İnfeksion xəstəlik

Ölümünü gözləyənlər pusquda: onlardan olmayan hər kəs təhlükədədir

1423
(Yenilənib 16:30 21.05.2017)
Bəzən bir anlıq həzz ömür boyu əzab çəkməyə səbəb ola bilər

BAKI, 21 may — Sputnik. Ötən ay ərzində nikaha daxil olmaq istəyən 9 min 653 nəfər vətəndaşın icbari tibbi müayinəsi həyata keçirilib. Müayinələr zamanı 40 nəfərdə sifilis, 7 nəfərdə QİÇS, 301 nəfərdə talassemiya daşıyıcılığı aşkar edilib.

Mütəxəssislərə görə, gənclər arasında zöhrəvi və infeksion xəstəliklərin artmasının bir çox səbəbləri var. Əsas səbəblərdən biri isə çoxpartnyorlu cinsi həyatdır.

Sosioloq Əhməd Mansurov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, zöhrəvi xəstəliklərə daha çox çoxpartnyorlu şəxslər yoluxur: "Elə şəxslər var ki, müxtəlif insanlarla əlaqədə olur və bu əlaqələr çox zaman qorumasız baş verir. Bu da gənclər arasında müxtəlif infeksion, zöhrəvi xəstəliklərin yayılmasına səbəb olur".

O, hesab edir ki, yeniyetmələr cinsi münasibətlərin necə qurulmasından xəbərsiz olduqları üçün, çox zaman yanlış insanlarla münasibətlər qururlar: "Bu da xəstəliklərin yaranmasına səbəb olur. Yeniyetmələr, gənclər cinsi həyatı yaşaya-yaşaya öyrənirlər. Onların qorumadan, cinsi xəstəliklərdən, zöhrəvi xəstəliklərdən xəbəri olmur. Yaş artdıqca təcrübə yaranır, ancaq onlar artıq xəstələnmiş olurlar. Zöhrəvi xəstəliklərin yaranması isə çox ani baş verir".

Ə. Mansurovun sözlərinə görə, bəzən gənclər heç xəstə olduqlarının fərqində də olmurlar: "Bəzən isə eqoizmlə xəstəliyi başqasına keçirməyə çalışırlar. Buna görə də gənclərə cinsi münasibətlər öyrədilməldiir. Onları başa salmaq lazımdır ki, qorumasız cinsi əlaqə sağlamlıq üçün təhlükəlidir. Acınacaqlısı budur ki, gənclər ancaq rəsmi nikaha girən zaman müayinə edilirlər. Vaxtında müayinə olunmamaq isə xəstəliklərin yayılmasına səbəb olur".

Psixoloq Rafiq Allahverdiyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ağır və yoluxucu xəstəliyə yoluxan insanların psixologiyası dəyişkən olur: "İnsanlar öz xəstəliklərini bildikləri ilk zamanlarda qoxuya düşürlər, ölüm barədə düşünməyə və bu xəstəliyi daha dərindən araşdırmağa başlayırlar. Müəyyən nəticələr əldə edildikdən sonra isə başa düşürlər ki, xəstəlik sağalan deyil, ömrün sonuna kimi davam edəcək. Bundan sonra xəstədə eqoizm əmələ gəlir".

"Çox zaman belə xəstələr xəstəliyini başqalarına keçirmək üçün daha çox çalışırlar. Onların intim münasibətlərinin, partnyorlarının sayı artır. Və özləri bilə-bilə xəstəliklərini başqalarına yaymağa çalışırlar" — R. Allahverdiyev bildirir.

Onun dediyinə görə, belə xəstələrdə yoluxdurma psixologiyası daha çox inkişaf etmiş olur: "Niyə mən xəstəyəm, o sağlam" düşüncəsi ilə hərəkət edən xəstələr hər bir üsulla xəstəliyi yaymağa çalışırlar. Buna görə də, tərəf müqabili seçən zaman diqqətli olmaq, ani münasibətlərdən qaçmaq lazımdır. Bəzən bir anlıq həzz ömür boyu əzab çəkməyə səbəb ola bilər".

Hüquqşünas Fərid Həmidlinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 139-cu maddəsi zöhrəvi xəstəlikləri yayma ilə bağlı məsuliyyət nəzərdə tutur: "Son zamanlar gənclər çoxpartnyorluluğa üstünlük verirlər. Bu da müxtəlif cinsi və zöhrəvi xəstəliklərin yayılmasına səbəb olur. Ancaq özündə zöhrəvi xəstəliyin olduğunu bildiyi halda, müxtəlif insanlarla cinsi əlaqədə olmaq, xəstəliyi yaymaq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir".

"Məcəllənin 139-cu maddəsində deyilir ki, özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır" — hüquqşünas əlavə edir.

Həmidli deyir ki, eyni əməlləri iki və daha artıq şəxsə və yetkinlik yaşına çatmayanlara qarşı törədənlər dörd ilə qədər azadlıqdan məhrum edilə bilər: "Düzdür, zöhrəvi xəstəliyi yoluxdurandan sonra kiminsə azadlıqdan məhrum edilməsi heç nəyi dəyişmir. Amma bu cəzalar insanların daha diqqətli olması üçün nəzərdə tutulub".

Mütəxəssisin sözlərinə görə, Cinayət Məcəlləsində AİDS-ə yoluxdurma halı da nəzərə alınıb: "Məcəllənin 140-cı maddəsində qeyd edilir ki, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AİDS-ə yoluxmasını bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AİDS-ə yoluxmasını bilən şəxsin bu xəstəliyi iki və ya daha çox şəxsi və ya yetkinlik yaşına çatmayan insanı immun çatışmazlığı virusu ilə yoluxdurma beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

1423
Teqlər:
zöhrəvi xəstəliklər, infeksion, Sputnik Azərbaycan, tibbi müayinə, yoluxucu, vətəndaş, cinsi əlaqə, xəstəlik, nikah
Əlaqədar
Bu 7 əlamət böyrək xəstəliyinə işarədir
Qorxulu xəstəliklər mənbəyini "şəfa mənbəyi" kimi turistlərə sırıyıblar
Özünüzü bu xəstəlikdən qoruyun!
Abid Şərifov: "Belə evlərdə yaşayanların əksəriyyəti xəstədir"
Yazda xəstələnmək istəmirsinizsə, bunları edin
Xərçəng xəstəliyinin dərmanı 20 min dollara satılır
Tələbələrə şəkər xəstəliyindən danışıldı
Bakıda psixiatriya xəstəxanasından qaçış
Həkim, arxiv şəkli

Məşhur həkim xərçəng xəstəliyinin indiyədək elmə məlum olmayan əlamətini açıqlayıb

38
(Yenilənib 19:36 24.01.2021)
Həkim uzunmüddətli uçuşların və ya uzun müddət avtomobil sürməyin qan laxtalanmasına səbəb ola biləcəyini əlavə edib.

BAKI, 24 yanvar - Sputnik. Rusiyalı məşhur həkim və televiziya aparıcısı Aleksandr Myasnikov, insanda onkoloji xəstəliyə dəlalət edən və indiyədək elmə məlum olmayan daha bir əlaməti qeyd edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Rossoya 1" telekanalının efirində danışıb.

Həkim qan laxtalanmasının xərçəngin əlaməti ola biləcəyini söyləyib. Myasnikov qeyd edib ki, qan laxtası aşkar edilərsə, onun mövcudluğunun səbəbini mümkün qədər dəqiq müəyyən etmək üçün həkimə müraciət etmək və tam müayinədən keçmək lazımdır. 

"Əgər hər hansı bir səbəb varsa - çox çəkənsizsə, hormonal dərman qəbul edirsizsə, (...) omba əməliyyatı etdirmisizsə və ya üç gündən çox xəstəxanada yatmısızsa - bunların hamısı risk faktorlarıdır", - deyə o, bildirib. 

Həkim uzunmüddətli uçuşların və ya uzun müddət avtomobil sürməyin də qan laxtalanmasına səbəb ola biləcəyini əlavə edib.

Bundan əvvəl Myasnikov, koronavirusa qarşı peyvəndlə bağlı ən çox yayılan yeddi sualı cavablandırıb. O, bu məsələdə bir həkimin tövsiyəsinə etibar etməyin daha yaxşı olduğunu söyləyib. Çünki bəzi peyvəndlər daha uzun müddət qoruyur, bəziləri isə xroniki xəstəlikləri olan insanlar üçün daha uyğundur.

 

38
Teqlər:
Xərçəngin müalicəsi, xərçəng xəstəliyi, xərçəng riski, Xərçəng
Koronavirusа qarşı peyvənd, arxiv şəkli

Rusiya peyvəndi digərlərindən daha yaxşı nəticə göstərib - Karlos Sala

25
(Yenilənib 17:58 24.01.2021)
“Sputnik V” vaksini adenoviruslu vektorların əsasında yaradılıb. Bu vektorlarda SARS-CoV-2 virusunun çıxıntışəkilli zülalı var.

BAKI, 24 yanvar - Sputnik. Rusiyanın koronavirus əleyhinə “Sputnik V” preparatı bir vektorlu dərmanlardan daha yaxşı nəticələr göstərir. Bu fikirlər Rusiya preparatına dair beynəlxalq elmi ekspert şurasının üzvü Karlos Salaya məxsusdur.

"Bizi həmişə bu metodun böyük effektivlik hipotezinə görə adenovirusun müxtəlif vektorlarının istifadəsi strategiyası maraqlandırıb. Və bu nümayiş etdirildi, çünki eyni platformadakı vaksinlərlə müqayisə edəndə nəticələr daha yaxşı olur", – ekspert Sputnik radiosuna bildirib.

Ekspert bunu innovativ nəticə adlandırıb.

“Sputnik V” vaksini adenoviruslu vektorların əsasında yaradılıb. Bu vektorlarda SARS-CoV-2 virusunun çıxıntışəkilli zülalı var. Adenovirusların özləri replikasiya imkanından məhrumdurlar - onlar gentetik materialın (antigenin) insan orqanizminin hüceyrələrinə çatdırılma sistemi rolunu oynayırlar.

Rusiyanın COVID-19 əleyhinə vaksinləri

Ötən ilin avqustunda Rusiya Səhiyyə nazirliyi dünyada ilk dəfə olara COVID-19-un profilaktikası üçün vaksini qeydə aldı. Vaksin Qamaleya adına mərkəz tərəfindən hazırlanıb və Rusiya Birbaşa sərmayələr fondu ilə birgə istehsal olunur. Peyvəndə “Sputnik V” adı verilib.

Rusiyanın ikinci koronavirus əleyhinə vaksini “EpiVakKorona” Novosibirskin “Vektor” mərkəzi tərəfindən  hazırlanıb.

Bundan əlavə, REA-nın Çumakov adına İmmunobioloji preparatların tədqiqatı və hazırlanması mərkəzinin “canlı” vaksini kliniki sınaq mərhələsindədir.

25
Teqlər:
Sputnik-V peyvəndi, Koronavirus, epidemiya, COVID-19
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurlarının öldürdüyü talesiz azərbaycanlı - VİDEO

0
(Yenilənib 00:09 25.01.2021)
Fərman İsmayılov yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

BAKI, 24 yanvar - Sputnik. Ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə də 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb. Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək. Hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov ''XəzərXəbər''ə açıqlama verib.

Hadisə Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart" adlı gəmidə baş verib. Gəmi qəfildən nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş. Gəmidə ümumilikdə 19 nəfər olub.Silhalılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.Digər 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.

Dəniz quldurlarının qətlə yetirdiyi Fərman İsmayılovun qardaşı Ayaz İsmayılovun sözlərinə görə, Fərman 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.

Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

Bu arada Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətlərə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub, son vəziyyətlə bağlı məlumat verilib. Mövlud Çavuşoğlu gəminin məxsus olduğu şirkətin icraçı direktoru Osman Levent Karsanla da telefonla danışaraq qaçırılan gəmiçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Türkiyənin başda Abuca olmaqla Nigeriya və qonşu ölkələrdəki bütün səfirliklərin qaçırılan heyət üzvlərini xilas etmək üçün səfərbər olduğu qeyd edilir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yerli mətbuata bildirib ki, qaçırılan "Mozart" gəmisi bu gün saat 11.00-da Qabonun Gentil limanında lövbər salıb. Fərman İsmayılovun nəşi və 3 heyət üzvü hazırda gəmidədir.

Hadisəyə Azərbaycanın Xarici İşlar Nazirliyindən də münasibət bildirilib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

0
Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, dəniz quldurları