Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakıda məşhur xəstəxananın "kimsəsizlər" palatasından reportaj

© Şəxsi arxivindənYadər Babazadə
Yadər Babazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxananın 13 nömrəli "kimsəsizlər" palatasında yalnız iki xəstə yatır. Yemək bişirilən kimi də tibb bacıları ilk növbədə onlara yemək aparırlar ki, kimsəsiz olduqlarını hiss etməsinlər.

BAKI, 8 yan — Sputnik. "Qış ayı idi. Böyük otaqdan çarpayı olan mətbəxə keçdim. Kustar üsulla hazırlanan elektrik sobasını yandırdım ki, guya qənaət edəcəyəm. Onu keçirdib, mətbəxdə çarpayının yanına qoydum. Balaca otaqdan istifadə etdim ki, işıq pulu az yazsın, işləmirəm deyə. Yorğanımın bir hissəsi düşübmüş "tok peçi"nin üstünə. Birdən-birə yorğanım alışdı, mən də özümü itirdim, çünki belə hadisə ilə heç vaxt rastlaşmamışdım. Hətta özümü mətbəxtdən çölə atıb qışqırdım. Qonşular gələnədək mən artıq yanmışdım…".

Bunu Sputnik-in əməkdaşına Respublika Yanıq Mərkəzində müalicə alan xəstə Yadər Babazadə danışır. O, Siyəzən rayonu, B.Dəmirov küçəsi, mənzil 12 ünvanında yaşayıb. Ötən ilin noyabrın 4-də mənzildə yanğın baş verir və onu Siyəzən Regional Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirirlər. 12 gün orada müalicə aldıqdan sonra, onu Respublika Yanıq Mərkəzinə köçürdülər. Xəstənin sözlərinə görə, o özü bu xəstəxanaya köçürülmək istəyib və müalicəsindən razıdır.

"Mən bir dəfə burada müalicə almışam. Onda başqa xəstəliklə yatırdım və müalicə yaxşı keçdi deyə dedim, oraya gedim. Getdim öz rayon xəstəxanamıza və dedim, məni bura göndərsinlər. Allah köməkləri olsun, göndərdilər məni bu xəstəxanaya. İndi bu xəstəxanada müalicə alıram, lakin yadımdan çıxıb neçənci gündür burdayam. Müalicəm gedir, Allah həkimlərin, həmçinin tibb bacılarının köməkləri olsun. Razıyam müalicəmdən", —deyir Y. Babazadə.

Xəstəxananın "Yanıq şöbəsi"nin həkim-cərrahı Ülviyyə Zeynalova bildirir ki, hazırda xəstə kafi vəziyyətdədir, rahat gəzə bilir: "Xəstə Babazadə Yadər Qədir oğlu 1967-ci il təvəllüddür. 16 noyabr 2015-ci il tarixində hər iki budun, baldırın və ayaqların 3B və 4-cü dərəcəli texniki yanığı ilə daxil olub. Şöbəyə gəlməmişdən qabaq Siyəzən rayonunda xəsarət alıb. Özünün dediyinə görə, bir az içkili olub və sobanın yanında yatanda yorğan alışıb və elə oradanca yana-yana qaçıb qonşuya. Təcili tibbi yardımla aparıblar Siyəzən rayon xəstəxanasına, orada müalicə alıb. Sonradan görülüb ki, yaralar dərindir və bunun əməliyyata ehtiyacı olacaq, ona görə tibbi yardım maşını ilə bizim şöbəyə göndərilib".

© Şəxsi arxivindənHəkim-cərrah Ülviyyə Zeynalova
Həkim-cərrah Ülviyyə Zeynalova - Sputnik Azərbaycan
Həkim-cərrah Ülviyyə Zeynalova

Həkim deyir ki, şöbəyə daxil olunan gündən xəstə müayinə və müalicə olunub: "Hər iki ayağına 17 dekabr 2015-ci il tarixində autodermoplastika əməliyyatı icra olunub. Əməliyyatdan sonrakı dövr rahat keçib, donor dəriləri tutub. Hal-hazırda xəstə kafi vəziyyətdədir, rahat gəzir".

Xəstəxanadan əldə etdiyimiz məlumata görə, xəstənin müalicəsi artıq başa çatıb və o, oranı tərk etməlidir. Lakin müəyyən səbəblərdən xəstə oranı tərk etməkdən imtina edir, hətta deyilənə görə, bəzən qışqıraraq öz haqqını tələb edir.

Xəstə isə yaşadığı evin yanmadığını qeyd edərək tezliklə ora qayıdacağını bildirdi: "Yaxınlarım Siyəzən rayonundadır, bəlkə də heç bilmirlər başıma belə iş gəlib. Mən elə özüm getdim Siyəzən rayon xəstəxanasına, oradan da məni bura göndərdilər. Heç kəsə mən xəbər etməmişəm. Səbəbi odur ki, yola getmirəm. Bir-iki günə özümə gəlib, çıxıb gedəcəm. Evimə gedəcəm, nə edim, mən burada kiminsə boynundan yapışıb qalası deyiləm ki".

Həkim Ülviyyə Zeynalova xəstənin yaxınları ilə bağlı məlumat əldə etmək üçün Siyəzən Rayon Polis Şöbəsi ilə də əlaqə saxladıqlarını bildirdi: "Siyəzən Rayon Polis Şöbəsinin sahə müvəkkili ilə əlaqə saxlamışıq. Onun verdiyi məlumata görə, heç kimsəsi yoxdur. Özü isə gah deyir ailəm var, gah deyir qızım var, gah deyir qaynanam qızımla yoldaşımı qoymur yanıma gəlməyə, gah deyir qızım burada BDU-da oxuyur və yoldaşım onun yanında qalır. Amma burada yatdığı gündən indiyənədək heç kim onun yanına gəlməyib, nə də onun haqqında maraqlanan olub".

Qeyd edək ki, xəstəxananın 13 nömrəli "kimsəsizlər" palatasında yalnız iki xəstə yatır. Yemək bişirilən kimi də tibb bacıları ilk növbədə onlara yemək aparırlar ki, kimsəsiz olduqlarını hiss etməsinlər.

Xəbər lenti
0