Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Keyfiyyətsiz və bahalı dərman probleminin həllinə doğru mühüm addım

Abunə olmaq
Qiymətlərin tənzimlənməsi, ölkədən valyuta axınının qarşısının alınması baxımından Azərbaycanda dərman istehsalının təmin edilməsi məqsədəuyğundur

BAKI, 30 yan — Sputnik. "Azərbaycanda dərman zavodunun inşa edilməsinə ehtiyac var. Dərman preparatları xaricdən idxal olunduğuna görə, bu, ölkədən valyutanın çıxması deməkdir. Digər tərəfdən, dərman preparatlarının ölkədə istehsal edilməməsi qiymətlərin də tənzimlənməsinə imkan vermir".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycanda dərman preparatlarının qiyməti tənzimlənir, amma manatın məzənnəsi stabil olmadığına görə, qiymətləri nəinki uzun müddətli, hətta orta müddətli dövrdə belə, tənzimləmək praktik olaraq mümkün deyil: "Çünki, idxal məhsulu olduğuna görə manat dəyər itirirsə, avtomatik olaraq ölkəyə gətirilən dərman preparatlarının qiymətlərində artımlar müşahidə olunur".

Ekspertin fikrincə, istehsalın təmin edilməsi son nəticədə qiymətlərin tənzimlənməsinə imkan verəcək: "Bu addım imkan verəcək ki, artıq qiymətləri tənzimləmək mümkün olsun. Qiymətlərin tənzimlənməsi, ölkədən valyuta axınının qarşısının alınması baxımından Azərbaycanda dərman istehsalının təmin edilməsi məqsədəuyğundur".

"Eyni zamanda, ümumiyyətlə, ölkədə istənilən məhsulun istehsalının təşkil edilməsi yeni iş yerinin yaradılması deməkdir. Bu, həm də real sektorun canlanması, ölkənin ixrac imkanları deməkdir" — deyə o, qeyd edib.

Keyfiyyətə gəlincə, ekspert bildirib: "Nəzərə alaq ki, bu zavodlar xarici şirkətlərin iştirakı ilə inşa edilir. Eyni zamanda, həmin məhsulların ixracı da nəzərdə tutulur. O baxımdan, ölkədə istehsal ediləcək dərman preparatları idxal edilənlərlə müqayisədə daha keyfiyyətli olacaq".

Dərman qadağası konkret ölkələrə şamil edilmir - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda yeni dərman zavodu tikiləcək

İqtisadçının sözlərinə görə, bu gün dərman bazarında yalnız qiymət deyil, həm də keyfiyyət problemi var: "Bəzi şirkətlər aşağı keyfiyyətli dərmanlar sifariş verirlər. Bəzi hallarda tərkibi dəyişdirilmiş dərmanlar sifariş verilir ki, xərc aşağı olsun. Dərman zavodlarının inşasının keyfiyyətə də təsir göstərəcəyi güman olunur. Nəzərə alsaq ki, İran regionda keyfiyyətli dərman istehsal edən ölkələrdən biridir, onda, dərman zavodlarının inşası həm də keyfiyyətin tənzimlənməsi baxımından məqsədəuyğundur".

Bayramov hesab edir ki, dərman preparatlarının istehsalı Azərbaycanda rentabellidir: "Çünki, bazar var, dərmana daimi tələbat var. Digər tərəfdən, yerli istehsal olmadığı üçün məhsulların bazara çıxarılması iqtisadi baxımdan rentabellidir. İxracın da formalaşması son nəticədə zavodların rentabelli olmasına imkan yaradacaq".

İqtisadçı-ekspert Natiq Cəfərli də Sputnik Azərbaycan-a açıqlamasında, yerli istehsalın olmasını müsbət qiymətləndirib: "Çünki, Azərbaycanın dərman ilə bağlı xaricdən 100 faiz asılılığı var. Amma ölkədə yaradılan birgə müəssisələrin buraxdığı məhsulun keyfiyyətindən və qiymətindən asılı olaraq ixracat potensialımız üzə çıxacaq".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Onun sözlərinə görə, hələ ki, dünyanın aparıcı şirkətləri ilə müqavilələr bağlanılmayıb: "Burada problemlər var. Məsələn, Rusiyanın daxili bazarında, təqribən 70 faizə yaxın dərman xaricdən gətirilir. Yaxud, xaricdən gətirilmiş molekullarla istehsal olunur. İrana qarşı isə uzun müddət beynəlxalq sanksiyalar qüvvədə olub. Bu səbəbdən, bir çox ölkələrdə İran dərmanlarının standartlara uyğun olub-olmaması mübahisəsi gedir. Və İran dərmanlarının ixracatında problemlər var".

Ekspertin fikrincə, istehsaldan xarici bazara çıxmaq yolu Azərbaycan üçün xeyli uzana bilər: "Amma ən azından, daxili tələbatı ödəmək üçün daha ucuz dərmanlar seqmentində Rusiya və İran zavodlarının müəyyən rolu olacaq. Amma ixrac ilə bağlı bizi daha uzun və rəqabətli yol gözləyir. Azərbaycanda istehsal olunan məhsulların təqdimatı həyata keçirilməlidir. Ən azından ətraf ölkələrə, məsələn, Orta Asiya ölkələrinə müəyyən ixrac potensialı yaranacaq. Bundan istifadə etmək lazımdır".

"Növbəti mərhələdə yerli xammal, molekullar hesabına müəyyən istehsal sahələrinin yaradılması prioritet olmalıdır. Həm maya dəyəri ucuzlaşsın, həm də xarici bazarlarda daha rəqabət qabiliyyətli qiymət siyasəti yürüdə bilək" — Cəfərli bildirib.

Ekspert hesab edir ki, zavodların rentabelli olması istehsaldan asılı olacaq: "Rentabellik istehsal olunan məhsulların çeşidindən və onun maya dəyərindən asılı olacaq. Yerli xammal yoxdursa, həmişə rentabelliklə bağlı problemlər yaşanacaq".

Qeyd edək ki, iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bu ilin martında Azərbaycanda üçüncü əczaçılıq zavodunun tikintisinin başlayacağını deyib: "Ümumilikdə, növbəti 3 il ərzində Azərbaycanda bir neçə əczaçılıq zavodu fəaliyyət göstərəcək. Bu gün biz əczaçılıq məhsullarının demək olar ki, 100 faizini xaricdən idxal edirik, lakin üç il ərzində bu sahədə dönüş olacaq. Biz ölkənin dərman təhlükəsizliyinin təmin olunması üçün vacib tədbirlər görəcəyik".

Yanvarın 16-da İranla birgə Pirallahı Sənaye Parkında, sayca 2-ci əczaçılıq zavodunun — "Caspian Pharmed"in təməli qoyulub. Bundan əvvəl — 2 noyabr 2016-cı il tarixində Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" əczaçılıq zavodunun təməli qoyulub. Hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır".

Xəbər lenti
0