Dərman

Bu qidaların istifadəsi qadağan edildi

3755
(Yenilənib 17:48 14.10.2016)
Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağan olunub

BAKI, 14 okt — Sputnik. Parlamentin bu gün keçirilən plenar iclasında "Dərman vasitələri haqqında" qanunda dəyişikliklərə baxılıb. Sputnik xəbər verir ki, qanuna 4.7-ci, 16.4-cü və 14-1-ci maddələr əlavə edilib.

Əlavədə deyilir ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.

Bildirilir ki, dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludurlar.

Qanuna maddə 14-1-ci (bioloji fəallığa malik qida əlavələri) da əlavə olunub. Qeyd edilir ki, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədi ilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır.

Bildirilir ki, bioloji fəallığa malik qida əlavələrinin üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqlərində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş "dərman vasitəsi deyildir" sözləri yazılmalıdır. O da vurğulanır ki, bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.

Qeyd edilib ki, bu Qanunun 4.7-ci maddəsinin tələblərinin pozulmasına görə, bir il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası lisenziya verən orqan tərəfindən 6 ayadək müddətə dayandırılır. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar hesab edilir.

3755
Teqlər:
qida, plenar iclas, dərman, qanun
Əlaqədar
"Manatın üzərində Heydər Əliyevin şəkli əksini tapmalıdır"
Torpaq vergisi ilə bağlı qanuna dəyişiklik olundu
Spirtli içkilərin satışı ilə bağlı qadağa aradan qalxdı
Sahibkarlıqla bağlı qanunvericilik sərtləşdirildi
Şəhid ailələrinə yeni güzəştlər ediləcək