Evtanaziya

Özünə ölüm arzulayanlar: onlara necə yardım etməli?

104
Azərbaycanlı ekspertlər ümidsiz xəstələrin öldürülməsinin əleyhinədirlər

BAKI, 20 okt — Sputnik. "Əgər kimsə ölkədə evtanaziya praktikasının tətbiqi ilə bağlı məsələ qaldırsa, Azərbaycanın psixiatrları qətiyyətlə bunun əleyhinə çıxış edəcəklər". Sputnik-ə açıqlamasında, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov belə deyib.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov
© Sputnik / STR
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov

Əgər beynəlxalq praktikaya müraciət etsək, könüllü ölümün leqallaşdırılması sahəsinin pioneri Niderland olub. 1984-cü ildə Niderland Ali Məhkəməsi evtanaziyanı məqbul hesab edib.

Üstündən 18 il keçəndən sonra Niderlandda evtanaziya leqallaşıb. İllər keçdikcə, tibbi vasitələrin köməyi ilə ölüm praktikası digər ölkələrə yayılmağa başlayıb. Lüksemburq və Kanadada ümidsiz xəstələrin həyatdan köçməsinə yardım etməyə razılıq verilib.

Azərbaycanda evtanaziya qadağandır və bu hal qanunla cəzalandırılır. AR Cinayət Məcəlləsinin 135-ci maddəsinə əsasən, evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli
© Sputnik / Murad Orujov
Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli

F. İsmayılov qeyd edib ki, hələ 1996-cı ildə Ümumdünya Psixiatriya Assosiasiyası psixiatrların evtanaziyaya dəstəyinin yolverilməz olduğu barədə qərar qəbul edib: "Biz assosiasiya üzvləri o bəyannaməni qəbul etmişik. Buna görə də, biz heç bir halda evtanaziya məsələsini dəstəkləmirik və əgər kimsə onun tətbiqi məsələsini qaldırsa, qətiyyətlə bunun əleyhinə çıxacağıq".

Ekspert evtanaziyanın adam öldürmək olduğu fikrinə şərikdir: "Başqa adama həyatı tərk etməyə kömək edən adam cinayətkardır. O, digər qatillərdən heç nə ilə fərqlənmir. İnsana həyat bir dəfə verilir və həmişə də onun xilas olmasına ümid var".

Onun sözlərinə görə, həkim heç vaxt ümidsiz xəstələrdən əlini üzməməli, onun yaşaması uğrunda mübarizəni sonadək davam etdirməlidir. Həkim hesab edir ki, insanın son günlərini rəngarəng etmək üçün, ölümün leqallaşdırılması əvəzinə, ümidsiz xəstələrə ixtisaslaşmış yardım göstərmək məqsədilə "hospis"in açılması daha məqbuldur.

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Sputnik-ə açıqlamasında, onun yanına hər gün sağalmaq ümidi olmayan xəstələr gəldiyini deyib: "Amma onlardan heç biri evtanaziyaya razı olmurlar. Hətta ölüm yatağında olan xəstələr belə, həyatdan yapışmaq, xilas olmaq üçün saman çöpünə əl atırlar".

Kərimli əmindir ki, Azərbaycan ictimaiyyəti bu yeniliyə hazır deyil: "Həm də milli mentalitet və din insanın belə ölümünə qarşıdır. Həmçinin, istisna etmirəm ki, sağalmağa həmişə ümid var. Ona görə də, tibbi vasitənin köməyi ilə ölümü qəbul etmirəm".

Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli isə bildirib ki, hazırda Respublikamızda 575 minə yaxın adamın əlilliyi var. Onlardan təqribən 25%-i ağır xəstəlikləri olan insanlardır.

Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli
© Sputnik / Murad Orujov
Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli

Bununla belə, o, hələ indiyə qədər həkimlərin köməyi ilə ölümü arzulayan bir nəfərə də rast gəlməyib. Bu istiqamətdə hər hansı araşdırma da aparılmayıb ki, ölkədəki vəziyyət dəqiq şəkildə öyrənilsin.

"Biz bəzən deyirik ki, elə məsələlər var, onlarla bağlı qərarı hər bir insan özü verməlidir. Bu məsələ ilə bağlı heç nəyi bilmək olmaz. İndiyə qədər bizdə belə bir təcrübə də olmayıb. Bu, həqiqətdir ki, bir sıra ölkələrdə belə praktika mövcuddur, amma bizim psixologiyamıza uyğun deyil. Onlar bu istiqamətdə maarifləndirmə işlərinə uzun müddət vaxt sərf edirlər. Əvvəlcə ictimaiyyəti buna hazırlamaq lazımdır", — deyə Rəhimli bildirib.

O, xatırladıb ki, bir neçə il əvvəl Milli Məclisin xüsusi iclaslarından birində evtanaziya məsələsi qaldırılmışdı. Amma bu məsələnin qanunvericiliyə salınması ilə bağlı rəsmi müraciət edilməyib.

104
Teqlər:
Azad Kərimli, evtanaziya, Fuad İsmayılov, tibb, Davud Rəhimli, xəstə, həkim, intihar
Əlaqədar
İki ağır xəstəliyin öhdəsindən təkbaşına gələn adam
Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik yaranır
Bu içki 42 günə xərçəng xəstəliyini məhv edir
Ruhi xəstələrin xəyali arzuları
Bölgələrdən paytaxta xəstə göndərilməsi halları azalıb
Ölüləri yandırmaq vacib deyil, yoluxucu xəstəlik daşıyıcısı olsalar belə...