ilə hara toxunsa, həmin yerə toxunan xəstələnə bilər" — mütəxəssis diqqətə çatdırır.

"Bütün bunlara baxmayaraq koksaki virusunun xüsusi bir müalicəsi yoxdur. Xəstəlik əsnasında ancaq ağrıkəsicilərdən istifadə etmək məsləhət görülür. Xəstəlik 7-10 günə sağalır" — G. İmanova əlavə edir.

Tibb elmləri doktoru, professor, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar doğru deyil: "Bir ay öncə ölkəyə Antalydan "Koksaki" virusunun gətirldiyi barədə məlumatlar yayılanda, biz yoxlamalar apardıq. Məlum oldu ki, Azərbaycanda belə bir virus yoxdur".

"Hazırda uşaqların keçirdikləri xəstəliklər isə mövsümi viruslardır. Valideynlər narahat olmasınlar. Əgər ölkədə bu xəstəlik olsaydı, birinci biz bilərdik" — direktor qeyd edir.

Baş pediatr bildirdi ki, Səhiyyə Nazirliyinin xüsusi Referens Laboratoriyası var və orada bütün viruslar araşdırılır: "Son məlumatlara görə, ölkədə uşaqlar arasında heç bir virus xəstəliyi yayılmayıb".

119757
Teqlər:
Pediatr Günay İmanova, "Koksaki" virusu, sosial şəbəkələr, valideyn, Sputnik Azərbaycan, Səhiyyə Nazirliyi, Antalya, Türkiyə, xəstəlik
Əlaqədar
Uşaqlarınızı bu istirahət mərkəzlərinə aparmayın: 500-dək insan qorxunc virusa yoluxub
Türkiyə kurortlarında təhlükəli virus məsələsinə aydınlıq gətirilib
Əhalinin nəzərinə: İstirahət mərkəzlərində dəhşətli virus yayılıb
Azərbaycanda dolaşan qorxunc virus qripdən də təhlükəlidir