Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Ağ xalatlı mələklər"dən şeytan əməli

CC0 / Master Sgt. John Nimmo, Sr. / Joint Readiness Training Center Медицинские инструменты, фото из архива
Медицинские инструменты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu addım həkimin içdiyi Hippokrat andına nə qədər uyğundur?

BAKI, 25 iyun — Sputnik. Texniki imkanlar inkişaf etdikcə, həkimlər tərəfindən müxtəlif əməliyyatların, doğuş prosesinin video və foto çəkilişlərini sosial şəbəkələrdə paylaşılmalarınını sayı da durmadan artır. "Ağ xalatlı mələklərin" belə paylaşımlarının məqsədi özlərini tanıtmaq və yeni "müştərilər" hesabına daha çox qazanc əldə etməkdir. Bəs bu addım hər bir həkimin ali təhsil ocağını bitirərkən içdiyi "müqəddəs" Hippokrat andına nə qədər uyğundur?

Врач берет у пациента кровь для анализа, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Nazir həkimləri "bisavad" adlandırdı

Mütəxəssislərin ümumi rəyi belədir ki, belə paylaşım edən həkimlər içdikləri anda xəyanət etmiş olurlar. Həkimlərin bu addımı həkim sirrinin yayılması, insan hüquqlarının pozulması ilə yanaşı, cəmiyyətin psixikasına da zərbə vurur. Yəni, həmin video çəkilişlərə baxan insanlar ağır depressiyaya düşə bilər. Hətta video çəkiliş icazəli olsa belə, sosial şəbəkələrdə paylaşılmamalıdır.

Tibb eksperti Rasif Bağırovun Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, Hippokrat andında yazılıb ki, həkim kiminsə xəstəliyi barədə kiməsə məlumat verə bilməz: "Yalnız hüquq-mühafizə orqanlarına hansısa məsələni araşdırmaq üçün bu məlumat verilə bilər. Ancaq kiminsə xəstəliyinin deyilməsi həm ictimai prinsiplərə zidd bir haldır, həm də insan haqlarının pozulması deməkdir. Vətəndaş istəməz ki, onun xəstəliyi barədə kiməsə məlumat verilsin. Həkim xəstənin sirrini açırsa, bu zaman həm xəstənin hüquqları pozulur həm də cəmiyyətin ümumi sosial-psixoloji durumuna təsir edir".

Ekspert bildirir ki, əməliyyatlar zamanı çəkilişlərin aparılması və sosial şəbəkələrdə paylaşılması qanunsuzdur: "Cərrahi əməliyyat o zaman çəkilməlidir ki, çox mürəkkəb bir əməliyyat aparılsın. Bu proseslər çox zaman Avropada, Amerikada həyata keçir. Əməliyyat dünya üçün əhəmiyyətlidirsə, lentə alınmalıdır. Elə əməliyyatlar xüsusi kasetlərə yazılır. Azərbaycanda da belə əməliyyatlar var. Əməliyyat elmi əhəmiyyətlidirsə, çəkilə bilər".

Bağırov bildirir ki, sosial əhəmiyyətli əməliyyatların çəkilməsi və sosial şəbəkələrdə paylaşılması qanunsuzdur. Çünki belə çəkilişlər cəmiyyətin psixikasına zərər vura bilər: "Bu, insanın hüquqları ilə bağlı məsələdir. Mən vətəndaşlara məsləhət görərdim ki, nə əməliyyatlarının çəkilməsinə icazə versinlər, nə də belə çəkilişlərə baxmasınlar. Qaldı ki, həkimin belə çəkilişlərlə tanınması, yaxşı həkim onsuz da tanınır".

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, əməliyyat zamanı foto və ya video çəkmək olar, bir şərtlə ki, xəstənin özündən icazə alınsın. Əgər xəstə icazə verməsə, artıq bu məsələ xəstənin hüququnun pozulması deməkdir. Bununla yanaşı, həkimlərin etik davranış qaydaları var ki, burada vətəndaşın tibbi yardım üçün müraciət edilməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Və həkim xəstənin verəcəyi məlumatın qizli saxlanılması haqqında ona zəmanət verir: "Həkimlərin etik davranış qaydalarına görə, həkim sirri o zaman açıla bilər ki, bu xəstənin müayinə və müalicəsinə fayda vermiş olsun. Xəstənin və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara və vəzifəli şəxslərə verilə bilər".

Охотничье ружье, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Xəstəxana bədənində qırma olan şəxsləri müalicəsiz buraxdı

Həmidli bildirir ki, həkim sirrini təşkil edən məlumat vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı olmadan digər şəxslərə vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə, yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə, istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə, yetkinlik yaşına çatmayanların valideynlərinə və ya qanuni nümayəndələrinə məlumat vermək məqsədilə və hüquqa zidd hərəkətlər və vətəndaşın sağlamlığına vurulan zərər barədə şübhə olduqda verilə bilər. Həkim sirrinə qanuni qaydada yiyələnən şəxslər onun yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar: "Xəstənin müalicəsində iştirak edən digər şəxslərin həkim sirrinə riayət etmələrinə müalicə həkimi tərəfindən nəzarət edilməlidir. Yəni, hansısa tibb bacısı və ya həkim assistenti bu məlumatı yaya bilməz, şəkil və ya video çəkə bilməz. Çünki tibbi məlumatlardan istifadə hüququ olan şəxslər pasiyent haqqında əldə edilən bütün məlumatların məxfiliyini qorumalıdırlar".

Müsahibimizin sözlərinə görə, elmi tədqiqatlar, tələbələrin təlimi və həkimlərin təkmilləşdirilməsi prosesində həkim sirrinə riayət edilməlidir. Yəni, öyrətmək məqsədilə belə xəstənin yazılı icazəsi olmadan onun əməliyyatına tələbələr dəvət etmək, əməliyyatdan şəkil, video çəkmək, paylaşmaq olmaz.

Amma həkimlər özləri ekspert və hüquqşünaslardan fərqli düşünürlər. Həkim pediatr Vaqif Qarayev deyir ki, ölkədə tibbi sığorta olmadığı üçün həkim hansısa yolla özünü tanıtmağa çalışmalıdır: "Əvvəllər həkimlərin əməliyyat və digər yerlərdə şəkil, video paylaşımlarına pis baxırdım. Düşünürdüm ki, əsəbi zəif olanlar var, yəni belə görüntülər xüsusi auditoriyalar üçün paylaşılmalıdır. Amma indi normal baxıram".

Həkim terapevt Məlahət Abbasova bildirir ki, əməliyyat və doğuş zamanı çəkilişlər xəstənin özündən icazə alınaraq aparılmalıdır: "Bizdə belə qanun yoxdur. Ancaq hər hansı bir əməliyyatı öyrətmək məqsədilə xəstənin kimliyini göstərmədən video və foto çəkilişi edərək paylaşmaq olar. Həkim sirri deyilən bir ifadə var. Amma düşünürəm ki, qanunda bu sahədə boşluq var".

Xəbər lenti
0