Körpə uşağın peyvənd olunması. Arxiv şəkli

Valideynlər üçün həyacan siqnalı: bunu gözardı etməyin!

4618
Onsuz orqanizmin müqavimət qabiliyyəti aşağı düşür və insanların xəstəliklərə yoluxma riski artır. İlk baxışdan problemin aradan qalxdığını, xətanın sovuşduğunu düşünürsən, halbuki illər sonra sizi yaxalaya bilər.

BAKI, 24 may — Sputnik. "Hazırda yer üzündə kütləvi qırğının qarşısını alan əsas vasitələrdən biri peyvəndir. Peyvəndsiz insan həyatını təsəvvür etmək mümkün deyil".

Bunu Sputnik-ə açıqlamasında həkim, tibbi ekspert Rasif Bağırov deyib. Onun sözlərinə görə, peyvənd olmayanda orqanizmin müqavimət qabiliyyəti aşağı düşür və insanların xəstəliklərə yoluxma qabiliyyəti çoxalır.

"Bu gün cəmiyyətdə su çiçəyinə çox rast gəlinir. İlk baxışdan adama elə gəlir ki, bu, bir həftəyə, 10 günə düzəldi, getdi. Bəzən su çiçəyindən elə fəsadlar meydana çıxır ki, həm mərkəzi sinir sistemində, həm digər orqanlarda sonradan onu aradan qaldırmaq, qaydaya salmaq çox çətin olur. Rotavirus gündəlik rast gəldiyimiz virus prosesləridir ki, sonradan bu, orqanizmdə müxtəlif fəsadlar yaratmağa qadirdir. Bunlara qarşı peyvəndlərin vurulması çox yaxşı olar", — həkim qeyd edib.

O, bir məsələni təəssüflə qeyd edib ki, Azərbaycanda peyvəndlər bir dəfə insanlara vurulduqdan və insan müəyyən yaşa dolduqdan sonra onun təsiri zəifləyir: "Adətən peyvənd uşaq vaxtı vurulur. Müəyyən müddətdən sonra o peyvəndlərin təsiri zəifləyir. Bir də görürsən ki, qızılcaya qarşı peyvənd olunmuş adam 25-30 yaşında bu xəstəliyə tutulur".

"Müəyyən peyvəndlər insan orqanizmində vaxt ötdükcə zəifləyir. Yaxşı olardı ki, hansı peyvəndlərin orqanizmdə zəifləmə prosesi gedirsə, onları yenidən insanlara vursunlar. Peyvəndlərin sırasının genişlənməsi çox yaxşı haldır. Nə qədər xəstəliyə qarşı peyvəndlər olunsa, cəmiyyət də sağlam olar", — R. Bağırov vurğulayıb.

Mütəxəssis xaricdən gətirilən peyvəndlərin keyfiyyətli olduğunu deyir: "Xaricdə firmalar buna zəmanət verir. Cəmiyyətdə bununla bağlı müəyyən şayiələr buraxırlar. Əslində buna inanmağın özü düzgün deyil".

Bu arada, Respublikanın baş pediatrı Nəsib Quliyev də peyvəndlərlə bağlı açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanda gələcəkdə ilk olaraq su çiçəyinə, sonradan isə meningit və rotavirusa qarşı peyvəndlərin tətbiqi nəzərdə tutulub.

"Bu gün bəzi vaksinlər tam təkmilləşməyib. Gözləyirik ki, su çiçəyinə qarşı tam texnoloji səviyyədə vaksinlər hazırlansın. Digər tərəfdən, su çiçəyinə yoluxma zamanı qaydalara riayət etdikdə onun nəticəsi xoşagələn olur", — deyə baş pediatr bildirib.

O, peyvəndin fəsadının olduğunu da qeyd edib: "Biz ümumiyyətlə, heç bir fəsadı olmayan peyvəndi gözləyirik. Peyvəndin, yoxsa xəstəliyin fəsadı daha ağır ola bilər? Biz bunu müqayisə edirik. Hazırda müqayisə mərhələsindəyik. Su çiçəyinə qarşı yeni vaksinlərin istehsal olunması gözlənilir. O zaman Azərbaycanda su çiçəyinə qarşı 12-ci peyvənd tətbiq olunmağa başlanacaq. Ümumiyyətlə, insanlar 25-ə yaxın xəstəliyə qarşı peyvənd oluna bilər".

Baş pediatrın sözlərinə görə, peyvəndlər müxtəlif dozalarda olur: "Azərbaycan milyonlarla doza vaksini 1 dozadan 20 dozaya kimi olan flakonlarda alır. Çox dozalıq flakonların alınmasının da bir çox üstün cəhətləri var. Birinci şərt onun qiymətinin dəfələrlə ucuz olmasıdır. Bir dozalıq vaksin 10 manata alındığı halda, 20 dozalıq vaksini də eyni qiymətə almaq olar. Vaksinin tək dozada alınmasının heç bir xeyri yoxdur. Ona görə də bir flakonla 1-5-10-20 nəfərlik dozada vaksinlər alınır".

"Məsələn, Bakıda uşaqların sayı çox olduğundan şəhərdəki poliklinikalara çox dozalıq peyvəndlər verilir. Rayon yerlərində uşaqların üçü və ya beşi eyni vaxtda anadan olanda, həmin əraziyə az dozalıq flakonlar paylanır. Lakin vaksinin tərkibində heç bir fərq olmur", — həkim vurğulayıb.

N. Quliyev bildirib ki, uşaqların peyvəndi üçün lazım olan bütün preparatlar dövlət hesabına gətirilir və pulsuz vurulur: "Peyvənd istehsal edən zavodların heç biri işlədiyi ölkəyə aid deyil. Yəni, peyvənd istehsal edən zavodların hamısına bir mərkəzdən — Dünya Səhiyyə Təşkilatının Strateji Nəzarət Qrupu tərəfindən nəzarət edilir. Zavodun hansı dövlətin ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq, bir mənbədən lisenziya alırlar. Ona görə də peyvəndlərin keyfiyyətinin fərqli olması ilə bağlı deyilənləri ciddi qəbul etmirik".

4618
Teqlər:
Nəsib Quliyev, baş pediatr, su çiçəyi, kütləvi qırğın, peyvənd, Rasif Bağırov, həkim, xəstəlik
Əlaqədar
Azərbaycana idxal olunan lobyada xəstəlik aşkarlandı
Qıcqırma təhlükəli xəstəlikdən xəbər verə bilər
Qaraciyər və öd xəstəliklərinin əvəzsiz dərmanı Azərbaycan çöllərində bitir
Bu insanlar yoluxucu xəstəliklə üzə-üzə qalıblar
Ürək xəstəlikləri olan insanlar üçün faydalı məsləhətlər
Bu bitki sizi və evinizi xəstəliklərdən qoruyacaq
Bu xəstəlik hər üç qadından birində var

Koronavirusu blok edən üç ərzaq

2
(Yenilənib 02:05 04.12.2020)
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

BAKI, 4 dekabr - Sputnik. Alimlər müəyyən ediblər ki, üzüm, şokolad və yaşıl çaydakı kimyəvi birləşmələr SARS-CoV-2 virusunu bloklamağa qadirdir. Sputnik Azərbaycan bildirir ki, bu barədə araşdırma Frontiers in Plant Science jurnalında dərc edilib.

Bildirilir ki, SARS-CoV-2-nin zəif yeri "əsas proteaza" olan Mpro fermentidir. Bu ferment replikasiya mexanizmində iştirak edir. O da məlumdur ki, Mpro güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərinə malik bitki mənşəli ərzağın müxtəlif kimyəvi birləşmələrinin təsiri ilə dəf olunur.

Şimali Karolina Universitetinin mütəxəssisləri bu cür birləşmələri üzə çıxarmaq üçün ərzaq məhsulları və bitki dərmanlarını öyrənblər. Kompüter modelləşdirməsi və laboratoriyalardakı in vitro (şüşə qabda, kolbada - red.) eksperimentləri göstərib ki, yaşıl çay və üzümdəki maddələr Mpro-nun funksiyasını uğurla dəf edir, kakao tozu və tünd şokoladdakı birləşmələr isə proteazanın aktivliyini təxminən yarıbayarı azaldır.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

2
Teqlər:
Yaşıl çay, üzüm, şokolad, ərzaq, blok, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla
COVID-19 virusundan ölən şəxs

COVID-19-la mübarizədə vəziyyət nəzarətdən çıxıb - Yoluxan millət vəkilindən etiraf

94
(Yenilənib 21:47 03.12.2020)
Artıq bir müddətdir ki, COVID-19-dan müalicə alan millət vəkilimiz Tahir Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Son bir neçə ayda ölkədə COVID-19-a yoluxmada ciddi artım qeydə alınıb. Artıq gündəlik yoluxma rəqəmləri 5 minə çatmaqdadır. Görünən budur ki, artıq rəqəmlərin qarşısını almaq mümkünsüzə çevrilib.

Rəqəmlərin artmasının səbəbləri nədir, sualına cavabı isə ötəngünkü brifinqdə tapmağa çalışdıq.

ATU-nun professoru Akif Qurbanov brifinqdə ev şəraitində müalicə alan xəstələrin daha böyük təhlükə olduğunu deyib: "Ev şəraitində müalicə olunan xəstə infeksiya mənbəyidir. Həmin xəstələr özlərini təcrid etməsələr, ailədaxili yoluxmalar artır. Bir nəfər yoluxub xəstələnir və digər ailə üzvlərini də yoluxdurur. Yoluxmaların sayının artmasının səbəbi məhz ailədaxili yoluxmadan qaynaqlanır. Yoluxma sayının artmasının əsas səbəblərindən biri də məhz budur. Hər bir xəstə şəxs ətrafındakıları qorumalıdır. Hər bir evdəki şəxs də həmin xəstəyə müəyyən müddət ehtiyatla yanaşmalıdır, özünütəcrid etməlidir".

"Belə şəxslərin xəstəxanaya getməyə ehtiyacı yoxdursa, həkimə müraciət edərək evdə müalicə almalıdırlar", - deyə o əlavə edib.

Lakin bu gün sosial şəbəkələrdə yayılan məlumatlarda, həmçinin də ətrafımızda olan şəxslərdən də əldə etdiyimiz məlumatlara da əsasən bu şəxslərə evdə nəzarətin olmadığını, test analizlərinin götürülməsi üçün də müraciətlərə baxılmadığını eşidirik. Belə olan halda müəyyən suallar ortaya çıxır. Ailədə xəstə olan şəxsi evdə tək qoyub necə təcrid olunmaq olar?

Səhiyyə Nazirliyinin rəsmisi Adil Allahverənov isə ötəngünkü brifinqdə bildirib ki, 20 yaşdan aşağı şəxslər ölüm daşıyıcılarıdır, ölüm saçırlar: "Onlar bəzən özləri də bilmədən xəstəlik daşıyırlar və xəstəliyi evdə, 65 yaşdan yuxarı şəxsə yoluxduraraq onun üçün təhlükə yaradırlar. Viruslar asanlıqla kənara yayıla bilər".

Artıq bu gün bir çox ölkələrdə də yaşı 65+ olanlarla yanaşı, 20-dən aşağı yaşı olan şəxslərlə bağlı qadağalar da gündəmə gəlib. Bəs Azərbaycan ümumi vəziyyəti nəzarətə almaq üçün hansı addımlar atılmalıdır, ümumiyyətlə vəziyyətin nəzarətdən çıxmasında hansı amillərin rolu olub?

Artıq bir müddətdir ki, COVID-19-dan müalicə alan millət vəkilimiz Tahir Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Rəqəmlərin artmasının ilk səbəbi düşünürəm ki, mövsümlə bağlıdır. Havanın dəyişməsi ilə əlaqədar olaraq bütün dünyada, o cümlədən də Azərbaycanda da qrip mövsümü geniş vüsət alıb. Sanki bu xəstəliklər bir-birinə qarışaraq rəqəmlərin artmasına səbəb oldu. Vəziyyət artıq nəzarətdən çıxıb. Çünki insanlar kütləvi şəkildə evdə müalicə olunur. Vaxtı ilə bu xəstəliyə inanmadılar və xəstəlik geniş yayıldı, səhlənkarlıq oldu. Biz nə qədər xalqa inandırmağa çalışdıq ki, bu xəstəlik var, amma xeyri olmadı. Lakin artıq gecdir. İndi elə bir vəziyyət yaranıb ki, xəstəxanalarda belə yer yoxdur. Hədsiz dərəcədə çox eşidirəm ki, xəstələri nə xəstəxanaya qəbul edirlər, nə də ki, onlara evdə gəlib xidmət göstərirlər. Yəni, artıq vəziyyət kütləvi hal alıb. Ona görə də hesab edirəm ki, səhiyyə təşkilatları, TƏBİB bu sahədə ciddi çalışmalıdır, bu şəxsləri nəzarətsiz də qoymaq olmaz. Ümumiyyətlə, xoşum gəlmir ki, təqsirləri daha çox vətəndaşların üzərinə yıxırlar. Belə də olmaz axı. Təsəvvür edin ki, evdə hamı xəstədir, kim gedib çörək, dərman alacaq və ya dava-dərmanı tətbiq edəcək?! Necə demək olar ki, çölə çıxma. Axı hamısının yanına nəzarətçi qoymaq da mümkün deyil. Sadəcə olaraq xəstə ola hər kəs çalışmalıdır ki, təcrid olunsun, çünki onun xəstəliyi yügül keçirtməsi o demək deyil ki, yaşlı şəxs də bunu yüngül keçirəcək. Hər kəs düşünməlidir ki, bəlkə də xəstəliyin gizli daşıyıcısıdır və başqasına keçirə bilər".

Qadağalara gəldikdə, Tahir Kərimli bunun xüsusən iqtisadiyyat üçün zərərli olduğunu deyir: "Qadağalar tətbiq olunduqda iqtisadiyyat bir qədər pozulur, məhsul istehsalı azalır. Bu səbəbdən ölkələr çalışırlar ki, bu məhdudiyyətləri tətbiq etməsinlər. Lakin bu məsələni birbaşa olaraq hökumət nəzarətə götürməlidir. Qadağa sistemi onlar tərəfindən götür-qoy edilməlidir. Hansı məhdudiyyətlər tətbiq edilməlidir, bununla bağlı onlar götür-qoy edib bir qərara gəlməlidir".

Hazırda da COVID-19-la mübarizə aparan millət vəkili evdə nəzarətdən danışıb: "Bunu gizlətmirəm, açıq deyirəm ki, özüm, ailə üzvlərimə görə də tibb bacısı özümüz dəvət edirik, həkimi də özümüz tapırıq. Çünki xəstə sayı hədsiz çoxalıb, çatdıra bilmirlər. Biz də nə ediriksə, öz təşəbbüsümüzlə edirik".

94