Baş ağrısı

400-ə yaxın xəstəliyin siqnalı - onu nəzarətsiz buraxmayın

890
(Yenilənib 14:13 17.01.2017)
Əgər özünüzdə bu simptomları hiss edirsinizsə, dərhal həkimə üz tutun

BAKI, 16 yan — Sputnik. Hazırda əsəblə bağlı olan depressiya, gərginlik, yuxusuzluq, nevrozun müxtəlif formaları çoxalıb. Bunu Sputnik-ə açıqlamasında həkim-nevropatoloq Qalib Əsədov deyib.

Onun sözlərinə görə, boyunda və xüsusilə də beldə olan proseslərlə əlaqədar osteoxondroz halları çoxalıb: "Bu da həyat tərzi ilə əlaqədardır. İnsanlar az hərəkət edirlər, vaxtlarının çoxunu kompüter arxasında və yaxud oturaq rejimdə keçirirlər. Ona görə də, bir balaca ağır şey qaldıran kimi və yaxud soyuq olan kimi bu kimi problemlər yaşanır".

Həkim-nevropatoloq Qalib Əsədov
© Photo : Q.Əsədovun şəxsi arxivindən
Həkim-nevropatoloq Qalib Əsədov

Həkimin fikrincə, beyninin qanla təchizatının pozulması xəstəlikləri də çoxalıb: "Bu da qəbul etdiyimiz qidalar, yağlı yeməklərə meyl etməklə bağlıdır. Burada az hərəkətlilik də rol oynayır".

"Sinir sisteminin qan dövranı pozğunluğu, vegetativ pozğunluğu, yəni, əsəb pozuntuları, dağınıq skleroz və s. xəstəlikləri var" — deyən həkim, bunların hər birinin yaranma səbəblərindən danışıb: "Məsələn, meningitin yaranma səbəbi soyuq, virus və infeksiyadırsa, beyin qan dövranı pozuntusunun yaranma səbəbi qandakı hemodinamik, ürək-damar və qanın laxtalanma sistemində olan pozğunluqlardır. Vegetativ sinir sistemi xəstəliklərində əsas rolu əsəbi gərginlik, stress və s. oynayır. Osteoxondrozun yaranma səbəbi ağırlıqqaldırma, az hərəkətlilik, soyuq ola bilər. Hər bir sinir xəstəliyinin konkret yaranma səbəbləri var".

Əsədovun sözlərinə görə, baş ağrılarının 400-ə yaxın növü var: "Amma bunlar qruplaşdırılıb. Baş ağırları gərginlik tipli ola bilər. Bu, əsəbi gərginlik, stress, həyəcan və s. ilə bağlı olur. Baş ağrıları beyində hansısa şiş, travma və s. ilə də bağlı ola bilər. Boyun fəqərələrində osteoxondroz, yəni duzlaşma olanda sinirlər sıxılır və ağrı başa vurur. Bu, baş ağrılarının digər növüdür. Baş ağrının bir növü də qaymaritdir".

Həkim deyir ki, miqren tipli baş ağrıları olanda başın bir hissəsində ağrılar yaranır, xəstədə ürəkbulanma, bəzən hətta qusma halları ola bilər: "Başın bir yarısında olan dözülməz ağrılar bir neçə gün davam edir. Hazırda ən geniş yayılan hal gərginlik tipli baş ağrılarıdır".

"Hansı hallar daha təhlükəlidir və dərhal həkimə müraciət etmək lazımdır?" sualına mütəxəssis belə cavab verir: "Əgər ürəkbulanma, qusma baş ağrısı ilə müşayiət olunursa, xəstə huşunu itirirsə, danışığında problem varsa, dili topuq vurursa və digər bu cür qeyri-normal hallar baş verirsə, bu zaman dərhal həkimə müraciət etmək lazımdır. Amma baş ağrısı ildə, ayda bir dəfə olursa, bu zaman adi ağrıkəsicilərdən istifadə etmək olar. Amma baş ağrıları daim baş verirsə, onda ağrıkəsicilərdən mütəmadi istifadə etmək olmaz. Ağrıkəsicilər adətən mədəyə, qaraciyərə və böyrəklərə zərərli təsir göstərir. İstənilən bir travma, ağrı insanın əsəblərini pozur".

Həkim-nevropatoloqun sözlərinə görə, sinir sistemi xəstəliklərinin müalicəsi uzun müddət bəzən bir neçə il davam edir: "Bizdə həkimin göstərişlərini dəqiq yerinə yetirməklə bağlı bir qədər səhlənkarlıq var. Xəstə 1-2 ay müalicə olunur, özünü yaxşı hiss edən kimi də elə bilir ki, sağalıb. Amma belə yanaşma doğru deyil. Həkim nə deyirsə, ona əməl etmək lazımdır. Səhlənkar münasibət xəstənin müalicəsinə mənfi təsir edir, müalicənin keyfiyyətini aşağı salır. İstənilən xəstəliyin vaxtında müalicəsi daha ucuz və keyfiyyətli olur".

890
Teqlər:
Qalib Əsədov, baş, depressiya, ağrı, həkim, xəstəlik
Əlaqədar
Baş nazir təcili xəstəxanaya yerləşdirildi
Homoseksuallıq xəstəlik deyil, həyat tərzidir
21-ci əsrin xəstəliyi: onlar illüziya ilə reallığı ayıra bilmirlər
İlanlar xərçəng xəstəliyini müalicə edir
Keçmiş baş nazir xəstəxanaya yerləşdirildi
Əgər özünüzdə bu halları hiss edirsinizsə, damar xəstəliyiniz var
Azərbaycanda psixi xəstələrlə bağlı qorxulu statistika
Bakıda tibbi maska taxmış şəxs, arxiv şək

Azərbaycanda koronavirusa yoluxma niyə artır?

56
"Günəş şüalarının ekspozisiyasının azalması, havanın temperaturunun aşağı düşməsi və dəyişkən olması nəticəsində insanlar daha az hallarda açıq məkanlarda olurlar, toplaşdığı bağlı yerlərdə təmaslar artır, otaqlar soyuq olduğu üçün havalandırmaya riayət olunmur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Koronavirusa yoluxmada yenidən artım müşahidə olunur. Azərbaycanda oktyabrın 21-də koronavirus infeksiyasına yeni 714 yoluxma faktı qeydə alınıb. Artıq bəzi rayonlarda koronavirusa yoluxma kəskin artdığından giriş-çıxış bağlanıb. Nazirlər Kabineti bir həftə öncə "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb. Eyni zamanda Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib.

Sputnik Azərbaycan koronavirusa yoluxmanın kəskin artmasının səbəbini araşdırıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, Şəkidə və Sabirabaddakı yeni yoluxma ocaqlarının yaranmasını mövsümlə əlaqələndirmək olmaz:

"Çünki havalar ciddi şəkildə soyumayıb, temperatur normal olaraq davam edir. Yeni ocaqlar daha çox ailə, müəssisə daxilində olur. Yeni yaranan ocaqların üzərinə düşüb, onu ləğv etməyə çalışırıq".

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusla yoluxma hallarının artımı gözlənilən idi: "Buna hələ yay aylarında hazırlıq gedirdi. Əslində artımın özü yox, onun səviyyəsi bizi daha çox narahat etməlidir. Biz görürük ki, əhatə olunduğumuz ölkələrdə də hələ bir qədər əvvəl bu baş verib. Bu səbəbləri şərti olaraq iki qrupa ayırmaq olar.

Birinci qrup səbəblər təbiidir, yəni günəş şüalarının ekspozisiyasının azalması, havanın temperaturunun aşağı düşməsi və dəyişkən olması nəticəsində insanlar daha az hallarda açıq məkanlarda olurlar, toplaşdığı bağlı yerlərdə təmaslar artır, otaqlarda soyuq olduğu üçün havalandırmaya riayət olunmur. İnsanlar havaya uyğun düzgün geyim seçməkdə çətinlik çəkirlər, nəticədə tərləyir və ya soyuqlayırlar. Həmçinin soyuq havada yuxarı tənəffüs yollarının infeksiyalara qarşı müqaviməti bir qədər zəifləyir və s. İkinci qrup səbəblər isə bizim üçün daha əhəmiyyətlidir. Çünki bunlar korrektə oluna bilər və əhalinin davranışı ilə sıx bağlıdır. Yəni burada qeyd olunan maskanın taxılması, sosial məsafənin gözlənilməsi, təmasların azaldılması, respirator gigiyena qaydalarına əməl olunması, əllərin gigiyenası və s.-dir. Son zamanlar məhz bu qaydalara bir o qədər də ciddi riayət olunmur. Qeyd olunduğu kimi, neqativ dinamika izlənməkdədir. Bu özünü yoluxanların sayındakı artım və sağalanlarla nisbətdə üstünlük təşkil etməsi ilə göstərir".

Baş infeksionist bildirib ki, proses nəzarət olunandır və istənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər: "Bu qərarlar Operativ Qərargah tərəfindən qəbul olunaraq tətbiq edilir. Mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. Hesab edirəm ki, son vaxtlarda yoluxanların sayının bir müddət az olması əhalidə arxayınlıq yaradıb. Maska taxanların sayı azalıb, əhalinin daha çox toplaşdığı yerlərdə sosial məsafə gözlənilmir. İctimai nəqliyyatda eyni hallar müşahidə olunur. Buna görə də bir daha əhali ilə maarifləndirmə işləri aparılmalı və bu qaydalara əməl olunmasına nəzarət ciddiləşdirilməlidir. İnsanlarımıza müraciət edərək onu da çatdırmaq istərdim ki, bu qaydalara birgə əməl etməklə biz yoluxmaların sayını azalda bilərik və bu da bizim dövlətimizə bütün səyləri Qarabağ istiqamətində cəmləşdirməyə imkan verər.

Vətəndaşlar qeyd olunan qaydalara ciddi əməl etməli, təmasları, xüsusilə hərbçilərlə sıx təmasları minimuma endirməlidir. Özünü narahat hiss edən insan müvafiq şikayətlər olarsa, tibbi yardım üçün vaxtında müraciət etməlidir. Başa düşmək lazımdır ki, Ordumuzun döyüş qabiliyyəti əsgər və zabitlərimizin sağlamlığından bilavasitə asılıdır. Bu baxımdan onlara maddi və mənəvi dəstək olaq, lakin koronavirusu unutmayaq".

Qeyd edək ki, Şəki-Zaqatala üzrə koronavirusa yoluxma 2,0, Aran bölgəsi üzrə 10,5 faizdir. Azərbaycanda 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.

56
Teqlər:
infeksionist, Azərbaycan, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord
Gürcüstanda vəziyyət pisləşir: Bir gündə 15 nəfər koronavirusdan öldü
Azərbaycanda koronavirusa ən çox qadınlar yoluxub -statistika
Vasif Əliyev: “İnsanlar son günlər sanki koronavirusu unudublar”
Bu gündən Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilib
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Bölgə xəstəxanalarında tibb işçiləri arasında yoluxmalar artır

24
Bir çox bölgə xəstəxanalarımızda tibb işçiləri arasında da yoluxmalar artır. Onların xəstəliyə yoluxmaması bizim üçün önəmlidir.

BAKI, 22 oktyabr — Sputnik. "Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Lakin 714 yoluxma bizim üçün də yeni rəqəmdir. Sağalanların sayı 176 nəfərdir. Havalar hələ çox soyumadığı üçün insanlar da bizimlə razılaşar ki, mövcud artım dinamikasını bununla əlaqələndirə bilmərik. Deməli burada başqa məqamlar var. Sentyabr ayında yoluxmaların sayının azalması insanları bir qədər rahatlaşdırdı. Artıq yenidən həyəcanlı məqamlar yaşayırıq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AzTV-nin "Hədəf" proqramında qonaq olan TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva məlumat verib.

O bildirib ki, qarşıda bizi daha soyuq havalar gözləyir və hər kəs ehtiyatlı davranmalıdır, sağlamlığının qeydinə qalmaq üçün məsuliyyətli olmalıdır: "Yanvar ayının sonlarından Operativ Qərargah xüsusi planlar hazırlayıb və bəzi rayonlarda modul tipli xəstəxanalar tikilib. Lakin hazırkı vəziyyətlə əlaqədar bir çox şey dəyişib və son hadisələrlə bağlı biz çarpayı fondumuzun bir hissəsini bəlli istiqamətdə istifadə edirik. Bu gün biz maraqlıyıq ki, tibb işçilərimiz də qüvvətli olsunlar, hərbçilərimizə kömək etsinlər. Bir çox bölgə xəstəxanalarımızda tibb işçiləri arasında da yoluxmalar artır. Onların xəstəliyə yoluxmaması bizim üçün önəmlidir. Bu gün tibb bacıları yaralı hərbçilərimizə ana qayğısını əvəz edəcək qədər diqqətlə baxırlar, onların qulluğunda dururlar. Təəssüf ki, xəstəlik, virus insanın peşəsinə baxmır, tibb işçilərimiz də virusa yoluxa bilir. Hazırda bizdə əsas problem ağır xəstələr, yaşlılar, xroniki xəstəliyi olanlarla bağlıdır. Çünki onlara adi stasionar çarpayı yox, intensiv-terapiya çarpayısına ehtiyac var. Bu, o deməkdir ki, həmin xəstə azı iki həftə orada müalicə olunur. Yəni, bir intensiv-terapiya çarpayısından iki həftə ərzində yeni xəstə istifadə edə bilməyəcək. Bu, ciddi problemdir".

24
Milli Məclis

Milli Məclisin növbəti plenar iclasının vaxtı gündəliyi məlum olub

0
(Yenilənib 19:26 22.10.2020)
"Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanun layihəsinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, parlamentin iclası 27 oktyabrda keçiriləcək. İclasın gündəliyinə 8 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

7. "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

0