Öskürək, xəstə uşaq

Öskürəkdən tez, dərmansız asanlıqla xilas olmağın yolları

2461
(Yenilənib 22:11 03.01.2016)
Sputnik artıq xərcə düşmədən "qış bəlası"ndan qurtulmağın yollarını təklif edir.

BAKI, 3 yan-Sputnik. Həkimlər deyir ki, öskürək soyuqdəymə zamanı ən tez əmələ gələn və ən gec keçən simptomdur.

Həkim təyin etdiyi müalicə ilə yanaşı xalq təbabəti üsullarından istifadə etməklə siz öskürəkdən daha tez qurtula bilərsiniz.
Təbii ki, istənilən xalq təbabəti üsullarından istifadə etdikdən əvvəl sizi müalicə edən həkimlə məsləhətləşin!
Sputnik "Təbabət" faceqrupunun tövsiyə etdiyi üsulları təqdim edir:

— Süd çox yaxşı bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Öskürək zamanı gün ərzində 2-3 stəkan ilıq süd için.

— 1/2 təkan ilıq süd 1/2 stəkan borjomi mineral suyu ilə qarışdırın və gün ərzində 2-3 stəkan olmaqla için.

— 2 stəkan süddə 10 dəqiqə ərzində vam odda bağlı qabda 3 dənə quru əncir qaynadın və qəbul edin.

— 250 suya 1 çay qaşığı bal, 1 xörək qaşığı cirə toxumları və 1 çimdik duz əlavə edin, 5 dəqiqə ərzində qaynadın və süzün. Gün ərzində kiçik qurtumlarla qəbul edin.

— 1 stəkan süddə 10 dəqiqə ərzində vam odda bağlı qabda 1 çay qaşığı gülxətmi və 1 çay qaşığı adaçayı otları qaynadın, süzün və ilıq vəziyyətdə qəbul edin.

— Axşamdan iri baş soğan doğrayın, piyaləyə yığın və üzərinə 2 xörək qaşığı şəkər tozu əlavə edin. Növbəti gün soğandan çıxan şirəni için.

— Qara turpun ortasını oyun, içinə 2 çay qaşığı səkər tozu tökün və saxlayın. Səhər əmələ gəlmiş şirəni için.

— 1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.

— İsti ayaq vannaları da öskürəklə mübarizədə yaxşı kömək edir. Axşam yatmazdan əvvəl isti ayaq vannanı qəbul edin (ayaqlarınız topuğa kimi isti suda olmalıdır), ayaqlarınıza pambıq corab geyinin və yatın. Allergiya yoxdursa, corablara quru xardal tökün.

— 1 xörək qaşığı üzüm sirkəsi, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qağıdı kamfora yağı qarışdırılır, qalın pambıq əskiyə çəkilir və kompres şəklində xəstənin döş qəfəsinə qoyulur. Üstündən yun şərflə bağlayın və bu kompreslə yatın.

— 1 xörək qaşığı un, 1 xörək qaşığı quru xardal, 1 xörək qaşığı günəbaxan yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı arağı qarışdırın və su hamamında qarışdıra-qarışdıra isindirin. Alınmış kütləni pambıq əskiyə çəkin və xəstənin döş qəfəsinə qoyun. Üstündən polietilen plyonka ilə örtün, isti şərflə bağlayın və bu kompreslə yatın.

Kompreslərdən yalnız xəstədə hərarət normada olduqda istifadə etmək olar.

Sadaladığımız vasitələrin birini və bir neçəsini istifadə edə bilərsiz. Məsələn, gün ərzində dəmləmə, axşam kompres və yatmazdan əvvəl ayaq vannaları.

2461
Teqlər:
kompres, gülxətmi, günəbaxan, axşam, turp, süd, xalq təbabəti, öskürək, xardal
Əlaqədar
Vitamin çatışmazlığı bu xəstəliklərə səbəb olur
İnsanları qorxulu xəstəliklərdən qoruyan 7 təbii antibiotik
Azərbaycanda ən çox hansı xəstəlikdən ölürlər?
Saç tökülməsi hansı xəstəliklərdən xəbər verir?
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı peyvəndin vurulacağı tarix açıqlandı

55
(Yenilənib 18:48 15.01.2021)
İbrahim Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".

İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

55
Teqlər:
brifinq, Azərbaycan, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Koronavirus xəstəsi, arxiv şəkli

Şüa ilə koronavirusu müalicə etmək təhlükəlidir

8
(Yenilənib 01:13 15.01.2021)
"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür"

BAKI, 15 yanvar — Sputnik. Koronavirusun radiasiya dozaları ilə müalicəsi təhlükəli ola bilər. Radiasiya və ultrabənövşəyi şüalardan səthləri və havanı dezinfeksiya etmək daha yaxşıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn danışıb.

Rusiya və Özbəkistandan olan elm adamları zəif dozalı radiasiyanın koronavirusu və mutasiyalarını insana zərər vermədən məhv edə biləcəyini müəyyən ediblər.

Bu barədə əvvəllər Ural Federal Universitetinin mətbuat xidməti də məlumat vermişdi.

Universitetdən verilən məlumata görə, COVID-19-a radiasiya təsirinin tədqiqi Ural Federal Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılır. Birgə tədqiqatlar zamanı yumşaq rentgen və ultrabənövşəyi şüalanmanın koronavirusa təsirinin xüsusiyyətləri aşkar olunub.

"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür", - deyə Altşteyn bildirib.

Belə ki, bir insana içindəki koronavirusu öldürə biləcək dozada şüa verilərsə, onun özünə zərər vermək ehtimalı böyükdür.

Virusoloq buna alternativ olaraq qeyd edib: "Səthləri şüalandırmaq ən yaxşı dezinfeksiyadır. Havada bir virusu ultrabənövşəyi şüalarla öldürmək olar". 

8
Teqlər:
təhlükə, radiasiya, şüa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Rüşvət

Korrupsiya ilə mübarizə ardıcıl davam etməsə, əlavə problemlər yarana bilər - Ekspert rəyi

5
(Yenilənib 09:43 16.01.2021)
Əliməmməd Nuriyev: "Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq"

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. "Azərxalça" ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradovdan sonra ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli korrupsiya ittihamları ilə həbs edilib. Baş Prokurorluğun mətbuata verdiyi açıqlamada hər iki şəxsin səlahiyyət hədlərini aşaraq külli miqdarda dövlət vəsaitini mənimsədiyi bildirilir. "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a müsahibəsində ölkədə korrupsiyaya qarşı mübarizənin hazırkı vəziyyətini şərh edib.

- Əliməmməd müəllim, il təzə başlayıb və artıq iki vəzifəli şəxs korrupsiya ittihamları ilə həbs olunublar. Dövlət şirkətlərində və onun nəzarətində olan digər strukturlarda korrupsiyaya şərait yaradan hansı amillərdir?

- Artıq korrupsiya ittihamları ilə həbslərin sayını itirmişəm. Bu məsələnin bir neçə tərəfi var ki, əvvəlcə onlara aydınlıq gətirilməlidir. Dövlət şirkətlərində idarəetmə prosesi tamam dəyişməlidir. Dövlət şirkətlərində və onun digər strukturlarında bütün səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi effektiv nəzarətə imkan vermir. Ümumiyyətlə, gələcək dövrlərdə dövlət şirkətlərinin sayının azaldılması haqqında düşünmək lazımdır. Dövlət şirkətlərində aşkar edilən korrupsiya hallarının müxtəlif səbəbləri var. Korrupsiyaya şərait yaradan hallardan biri neopotizmin mövcudluğudur. Eyni zamanda, dövlət satınalmaları ilə bağlı proseslərin ciddi təftişinə ehtiyac duyulur. Belə satınalma prosesləri bir çox hallarda qanunpozuntuları ilə həyata keçirilir. Açıq tenderlərin keçirilməsinə imkan verilmir. Çox vaxt satınalmalarda həmin şəxslərin yaxın qohumlarına məxsus şirkətlər qalib olurlar.

- Həbs edilən şəxslər haqqında səsləndirilən ittihamlarda göstərilir ki, onlar bir neçə il ərzində rəhbərlik etdikləri strukturları korrupsiya mexanizmi ilə idarə ediblər. Korrupsiya hallarının baş verə bilməməsi üçün hansı tədbirlər görülməlidir?

- Əlbəttə, İqtisadiyyat Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər görülür. Amma ümumilikdə bu proses ictimai nəzarət tələb edir. Dövlət şirkətlərinin idarəetmə sisteminə ayrı-ayrı qurumların rəhbər vəzifəli şəxsləri cəlb olunurlar ki, bu da şəffaflığa mane olan səbəblərdən biridir. Mən hesab edirəm ki, media nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri həmin idarə heyətlərinin müşahidə şuralarına cəlb edilməlidirlər. Hesabatlılığın və müstəqil monitorinq nəzarət sisteminin olmaması korrupsiyaya şərait yaradır. Bununla belə, korrupsiya ilə mübarizədə mühüm siyasi iradənin ortada olmasını görürük.

- Ümumiyyətlə, korrupsiya ilə mübarizə necə təşkil edilməldir?

- Vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyası təqdim edilmir. Bununla bağlı məsələlər tamam sükunət halındadır. Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq. Maliyyə və əmlak amnistiyaları ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Bu qərarın verilməsi maliyyə sektoruna əlavə vəsaitlərin daxil olmasına imkan yarada bilər. Dövlətimiz Vətən müharibəsindəki qələbədən sonra böyük quruculuq işlərinə başlayıb. Həmin işlərin həyata keçirilməsi üçün böyük maliyyə vəsaitlərinə ehtiyac var. Ona görə də korrupsiya ilə mübarizəni ardıcıl davam etdirməsək, bu əlavə problemlərə gətirib çıxara bilər.

5