Dərmanlar

Sağlığımız təhlükə altında: canınızı onlara etibar etməyin!

1283
(Yenilənib 10:39 07.04.2016)
Həkim: "Nüfuzlu firmaların məhsulu kimi ölkəmizə daxil olan dərmanların 90 faizinin həmin firmalara aidiyyəti yoxdur. O dərmanların böyük əksəriyyəti kustar üsulla zirzəmilərdə hazırlanır"

Bakı, 7 aprel — Sputnik. Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuradan APA-ya verilən xəbərə görə, iclasda daha 1427 dərman vasitəsinin qiyməti təsdiqlənib.

Ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77%-ni təşkil edir.

Bunlardan 5741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

Həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənmiş 1427 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb, 26%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin qiymətləri endirilib.

Qiymət tənzimlənməsi aparılmamış təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün Şura tərəfindən sənədlərin (bəyannamələrin) qəbulu üçün son tarix cari ilin aprel ayının 22-si müəyyən edilib.

Ölkədə fəaliyyət göstərən apteklərdə dərman qıtlığının yaşanması, üstəlik qiymətlərin həddən artıq baha olması əhalinin ciddi narazılığına səbəb olub. İnsanları narahat edən digər məqam isə dərman vasitələrinin keyfiyyətinin aşağı olması, qəbul edildikdə lazımi effekti verməməsidir.

"Avropanın hər hansı bir məşhur dərman firması Avropa ölkələrinə göndərdiyi dərmanın eynisini Azərbaycana göndərə bilmir. Çünki əhalimizin alıcılıq qabiliyyəti həmin ölkələrin əhalisinin alıcılıq qabiliyyəti ilə eyni səviyyədə deyil. Azərbaycana göndərilən dərmanın keyfiyyəti ilə onlara göndərilən dərmanın keyfiyyəti arasında mütləq fərq olur".

Bunu Sputnik-ə açıqlamasında, həkim Rasif Bağırov deyib. Ekspert başqa bir səbəbə də toxunub: "Məsələn, Rusiya adı ilə ölkəmizə daxil olan preparatların demək olar ki, 90 faizinin Rusiyaya dəxli yoxdur. O dərmanların böyük əksəriyyəti kustar üsulla zirzəmilərdə hazırlanır. Heç bir firmaya məxsus deyil. Hətta elə olub ki, dərmanları biz eyni şəxsin üzərində yoxlamışıq. Tamamilə fərqli nəticələr veriblər".

Həkimin sözlərinə görə, son dövrlər dərmanların qiymətləri ilə bağlı baş vermiş problemlər də dərmanların keyfiyyətinə təsir göstərir: "Azərbaycanda dərmanların keyfiyyətinin aşağı olmasının əsas səbəblərindən biri odur ki, laboratoriyalarımız ölkəyə daxil olan dərman preparatlarının kütləvi şəkildə yoxlanışını həyata keçirmək imkanında deyil".

Apteklərdə dərman qıtlığı məsələsinə toxunan R. Bağırov deyib ki, bəzən ən çox istifadə olunan dərman preparatları Azərbaycanda defisitə çevirilir: "Əvvəllər belə idi ki, firmalar sərbəst şəkildə fəaliyyət göstərirdi. Hər bir firmanın özünün deposu olurdu, dərmanlarını yığırdı ora. Və bütün apteklərə özü sərbəst şəkildə paylayırdı. Dərman firmaları bir-biri ilə rəqabət aparanda müəyyən dərmanlar ucuzlaşmağa doğru gedirdi. Amma indi müəyyən mərkəzləşdirilmiş depolar var. Həmin depolar firmalardan daxil olan preparatları alır, özü istədiyi qiyməti tətbiq edir. Dərman gətirənlə alanın fikirləri üst-üstə düşmür. Firmalar ilə depolar arasında müəyyən fikir ayrılığı yaranır".

"Nəticədə bu, dərman gətirən firmaya sərf etmir. Ona görə bir də görürsən ki, ən çox işlənən dərmanları firmalar depolara verməyəndə həmin dərmanlar apteklərdən yoxa çıxır. Bu gün həkimlər çox vaxt ən çox işlətdiyi preparatları tapmaqda əziyyət çəkirlər", —deyib mütəxəssis.

Həkim Adil Qeybulla
MeydanTV
Səhiyyə eksperti Adil Qeybulla

Məsələ ilə bağlı həkim Sputnik-ə danışan tibb eksperti Adil Qeybulla sözlərinə görə, dərmanların keyfiyyətinin aşağı olması dərman bazarındakı bərbad vəziyyətlə bağlıdır: "Bəzi dərmanların mənşəyi ümumiyyətlə məlum deyil. Onlar üçüncü ölkələrdə istehsal olunur, bəzilərinin heç istehsal yerini tapmaq olmur. Bu cür faktlar var. Bu məsələlər qaydaya salınmalıdır".

"Əslində Tarif Şurasının dərmanların qiymətlərini endirməsi ilə bəzi dərmanlar yoxa çıxıb. Sahibkarlara sərf etmir, onların ölkəyə idxalı məhdudlaşıb. Dərman qıtlığı bununla bağlıdır", —deyib mütəxəssis.

A.Qeybulla bildirib ki, Azərbaycanın özü dərman istehsal etmək üçün müəyyən imkanlara malikdir: "Sovet dövründə belə bir zavod olub. Hər halda təcrübə var. Bunu müştərək şəkildə həyata keçirmək olar ki, sonradan bu, öz bəhrəsini verə bilər".

1283
Teqlər:
sağlamlıq, Rasif Bağırov, Adil Qeybulla, preparat, aptek, dərman
Əlaqədar
Siz nədən əziyyət çəkirsizsə, gicitkən məhz onun dərmanıdır
Cohanna Badviq: Xərçəng xəstəliyindən dərmansız 3 aya xilas olmaq mümkündür
Apteklərdə hələ də qadağan olunmuş dərmanlar satılır
Dərman qadağası konkret ölkələrə şamil edilmir
Tarif Şurası 3540 dərmanın qiymətini təzələdi
Dərmanların və digər məhsulların qiymətlərinə yenidən baxılacaq