Строительство трубопровода, фото из архива

"Pakistan axını": Rusiya cənuba üz tutur bu yalnız başlanğıcdır

1828
(Yenilənib 21:57 03.09.2021)
Pakistanın layihədə iştirak payı 51 faizdən 74 faizə kimi artırıldı. Bu zaman bir şərt xüsusi olaraq vurğulandı ki, tikintidə yalnız Rusiya materiallarından və qurğularından istifadə olunmalıdır.

BAKI, 3 sentyabr — Sputnik. Xarici mətbuat xəbər verir ki, Rusiya dünyanın əhəmiyyətli nöqtələrində strateji mövcudluğunu artırmağa başlayıb. Bu halda söhbət ordu və donanmadan deyil, enerjidən, daha konkret desək, "Pakistan axını" layihəsindən gedir.

Bu günlərdə İslamabadda ikitərəfli görüş başa çatdı. Hər iki ölkənin mütəxəssis qrupu texniki məsələlərin və sənədlərin hazırlanması və əlaqələndirilməsinin davam etdiriləcəyi layihəni həyata keçirməyə hazır olduqlarını təsdiqlədlər.

Bunun ötən görüşlər zamanı əldə olunmuş memorandumlardan fərqi ondan ibarətdir ki, artıq potensial qaz kəmərinin keçəcəyi yol boyunca geoloq-kəşfiyyat işlərinə başlanılacaq. Başqa sözlə, gələcək qaz kəməri ilə bağlı işlər kağız üzərində qalmayaraq sonrakı mərhələyə keçəcək.

Layihənin ideyası mürəkkəb zamanda ortaya çıxdı. 2015-ci ildə uzunluğu 1100 kilometr, dəyəri təxminən 2 milyard dollar olan "Şimal–Cənub" qaz kəmərinin inşası ilə bağlı hökumətlərarası razılaşma imzalandı. Layihədə Rusiya podratçılarının Kəraçi limanından Lahora kimi tranzit yolun döşənməsi ilə məşğul olmaları nəzərdə tutulurdu. Layihənin əsas texniki xüsusiyyəti ondan ibarət idi ki, dəniz qaz daşıyıcılarının köməyi ilə mayeləşdirilmiş təbii qazın ötürüləcəyi limanda əlavə olaraq yenidən qazlaşdırma terminalı tikilməli və qaz uçucu hala salınandan sonra şimala, Pəncab əyalətinə ötürülüməlidir.

Sonrakı iki il ərzində layihədə elə bir irəliləyiş olmadı. Tərəflər qazın nəqli üçün tariflərin məbləğini razılaşdıra bilmədilər. Belə ki, Rusiya qiymətin artırılmasını tələb edirdi, Moskvanın fikrincə, əks halda layihə iqtisadi cəhətdən səmərəsiz olacaqdı. Daha sonra Rusiya tərəfdən icraçı şirkət olan "Rostex" korporasiyalarına növbəti Amerika sanksiyaları tətbiq olundu ki, bu da layihənin reallaşdırılmasını əngəllədi. Ötən ilin payızında İslamabadın istəyi ilə tərəflər razılaşma şərtlərini yenidən nəzərdən keçirdilər.

Pakistanın layihədə iştirak payı 51 faizdən 74 faizə kimi artırıldı. Bu zaman bir şərt xüsusi olaraq vurğulandı ki, tikintidə yalnız Rusiya materiallarından və qurğularından istifadə olunmalıdır.

Qərara alındı ki, Rusiyanın layihədəki investisiya həcmi 25 faizi keçməməlidir, qalan xərcləri isə Pakistan öz üzərinə götürsün.

Bu ilin yaz aylarında layihənin adı dəyişdirlərək "Pakistan axını" adlandırıldı, hər iki ölkənin energetika nazirləri ən yaxın vaxtda tikintiyə başlamağa hazır olduqlarını bildirdilər.

Bu tip istənilən layihənin ideya və məqsədini anlamaq üçün siyasətçilərin və ekspertlərin bəyanatlarına qulaq asmaqdansa, xəritəyə nəzər salmaq yaxşıdır. İqtisadi coğrafiya rəsmilərin mətbuat konfranslarında ciddi-cəhdlə yayınmağa çalışdıqları suallara belə cavab tapmağa imkan verir.

Pakistanın əhalisi 220 milyon nəfərdən çoxdur. Düzdür, qonşu Hindistan və Çinlə müqayisədə bu rəqəm bir o qədər çox görünməsə də, XXI əsrdə bu qədər insanın qarnını doyuzdurmaq, üstəlik, elektrik enerjisi və sivilizasiyanın digər nümunələri ilə təchiz etmək asan iş deyil. Əgər kalka üzərində Pakistanın bütün elektrik stansiyalarını işarələsək və sonra bu kalkanı ölkələrin fiziki xəritəsinə köçürsək, adi gözlə belə aradakı disbalansın nə qədər kəskin olduğunu görmək olar.

Generasiya obyektləri, o cümlədən neft məhsulları ilə işləyən 20 stansiya, təbii qazla işləyən 22 İES, 9 kömür və 3 AES-in əmələ gətirdiyi şərti qövs cənubdan şərqə, oradan da şimala doğru uzanaraq paytaxt yaxınlığında qəfil qırılır. Düzdür, bir qədər şimalda, İslamabad yaxınlığında kömürlə işləyən üç elektrik stansiyası da mövcuddur, ancaq onların yeganə məqsədi paytaxt və ətraf rayonları təchiz etməkdir.

Bu xəritə göstərir ki, ölkənin Çənub-Qərb hissəsi İran və Əfqanıstan sərhədi boyunca demək olar ki, öz generasiyasına malik deyil, İslamabaddan şimaldakı bölgədə enerji mənbəyi rolunda yalnız bir neçə aşağı gücə malik su elektrik stansiyaları çıxış edir.

Aydın məsələdir ki, Pakistanın evlərində işıq yanmalıdır və ölkənin yalnız öz tələbatını ödəmək üçün deyil, həm də nəhəng qonşularla ticarətdə qazanc əldə etmək üçün etibarlı enerji mənbələrinə ehtiyacı var.

İllik 12,4 milyard kubmetr gücə malik "Pakistan axını"nın reallaşdırılması yeni elektrik stansiyalarını yanacaqla təmin edəcək, onlar isə öz növbəsində İranla sərhəddəki Pəncəbdə fəaliyyət göstərən müəssisləri təchiz edəcək. Əgər layihə uğurlu olsa, qaz kəmərini paytaxta kimi uzatmaq mümkündür, Multandan İslamabada qədər nəqliyyat xətti 400 kilometrdən bir qədər artıqdır.

Rusiyanın bu layihədə marağının nədən ibarət olduğunu anlamaq üçün bir neçə məqama nəzər yetirmək lazımdır.

Bu məqsədlə yəqin ki, ilk növbədə TAPİ (Türkmənistan– Əfqanıstan–Pakistan-Hindistan) magistral qaz kəmərindən başlamağa ehtiyac var. Bu layihədə Rusiya həm texniki qarant, həm də boru və qurğularla təchizatçı rolunda çıxış edir. Təbii qazın yekun alıcısı Hindistandır, bununla belə bütün tranzit ölkələrin mavi yanacağa tələbatı böyükdür, odur ki, hər biri layihədən təbii qaz payını almağa iddialıdır. Elə Pakistanı götürək. Qaz kəmərinin texniki tapşırıq şərtlərinə görə, qaz magistralı Multan şəhəri yaxınlğında TAPİ kəmərinə birləşməlidir. Bu nöqtədə iki qaz boru kəmərinin ümumi həcmi 55 milyard kubmetr təşkil edəcək ki, bu da mütləq dəqiqliklə bütün "Şimal axın"larına uyğun gəlir. Bu resurslar sayəsində Pakistan kütləvi daxili qazlaşdırmaya başlaya bilər və mübahisəli ərazi olan Kəşmiri əlində saxlayan Hindistanla siyasi qarşıdurmada əhəmiyyətli kozıra sahib olar.

Bundan başqa, əhalisi, məsələn, Almaniya və Türkiyədən 3 dəfə çox olan Pakistan kimi ölkədə təbii qaz bazarının formalaşdırılması dünya karbohidrogen bazarının yenidən qurulmasına gətirib çıxara bilər. Əlbəttə ki, bu, ilk növbədə Qətər üçün xüsusi əhəmiyyət kəsb edir. Nəticədə bu ölkə Fars və Oman körfəzləri arasından qısa marşrutla, daha sonra Kəraçidən keçməklə öz mayeləşdirilmiş qazını tədarük edər.

Bununla belə, Qətər mayeləşdirilmiş qaz istehsalını əhəmiyyətli dərəcədə artırmaq iqtidarında deyil, bu isə o deməkdir ki, gələcəkdə Avropaya Qətər qazının tədarükü azalacaq və bu da Rusiya qaz boru kəmərlərinin və onların vasitəsilə yanacaq tədarükün əhəmiyyətini daha da artıracaq.

Bundan başqa, layihə üçün boru və digər avadanlıqları tədarük edən Rusiya yerli xammal deyil, maksimum qiymətə geofiziklərdən polad istehsalçılarına, boruların hərəkət hissələrinə qədər uzun bir iş zəncirindən ibarət yekun məhsul tədarük edəcək.

Regionun fəallaşmasının Əfqanıstandakı siyasi dəyişikliklər, eləcə də "Şimal axını-2"-nin inşasının başa çatması ilə sıx bağlı olduğuna şübhə yoxdur. Rusiya qətiyyətli şəkildə göstərdi ki, hətta kütləvi sanksiya təzyiqi altında ola belə, istənilən layihəni sona çatdırmaq iqtidarındadır.

Hindistan dünyanın əsas metallurgiya dövlətinə çevrilməyə can atır, bu ölkənin Rusiya kömürü və mavi yanacağı ilə kokslaşan Əfqanıstanın dəmir filizinə ehtiyacı var.

Pakistan sənaye inkişafının yeni mərhələsinə qədəm qoymaq istəyir, ancaq bunun üçün də təbii qaz tələb olunur. Bütün qonşu ölkələrdə yanacaq çatışmazlığı olduğundan, heç kim İslamabada təbii qaz vermək fikrində deyil.

Əfqanıstan istənilən həcmdə resursu "udmağa" hazırdır, çünki ardı-arası kəsilməyən müharibələr ucbatından ölkənin elektrik enerjisi ilə təchizatı orta əsrlər səviyyəsindədir.

Amerikalıların Əfqanıstandan çəkilməsi qlobal düzənin dəyişməsində uçqunu hərəkətə gətirən daş parçası rolunu oynadı. Əgər Taliban* ölkəni hamının hamıya qarşı vuruşduğu növbəti müharibədən qoruya bilsə, yaxın gələcəkdə yeni enerji, ticarət və sənaye bazarları uğrunda savaşın şahidi olacağıq. Sevindirici hal odur ki, Rusiya artıq inkişafın əsas və ən perspektivli sahələrində öz mövqeyini möhkəmləndirib.

1828
DOST xidmətinin sosial işçisi, arxiv şəkli

COVID xəstələrinin fantastik xərcləri - pulu olanlar özünə, olmayanlar Allah ümidinə?

116
(Yenilənib 10:12 21.09.2021)
Evdə müalicə olunan xəstələr onlara müalicə təyin edilməsi üçün onlar qandan analizlər verməlidirlər. COVID-19 xəstələrinin evdən çıxma icazəsi olmadığından, onlar qan analizi vermək üçün özəl tibb müəssisəsindən səyyar laborator müayinə qrupu dəvət etməli olurlar.

BAKI, 20 sentyabr — Sputnik. COVID-19 xəstəliyinin evdə müalicəsinin baha başa gəlməsindən xəstələrin çoxu şikayətlənir. Onlar dövlət tərəfindən virusa yoluxmuş xəstələrə əksər hallarda evdə müalicə paketi verilmədiyini, verildiyi təqdirdə isə bu paketdə xəstəliyin müalicəsi üçün zəruri dərman preparatlarının olmadığını bildirirlər.

"860 manatdan çox pul xərcləmişəm, hələ də sağalmamışam"

COVID-19-a yoluxmuş Gülnar Səfərova deyir ki, vəziyyəti ağır olmadığından xəstəxanaya yerləşdirilməsə də evdə müalicə alır. İndiyədək xəstə ona heç bir müalicə paketi təqdim edilmədiyini bildirib. Onun sözlərinə görə, virusa yoluxduğunu bildiyi gündən öz vəsaiti hesabına evdə müalicə alır. Həmsöhbətimiz həkim məsləhəti əsasında dərman qəbul etdiyini bildirir:

"Həkim mənə iki həftə müalicə üçün gündə bir dəfə olmaqla Kleksan 0,6, D 50.000 İU, Vitamin C 1000 mg, Remdesivir təyin edib. Bu dərmanları almağa 860 manatdan çox vəsait xərcləmişəm. Hələ də temperaturum düşməyib".

Qeyd edək ki, COVID-19-un müalicəsində daha çox təyin olunan dərmanların qiyməti çox bahadır.

Dərmanların qiyməti əl yandırır...

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, əksər COVID xəstələrinə təyin olunan Kleksan-0,6 dərman preparatının bir cütü 22 manatdır. Xəstələrə bu dərman preparatı ən azı iki həftə müddətinə təyin olunur. Xəstələr təkcə Kleksan dərman preparatı üçün 308 manat xərcləməli olurlar. Həkimlərin təyin etdiyi D vitaminlərinin qiyməti isə 15 manatdan 28 manatadək dəyişir. İki şüşə D vitamini alan xəstə ən yaxşı halda 30 manat xərcləməlidir. C vitaminlərinin qiyməti 11-15 manat arası dəyişir. Xəstələr C vitamini üçün 22 manat ödəməli olurlar. COVID xəstəliyinin müalicəsində istifadə edilən ən bahalı dərmanlardan biri isə Remdesivir-dir. Bu dərmanları depo apteklərdə ən yaxşı halda bir ədədini 92 manata tapmaq mümükündür. Adi apteklərdə isə dərman preparatı 115 manatdan aşağı qiymətə satılmır. Xəstəliyin davam etdiyi müddətdə ən azı 5 gün xəstəyə vurulan bu dərman preparatı üçün COVID-19 xəstələri nə 460 manat lazımdır.

Xəstələrə bu dövrdə antiviral dərmanlar təyin edilir ki, onların da qiyməti ucuz deyil. Hindistan istehsalı olan Favipravir-200mg preparatının qiyməti 46, Türkiyə istehsalı olan analoqun isə 70 manatdır. Arbidolun qiyməti isə 14 manat 80 qəpikdir.

Müayinə qiymətləri kəllə-çarxda...

Amma sadalanan dərman preparatları xəstəliyin müalicəsində yetərli deyil. Xəstə daim saturasiyanı nəzarətdə saxlamalıdır ki, bunun üçün müvafiq cihaz apteklərdə 25 manatdır. Xəstələrin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, evdə müalicə zamanı həkim onlardan KT müayinəsi tələb edir. Bunun üçün xəstələr 75-113 manat arasında xəstəxanaya ödəniş etməlidirlər. Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, Bioloji Təbabət klinikasında ağciyərin KT qiyməti 75, Respublika Diaqnostika Mərkəzində 113 manatdır. Evdə müalicə olunan xəstələrin vəziyyəti orta-ağır olduqda evdə müalicə təyin edilməsi üçün onlar qandan analizlər verməlidirlər. COVID-19 xəstələrinin evdən çıxma icazəsi olmadığından, onlar qan analizi vermək üçün özəl tibb müəssisəsindən səyyar laborator müayinə qrupu dəvət etməli olurlar. Virusa yoluxmuş xəstələrdən qanın ümumi analizi, CRR, Ferritin, LDH, D dimer, Koaquloqram, ALT, AST, kreatin analizləri tələb olunur. Refenans klinikasından bildirdilər ki, qanın ümumi analizi 10, CRR-12, Ferritin-23.50, LDH-12, D dimer və koaquloqram-66, ALT, AST, kreatin hərəsi 12 manatdır. Evdə analizlər üçün xidmət haqqı isə 38 manatdır. Qan analizlərinin qiyməti bir COVID xəstəsi üçün 197 manat 50 qəpik təşkil edir.  Bu gün özündə koronavirus əlamətlərini hiss edən xəstələrin çoxunun təcili və təxirəsalınmaz tibbi yardım üçün 103 nömrəsi ilə əlaqə saxlaya bilmədikləri üzündən test üçün özəl xəstəxanalara müraciət edir. Bunun üçün xəstələr 75 manat da test üçün xərcləməli olurlar. 

Bir xəstənin müalicəsi 1000 manata başa gəlir...

Göründüyü kimi koronavirusa yoluxmuş xəstələrin evdə müalicə xərcləri minimum 916 manat təşkil edir. Amma yanaşı xəstəlikləri olan şəxslərdə bu xərc 1000 manatdan yuxarı olur. Səhiyyə Nazirliyindən və TƏBİB-dən Sputnik Azərbaycan-a bildirdilər ki, evdə müalicə alan xəstələrə yalnız vitamin paketi göndərilir. Ağır xəstələr isə xəstəxanaya yerləşdirilərək müalicəsi dövlət hesabına aparılır.

TƏBİB-in müalicə protokolu...

Qeyd edək ki, TƏBİB-in müalicə protokolunda evdə müalicə alan xəstələr üçün dərman preparatlarının təyini xəstəliyin yüngül-ağırlığına, yanaşı xəstəliklərin olub-olmadığına görə dəyişir. Yetkin şəxslərin müalicə protokolunda göstərilir ki, COVID-19 PCR testi müsbət olan şəxslərdə antiviral müalicə başlanmasını güclü şəkildə dəstəkləməkdədir. Ancaq erkən başlanan dərmanların daha təsirli olduğuna aid ümumi məlumatlara əsaslanaraq, xəstəni qiymətləndirən həkimin məsləhətinə əsasən, eyni zamanda yanaşı təsirləri mövzusunda diqqətli olmaq şərtiilə bu xəstələrə antiviral müalicə başlana bilər. Hospitalizasiya göstərişi olan Covid-19 hallarında müalicə tövsiyələri belədir. Ağırlaşmamış şübhəli/təsdiq olunmuş diaqnozlu COVID-19 hallarında Favipiravir1-200 mg tablet 1600 tablet x 2 dəfə başlanğıc, 600 mg tablet x 2 dəfə dəstəkləyici  5 gün təyin edilməlidir. Yüngül-orta gedişli pnevmoniyalı (Ağır pnevmoniya əlaməti olmayanlar) şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicə -Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici, 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici-5-10 gün aparılmalıdır. Ağır Pnevmoniyalı şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicədə isə Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici 5-10 gün edilməlidir.

Evdə müalicə protokolu dəyişdirilməlidir....

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, TƏBİB-in evdə müalicə protokolu yenidən işlənilməlidir. Onun sözlərinə görə, bu gün evdə müalicə alan orta-ağır xəstələr var ki, onların müalicəsi üçün evə göndərilən vitaminlərdən ibarət müalicə paketi yetərli deyil (Bu paket COVID-19 xəstəliyinə yoluxmuş bütün xəstələrə verilmir -Red.).

Həmsöhbətimiz deyir ki, tibb sahəsi üzrə Elmi Tədqiqat İnstitutunun aparıcı elmi əməkdaşları, infeksionistlər, pulmonoloqlar, və uzun ilər klinik farmokologiya ilə məşğul olan şəxslər evdə müalicənin istiqamətləri müəyyən edilməlidir:

"Burada orta, yüngül, ağır və çox ağır COVID xəstələrinin, eləcə də yanaşı xəstəlikləri olanların müalicə protokolu hazırlanmaldır. Bu gün biz TƏBİB-in evdə müalicə protokoluna baxsaq görərik ki, orada ümumi dərman preparatları öz əksini tapıb. Hamıya birmənalı olaraq 1000 mg C vitamini təyin etmək doğru deyil. Ola bilər ki, xəstə həmçinin şəkərli diabetdir. Bu zaman bu vitaminin qəbulu avtomatik şəkəri qaldıracaq. Bu da xəstəni ağırlaşdıra bilər. Yaxud da xəstənin böyrək problemi ola bilər. Bu zaman da protokoldakı dərmanlar ehtiyatla təyin edilməlidir. Ona görə də TƏBİB-in COVID-19-a görə müalicə protokolu yenidən işlənilməlidir. Yaxşı olar ki, protokol işləndikdən sonra ictimaiyyətə açıqlansın, eyni zamanda evlərə buklet formasında paylanılsın. Çünki, bu gün xəstəliyin evdə müalicəsi üzündən ağırlaşmalar olur. Bu gün virusu məhv edən dərman preparatı yoxdur. Mütləq şəkildə xəstələrə həkim baxışı olmalıdır. Protokolda xəstəyə kleksan vurulması tövsiyyə olunsa da hər xəstəyə də kleksan vurmaq olmaz. Qanın göstəriciləri normaldırsa cavan insanlara Kleksan təyin edilə bilməz".

Hər xəstəyə fərdi yanaşılmalıdır....

İnfeksionist bildirir ki, bu gün ölüm sayının artmasında şablon reseptlərdən istifadə az rol oynamır. Onun sözlərinə görə, COVID-in müalicəsində hər bir xəstəyə fərdi yanaşılmalıdır. Evdə müalicə protokolu yenidən hazırlanaraq  ictimaiyyətə açıqlanmalıdır.

Pulu olanlar özünə, olmayanlar Allah ümidinə...

Apardığımız araşdırmadan belə məlum oldu ki, hazırda evdə müalicə olunan xəstələrin sağalma şansı ən yaxşı halda öz maddi vəziyyətlərinə, ən pis halda isə Allaha bağlıdır. COVID-19-un müalicəsi üçün tələb olunan məbləğdən də görünür ki, bu xərci qarşılamaq evdə müalicə olunan orta statistik Azərbaycan vətəndaşı üçün elə də asan deyil. Virusun yoluxucu olduğunu, ailədə eyni zamanda bir neçə nəfərin bu xəstəliyə yoluxduğunu nəzərə alsaq, çəkilən xərc ən azı dörd dəfə artır. Beləliklə, bir ailədə dörd nəfər virusa yoluxursa onların evdə müalicəsinə 4 min manata yaxın pul tələb olunur...

Həmçinin oxuyun:

Həkimlər xəstələrin həyatı ilə oynayırlar - Qanunun qəbulu isə daşa dirənib

116
Teqlər:
COVID-19, Koronavirus, xəstəlik, xəstə, təbib
Qaz

Avropa tezliklə "eating" "heating" arasında seçim etməli olacaq